2014-02-17

Məhəmməd Əmin Rəsulzadənin yubileyinə sözardı


“Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir”.

Tadeuş Svyatoxovski

Prezidentin sərəncamı ruh yüksəkliyi ilə qarşılandı, amma yubiley tədbirləri sönük keçdi. Deyəsən, yağan qarın da təsiri oldu, toplantı, görüş və çıxışlarda sevgi işarmadı, bir soyuqluq, candərdilik duyuldu. Sanki insanlar nəyi isə demək istəyir, amma kimdənsə ehtiyatlanır, qorxur və ya xoflanırdılar. Ürəklərində həqiqətin nə olduğunu bilir, cümhuriyyət banisinin könüllərdəki yerini anlayır, amma onu dillərinə gətirməkdən çəkinirdilər. Bir şey də aydınca duyulurdu: M.Ə.Rəsulzadə şəxsiyyətinin miqyasını kiçiltməyə cəhd. Onun publisist fəaliyyətindən, yazılarının kəsərindən danışır, ədəbiyyat və tarixlə bağlı araşdırmalarını qabardır, amma siyasi fəaliyyətinə çox da toxunmurdular. Hətta belə təsəvvür yaranırdı ki, Azərbaycan siyasi təfəkkürünün daşıyıcısı olan bu böyük şəxsiyyət ömür boyu, sadəcə, qəzetçiliklə, elmi və ədəbi fəaliyyətlə məşğul olubmuş, cümhuriyyətlə ilişkisi isə elə-belə, bir təsadüf imiş…

Qüsura baxmayın, cənablar, siz yanılırsınız!

* * *

Ağlını itirmişlərdən başqa heç kəs dana bilməz ki, bu gün sahib olduğumuz müstəqil dövlət üçün biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanlara, tarixin fırtınalı dövründə onu yaşadanlara borcluyuq. Bu cümhuriyyət ötən əsrin keşməkeşli illərində quruldu, müsəlman dünyasında ilk parlamentli respublika kimi qısa müddətdə yaşadı, şüurlarda parlaq iz qoydu və dünyaya “müstəqil Azərbaycan” mesajı verərək tarixə qovuşdu.


Bu müstəqillik M.F.Axundzadə və H.B.Zərdabi ilə başlanmış yeni ruzgarın, bu ruzgarım XX əsrin əvvəllərində yaratdığı milli intibahın nəticəsi, həm də yeni ictimai mühitdə kollektiv zəkanın formalaşdırdığı istiqlal düşüncəsinin məhsulu idi. Əlbəttə, bu dövr tariximiz xalqın milli-ictimai şüurunun oyanmasında misilsiz xidmətlər göstərmiş parlaq simalarla zəngindir. Bu prosesdə Sabirin şeirləri də, Mirzə Cəlil, Ü.Hacıbəyli və Ə.Ağaoğlunun publisistikası da, Ə.Hüseynzadənin fəlsəfi baxışları da, F.Köçərlinin, A.Səhhətin ədəbi düşüncələri də, N.Yusifbəyli, N.Nərimanov, F.Xoyski, Ə.Topçubaşov və başqalarının siyasi fəaliyyəti də, H.Z.Tağıyevin xeyriyyəçilik missiyası da misilsiz rol oynayıb. Lakin bütün bunlarla yanaşı, Azərbaycanın müstəqilliyi ideyasının formalaşması və ən əsası, bu ideyanın gerçəkləşdirilməsində aparıcı rol məhz M.Ə.Rəsulzadəyə məxsusdur.

Milli hiss, vətənpərvərlik duyğusu insanlara gen vasitəsilə keçir. Amma bunun üçün zaman, şərait yetişməlidir. M.Ə.Rəsulzadənin Xalq Cümhuriyyəti yaratmaq haqqında fikrə hələ 1916-1917-ci illərdə düşdüyünü demək olar. O, Birinci Dünya müharibəsinin müstəmləkə xalqlara azadlıq gətirəcəyini böyük uzaqgörənliklə deyirdi. Deyirdi ki, XX əsr milli azadlıq əsri olacaq. 1916-cı ildə Vilsonun məşhur 14-cü maddəsi “Millətlərə hüquq, millətlərə istiqlal” idi. Məhəmməd Əmin isə “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarını irəli sürürdü.


Rusiyada fevral (1917) burjua-demokratik inqilabının qələbəsindən, yəni mütləqiyyət rejiminin süqutundan sonra isə ulu öndər milli-azadlıq ideyaları, millətlərin öz müqəddaratını təyin etməsinin vacibliyi haqqında daha açıq danışmağa başlayır. Bunları redaktoru olduğu “Açıq söz” qəzetində böyük elmi-nəzəri və siyasi yetkinliklə yazılmış məqalələri də aydın şəkildə göstərir. O zaman siyasi xadimlərin əksəriyyəti Azərbaycanın Rusiya tərkibində muxtariyyətindən danışırdı, M.Əmin isə tam müstəqillik məsələsini qoyurdu. O, müstəqillik ideyasına ehtiyatla yanaşanlara deyirdi ki, müstəqillik, azadlıq, dövlətçilik istedadı xalqımızın qanında, tarixi yaddaşımızdadır.


Hansı üzünə çevirsən, bu həqiqəti kimsə dana bilməz ki, tarixdə yalnız qlobal ideyaların daşıyıcısı olan şəxsiyyətlər qalır. Milləti də çox zaman, məhz bu şəxsiyyətlərinə görə tanıyırlar. Bu mənada XX əsr Azərbaycan siyasi tarixinin fəxr edib qürur duyduğu ən böyük şəxsiyyətlərdən biri M.Ə.Rəsulzadədir. Düzdür, indi cümhuriyyət qurucularından bəhs edərkən onun adını üçüncü, ya da dördüncü yerdə çəkirlər, amma nahaq yerə. Tarixdə heç kimin yerini və rolunu danmaq mümkün deyil. “Azərbaycan” qəzeti hələ 1919-cu ilin 28 mayında AXC-nin bir illiyi münasibətilə dərc etdiyi xüsusi nömrəsində M.Ə.Rəsulzadənin şəklini liderlərin sırasında lap öndə vermişdi. Deyəsən, o zaman mətbuat da, xalq da, siyasilər də cümhuriyyətin qurulmasında kimin hansı rol oynadığını, dövlətdə kimin hansı mövqe tutduğunu, kimin hansı nüfuz sahibi olduğunu yaxşı bilirmiş…


İdealları uğrunda həyatını qurban vermiş M.Ə.Rəsulzadə bizim təsəvvür etdiyimizdən də nəhəng şəxsiyyətdir. Bunu elə-belə, dəbə uyub demirəm. Onun ömür yolunu, ictimai-siyasi fəaliyyətini az-çox öyrəndikdən, son illərdə bir çox dəyərli əsərlərini oxuduqdan sonra gəldiyim qənaətdir bu. Təbii ki, zəngin ədəbi-publisist irsinə, yüksək intellektinə, dərin siyasi təfəkkürünə, qeyri-adi düşüncə tərzinə, fitri istedadına, siyasi fəhminə, uzaqgörənliyinə, istiqlal ideyasını ömrünün sonunadək daşımasına, ən başlıcası, Azərbaycan sevgisinə əsasən də cümhuriyyət banisi haqqında bu sözləri söyləmək mümkündür.

* * *

AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, estoniyalı Andres Herkel “Azərbaycan məktubları” kitabında M.Ə.Rəsulzadəni Xalq Cümhuriyyətinin banisi adlandırıb, bu “güclü və maraqlı şəxsiyyətə” ayrıca bölmə həsr edib. Bizlərə “siz öz milli kimliyinizi, tarixinizi bilməlisiniz” müraciətini uc-uca calayan müəllif M.Əminin Ankaradakı abidəsini ziyarət etdiyini deyir, Bakıda hələ də onun abidəsinin olmamasına münasibət bildirir. Əslində yubiley günlərində də heykəl məsələsini çox adam gündəmə gətirirdi… Əlbəttə, paytaxtın yaxşı bir yerində M.Ə.Rəsulzadəyə layiqli bir heykəl qoyulsaydı, pis olmazdı, amma yoxdursa, bunu dərd eləməyə dəyməz. Heykəl heç nəyi həll etmir.

A.Bakıxanov “Gülüstani-İrəm” əsərinin girişində “tarix nadir” sualına cavab verərkən “tarix bir hökmi-rəbbanidir, Allah yazısıdır” deyir. Əlavə edir ki, heç kəs tarix üzərində hakimlik edə bilməyib. “Tarix, zaman hər şeyi, o cümlədən hər millətin tarixindəki şəxsiyyətləri öz yerinə qoyur”. Buna görə də heç kimin şübhəsi olmasın ki, gec-tez tarix hər şeyi nizamlayacaq. Ona heykəl qoyulmamasından da üzülməyə dəyməz, çünki daş heykəllər heç də həmişə tarixin qəflətən qopan firtınalarına tab gətirmir. Amma xalqın ürəyində ucaldılmış, millətin qanına, iliyinə, ruhuna işləmiş mənəvi heykəlləri heç bir qüvvə yerindən qopara bilməz, çünki bu heykəllər tarixin və zamanın özü qədər əbədidir.

M.Ə.Rəsulzadə özünü və dünyanı dərk edən hər bir azərbaycanlının qəlbində, könlündə məskən salmış əbədi mənəvi heykəldir…
meherremli@gmail.com
---------------------------
qaynaq - www.ayna.az