2013-11-04

"Mən uçmaq istəyən vaxt qanadlarımı qırdılar..."

M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə həsr olunmuş kitab nəşr edilib 
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin oğlu, rəssam Azər Rəsulzadənin ömür yolundan bəhs edən "Azərbaycan həsrəti" adlı kitab bu yaxınlarda işıq üzü görüb. 
Kitabda 56 il sürgün həyatı yaşamış Azər bəyin doğmaları haqqında məlumatlar da əksini tapıb.
Jurnalist Nəcibə Bağırzadənin qələmə aldığı kitabın ön sözündə müəllif yazır: ""İlk" sözündə bir həmişəyaşarlıq, məhrəmlik və bənzərsizlik var. "İlk" dediyin, bu vaxta qədər yaşamadıqlarındı. Bu vaxta qədər duymadığın qoxu, rəng, dad, sevinc, ağrı var "ilk" sözündə. "İlk" dediyin, gözünü yoran sərhədlərə, könlünü sıxan çərçivələrə üsyan deməkdi. Təzə cığır açmaqdı, iz salmaqdı, öz cəsarətinə güvənməkdi. 
İlk sevgi, ilk görüş, ilk addım... Həyatımızdakı heç vaxt unudulmayan ilklər... Məhəmməd Əmin Rəsulzadənin qurduğu ilk müstəqil demokratik dövlət Azərbaycan sevgisindən doğmuşdu. Bu, Azərbaycan xalqının azadlıqla ilk görüşü, ilk təmasıydı. Bu, şərq dünyasında atılan ilk cəsarətli addım idi. Bu tarixi addım Azərbaycan adlı məmləkətin gələcək yolunu müəyyənləşdirdi. Buna görə həyatı boyu Azərbaycan sevdasından ötrü dünyayla savaşmağa hazır olan Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq..."  
Müəllif qeyd edir ki, məhz bu borc hissi ilə M.Ə.Rəsulzadə haqqında ilk dəfə 1998-ci ildə yazıb. 2007-ci ildə isə onun M.Ə.Rəsulzadə haqqında "Gecikmiş etiraf kimi..." adlı kitabı işıq üzü görüb: "Bu gün məqam yenə həmin məqamdı... Və mən bu yazını böyük Məhəmməd Əmin Rəsulzadənin yadigarı, ölümündən 20 il vaxt keçən Azər bəy Rəsulzadənin ruhuna bağışlayıram...", - deyir müəllif. 
N.Bağırzadə yazır ki, Azər Rəsulzadə 17-18 yaşlarında, ailə üzvlərilə birlikdə 1937-ci ilin noyabrında Qazaxıstana sürgün edilmiş, sürgün həyatının hər bir ağrısını yaşamışdır. Lakin ayaqda durmaq üçün mücadilə aparmış, öz istedadı və bacarığı ilə diqqəti cəlb etmişdir. Sürgündə bir neçə peşə - xarrat, bənna, hətta güzgü düzəltməyi də öyrənən Azər Rəsulzadə, həm də istedadlı rəssam və müəllim kimi fəaliyyət göstərmişdir. 
O, SSRİ Rəssamlar İttifaqının Karaqanda şəhərindəki Bədii Fondunun üzvü olub və sərgilərdə iştirak edrdi. Klassik sənət məktəbinin nümayəndəsi kimi gözəl akvarellər və portret ustasıydı. Əsərlərindəki rənglərin ahəngdarlığı onun peşəkarlığından xəbər verirdi. Bununla belə, "xalq düşməni"nin oğlu olduğu üçün həyat və yaradıcılıq yolu ahəngdar olmamış, neçə-neçə arzu və istəyi ürəyində qalmışdır. Özünun dediyi kimi: "Mən uçmaq istəyən vaxt qanadlarımı qırdılar..." 
Kitabda vurğulanır ki, Azər bəyin yaşadığı bütün çətinliklərə, qarşılaşdığı bütün uğursuzluqlara səbəb Azərbaycan sevgisi olub. Atası M.Ə.Rəsulzadənin Azərbaycan sevgisi. Ən kədərlisi isə odur ki, bu uğursuzluq bitmək bilmir... 
Bəli, M.Ə.Rəsulzadənin məzarı hələ də qürbətdədi, adı da elə özü kimi yenə də Azərbaycanda qəribdi. Oğlu Azər Rəsulzadə də elə onun kimi Azərbaycan həsrətilə qürbətdə vəfat etmişdir... Cümhuriyyət ideyalarına dəyər verəcək Azərbaycanın həsrəti! Əslində isə bu gün hər bir əqidəli vətəndaşımız da o Azərbaycanın həsrətindədir?! 
Azər Rəsulzadə 1993-cü il iyulun 9-u Karaqandada dünyasını dəyişmiş, iyulun 11-də isə cənazəsi Bakıya gətirilərək doğma Novxanı kəndində, ata babasının məzarı yanında dəfn edilmişdir. 
Sonda onu da qeyd edək ki, Azər Rəsulzadənin vəfatının 20-ci ildönümü münasibətilə nəşr edilən "Azərbaycan həsrəti" kitabını "Bakı Kitab Klubu"ndan əldə etmək olar (əlaqə telefonu: 492 12 38). 
------------------------------
qaynaq - azadlıq.info