2013-01-31

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
 
Lent.az-ın verdiyi məlumata görə, tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucusu olan Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Məhəmməd Əmin Rəsulzadə ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Məhəmməd Əmin Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Növbəti il isə ilk məqaləsi “Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqİlabçılar Komitəsini qurub. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan Məhəmməd Əmin Rəsulzadə İranda çalışıb (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib. O, 1910-cu ildə İran Demokrat Partiyasını, yaradıb. Lakin Rusiya səfirliyinin tələbi ilə bir il sonra İrandan çıxarılıb. 1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.

Müsavat Partiyasının 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən birinci qurultayında Məmməd Əmin Rəsulzadə partiyasının başqanı seçilib. 1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya Dövlət Dumasına Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib və 1918-ci il may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunub, Azərbaycan Demokratik Cümhuriyyəti qurulub. 1919-cu ildə Bakı Dövlət Universiteti də məhz Məhəmməd Əmin Rəsulzadə təşəbbüsü ilə yaradılıb. O, məsələ ətrafında bir neçə dəfə Azərbaycan Parlamentində çıxış edib, universitetin açılmasını qəti tələb edib.  Məhəmməd Əmin Rəsulzadə Bakı Dövlət Universiteti Osmanlı Ədəbiyyatı Tarixindən dərs də deyib. 

Məhəmməd Əmin Rəsulzadə 1920-ci il 27 aprel işğalından sonra həbs edilərək Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada (indiki Sankt-Peterburq) gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib. 1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib. 1923-cü ildə İstanbula qayıdıb. 1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib. Polşada (1938-1940), Rumıniyada (1940-1943) olduqdan sonra 1947-ci ildə Ankaraya dönüb. 1952-ci ildə Ankarada “Azərbaycan” dərgisini yaradıb.  Məhəmməd Əmin Rəsulzadə 71 yaşında, 1955-ci il martın 6-da Ankarada uzun sürən şəkər xəstəliyindən vəfat edib.  O, Ankara Əsri qəbiristanlığında dəfn edilib.


Məhəmməd Əmin Rəsulzadənin 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı münasibətilə öz alovlu nitqinin sonunda söylədiyi "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı çox məşhurlaşıb və Azərbaycan xalqının azadlıq hərəkatının devizinə çevrilib...

------------------
qaynaq - lent.az

Hiç yorum yok:

Yorum Gönder