2013-05-27

“Görün necə dövlət qurdular...”

Nəsiman Yaqublu: “Hacıbala Abutalıbovun diqqətinə çatdırmaq istəyirəm ki...”
“Rəsulzadənin nəvəsinə Novxanıda bir bağ yeri ayırıblar, ancaq hakimiyyətdə yüksək mövqe tutan bir adam gətirib oranı hasara alıb ki, “bura mənimdir”


Cümhuriyyət həftəsində Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla onun qurucuları olan böyük kişiləri xatırlamaq istədik. Düz 95 il öncə yoxdan bir bayraq qaldıran, müsəlman Şərqində ilk demokratik, hüquqi dövlətçiliyimizin əsasını qoyan bu insanlar illər keçdikdə daha çox xatırlanacaq, hörmətlə anılacaq. Elə biz də Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri, tarixçi alim Nəsiman Yaqublu ilə bu mövzuda söhbətləşdik.
- Nəsiman bəy, Xalq Cümhuriyyətinin 95 illiyinə sizin hədiyyəniz hazırlayıb ortaya qoyduğunuz Rəsulzadə Ensiklopediyası oldu, buna görə və bayram münasibətilə təbrik edirik. Bu ensiklopediyanı Rəsulzadə haqqında 25 illik araşdırmalarınızın sonu saymaq olar, yoxsa hələ bu irsin öyrənilməsi, tədqiqi üçün daha artıq zaman və fəaliyyət lazımdır?
- Mən əminəm ki, gələcəkdə də Rəsulzadə haqqında çox ciddi araşdırmalar ortalığa qoyulacaq. Bir daha aydın olacaq ki, həqiqətən də Rəsulzadə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli şəxsiyyət olub və bu şəxsiyyət bütün həyatını Azərbaycanın azadlığına həsr edib. Bu həm də mənəvi dəyər məsələsidir. Bu həm də ona görə vacibdir ki, qoy Azərbaycan xalqı bir daha bilsin ki, azadlıq uğrunda mübarizənin mücahidləri, böyük şəxsiyyətlər olub və Rəsulzadə bu mücadilənin başında duran ən böyük şəxsiyyətdir. Rəsulzadə irisi bitib-tükənmir və gələcəkdə də araşdırılacaq, öyrəniləcək böyük bir irsdir.
- Ancaq bu da var ki, Rəsulzadənin, bütövlükdə Cümhuriyyət dövrünün araşdırılması istiqamətində rəqabət mühiti gözə görünmür. Şirməmməd Hüseynov, Cəmil Həsənli, Nəsib Nəsibli, Aydın Balayev, Nəsiman Yaqubludan sonra yeni nəsil gəlmir bu dövrü araşdırmağa. Səbəb nədir, hansısa siyasi baryerlərmi var, ya xarici ölkələrin arxivlərimi gəncləri çəkindirir?
- Mənim doktorluq işimin müzakirəsi keçirilirdi. Çap olunan kitablarımı masanın üstünə qoymuşdum. O müzakirələrdə iştirak edənlər bir-bir içəri daxil olur, o kitablara baxandan sonra gedib əyləşirdilər. Hörmət etdiyim, çox görkəmli alimlərdən biri gəlib kitablarıma baxdı. Repressiyalardan, stalinizmin qurbanlarından bəhs edən “Ağrılı illər” kitabı haqqında soruşdu, dedim 25-26 yaşlarımda yazmışam. Baxdı kitaba, dedi mən bu yaşda bu işi görməzdim. Sonra Müsavat Partiyasının tarixi kitabına baxdı, soruşanda dedim 29-30 yaşlarımda yazmışam. Yenə dedi ki, mən bu yaşda bu işi görməzdim. Digər kitablara da baxandan sonra eyni fikri söylədi. Mən də qayıtdım ki, mən elə ona görə də bu günə qədər doktor, professor adını ala bilmirəm, işlədiyim Bakı Dövlət Universitetində adicə müəllim kimi qalmışam, dosent adını da ala bilmirəm ki, bu işləri görürəm, Rəsulzadə ilə bağlı bu araşdırmaları aparıram. Amma dedim siz bu işlərin heç birini görmədiyinizə görə bu gün professorsunuz və məndə olan məlumata görə, yaxın vaxtlarda akademik də olacaqsınız.
- Neçə illər apardığınız araşdırmalardan sonra Rəsulzadəyə qarşı qoyulan tabunun səbəbini öyrənə bildinizmi?
- Bu gün Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan cəmiyyətinə gəlişini, Rəsulzadənin kitablarının çapını, haqqında filmlər, televiziya verilişlərinin olmasını ona görə istəmirlər ki, onun irsinin, qoyub getdiyi dəyərlərin Azərbaycan cəmiyyətinə gəlişi ilə Azərbaycan cəmiyyətinin özü dəyişməlidir. Çünki bu cəmiyyətlə Rəsulzadənin qoyub getdiyi dəyərlər arasında böyük bir fərq var. Məsələn, bu gün tədris olunan Azərbaycan ədəbiyyatındakı şair və yazıçıların insanlara çatdırılması ilə Rəsulzadə araşdırmaları kəskin fərqlənmir. Rəsulzadənin Nizami Gəncəvi, Füzuli, yaxud Axundov, Şəhriyar haqqında yazdığı bir başqa şeydir, bu gün tədris olunan Nizami, ya Axundov bir başqa. Yəni Rəsulzadə irsinin gəlişi ilə bu ədəbiyyat yenidən yazılmalıdır. Bu da çoxlarına sərf etmədiyinə görə Rəsulzadəni Azərbaycan ədəbiyyatına daxil olmağa qoymaq istəmirlər. Azərbaycan tarixinə, Azərbaycanın teatr sənətinə, siyasətinə də yeni yanaşma Rəsulzadədədir. Mən Ensiklopediyada da vermişəm, bir neçə nəfər oxuyub zəng edir ki, Rəsulzadə nə qədər uzaqgörən olub, 1953-54-cü illərdə yazıb ki, sovet hökuməti dağılacaq, özü də Qafqazdan, milli məsələlərdən dağılacaq. Doğrudan da sovet hökuməti 1987-ci ildə Qafqazdan, özü də milli məsələlərdən dağıldı.
- Rəsulzadənin Səməd Vurğun, Süleyman Rüstəm kimi bu kateqoriyalı şair-yazıçılara münasibəti necə idi?
- Rəsulzadə böyük bir şəxsiyyət idi. Yəni bu yazıçılar, şairlər Rəsulzadə üçün tədqiqat obyekti olmayıb. Rəsulzadə üçün tədqiqat obyekti Hüseyn Cavid, Əhməd Cavad, Nizami Gəncəvi, Məhəmməd Füzuli olub. Epizodik olaraq bunların adlarını çəkib. Rəsulzadənin böyüklüyü ondan ibarət idi ki, hətta bunlara öz böyüklüyünü, qayğıkeşliyini bildirirdi. Mənə bir nəfər danışdı ki, biz ona deyəndə ki, axı Səməd Vurğun sənin əleyhinə danışıb, yazıb, Rəsulzadə qayıtdı ki, o, bunu ona görə edib ki, mənim adımı o yolla insanlarımıza çatdırsın. Siz bir böyüklüyə baxın. Yəni deyib ki, Səməd Vurğunun başqa yolu yox idi, ona görə də mənim adımı camaatımıza bir daha xatırlatmaq istəyib. Mən o mənada bu məsələlərə epizodik yanaşıram, çünki Rəsulzadə yaradıcılığında Azərbaycan insanına böyük sevgi var. O, Azərbaycanı fərd olaraq yox, böyük bir toplum olaraq sevirdi. Ordakı fərdin səhvlərini heç vaxt axtarmırdı və bütövlükdə xalqı sevirdi, xalqın içindəki hətta zərərdidə insanlara da sevgisi var idi, deyirdi ki, bu, bolşevizmdən törəmədir, bizim milli dəyərlərdən törəmə deyil.
- İllər keçir, ancaq üzərində Rəsulzadənin adı olan daş heykələ dönmür, şəhərin mərkəzində abidəsi qoyulmur, məzarı Ankaradan Bakıya köçürülmür. Digər Cümhuriyyət qurucularına da ögey münasibət var. Çıxış yolu nədir?
- Rəsulzadənin məzarının gətirilməsi, heykəllərinin qoyulması ilə bağlı biz 20 ilə yaxındır Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Axırıncı müraciətimə PA-dan cavab gəldi ki, bu, Mədəniyyət Nazirliyinə göndərilib, nazir baxacaq, dəyərləndirəcək. Təəssüf ki, bu günəcən heç bir dəyərləndirmə aparılmayıb, bu məsələ qalıb. Bu günlərdə çox sual verirlər ki, niyə Rəsulzadənin heykəli qoyulmur, məzarı niyə gətirilmir. Rəsulzadənin heykəli qoyulacaqsa, məzarı “Əsri” qəbiristanlığından Azərbaycana gətiriləcəksə, hər gün orda yüz minlərlə insan növbəyə dayanıb Rəsulzadəyə sayğısını bildirəcək. Əlində gül-çiçək balaca uşaqlar, ağsaqqallar, ağbirçəklər, Azərbaycanı sevən bütün insanlar o məzarı qucaqlayıb bağrına basacaq. Bu da bəzi adamlara, həmçinin bugünkü ideoloji sistemə sərf eləmir.
- Amma bu da var ki, xaricdə keçirilən rəsmi, qeyri-rəsmi tədbirdə Azərbaycanın tanıdılması üzərində qurulan çıxışlarda müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda Demokratik Cümhuriyyətin qurulduğu, qadınlara səsvermə hüququnun verildiyi qeyd olunur. Milli Hökumətin fəaliyyəti xaricdə təbliğ olunsa da, ölkə daxilində bir çoxları erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularına qısqanclıq davam edir. Niyə belədir?
- Bu, çox ciddi məsələdir. Bu günədək Azərbaycan hökumətini qurmuş heç bir insanın məzarı Azərbaycanda yoxdur. Məsələn, Əlimərdan bəy Topçubaşev Fransada, Parisdə dəfn edilib. Özü də böyük əzab-əziyyətlər bahasına Azərbaycanın müstəqilliyini tanıtmağa çalışan bir şəxsiyyət olub, Azərbaycan parlamentinə sədrlik edib. Həsənbəy Ağayev siz deyən kimi ermənilər tərəfindən Tiflisdə qətlə yetirilib. Fətəlixan Xoyski ermənilər tərəfindən Tiflisdə qətlə yetirilib, məzarı ordadır. Rəsulzadənin, Əhməd Ağaoğlunun məzarı Ankaradadır. Bizim dövlətçiliyimizin ideoloji əsaslarını qoyanlardan biri olan Əli bəy Hüseynzadənin məzarı İstanbuldadır. Bir dənə Cümhuriyyət qurucusunun məzarı gətirilib Azərbaycanda dəfn edilməyib ki, biz 28 mayda gedib ora bir dəstə gül qoyaq, onları xatırlayaq. Məsələn, gürcülər sovet hökuməti yıxılandan, müstəqil Gürcüstan dövlətini qurandan sonra onların ilk müstəqil dövlətini quran Noy Jordaniyanın məzarını gətirdilər və onun adını əbədiləşdirdilər. Ruslar Çadayevi, Denikini, Kerenskini gətirdilər. Bütün ölkələrdə bu proseslər baş verdi, amma bizdə olmadı. Nə bunların məzarı gətirilir, nə abidələri qoyulur. Bunlar hamısı bolşevizm ruhundan doğan yanaşmalardır. Azərbaycan üçün böyük işlər görmüş bu insanların adı əbədiləşdirilməlidir. Bu gün bizim tariximizdə nə yaxşı dəyərlər, uğurlar varsa, 1918-20-ci illərlə bağlıdır. O zaman Qarabağ tam şəkildə Azərbaycanın tərkibində idi, ərazi 114 min kv.km idi. Bu gün isə 20 faiz ərazimizin işğalından sonra 60 min kv.km-ə gəlib çıxıb. O vaxt biz elə bir cəmiyyət qurmuşduq ki, insanlarda vətən sevgisi vardı, dövlətin varlığı hiss olunurdu. Bu gün baxın, insanlar nə dərəcədə idarəetmədən narazıdırlar. Özü də AXC parlamentli respublika idi. Rəsulzadə yazmışdı ki, biz padşaha meylli xalqıq, birini gətirib ölkənin başına qoyursan, hamı başlayır ona əl çalmağa, onu fetişləşdirməyə, bu mənada bizə padşahlı, prezidentli ölkə lazım deyil, bizə parlamentli ölkə lazımdır ki, hər şey orda həll olunsun. O dövrün ən böyük üstünlüyü bizim parlamentli cümhuriyyətimizin qurulması idi. Ona görə də 23 ay nümunəvi dövr olaraq qalır. O zaman Azərbaycandakı 2 milyon 900 minlik əhalinin isə 1 mln. 900 minə qədəri müsəlmanlar, qalanı xristianlar idi. 1918-ci ildə Azərbaycanda 550-yə qədər savadlı insan, ali təhsilli şəxs var idi. Onun 250-yə yaxını Qori Seminariyasını, qalanları isə Avropa, Rusiya, Türkiyədə müxtəlif universitetləri bitirmişdilər. O insanlardan 30-a yaxını dövlət quruculuğunda iştirak etdi. Amma görün necə dövlət qurdular. Deməli, bəzən məsələni toplum yox, o toplumun qarşısında gedən fədakar bir qrup həll edir.
- Xarici şirkətə icarəyə verilən Məhəmməd Əmin Rəsulzadəyə məxsus mənzilin sahibinə qaytarılması ilə bağlı proseslər nə yerdədir?
- Bu mənzili aparıb bp-nin təlim mərkəzinə veriblər. Bu mənzil sahibinə qaytarılmalıdır. Əslində Elçibəy hökuməti dövründə bu mənzilin Rəsulzadənin ailəsinə verilməsi ilə bağlı sərəncam da imzalanmışdı. Ancaq sonradan kimlərsə Ağdamdan bir qaçqını gətirib orda yerləşdirdilər ki, çıxmasın, qalsın. Bir neçə dəfə getdik, orda çox xoşagəlməz halla rastlaşdıq. Bu gün Rəsulzadənin doğulduğu ev isə uşaq bağçasına verilib. Rəsulzadənin nəvəsinə Novxanıda bir bağ yeri ayırıblar, ancaq bu gün hakimiyyətdə yüksək mövqe tutan bir adam gətirib oranı hasara alıb ki, “bura mənimdir”. Bu cür yanaşmalar mənəvi dəyərləri pozan yanaşmalardır. Hacıbala Abutalıbovun diqqətinə çatdırmaq istəyirəm ki, bu boyda Bakıda bp-nin təlim mərkəzinə yer tapılmadımı gətirib Rəsulzadənin yaşadığı evi onlara veribsiniz? Hacıbala Abutalıbov məni qəbul etsin, həmin dövrün arxiv sənədini, evin ünvanını aparıb qoyum onun qabağına, göstərim ki, qardaş, bu, ünvan, bu, Rəsulzadənin yaşadığı, o dövrdə hökumət kabinəsinin verdiyi mənzil. Elə isə sən niyə onu sahibinə qaytarmırsan? Nə qədər insanlara öz mənzillərini qaytarmısınız, niyə Rəsulzadəyə qaytarmırsınız? Sadəcə, ortaya siyasi iradə qoyulmalı, dövlət başçısı bu haqda fikirləşməlidir ki, Cümhuriyyətin 95 illiyində Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində bir dənə ev muzeyi yoxdur, mənzili uşaqlarına qaytarılmır.
- Məhəmməd Əminin yadigarı, təvazökar insan Rəis Rəsulzadə gözəl rəssamdır, ancaq əsərləri uçuq-sökük bir emalatxanada yığılıb qalıb. Cümhuriyyət qurucusunun nəvəsinin əsərlərinin sərgisini dünya boyunca keçirmək olmazdımı?
- Əlbəttə ki, Cümhuriyyətin 95 illiyində Rəsulzadənin nəvəsinin böyük bir sərgisini keçirtmək olardı. Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı Rəis Rəsulzadənin sərgisini təşkil edə bilərdilər. Amma təəssüf ki, bunlar baş vermədi. Rəis bəy çox gözəl rəssamdır. Ancaq yalnız biz bir dəfə, təxminən 10 il əvvəl Müsavat Partiyasında onun sərgisini təşkil etmişik. Hansısa müğənniyə 3 otaqlı ev, ya “CEEP” maşın bağışlanılır, amma Rəsulzadənin nəvəsi indiyədək 35-40 il əvvəl olan sovet “Niva”sında gəzir, mənzilinin təmiri Cümhuriyyətin 95 illiyində yarımçıq qalıb, çünki maddi imkanı yoxdur. Dövlətin münasibəti öz yerində, amma nə qədər qorxaq iş adamları nəsli yetişib ölkədə. Vaxtilə Tağıyev, Musa Nağıyev, İsa bəy Aşurbəyov var idi ki, kifayət qədər ləyaqətli insanlar idi, köməksizlərə, ehtiyacı olanlara yardım edirdilər. Ancaq indinin iş adamlarının sanki Azərbaycana aidiyyəti yoxdur.
- Bu da var ki, eks-prezident Heydər Əliyevin Cümhuriyyət qurucularının adının əbədiləşdirilməsi ilə bağlı 1998-c il tarixli sərəncamı var. Bəlkə də o sərəncama əməl olunsa, hakimiyyətin Rəsulzadəyə, Müsavat hökumətinə münasibəti tam başqa olardı, elə deyilmi?
- Heydər Əliyevin Rəsulzadənin Ankaradakı məzarını qucaqlayıb öpdüyü yerdə bir fotosu var. “İrs” jurnalında həmin foto çap olunub, məndə də var. Hakimiyyətə gəlməmişdən öncə hətta Heydər Əliyev Azər Rəsulzadəni (M.Ə.Rəsulzadənin oğlu-E.P.) Şəhidlər Xiyabanında görüb. Deyib ki, mən hakimiyyətdə deyiləm, Naxçıvandayam, əgər hakimiyyətə gəlsəm, bilirsinizmi sizin atanızı nə qədər dəyərləndirərəm. Amma təəssüflər olsun ki, sonradan bütün bunlar baş vermədi. Mən inanıram ki, gün gələcək bütün bu işlər dəyərləndiriləcək, çünki Xalq Cümhuriyyətini inkar etmək mümkün deyil...
Elşad PAŞASOY
------------------------
musavat.com

1 yorum:

  1. M.Ə.Rəsulzadə haqqında 25 illik araşdırmalarınızın bəhrəsi bu ensiklopediya Azərbaycan xalqına böyük töhfədir.

    YanıtlaSil