
“Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir”.
Tadeuş Svyatoxovski
Prezidentin sərəncamı ruh yüksəkliyi ilə qarşılandı, amma yubiley tədbirləri sönük keçdi. Deyəsən, yağan qarın da təsiri oldu, toplantı, görüş və çıxışlarda sevgi işarmadı, bir soyuqluq, candərdilik duyuldu. Sanki insanlar nəyi isə demək istəyir, amma kimdənsə ehtiyatlanır, qorxur və ya xoflanırdılar. Ürəklərində həqiqətin nə olduğunu bilir, cümhuriyyət banisinin könüllərdəki yerini anlayır, amma onu dillərinə gətirməkdən çəkinirdilər. Bir şey də aydınca duyulurdu: M.Ə.Rəsulzadə şəxsiyyətinin miqyasını kiçiltməyə cəhd. Onun publisist fəaliyyətindən, yazılarının kəsərindən danışır, ədəbiyyat və tarixlə bağlı araşdırmalarını qabardır, amma siyasi fəaliyyətinə çox da toxunmurdular. Hətta belə təsəvvür yaranırdı ki, Azərbaycan siyasi təfəkkürünün daşıyıcısı olan bu böyük şəxsiyyət ömür boyu, sadəcə, qəzetçiliklə, elmi və ədəbi fəaliyyətlə məşğul olubmuş, cümhuriyyətlə ilişkisi isə elə-belə, bir təsadüf imiş…
Qüsura baxmayın, cənablar, siz yanılırsınız!
* * *
Ağlını itirmişlərdən başqa heç kəs dana bilməz ki, bu gün sahib olduğumuz müstəqil dövlət üçün biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanlara, tarixin fırtınalı dövründə onu yaşadanlara borcluyuq. Bu cümhuriyyət ötən əsrin keşməkeşli illərində quruldu, müsəlman dünyasında ilk parlamentli respublika kimi qısa müddətdə yaşadı, şüurlarda parlaq iz qoydu və dünyaya “müstəqil Azərbaycan” mesajı verərək tarixə qovuşdu.
Bu müstəqillik M.F.Axundzadə və H.B.Zərdabi ilə başlanmış yeni ruzgarın, bu ruzgarım XX əsrin əvvəllərində yaratdığı milli intibahın nəticəsi, həm də yeni ictimai mühitdə kollektiv zəkanın formalaşdırdığı istiqlal düşüncəsinin məhsulu idi. Əlbəttə, bu dövr tariximiz xalqın milli-ictimai şüurunun oyanmasında misilsiz xidmətlər göstərmiş parlaq simalarla zəngindir. Bu prosesdə Sabirin şeirləri də, Mirzə Cəlil, Ü.Hacıbəyli və Ə.Ağaoğlunun publisistikası da, Ə.Hüseynzadənin fəlsəfi baxışları da, F.Köçərlinin, A.Səhhətin ədəbi düşüncələri də, N.Yusifbəyli, N.Nərimanov, F.Xoyski, Ə.Topçubaşov və başqalarının siyasi fəaliyyəti də, H.Z.Tağıyevin xeyriyyəçilik missiyası da misilsiz rol oynayıb. Lakin bütün bunlarla yanaşı, Azərbaycanın müstəqilliyi ideyasının formalaşması və ən əsası, bu ideyanın gerçəkləşdirilməsində aparıcı rol məhz M.Ə.Rəsulzadəyə məxsusdur.