2013-01-31

Əsərlərinin 4-cü cildi doğum günündə çapdan çıxdı

Şirməmməd Hüseynov


«Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini, ideyalarını, dünyagörüşünü, müstəqil demokratik dövlət yaratmaq yolunda çalışmalarını onun əsərləri ilə oxucuya çatdırmaq lazımdır, quru sözlə yox».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Rəsulzadə irsinin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynov söylədi.

35 İL VƏTƏNDƏ YAŞAYIB, 36 İL XARİCDƏ...

Şirməmməd müəllim Rəsulzadənin  həyatının Azərbaycan dövründə qələmindən çıxanları yığıb çap etdirmək məqsədini qarşısına qoyduğunu deyir:


«35 yaşına qədər bu torpaqda yaşayıb... 36 ilini xaricdə... İstəyirəm Vətəndə yazdıqlarının hamısını çap etdirəm. Qoy oxucu görsün ki, o, necə bir həyat yolu keçib, nə fikirləşib, bu milləti necə hazırlayıb, necə dövlət qurub...».



DOĞUM GÜNÜNƏ—IV CİLD HƏDİYYƏ OLDU

Şirməmməd müəllim Rəsulzadənin əsərlərinin IV cildini onun 129-cu doğum gününə hədiyyə edib:


«1-ci cild 1992-ci ildə çıxmışdı. «Azərnəşr» 10 min tirajla buraxmışdı. Həyatının 1903-1909-cu illərini əhatə edirdi. 2-ci cild (1909-1914-cü illər) 2001-ci ildə, 3-cü cild (1915-1916-cı illər) 2012 ci ildə çap olundu. 4-cü cild 1917 və 1918-ci ilin aprelinədək—Cümhuriyyətin elanına qədərki dövrü əhatə edir. Bu 4 cilddə M.Ə. Rəsulzadənin 1903-cü ildən 1918-ci ilədək yazdığı əsərlər, məruzələr, məqalələr, çıxışlar, nitqlər—onun qələmindən çıxan nə varsa hamısını toplamışam».

SİYASİ FİRQƏLƏRİ OLMAYAN MİLLƏTİN SİYASİ DUYĞUSU, DÜŞÜNCƏSİ OLAMAZ!

Ş.Hüseynov ötən əsrin 17-ci ilindəki siyasi şəraiti xatırlatdı:


«Romanovlar sülaləsi yıxıldı. Azadlıq oldu. Siyasi partiyalar açıq fəaliyyətə keçdi. Rusiyada millətlərin əksəriyyəti öz hüquqları uğrunda mübarizəyə başladılar. Belə bir vaxtda Azərbaycan türklərini öz milli dövlətini qurmaq yolunda səfərbər etmək lazım idi. Bəs bunu nə yolla etmək olardı? Rəsulzadə yazırdı ki, siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət meydanına hər bir milləti siyasi firqələr çıxarar. Fəqət bir firqə xalqın hüsn-rəğbətini o vaxt qazanar ki, milləti öz başına o vaxt toplaya bilər ki, camaatın milli amal və arzularına müvafiq proqramı olsun və bu proqram uğrunda çalışmağı bacarsın. Mənim təqdim etdiyim bu cilddə Rəsulzadənin Müsavat Partiyasını necə yaratdığı və partiyanın 50 minlik üzvünün Cümhuriyyəti necə yatdığı əksini tapıb. Bax, bu cildin əsas qayəsi budur».

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
 
Lent.az-ın verdiyi məlumata görə, tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucusu olan Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Məhəmməd Əmin Rəsulzadə ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Məhəmməd Əmin Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Növbəti il isə ilk məqaləsi “Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqİlabçılar Komitəsini qurub. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan Məhəmməd Əmin Rəsulzadə İranda çalışıb (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib. O, 1910-cu ildə İran Demokrat Partiyasını, yaradıb. Lakin Rusiya səfirliyinin tələbi ilə bir il sonra İrandan çıxarılıb. 1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.

Müsavat Partiyasının 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən birinci qurultayında Məmməd Əmin Rəsulzadə partiyasının başqanı seçilib. 1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya Dövlət Dumasına Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib və 1918-ci il may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunub, Azərbaycan Demokratik Cümhuriyyəti qurulub. 1919-cu ildə Bakı Dövlət Universiteti də məhz Məhəmməd Əmin Rəsulzadə təşəbbüsü ilə yaradılıb. O, məsələ ətrafında bir neçə dəfə Azərbaycan Parlamentində çıxış edib, universitetin açılmasını qəti tələb edib.  Məhəmməd Əmin Rəsulzadə Bakı Dövlət Universiteti Osmanlı Ədəbiyyatı Tarixindən dərs də deyib. 

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycanın Milli Qurtuluş Hərəkatının ideoloqunun həyat və fəaliyyətinin xronologiyası


Neçə illərdir ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı araşdırmalar aparıram. Hər dəfə tədqiq etdikcə yeni məlumat və faktlarla rastlaşıram. Bu bir daha təsdiqləyir ki, Rəsulzadənin həyatının hər anı Azərbaycanla, onun istiqlalı və azadlığı ilə bağlı olub. Bunu nəzərə alıb Rəsulzadənin həyat və fəaliyyəti haqda ensiklopedik xarakterli böyük həcmli bir kitabı nəşrə hazırlamışam. Bu kitab həm də Türkiyə, Almaniya, Polşa, Rusiya və Qazaxıstanda apardığım tədqiqatların yekunudur. Təbii ki, zaman ötdükcə, imkanlar genişləndikcə bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin daha yeni məqamları arxivlərdən tapılıb ictimaiyyətə çatdırılacaq. Hazırladığım kitabdan bir hissəni Rəsulzadənin anadan olmasının 128-ci ilində 31 yanvar günündə təqdim edirəm.
1884, 31 yanvar - Novxanı kəndində anadan olub
1901-1903 - Bakıda Sultan Məcid Qənizadənin əsasını qoyduğu və müdirlik etdiyi II rus-müsəlman məktəbində, sonra isə Bakı Texniki Məktəbində rus dilində təhsil alıb
1903 - Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradır
1903, 2 may - “Şərqi-Rus” qəzetində ilk məqaləsi çap edilir
1904 - Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial-Demokrat Təşkilatının yaradıcılarından olur
1904 - Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti nəşr edilir
1906 - “Dəvəti-Qoç” və “Dəvət” qəzetlərində yazısı çap edilir
1906, 5 yanvar - “İrşad” qəzeti ilə əməkdaşlıq edir
1906, 16 dekabr - “Təkamül” qəzetində yazısı çap edilir
1907 - Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin ”Türki-rusi və rusi-türki lüğəti" kitabının redaktoru olur
1907 - A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəəsində çap etdirir
1907 - Bolşeviklərin məqsədləri ilə, onların Rusiya imperiyasının sərhədlərini saxlamaq istəyi ilə razılaşmayıb RSDFP-dən uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı, milli istiqlal hərəkatının təməl daşlarını qurmağa başlayır
1907, 22 avqust - “Yoldaş” qəzetində məqaləsi çap edilir
1907, 12 oktyabr - “Füyuzat” jurnalında “Həsbi-hal” şeiri çap edilir
1908, 7 aprel - “İrşad” qəzetinin müvəqqəti redaktoru olur
1908, avqust - Təbrizə gedib məşrutəçilərlə görüşür
1908, 19 avqust - “Tərəqqi” qəzetində “İrana dair, Təbriz əhvalatı” başlıqlı yazısı çap edilir
1908, 16 sentyabr - Bakıya qayıdır, “Tərəqqi”də “Cümə məktəbi” yazısını çap etdirir
1908 - “Nicat” maarif cəmiyyətinin sədri olur
1908, 5 dekabr - “Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur
1908 - əmisi qızı Ümbülbanu xanımla ailə qurur
1909, 18 mart - çar Rusiyası tərəfindən təqib edilir. “Tərəqqi”nin müxbiri kimi həm də İran inqilabçılarına dəstək üçün İrana, Rəştə gedir. O, İrana “Russkoye slovo” qəzetinin (1895-1917-ci illərdə Moskvada gündəlik nəşr edilib) xüsusi müxbiri olan Todorov və onun xanımı ilə birgə gedir. Təbriz, Ərdəbil, Mərənd və Tehranda olur. “Tərəqqi”də “İran məktubları” yazısını çap etdirir
1909, 23 avqust - Tehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edir
1910, sentyabr - İran Demokrat Partiyasının yaradıcılarından biri olur
1910 - Tehranda farsca “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri çap edilir
1911 - Ərdəbildə farsca “Səadəti-bəşər” kitabı çap edilir
1911, iyun - çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran məşrutə hərəkatının məğlub olması üzündən yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir. İrandan getməyinin bir səbəbi də onun “İrani-Nov” qəzetində məşhur Amerika milyonçusu Morqan Susterlə nəşr etdiyi siyasi müsahibə olur. Bundan sonra Rusiya səfirliyi ona təzyiq göstərir
1911, iyun-iyul - İstanbula gedir. Az sonra orada fəaliyyətə başlayan “Türk yurdu” jurnalı, “Türk ocağı” təşkilatı ilə sıx əməkdaşlıq edir