2011-06-14

Rəsulzadə


Sən bizimsən, bizimsən durduqca bədəndə can…Yaşa, yaşa çox yaşa ey böyük insan!…
Birinci misranı Məhəmməd Əmin Rəsulzadə söyləmişdi Azərbaycana olan sevgisini ifadə edərkən… düz 57 il əvvəl…
İkinci misranın orjinalının da müəllifi Rəsulzadədi, ancaq mən bir balaca dəyişiklik edərək “şanlı Azərbaycan” sözləri yerinə “böyük insan” sözlərini qoyaraq bu misranı ona ithaf etdim.
İnsanın böyüklüyü isə onun etdikləriylə, tarixə qoyduğu izlə ölçülür…

Həm bizim, həm dünya tarixində çox nadir insanlar var ki, doğumunun 126 illiyi dünyanın müxtəlif şəhərlərində xüsusi olaraq qeyd olunur.
Azərbaycanda dünyaya göz açmış biri olaraq Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətiylə bağlı ildönümlərində içimdə pozitiv həyəcan olduğunu hiss etmişəm həmişə..
Bu gün Azərbaycanda Rəsulzadə şəxsiyyəti və onun bizə miras qoyduğu Azərbaycanın əsl tarixi unutdurulmağa çalışılır.
Bu da təbiidir – çünki Rəsulzadə o qədər uca şəxsiyyətdir ki, hər hansı bir “ümummilli” liderin adını onun adıyla yanaşı yazsan Rəsulzadə adının kölgəsinə qalacaq…
Rəsulzadəni tanımaqdan, tanıtdırmaqdan çəkinirlər – çünki Rəsulzadəni tanımaq və tanıtdırmaq, onun sahib olduğu dəyərləri, söz azadlığını, insan hüquqlarını, və s. qəbul etmələri gərəkir.
Rəsulzadəni unutdurmağa çalışanlar bir gün bunun mümkünsüzlüyünü qəbul edəcəklər, çünki Rəsulzadə şəxsiyyəti, ancaq Azərbaycan adlı dövlət olmadıqdan sonra unudula bilər.
Rəsulzadə və Azərbaycan
M.Ə. Rəsulzadə ilə Azərbaycan ayrılmaz parçalardır.
Bu gün Azərbaycan adlı dövlətimiz varsa bunu ilk növbədə Rəsulzadəyə və onun ətrafındakı insanlara borcluyuq.
23 ay yaşasa da, əhalinin müəyyən qisminin bu idarədən xəbəri olmasa da Azərbaycan Xalq Cümhuriyyəti (AXC), tarixdə Azərbaycan adında ilk dövlətdir.
Bu gün istifadə etdiyimiz bayrağımız, himnimiz, gerbimiz məhz 23 ay yaşamış dövlətin bizə yadigarıdır.
İlk Azərbaycan ordusu da məhz o dövrdə yaranmışdır.
Bu gün Azərbaycanın ən prestijli universiteti sayılan Bakı Dövlət Universiteti (BDU) də onun adıyla bağlıdır.
Misallar çoxdur..
Qısacası, Azərbaycan ilə Rəsulzadə şəxsiyyətini bir-birindən ayrı tutmaq imkansızdır, çünki Rəsulzadə tarix yaratmışdır, Azərbaycan adında tarix yaratmışdır…
Rəsulzadədən sonra gələnlər isə sadəcə bu tarixin bir parçasıdırlar…
Məhəmməd Əmin Rəsulzadə
Həyatını incələdikdə, əsərlərini oxuduqda bu insana heyran olmamaq mümkün deyil…
Çıxışları elə bil bu günümüzə həsr olunub, əsərləri elə bil günümüz üçün yazılıb…
Rəsulzadə bütləşdirilən bir lider deyil…
Başqalarını bütləşdirənlər, banisi olduğu universitetdən adını götürdülər, heykəli qoyulacağı yerə fontan tikdilər…
Rəsulzadənin böyüklüyünü sadəcə Novxanı kəndində qoyulan heykəldə həbs etmək istədilər…
Halbuki, Rəsulzadənin digərlərindən fərqli olaraq heykələ ehtiyacı yoxdu …
Rəsulzadənin heykəli, çoxdan bu xalqın içində bərqərar olub çünki…
Xalq onun heykəlini ürəyində yaradıb və elə  əbədiləşdirib ki, 70 illik sovet hakimiyyəti belə edilən şiddətli repressiyalara baxmayaraq onu yıxmağa müvəffəq olmayıb…
Və mən inanmıram ki, bu gün bütləşdirilənlər doğumunun 126 illiyində bu cür hörmətlə yad ediləcəklər…
Yazımı Rəsulzadənin çıxış və şeirindən fərqli hissələrlə bitirmək istəyirəm.
“…Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”
Buzlu cəhənnəm şeirindən bir hissə
Nənə!
Yenə
Nələr düşündün ki, doldu gözlərin?
Rahatsızmı yoxsa sənin də yerin?
Yoxsa oğlunumu sən xatırladın?
Yox…onu düşünmə indi övladın
Buzlu üfüqlərin qucağındadır
O, ən əməlpərvər bir çağındadır
Əmdikcə soyuğu yenə ver deyir
Qəlbindəki alov bax nələr deyir
Sil göz yaşlarını dur gözlə onu
Hər donduran qışın bahardır sonu
Və sizə ey ölümün qorxunc yolunda
Dəmir addımlarla yürüyən gənclər !
Siz ey bir taleyin gizli qolunda
Yürürkən bəxti də sürüyən gənclər !
Uzadın siz mənə əlinizi
Təbrik eləyim mən igidlər sizi !
Baş əymədiniz siz haq yeyənlərə
Dediniz yaşamaz azəri haqsız
Sizi kəsmək üçün enən xəncərə
Hürriyyət istəyərik deyə yazdınız
Səlamət yoludur getdiyiniz yol
Günəşlər doğacaq izlərinizdə
Yalnız deyilsiniz yoldaşınız bol
Bir imanlı millət var yerinizdə
Düşmən saldırsa da dörd yandan sizə
Qorxmayın qurtuluş çox mahal deyə
Biz də gəlirik o yoldan sizə
İSTİQLAL İSTİQLAL İSTİQLAL— deyə !
----------------------------------------------
qaynaq - emajidli.wordpress.com

Hiç yorum yok:

Yorum Gönder