2012-03-06

Rus müəllifləri Rəsulzadəni niyə gözdən salmaq istəyirlər?


Moskvada təzəcə çapdan çıxan «А.М. Топчубашы и М.А. Расулзаде – переписка 1923-1926» («Ə.M.Topçubaşı və M.Ə.Rəsulzadə -- Yazışmalar. 1923-1926-cı illər») kitabının tərtibçisi, önsöz və qeydlərinin müəllifi Salavat İshakovdan AzadlıqRadiosu üçün müsahibə alacağımızı bildirmişdik. Çox hörmətli ziyalımız Ramiz Abutalıbovun yardımları ilə baş tutan bu müsahibəni diqqətinizə yetiririk:

- Azərbaycan tarixinə marağınız nədən qaynaqlanır?

- Marağa yol açan səbəblər bunlardır: Keçmiş imperiya torpaqlarında gedən vətəndaş savaşından, bolşeviklər müsəlman xalqlarının bütün qeyri-sovet hökumətlərini darmadağın edəndən sonra onların, o sıradan Azərbaycan xalqının dirənişi kəsilmədi və burada daxili gərginlik artdı.

LUBYANKA STALİNƏ NƏ DEDİ?

Kremlin «milli» siyasətinə qarşı etirazlar Azərbaycan xalqının Avropada mühacir həyatı yaşamağa məcbur qalan liderlərinə də bolşevik rəhbərlərin davranışlarını müxtəlif dövri nəşrlərin səhifələrində kəskin tənqidə tutmağa ciddi əsas verirdi. Məsələn, 1922-ci ilin oktyabrında Lubyankanın (Moskvada bolşevik xüsusi xidmətləri mərkəzi idarəsinin yerləşdiyi küçənin adı – S.İ.) Stalinə verdiyi məlumata görə, Parisdə müsavatçılarla quzey qafqazlıların daxil olduğu və Fransa hökuməti, rus mühacirəti, eləcə də ağqvardiyaçı generallarla işbirliyi quran mərkəz fəaliyyət göstərirmiş.  Fransa 1920-ci illərdə təkcə rus mühacirətinin deyil, müsəlman, o sıradan Azərbaycan mühacirətinin də siyasi və mədəni mərkəzinə çevrilibmiş.