2012-01-31

RAİS RƏSULZADƏ: “İMTİYAZLAR QAYTARILMALIDIR”

Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının yeni prezidenti Rais Rəsulzadə “Media forum” saytının əməkdaşı ilə söhbətində bildirib ki, assosiasiyanın həyata keçməyən layihələrinə bir daha qayıdacaq, həmin layihələri reallaşdırmağa çalışacaqlar. R.Rəsulzadə repressiya qurbanlarının ləğv edilmiş imtiyazlarının qaytarılması istiqamətində də işləyəcəklərini deyib: “Bizim assosiasiya sovet dövründə, 1991-ci il aprelin 20-də ümumittifaq assosiasiyasının tərkib hissəsi kimi yaradılıb. Həmin vaxtdan rəsmi səviyyədə repressiya qurbanlarına müxtəlif yardımlar ediblər, yəni onların problemlərinin həlli ilə məşğul olublar. Amma son illər repressiya qurbanları yaddan çıxıb. Onları, onların problemlərini yada salmaq, həmin problemlərinin həlli məsələlərini yenidən qaldırmaq lazımdır. Repressiya qurbanlarının əlindən alınmış imtiyazlar qaytarılmalıdır”.


Hansı imtiyazlardan söhbət getdiyinə aydınlıq gətirən R.Rəsulzadə deyib ki, məsələn, hazırda Böyük Vətən müharibəsi veteranları ictimai nəqliyyatdan istifadə edəndə, müalicə olunanda, dərman alanda güzəştlərdən yararlanırlar: “Bundan başqa, veteranlar komunnal xərclərdən də azaddırlar. Bu kimi güzəştlərin repressiya qurbanları üçün də tanınması vacibdir. Mili Məclisin bu məsələlərə baxmasını istəyirik”.
R.Rəsulzadə qeyd edib ki, sözügedən imtiyazlar hələ sovet dövründə represiyya qurbanlarına verilsə də, dövlət müstəqilliyimizin bərpasından bir neçə il sonra ləğv edilib.
Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının yeni prezidenti sovet dövründə repressiya qurbanı olmuş azərbaycanlıların adını bir kitabda toplamağı, xatirə kitabı hazırlayıb dərc etdirməyi də vacib işlərdən sayır.
SSRİ qurulandan dağılana kimi 90 milyondan çox insan repressiya qurbanına çevrilib. Onların arasında yüz minlərlə azərbaycanlı da olub.
R.Rəsulzadə Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına bugünlərdə prezident seçilib.
Assosiasiyanın ilk prezidenti Əşrəf Mehdiyev 2009-cu il aprelin 24-də vəfat edib.

R.Rəsulzadə çağdaş Azərbaycan dövlətinin banisi, rus-sovet işğalından sonra mühacirət həyatı yaşamış Məmməd Əmin Rəsulzadənin oğul nəvəsidir.

Rais Rəsul oğlu Rəsulzadə 1946-cı ildə Qazaxıstanda sürgündə doğulub. Azərbaycana 1965-ci ildə qayıdıb. Hazırda Azərbaycan Pedaqoji Universitetində dərs deyir, əməkdar rəssamdır.

------------------------------------
qaynaq : mediaforum.az

Hiç yorum yok:

Yorum Gönder