Şirməmməd Hüseynov |
«Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini, ideyalarını, dünyagörüşünü, müstəqil demokratik dövlət yaratmaq yolunda çalışmalarını onun əsərləri ilə oxucuya çatdırmaq lazımdır, quru sözlə yox».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Rəsulzadə irsinin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynov söylədi.
35 İL VƏTƏNDƏ YAŞAYIB, 36 İL XARİCDƏ...
Şirməmməd müəllim Rəsulzadənin həyatının Azərbaycan dövründə qələmindən çıxanları yığıb çap etdirmək məqsədini qarşısına qoyduğunu deyir:
«35 yaşına qədər bu torpaqda yaşayıb... 36 ilini xaricdə... İstəyirəm Vətəndə yazdıqlarının hamısını çap etdirəm. Qoy oxucu görsün ki, o, necə bir həyat yolu keçib, nə fikirləşib, bu milləti necə hazırlayıb, necə dövlət qurub...».
DOĞUM GÜNÜNƏ—IV CİLD HƏDİYYƏ OLDU
Şirməmməd müəllim Rəsulzadənin əsərlərinin IV cildini onun 129-cu doğum gününə hədiyyə edib:
«1-ci cild 1992-ci ildə çıxmışdı. «Azərnəşr» 10 min tirajla buraxmışdı. Həyatının 1903-1909-cu illərini əhatə edirdi. 2-ci cild (1909-1914-cü illər) 2001-ci ildə, 3-cü cild (1915-1916-cı illər) 2012 ci ildə çap olundu. 4-cü cild 1917 və 1918-ci ilin aprelinədək—Cümhuriyyətin elanına qədərki dövrü əhatə edir. Bu 4 cilddə M.Ə. Rəsulzadənin 1903-cü ildən 1918-ci ilədək yazdığı əsərlər, məruzələr, məqalələr, çıxışlar, nitqlər—onun qələmindən çıxan nə varsa hamısını toplamışam».
SİYASİ FİRQƏLƏRİ OLMAYAN MİLLƏTİN SİYASİ DUYĞUSU, DÜŞÜNCƏSİ OLAMAZ!
Ş.Hüseynov ötən əsrin 17-ci ilindəki siyasi şəraiti xatırlatdı:
«Romanovlar sülaləsi yıxıldı. Azadlıq oldu. Siyasi partiyalar açıq fəaliyyətə keçdi. Rusiyada millətlərin əksəriyyəti öz hüquqları uğrunda mübarizəyə başladılar. Belə bir vaxtda Azərbaycan türklərini öz milli dövlətini qurmaq yolunda səfərbər etmək lazım idi. Bəs bunu nə yolla etmək olardı? Rəsulzadə yazırdı ki, siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət meydanına hər bir milləti siyasi firqələr çıxarar. Fəqət bir firqə xalqın hüsn-rəğbətini o vaxt qazanar ki, milləti öz başına o vaxt toplaya bilər ki, camaatın milli amal və arzularına müvafiq proqramı olsun və bu proqram uğrunda çalışmağı bacarsın. Mənim təqdim etdiyim bu cilddə Rəsulzadənin Müsavat Partiyasını necə yaratdığı və partiyanın 50 minlik üzvünün Cümhuriyyəti necə yatdığı əksini tapıb. Bax, bu cildin əsas qayəsi budur».