2010-12-02

Məhəmməd Əmin Rəsulzadə - Yazıçı Elçindən


Məmməd Əmin Rəsulzadə haqqında, onun yaradıcılığı və fəaliyyəti barədə bu kiçik oçerki mən altı il (amma necə illər!..) bundan əvvəl Ankarada, “Dədəman” otelində gecə yarısı cib dəftərçəmə yazdığım, sonralar Bakıda çap elətdirdiyim bir xatirə ilə başlamaq istəyirəm:
   “Oturub bu cümlələri dəftərçəmə yazmağa başlayıram və birdən-birə mənə elə gəlir ki, indi bu “Dədəman” otelində məndən başqa oyaq adam yoxdu; hamı yatıb, təkcə mən oyağam...
   Əlbəttə, belə deyil, düzdü indi gecə saat 3-ə qalıb, amma bilirəm, aşağıda - birinci, ikinci mərtəbələrdə həyat qaynayır.
     Bir saatdan artıq idi ki, yerimə girmişdim, amma yata bilmirdim, o iddiasız, sadə qəbir gozlərimin qabağından getmirdi, o qəbri əhatə etmiş o adamları da bir-bir təzədən görürdüm, özümə də kənardan baxırdım...
   Bu gün günorta “Vətən” Cəmiyyətinin üç nəfərdən ibarət rəsmi nümayəndəliyi - Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və mən Məmməd Əmin Rəsuİzadənin qəbrini ziyarətə getmişdik.
  Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, mən, Azərbaycan Milli Mərkəzinin, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin liderləri Məhəmməd Kəngərli, Feyzi Aküzüm, Əhməd Qaraca... Bir də ki, o iddiasız, o sadə qəbir daşı...
   İndicə qalxıb işığı yandırdım və mizin arxasına keçib bu qeydləri yazmağa başladım və o təklik hissi məndən asılı olmayaraq, elə bil ki, bu otel nömrəsinə bir pünhanlıq, gizlinlik, xəlvətlik çökdürüb, bu otaq elə bil ki, birdən-birə bir sirr dağarcığına çevrilib və yəqin ki, elə bu əhvali-ruhiyyə düz 33 il bundan əvvəl (!) Bakının Mirzə Fətəli küçəsindəki köhnə evimizdə pıçıltı ilə deyilən o sözləri yadıma salır:
“-Deyirlər, kişi rəhmətə gedib...”
“-Nə bildin?..”
“-Deyirlər, guya o tərəfdən radio ilə xəbər veriblər...”
  Onda mən 190 nömrəli məktəbin 5-ci sinfində oxuyurdum və yaxşı yadımdadır, Novruz bayramı ərəfəsi idi. Məktəbdən gəlib heç evə girməmişdim və Mirzə Fətəli küçəsində yaşadığımız 110 nömrəli evdən azacıq yuxarıda, Sarı hamamın qabağında məhəllə uşaqları ilə futbol oynayırdım. Bir azdan atam Yazıçılar İttifaqından işdən qayıtdı və mən onunla birlikdə evə getdim. Atam çox qayğılı idi, sözlü adama oxşayırdı və nənəm də çox hissiyyatlı adam olduğu üçün, o saat bunu duydu və sual dolu nəzərlərlə atama baxdı.
Atam əvvəlcə qapı-pəncərəyə nəzər saldı, sonra az qala pıçıltı ilə:
-Deyirlər, kişi rəhmətə gedib.. .-dedi. Nənəm yavaşdan:
-Nə bildin? - soruşdu.
Atam:
-Deyirlər, guya o tərəfdən radio ilə xəbər veriblər...
Nənəm titrəyən barmaqlarının arasına bir papiros alıb yandırdı. “Kişi” kim idi? Yadıma gəlir, fikirləşdim ki, bəlkə Mir Cəfər Bağırovu deyir? Yox, Bağırov ola bilməzdi, çünki onun haqqında bizim evdə belə həyəcanla danışmazdılar... özü de ki, Moskva Bağırovu işdən götürüb, ondan danışanda daha qapı-pəncərəyə baxmaq lazım deyildi...
Özümü saxlaya bilmədim və:
-Kim ölüb?-soruşdum. Atam:
-Get, oyna.. .-dedi.
   Və mən sonralar bildim ki, söhbət Məmməd Əmin Rəsulzadədən gedirmiş... Daha sonralar isə bildim ki, o, 1955-ci il martın 6-da o zaman bizim üçün əlçatmaz, ünyetməz bir məmləkət olan Türkiyədə vəfat edib. Bizə xəbər bir az gec gəlib çatıbmış...
  Mən 1979-cu ildə Türkiyə Yazarlar Sindikasının dəvəti ilə ilk dəfə Türkiyəyə gəlmişdim və qayıtdıqdan sonra “Yaxın, uzaq Türkiyə” adlı bir kitab yazdım: “yaxın” ona görə ki, söhbət qardaş xalqlardan gedir: eyni dil, ədəbiyyatın, tarixin, ümumiyyətlə, mə'nəviyyatın eyni səhifələri... “uzaq” ona görə ki, sərhəd, sistem...
Bu gün elə bil ki, o uzaqlar yavaş-yavaş əriməyə başlayır.
Görəsən elə bir vaxt gələcəkmi ki, Azərbaycan yazıçısı Türkiyəyə gedib qayıtdıqdan sonra “Yaxın və yaxın Türkiyə” adlı kitab yazsın?
Otel nömrəsinə çökmüş pünhanlıq yenə də birdən-birə altmışıncı illərin ortalarını mənim yadıma salır, o vaxtları ki, riyaziyyatçı professor (onda hələ professor deyildi) Arif Babayevlə birlikdə Məmməd Əmin Resulzadənin bir şəklini əldə etmişdik və bir gecə mənim o vaxt Vaqif küçəsindəki evimdə oturub həmin şəklə baxa-baxa keçmişimiz barədə dərdləşirdik...
Günorta o qəbrin yanında Məhəmməd Kəngərli dedi:
-Elçin bəy, siz birinci rəsmi nümayəndəliksiz ki, Azərbaycandan gəlib bu qəbri ziyarət edirsiniz... Ayrı-ayrı adamlar gəlmişdi, Allah onlardan razı olsun, ziyarət etmişdi, amma nümayəndəlik birinci dəfədi... Şükür olsun!..
Altmışıncı illər... Yetmişinci illər... Səksəninci illər... Məmməd Əminin əsərlərini adda-budda əldə edirdik, oxuyurduq...
Günorta o qəbrin yanında Məhəmməd Kəngərli dedi:
-Üç dəfə “Azərbaycan... Azərbaycan... Azərbaycan...” deyib gözlərini yumdu.
İndi elə bil ki, “Dədəman” otelindəki bu nömrənin pünhanlığı içində mən üç dəfə deyilmiş o “Azərbaycan...” kəlməsinin pıçıltısını eşidirəm...
“Bir kərə yüksələn bayraq bir daha enməz!”
Görəsən doğrudanmı belə olacaq?
O üçrəngli bayraq haçansa yenə də Azərbaycanı təcəssüm edecək?
Nə zaman?
Beş ildən sonra?
On ildən sonra?”
23 may 1988 Ankara.
Yadımdadır, o zaman o “Dədəman” otelində bu “beş ili”, “on ili” yazıb özüm özümdən soruşanda, ürəyimin dərinində bir “yüz il” qorxusu, üzüntüsü də var idi və mən o “yüz ili” dəftərçəyə belə yazmağa qıymırdım, əlim gəlmirdi, amma bu gün Tanrıya çox-çox şükürlər olsun ki, həyatın heç nədən çəkinməyən ve heç nədən dönməyən gedişatı, taleyin yazısı o yüz il qorxusunu və üzüntüsünü darmadağın etdi, heç beş il də çəkmədi, yeni dünyanın ən böyük imperiyası dağıldı, o üçrəngli bayraq “Bir kərə yüksələn bayraq bir daha enməz!”inamı və müdrikliyi yüksəkliyindən dalğalanmağa başladı, müstəqil Azərbaycan Respublikasının çətinliklər, sınaqlar və əzablarla dolu doğumu başladı.
Və Azərbaycan öz böyük oğlunun-Məmməd Əmin Rəsulzadənin 110 illiyini artıq küncdə-bucaqda, KQB-nin və rəsmi ideolojinin qorxu-hürküsü ilə, pıçıltı ilə, səksəkə içində yox, ümummilli təntənə ilə bayram etdi.
Lakin bu gün qəribə (və zərərli) bir tendensiya özünü göstərməkdədir: dünənə qədər rəsmi ideolojinin çox zaman kor-koranə söydüyü, ən yaxşı halda isə üstündən sükutla keçdiyi Rəsulzadədən və ümumiyyətlə, Azərbaycan Demokratik Cümhuriyyeti tarixindən bu gün bilən də yazır, bilməyən də, həqiqi mə'nada sevən və sevinən də, özünə siyasi kapital yığmaq, yaxud konyunkturadan geriyə qalmamaq istəyən də... Bu zaman, təbii ki, faktlar təhrif olunur, dolaşıqlıqlar yaranır, tə'rif də, tənqid də dəqiq elmi-tarixi əsasdan məhrum olur.
1994-cü ilin 31 yanvarında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Məmməd Əmin bəyin 110 illik təntənəli yubiley gecəsində mən mə'ruzəçiydim və yuxarıda yazdığım səbəbdən həmin mə'ruzəni heç bir emosiyaya qapılmadan, quruca obyektiv tarixi faktlan söyləməklə (quruca da bir təhkiyyə ilə!) yenidən işləməyi lazım bildim.
XX əsrin əvvələrində Azərbaycan milli qurtuluş hərəkati yeni vüs'ət almışdı və bu dövr milli şüurun inkişafı və formalaşmasında yeni mahiyyət ilə səciyyələnirdi. Azərbaycanın siyasi həyatını müəyyənləşdirən bu hərəkatın unudulmaz niimayəndələrindən, şəxsiyyətlərindən biri Məmməd Əmin Rəsulzadə idi.
Rəsulzadənin dolğun ictimai və quruculuq fəaliyyətini, zəngin ədəbi-siyasi irsini öyrənmədən, onun elmi-nəzəri görüşlərinə bələd olmadan XX əsrin əvəllərinin aydın mənzərəsini vermək mümkün deyil. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda yorulmaz mübariz Rəsulzadənin həyat və yaradıcılığı bu baxımdan olduqca qiymətlidir.
Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-de Bakının Novxanı kəndində anadan olmuşdur.
İlk təhsilini S.M.Qənizadənin müdir olduğu məşhur ikinci “Rus-müsəlman məktəbi”ndə almış Rəsulzadə sonralar təhsilini Bakı texniki məktəbində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk mərhələsi də elə bu dövrə düşür və bu da təsadüfi deyildi.
XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakıdakı neft fontanları, rus və xarici kapitalın sürətli axını çar Rusiyasının əyalət mərkəzlərindən olan Bakını dünya miqyaslı və əhəmiyyətli şəhərlərdən birinə çevirdi. Azərbaycanın siyasi-iqtisadi, ictimai və mədəni həyatında köklü dəyişikliklər baş verdi, milli (və güclü!) Azərbaycan burjuaziyası təşəkkül tapdı.
Çarizmin hökmranlıq siyasəti, zorən ruslaşdırma və milli azlıqların hüquqlarının hər cür pozulması milli məsələni cəmiyyətin siyasi həyatının başlıca məsələlərindən birinə çevirdi. Lakin milli hərəkat əsrin əvvəlində hələ aydın bir forma almamışdı və yeni keyfiyyətli milli formalaşma prosesi getdiyi üçün, ala da bilməzdi. Buna görə də Azərbaycan ziyalılarının bir qismi, xüsusilə Rusiya və Qərbi Avropada təhsil alanlar rus azadlıq hərəkatının liberal qanadına meyl göstərirdilər. Ziyalıların daha gənc və daha romantik nəsli isə sosial-demokrat və eserlərlə, daha dəqiq desək, hakimiyyətə inqilabi yolla gəlmək istəyən partiyalarla ittifaqa girmişdi. Məhz bu gənclər Rəsulzadə ilə birlikdə Azərbaycanda ilk siyasi partiya - “Hümmət” sosial-demokrat təşkilatını yaratdılar.
Sosial-demokrat yolunu seçmələrini Rəsulzadə belə izah edirdi: “...bu gənc nəsil birinci rus inqilabı dövründə rus cəmiyyətindən müxalifətə rəğbət bəsləyirdi. Müxalif sosializmdə onlar çarizmə qarşı mübarizədə ən etibarlı da olmasa, hər halda ən əlvərişli müttəfiqi görürdülər”. Bundan başqa, sosial-demokratların proqramında öz müqəddəratını təyinetmə hüququ və milli məsələlərlə bağlı demaqoq bölmələr cəzbedici qüvvəye malik idi. Bu da əslində öz xalqını milli əsarətin əlindən xilas edib, ona azadlıq gətirmək arzusu ilə yaşayan mütərəqqi Azərbaycan ziyalılarını sosial-demokrat hərəkatına cəlb edirdi. Bu hərəkata qoşulandan sonra barışmaz mövqe tutduqlarından əvvəlki həmfikirlərindən ayrılanlar arasında Rəsulzadədən başqa Sultan Məcid Əfəndiyev, Əhməd bəy Ağayev, İsa bəy Aşurbəyov, Məmməd Bağır Axundov, Səid Mövsümov, Məmməd Həsən Hacınski, Məmməd Əli Rəsulzadə və başqaları var idi.
Birinci rus inqilabı illərində hümmətçilər nümayişlərdə, tə'tillərdə fəal iştirak edir, Rusiya sosial-demokrat fəhlə partiyasının Bakı komitəsi ilə birlikdə inqilabi vərəqələr buraxırdılar. Onların fəaliyyətinin əsas istiqamətiəri yerli mətbuat səhifələrindəki çıxışları ilə bağlı idi. Bu baxımdan Rəsulzadə “Hümmət” təşkilatının orqanları “Hümmət”, “Təkamül”, “Yoldaş”, eləcə də Əhməd bəy Ağayevin nəşr etdirdiyi “İrşad” və “Tərəqqi” qəzetlərinin səhifələrində ən aktual problemleri işıqlandıran çoxsaylı məqalələrlə çıxış etmişdir.
Rəsulzadənin sosial-demokratiya dövrü onun həyatının ən ziddiyyətli səhifələrindən biri idi. 1909-cu ildə hökumət dairələrinin tə'qibi üzündən Azərbaycanı tərk etməyə məcbur olan Rəsulzadə sosial-demokratiara, xüsusilə bolşeviklerin milli məsələyə münasibətinə inamını tamam itirir. O, İrana gedir. Maraqlıdır ki, Rəsulzadə məhz Irana o zaman 1905-1911-ci illərin konstitusiya inqilablarının (məşrutə inqilabı) birdən-birə qüvvətləndiyi bir ölkəyə gəlmişdi. Mərkəzi məhz Cənubi Azərbaycan olan Iran inqilabında Şimali Azərbaycandan çoxlu azərbaycanlı, o cümlədən, Nəriman Nərimanovun yaratdığı İran Inqilabçılarına Yardım Təşkilatının üzvləri də iştirak edirdilər. Məmməd Əmin Rəsulzadə də bu inqilabın fəal iştirakçısı olur. 1909-cu ildə o, Tehranda Iranın ilk gündəlik qəzeti - “Irane-nou” qəzetinin nəşrinə başlayır. Həmin dövrdə yazılmış məqalələrində o, şah rejiminin qəddarlığını və rus çarizminin Rusiyada olduğu kimi, İranda da konstitusiya hərəkatını boğmağa çalışan hiyləgər siyasətini ifşa edir. Bu məqalələrdə Azərbaycan xalqının Səttarxanın rəhbərliyi ilə qalxdığı azadlıq hərəkatına, Iran konstitusiyasının e'lan edilməsinə ve konstitusiya məclisinə seçkilərə geniş yer verilirdi.
1910-cu ildə Məmməd Əmin İran Demokratik Partiyasına daxil olur, partiyanın rəhbəri Seyid Həsen Tağızadə ilə əməkdaşlıq edir, dostlaşır və partiyanın Mərkəzi Komitəsinin üzvü olur. Sonralar Seyid Həsən Tağızadə Məmməd Əmin Rəsulzadə haqqında demişdi: “Modern Avropa qəzet formasını ilk dəfə Irana gətirən Rəsulzadə olmuşdur”.
Lakin İranda bu dövr uzun çəkmir. Rus və ingilis elçilərinin qəti tələbi ilə Səttarxanın başçılıq etdiyi fədai dəstələri Təbrizi tərk edib Tehrana getməyə məcbur oldular. Burada isə onlar kazak dəstələri tərəfindən qırıldılar.
İrticanın baş alıb getdiyi bir şəraitdə yaşayıb-yaratmaq mümkün olmadığından Məmməd Əmin Rəsulzadə Seyid Həsən Tağızadə ilə birlikdə 1911-ci ildə Türkiyəyə mühacirətə getdi. Bu zaman Türkiyədə Milli oyanış dövrü idi. Gənc türk inqilabından doğan bu oyanış geləcəyə yeni ümidlər verirdi.
O dövrdə yaradılan mədəni-maarif cəmiyyətləri və dərnəkləri arasında ən tə'sirlisi “Türk ocağı” idi. Bu ocağın işığına türk ziyalılanın ən görkəmli nümayəndələri yığışırdı. Bunlardan Türkiyənin bir dövlət kimi siyasi inkişafında və müasirləşməsində böyük rolları olmuş məşhur Azərbaycan ədib və ictimai xadimləri Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə, türk ictimai xadimi və ədəbiyyatşünası Ziya Kökalp ve başqalarını göstərmək olar. Cəmiyyətin işində Məmməd Əmin çox fəal iştirak edirdi. Misal üçün o, yerli mətbuatda o zaman son dərəcə aktual və mübahisəli olan türk dili məsələsi ilə bağlı yeridilən siyasətə münasibətini bir sıra məqalələrində bildirmiş, yenicə nəşr olunmağa başlamış “Türk yurdu” jurnalında “lran türkləri” adı ile yeni rubrika açmış ve orada Iran azərbaycanlılarının problemini və şah rejimi dövründə onlann hüquqsuz vəziyyətiərini dünyaya çatdırmaq istəmişdi.
Məmməd Əmin Rəsulzadənin dünya görüşünə məşhur islam maarifpərvəri və filosofu Şeyx Camaləddin Əfqaninin böyük tə'siri olmuşdur. Əfqaninin milli inkişaf konsepsiyasının əsas müddəası milli birliyin zəruriliyindən ibarət idi: “Millətdən kənar xoşbəxtlik yoxdur”. Rəsulzadə Əfqaninin “Milli vəhdətin fəlsəfəsi” əsərini fars dilindən tərcümə edərək “Türk yurdu” jurnalında çap etdirdi və onun sonrakı fəaliyyətində, eləcə də istər Vətəndə, istərsə də mühacirətdə yazdığı əsərlərində, xüsusən “Əsrimizin Siyavuşu”nda, “milli vəhdət” ideyalarının güclü tə'siri duyulur. Bu ideyalar Məmməd Əmin bəyi milli özünüdərketmə ve milli dövlətin formalaşması problemlerinə yeni gözlə baxmağa sövq edirdi.
İstanbulda olarkən Rəsulzadə Bakıdakı dostlan və məsləkdaşlan ilə müntəzəm yazışırdı və bu yazışmalarda yeni bir siyasi partiyanın yaradılması fikri irəli sürülürdü. İlk dəfə Əli bey Hüseynzadənin bəhs etdiyi və Azərbaycan ziyalılarının rəğbətlə qarşıladığı türkçülük, islamçılıq və müasirlik ideyalannı məhz bu partiya həyata keçirməyə qabil və qadir olmalı idi. 1911-ci ildə əmisi oğlu Məmməd Əlidən aldığı məktubların birində Rəsulzadəyə mə'lum oldu ki, Bakıda “Müsavat” adlı yeni partiya yaradılmışdır. Siyasi həyata yeni bir partiyanın gəlişi 1905-1907-ci illər inqilabı şəraitində Azərbaycanın siyasi həyatında mövqe müxtəlifliyinin məntiqi nəticəsi idi. Həmin illərdə Azərbaycanın azadlıq hərəkatının bir sıra görkəmli nümayəndələri Əhməd bəy Ağayevin “Difai” partiyasına daxil idilər. Məmməd Əli Rəsulzadə, A.Kazımzadə, K.Mikayılzadə və H.Şerifzadənin yaratdıqlan “Müsavat” partiyası isə difaiçiləri öz tərkibinə daxil etdi.
1913-cu ildə o zaman elə bil ki, əbədi görünən Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əhvümumidən sonra Rəsulzadə vətənə qayıdır və siyasi fəaliyyətini daha da gücləndirərək bu yeni partiyanın liderinə çevrilir. Həmin dövrdə artıq “Müsavat”ın birinci proqramı formalaşdırılmışdı və bu proqramda mühüm məqsədlərdən biri də islam ölkələrinin müstəqilliyi, müsəlman xalqlarının tərəqqisi uğrunda bütün mübarizə formalarının gücləndirilməsi idi.
Bu mərhələdə partiyanın siyasi istiqamətləri aydın ifadə edilmişdi, partiya cəmiyyətin mütərəqqi qüvvələri ilə əməkdaşlığa və əhalinin orta təbəqəsindən olanları öz sıralarına cəlb etməyə çalışırdı. 1917-ci ilə kimi “Müsavat” gizli və təhlükəli repressiya şəraitində fəaliyyət göstərirdi. Partiyanın üzvlərinin, eləcə də onun lideri Məmməd Əmin bəyin əsas fəaliyyəti qəzet və jurnal səhifələrində dərc etdirdikləri ədəbi-publisist və nəzəri yazılarla ifadə olunurdu. Bu dövrdə Rəsulzadə “Şəlalə”, “Dirilik” jurnallarında, “İqbal” qəzetində dil, millət və dinlə bağlı müzakirələrdə fəal iştirak edirdi.
Ana dili problemi ilə bağlı onun baxışları əcnəbi sözlərdən təmizlənmiş yeni türk dilinin kütləviləşdirilməsinə tərəfdar olan “Yeni lisan” hərəkatı iştirakçılarının baxışları ilə üst-üstə düşürdü. O zaman, Rəsulzadənin tə'birincə desək, “romantik panturanizm” dövründə türk birliyi ideyası da “Müsavat”ın xadimləri arasında geniş yayılmışdı. 1915-ci ilin oktyabrında Rəsulzadənin redaktəsi ilə geniş xalq kütlələrinə daha yaxın olan yeniləşmiş türk dilində “Açıq söz” qəzeti nəşr olunmağa başladı. Maraqlı və əlamətdardır ki, I dünya müharibəsi dövründə çıxan qəzetin baş məqaləsində Rəsulzadə ümid və inamla bildirirdi ki, bu dəhşətli münaqişə nəticəsində ölkələr əsarətdən qurtararaq müstəqil bir dünyaya qovuşacaqdır.
1917-ci ilin fevralı həm rus xalqının, həm də imperiya əsaretində olan xalqların taleyində həlledici rol oynadı. Rusiya monarxiyası dağıldı. Bu, XX əsrin əvvəlində Rusiyanın ictimai-siyasi inkişafının qanunauyğun nəticəsi idi. İki əsrin qovuşacağındakı sinfı mübarizələr, 1905-1917-ci illərin inqilab fırtınaları, imperialist müharibəsi nəticəsində imperiyanı bütün sahələrdə böhran bürümüşdü.
İnsan hüquqlarının, bütün xalqlar və millətlərin bərabərliyinin tə'minatını e'lan edən Fevral inqilabının qələbəsi imperiya xalqlarında, o cümlədən, Azərbaycan xalqında ümid yaratdı. Bakıda bir günlük te'til keçirildi. Məmməd Əmin Rəsulzadə öz razılığını, hətta sevincini gizlədə bilmirdi, bu hadisəni “böyük çevriliş”, “böyük inqilab” adlandıraraq milləti və ümumiyyətlə, bütün müsəlmanları azadlıq uğrunda mübarizəyə qalxmağa çağırırdı.
1917-ci ilin martında Qafqaz və Rusiya müsəlmanlarının mütərəqqi qüvvələrinin konsolidasiyası prosesi daha da dərinləşdi. Həmin ilin mayında Rusiya müsəlmanlarının qurultayında Rəsulzadə məruzə etdi. Onun Rusiyanın federativ şəkildə qurulması haqqında proqramı səs çoxluğu ilə bəyənildi. Bu federativ Rusiyaya müsəlman əhalisi olan əyalətlər, o cümlədən, Azərbaycan muxtariyyət hüquqlu federativ respublika kimi daxil olmalı idi. Həmin dövrdə Azərbaycanın iki nüfuzlu partiyası-Nəsib bəy Yusifbəyovun rəhbərlik etdiyi “Türk aləmi-mərkəziyyət” partiyası və Rəsulzadənin lider olduğu “Müsavat” partiyası birləşib, “Türk aləmi-mərkəziyyet” partiyası “Müsavat” adı altında çıxış etməyə başladı. Partiyanın əsas vəzifəsi milli-ərazi federasiyası üzrə demokratik respublikaların yaradılmasını, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Başqırdıstanın tam ərazi muxtariyyətini, Volqa-boyu və Krım tatarlarının və ümumiyyətlə, türk xalqlarının milli muxtariyyətini e'lan etmək idi.
Rusiyanın federativ şəkildə təşkilini “Müsavat” partiyasını 1917-ci ilin oktyabrında keçirilmiş I qurultayında Rəsulzadə yeniden qoyur və dövlət quruculuğu haqqında məsələ ilə əlaqədar çıxış edərek federativ idarəetmə formasını irəli sürür. Rəsulzadə, onun rəhbərlik etdiyi “Müsavat” partiyası Ümumrusiya Məclisi-Müəssisanın işində iştirak etmək istəyirdi. Lakin bu məclis yaradılmadı. Azərbaycandan seçilmiş deputatlar 1918-ci ilin fevralında Tiflisdə açılmış və Zaqafqaziyanın ali dövlət orqanı olan Zaqafqaziya Seyminə daxil oldular. Seymdə diyarın əsas xalqlarını təmsil edən üç milli bölmə müəyyənləşdirildi: azərbaycanlılar, ermənilər və gürcülər. Milli mənafe toqquşmaları Seymi bütün fəaliyyəti boyu müşayiət edirdi. Belə bir şəraitdə Seymdə 4 nəfərdən ibarət olan Azərbaycan fraksiyasının nümayəndələri siyasi fikirlərin müxtəlifliyinin indiki vaxtda həddindən artıq təhlükəli olduğunu dərk edərək həyati baxımdan mühüm siyasi məsələlərdə razılığa gələ bildilər.
Bütün partiyaların razılığı ilə “Müsavat” fraksiyasının rəyasət hey'əti müsəlman təşkilatlarının birgə iclasının Rəyasət hey'əti oldu. Rəyasət hey'ətinə Rəsulzadə sədrlik edirdi. Lakin Seymin fəaliyyəti uğursuz oldu. Seymin dağılması ehtimalı gündən-günə artırdı. Nəhayət, 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin son iclasında Gürcüstan nümayəndəsi ehtirasları sakitləşdirərək dedi: “Zaqafqaziyann müstəqilliyi nədir? Belə bir dövlət nə vaxt mövcud olmuşdur?”. Seymin bütün üzvləri onun buraxılmasını razılıqla qarşıladılar.
Ertəsi gün-mayın 27-də Tiflisdə Seymin keçmiş müsəlman üzvlərinin fövqəl'adə yığıncağı çağrıldı. Yığıncaqda qərara alındı ki, müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaradılsın. Səs çoxluğu ilə Məmməd Əmin bəy Milli Şuranın sədri, Fətəlixan Xoyski isə hökumətin sədri seçildi. Uzunmüddətli və ətratlı müzakirələrdən sonra Milli Şura Azərbaycanın tam istiqlaliyyətini e'lan etdi.
Hökumətdə və sonralar Parlamentdə Məmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycanın görkəmli siyasi xadimləri Əlimərdan bəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsib bəy Yusiibəyov, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Məmməd Həsən Hacınski, Həsən bəy Ağayev və b. təmsil olunmuşdular. Bütün ağıl və qüvvələrini millətin dirçəlişi, onun siyasi şüurunun və mədəniyyətinin inkişafı yolunda təmənnasız sərf etmiş bu şəxslərin fəaliyyəti və yaradıcılığı əbədi olaraq Azərbaycan azadlıq hərəkatı tarixinin qızıl fonduna daxil olmuşdur. Daxili siyasi vəziyyətin mürəkkəbliyini nəzərə alaraq gənc Azərbaycan respublikasının hökuməti öz fəaliyyətinin ilk çağlarını Gəncədə keçirməli oldu. 1918-ci ilin 16 iyunundan sentyabrın 15-nə kimi Milli Hökumət orada yerləşdi.
Azərbaycan istiqlal yolunun kövrək addımları Gəncədə atıldı. Azadlıq ideyaları uğrunda mübarizənin mühüm səhifələri qədim Gəncədə yazıldı. Lakin vəziyyət gün-gündən gərginləşirdi. Azərbaycan Demokratik Cümhuriyyətinin məhvi təhlükəsi yaranırdı. Görünən və görünməyən qüvvələr gənc respublikanı beşikdəcə boğmağa çalışırdı. Bakı kommunası “müsavat yuvası”nı dağıtmaq üçün Gəncəyə hücuma keçmişdi. Bir tərəfdən bolşeviklər, digər tərəfdən isə erməni daşnakları gənc respublikaya meydan oxuyurdular.
Lakin təbiətən nikbin ruhlu Rəsulzadə bu ağır çağlarda inam və ümidini itirmir, xüsusi təmkin nümayiş etdirirdi. 1918-ci il iyunun 17-də Milli Şuranın Gəncədə keçirilən ilk iclasında deyirdi: “Əfəndilər!.. Bu ağır və məs'ul bir vaxtda Milli Şuranın iclasını açıram. Bugünkü məsələnin müzakirəsində vəziyyətin qeyri-adiliyini və məs'uliyyətli olduğunu başa düşüb, hissə qapılmadan soyuqqanlıq göstərməliyik. İnanıram ki, şəraitin əhəmiyyətini nəzərə alıb irəli sürdüyünüz qərarlarda vətənin və millətin mənafeyine üstünlük verəcək və bununla da patriotluğunuzu sübut edecəksiniz”.
Kəskin mübahisələrdən sonra Məmməd Əmin bəy təklif edir ki, Milli Şura iste'fa versin, müvəqqəti hökumət kabineti təşkil edilsin və yaxın vaxtlarda Tə'sis Yığıncağı çağırılsın. İclasda Fətəlixan Xoyski yeni hökumətin 12 nəfərdən ibarət tərkibini e'lan edir. Bununla da, Rəsulzadənin rəhbərlik etdiyi ali qanunvericilik orqanı olan Milli Şuranın fəaliyyəti dayandırılır. Öz amalı və əqidəsi uğrunda fədakarlıqla mübarizə aparan Rəsulzadə həmin anların ağırlığından sarsılsa da, özünəməxsus təmkinini qoruyaraq deyirdi: “Yeni yaranan bu siyasi türk yavrusu dirçəlib digər xalqların sırasında özünə yer tapa biləcəkmi, yoxsa sısqa körpə beşikdəcə məhv olub gedəcək? Ürəkləri göynədən əsas nisgil bax, budur. Bu çətin anda Azərbaycanın taleyini əlinə alan hər kəsin üzərinə ciddi, hem də çox vacib bir vəzifə düşür-yeni doğulmuş Azərbaycanı hər vasitə ilə xilas etməli”.
Bundan sonra hakimiyyətin bütün səlahiyyəti Fətəlixan Xoyskinin başçılıq etdiyi Kabinetə verilir və fövqəl'adə şəraitlə bağlı Azərbaycanda hərbi vəziyyət e'lan olunur. Belə bir vəziyyətdə Məmməd Əmin Rəsulzadənin üzərinə daha bir məs'uliyyətli vəzifə düşürdü: o, Konstantinopol sülh konfransına gedəcək Azərbaycan nümayəndə hey'ətinə rəhbərlik etməli idi. Qeyd etmək istəyirəm ki, Rəsulzadənin Xarici İşlər Naziri Mərnməd Həsən Hacınski ilə yazışmaları həmin günlərin Azərbaycanı daxildən üzən gərginliyini başa düşməkdə bizim üçün qiymətli mənbədir.
M.Ə.Rəsulzadə çox böyük narahatlıqla imperialist qüvvələrin Azərbaycana qarşı fikirlərini açıb göstərirdi. Öz məktublarında o, hökumətin diqqətini Rusiya bolşevikləri ilə Almaniya arasındakı gizli danışıqlara cəlb edirdi. 1918-ci ilin avqustunda yazırdı: “Berlindən verilən xəbərlərə görə bolşeviklərlə Almaniya arasında əlavə müqavilə bağlanmışdır. Bu müqaviləyə görə, bolşeviklər Qafqaz dövlətləri arasında yalnız Gürcüstanın müstəqilliyini tanımışlar. Almanlar Rusiyanın Bakını və onun neft rayonlarını ələ keçirməsinə e'tiraz etməmişlər. Bolşeviklər hətta almanlara və müttəfiqlərinə Bakı neftinin bir hissəsini və'd etmişlər. Xəbər sarsıdıcıdır. Bütün qəzetlər onu təəccüb içində çap etmişdir. Nəyin bahasma olursa-olsun Bakını almaq, almaq, almaq lazmıdır (kursiv bizimdir-E.)”.
M.Ə.Rəsulzadənin dövlət və ictimai xadimlərlə yazışmaları bir daha göstərir ki, Azərbaycan xalqının əsrlər boyu apardığı mübarizə nəticəsində qazandığı bu kövrək müstəqilliyin müdafiəsi və qorunması üçün, necə nəhəng işlər görülmüş vo görülməlidir. Lakin təsərrüfatsızlıq, anarxiya və xaos, daxildə siyasi fıkir müxtəliliyi, imperialist qüvvələrin təcavüzkar planlan və fitnə-fəsad dolu fikirləri nəyin bahasına olursa-olsun həyata keçirmək cəhdləri heç bir təcrübəsi, vəsaiti, real qüvvəsi olmayan gənc Azərbaycan dövlətini çıxılmaz vəziyyətə salırdı. Bununla belə, vahid məqsəd ətrafında birləşmək imkanlarını səfərbər edə bilən Fətəlixan Xoyski hökuməti nəinki qorudu, hətta türk qoşunlarının köməyi ilə ən böyük vəzifəni yerinə yetirdi. Bakını bolşevik-daşnak zülmündən azad edib, öz paytaxtını Azərbaycana qaytardı.
1918-ci ilin sentyabrında hökumət başçısı F.Xoyski, M.Ə.Rəsulzadəyə xəbər verirdi: “Bakıda bolşevik hakimiyyəti devrildi, Rusiya bolşevik hökumətinin nümayəndələri həbs edilmişlər”.
1918-ci ilin yay-payız aylarında İstanbulda olan Rəsulzadə diplomatik vəzifəsi ilə yanaşı Türkiyə ilə iqtisadi və mədəni əlaqələrin yaradılması üçün ardıcıl iş aparır, Azərbaycan hökuməti adından bir sıra müqavilələr imzalayır, Azərbaycanın qonşu ölkələr tərəfindən tanınması üçün konkret tədbirlər görürdü. Ermənilərin Türkiyəyə, Azərbaycana və Gürcüstana ərazi iddiaları barədə Məhəmməd Həsən Hacınskiyə mə'lumat verən Rəsulzadə yazırdı: “Hərbi hökumət erməni layihəsini məğlub edə biləcək əks layihə tələb etmişdir. Onu hal-hazırda Əkbərağa (Şeyx-ül-İslam) hazırlayır və statistik mə'lumatlan, rəqəmləri tərtib edir”.
Müstəqilliyə gedən yol çətin və ağır idi. Gerçəklik ağlasığmaz güzəştlər tələb edirdi. Böyük məqsəd üçün ciddi güzəştlərə getmək lazım idi və bütün bunları Azərbaycan liderlərinin mə'ruz qaldıqları müxtəlif xarakterli təzyiqlər aydın göstərirdi.
1918-ci ilin payızında Bakı ilə bağlı ehtiraslar yenidən coşdu. Sentyabrda Bakı azad ediləndən sonra Azərbaycan Respublikası hökuməti yubamnadan Gəncədən Bakıya köçdü. Vəziyyət həddən artıq gərgin idi. Türk qoşunları getmiş, ingilis-firəng-Amerika qoşunları gəlmişdi. Nəsib bəy Yusifbəyov, Əhməd bəy Ağayev və Mehdi bəy Hacınski kimi görkəmli dövlət və ictimai xadimlərindən ibarət nümayəndə hey'ətini də'vət edən ingilis komandanlığı bəyan etmişdi: “Bizim zənnimizcə, Azərbaycan xalqının ümumi istəyi ilə yaranmış respublika yoxdur; yalnız Türkiyə komandanlığın intriqaları nəticəsində yaranmış hökumət vardır. Əgər siz bunun əksini deməkdə tə'kid edirsinizsə, onda yerində araşdırıb müvafıq qərar çıxararıq”.
24 noyabr 1918-ci ildə Milli Şura Rəsulzadənin təklifi ilə belə qərar qəbul etdi: “...Azərbaycan Respublikasının taleyi Ümumdünya Konfransında həll olunmalıdır”. 3 dekabr 1918-ci ildə isə Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirildi və iclasda Fətəlixan Xoyski general Tomsonun moktubunu oxudu. Erməni və rusların nüfuzlu şəxslərinin tə'kidi ilə yazılmış bu məktubda general tələb edirdi: “Bakıdakı ittifaq qoşunları komandirinin əmri ilə koalisyon hökumət yaradılmazdan əvvəl Bakıda parlament iclası keçirilməyəcəkdir”.
Parlamentə Azərbaycanda yaşayan milli azlıqların nümayondələri də daxil edilməli idi və yalnız bu şərtlərə əməl edildikdən sonra Parlamentin çağırılmasına icazə verilirdi. Sonrakı danışıqlar üçün Milli Şuranın Məmməd Əmin Rəsulzadə, Məmməd Yusif Cəfərov və Əhməd Cövdət Pepinovdan ibarət nümayəndə hey'əti seçildi.
Belə ağlasığmaz ağır (və eyni zamanda təntənəli!) bir şəraitdə-7 dekabr 1918-ci ildə parlament açıldı və iclasın iştirakçılarını salamlayan Məmməd Əmin bu qısa, amma çox tutarlı müraciətində respublikanın bu ali orqanının daxili və xarici siyasət perspektivlərini məharətlə müəyyənləşdirərək dedi: “Siz özünüzü qurban verə bilmək qabiliyyətinizi sübut etməlisiniz. Siz bunu bacarsanız-yolun yarısı keçilmiş olacaq. Mən sizi Vətənin mənafeyini, xalqın rifahını öz partiya mənafeyinizdən üstün tutmağa çağırıram”.
Müstəqil dövlətin mühüm atributu olan üçrəngli bayrağın əhəmiyyətindən xüsusi bəhs edən Rəsulzadə onu humanizmin rəmzi, islam mədəniyyəti və Avropanın müasir sivilizasiyasının rəmzi kimi qiymətləndirirdi. “Bir kərə yüksələn bayraq bir daha enməz” deməklə sanki o, əvvəlcədən görürdü ki, uzun illər ağır hüquqsuzluq şəraitində olmuş Azərbaycan xalqını heç vaxt, heç nə həqiqi azadlıq yolundan döndərə bilməz, çünki “Azərbaycan öz dərinliklərində müqəddəs atəşi qoruyub saxlayır. Bu od-alov əsrlərdən bəri haqqı axtaran xalqlar üçün dan ulduzuna çevrilmişdir. Qoy bu atəş azərbaycanlıların qəlbində alovlansın və azadlığa gedən ağır eniş-yoxuşlu yollarımızı işıqlandıran, Vətənimizin gələcəyinə şəfəq saçan məşələ dönsün”.
Digər dövlət atributlarına dair hökumət 30 yanvar 1920-ci il tarixli layihələrin müsabiqəsi ilə əlaqədar qərar qəbul etdi, lakin başa çatdırılması mayı 1-i üçün nəzərdə tutulmuş həmin müsabiqəyə yekun vurmağa imkan olmadı: 1920-ci il aprelin 28-də süquta uğrayan Azərbaycan Demokratik Cümhuriyyəti milli himni, gerbi və möhürü qəbul etmək hüququndan məhrum edildi.
Deməliyəm ki, parlament dövrü Rəsulzadenin tərcümeyi-halında xüsusi yer tutur. Onun parlamenti ən mürəkkəb vəziyyətlərdən çıxara bilmək bacarığı, ən vacib məsələlər ətrafında müzakirə apara bilmək qabiliyyəti, rəhbərlik etdiyi “Müsavat” fraksiyası adından təqdim etdiyi qərar və qətnamələri olduğu şəkildə qəbul etdirə bilmək məharəti indi də adamı heyran qoyur. Məmməd Əmin Rəsulzadənin parlamentdəki böyük fəaliyyətini düzgün qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, o, ən nüfuzlu fraksiyanın başçısı olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin bütün istiqlaliyyəti dövründə nə parlamentə, nə də hökumətə başçılıq etmişdi. Məhz onun təklifı ilə parlamentin sədrliyinə Rusiyanın bütün müsəlmanlarının tanınmış liderlərindən biri-Əlimərdan bəy Topçubaşov seçilmişdi.
Rəsulzadənin nitq ve çıxışlarının ana xəttini Azərbaycanın müstəqilliyinə-bu ali məqsədə xidmət ideyası təşkil edirdi: “Azərbaycanın müstəqilliyi bahasına olan azadlıq dövlətin azad varlığını sarsıdan ziyan kimi kökündən məhv edilməlidir”. Lakin siyasi vəziyyət heç də gənc demokratiyanın xeyrinə deyildi və Denikini məğlub edən XI Ordu məqsədyönlü şəkildə Azərbaycanın sərhədlərinə yaxınlaşırdı. 1920-ci il martın axırında qatmaqarışıqlıq yaradan Dağlıq Qarabağ erməniləri Azərbaycan milli ordusunun nizami hissələrinin bu regionda cəmləşməsinə nail oldular və Azərbaycanın Şimal sərhədi faktiki şəkildə müdafiəsiz qaldı. Bundan istifadə edən Azərbaycan kommunistləri 27 aprel 1920-ci ildə parlament və hökumətə bütün hakimiyyəti təhvil vermək tələbi ilə ultimatum təqdim etdilər.
Parlament, başda hökumət üzvü Məhəmməd Həsən Hacınski olmaqla Rəsulzadədən, Qara bəy Qarabəyovdan, Aslan bəy Səfikürdskidən və Aslan bəy Kardaşovdan ibarət fövqəladə səlahiyyətli xüsusi nümayəndə hey'əti seçdi və yalnız bu nümayəndə heyətinin işləyib hazırladığı 7 şərt nəzərə alınmaqla parlamentin səlahiyyəti kommunistlərə verilə bilərdi.
Əsas şərtlərdən biri Azərbaycanın tam müstəqilliyinin qorunması, eləcə də Azərbaycanın Kommunist hökumətinin müvəqqəti orqan olması idi. Hökumət və parlament üzvlərinin həyat və əmlaklarının toxunulmazlığına da tə'minat verilirdi. Fraksiya adından Rəsulzadə belə bəyan etdi: “Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist fırqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyəti, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.
1920-ci il aprelin 27-dən 28-nə keçən gecə XI Ordu artıq Bakıya daxil oldu və belə bir şəraitdə parlament öz səlahiyyətlərini kommunistlərə vermək məcburiyyətində qaldı. Ancaq qoyulan şərtlərin heç biri yerinə yetirilmədi. Azərbaycan Cümhuriyyətinin bir sıra liderləri qətlə yetirildi, digərləri başlanan repressiyaların qurbanı olmamaq üçün Bakını tərk etmək məcburiyyətində qaldılar və Rəsulzadə də onların sırasında idi.
1920-ci il aprel hadisələrindən sonra Məmməd Əmin bəy Lahıcda həbsə alındı. Həbsdən azad olunandan və məşəqqətli bir müddətdən sonra Rəsulzadə fəaliyyətinin mühacirət dövrü başlandı. Sovet hakimiyyətinin qadağanlarına mə'ruz qalan Rəsulzadə yaradıcılığının bu dövrü hələ layiqincə öyrənilməmişdir. Ümumiyyətlə, bu böyük şəxsiyyətə populist münasibət onun zəngin ədəbi-siyasi irsinin elmi əsaslarla öyrənilməsinə mane olmuşdur. Bu şəxsiyyət, onun yaradıcılığı və fəaliyyəti həm jurnalist, həm də ədib qələmi ilə təsvir və tərənnüm edilmişdir, lakin hələ həqiqi elmi qiymətini almamış, haqqında kəsərli tədqiqatçı sözü deyilməmişdir.
Rəsulzadə görkəmli ədəbiyyatşünas idi. Əslində siyasi və ictimai xadim Rəsulzadə publisist və şair Rəsulzadədən başlayır. Onun milli ideyaları, siyasi dünyagörüşü əvvəlcə şerdə, sənətdə formalaşmışdı. Təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyətinin millilik təlimini, milli simvolikasının əlamətlərini onun həmin dövr poeziyasından toplamaq olar. Gənc Məmməd Əmin hələ sırf maarifçi kimi düşünsə də, böyük tarixi-siyasi mübarizələr yoluna onu məhz belə şair narahatlığı və nigarançılığı gətirmişdi.
Rəsulzadənin bilavasitə mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş elmi əsərləri, məqalə və mə'ruzələri onun yaradıcıhğının mühacirət dövrünə təsadüf edir. 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı”, Varşavada “Azərbaycan ədəbiyyatı” məqalələri çap olunmuşdu. 1951-ci ildə isə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə Rəsulzadə dünya nizamişünaslığına bir sıra yeni fikirlər, istiqamətlər gətirmişdi.
Bu əsərlərdə onun sənət görüşlərinin, estetikasının dərinliyini, təkamülünü görürük. O, mədəniyyətə başqa dövrlərin me'yarı ilə deyil, milli və tarixi kontekstdə yanaşmağın tərəfdarı idi. Mühacirət dövrünü aydın əks etdirən bu əsərlərdəki xalqa və vətənə qırılmaz tellərlə bağlılıq oxucuda Rəsulzadə ədəbi irsinə böyük maraq və sevgi oyadır.
Xalqımızın böyük oğlu Rəsulzadənin ədəbi-siyasi irsi bu gün hər bir azərbaycanlının vətənpərvərlik, sədaqət ruhunda tərbiyəsi üçün e'tibarlı mənbədir. 1938-ci ildə Polşada məsləhətçi işləmiş, 1940-cı ildən Rumıniyada yaşamış, sonra yenidən ikinci vətəni Türkiyəyə qayıtmış, qəlbində Azərbaycan eşqinin sönməyən yanğısı ilə yaşayıb-yaradan Məmməd Əmin Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan...” deyərək əbədi olaraq gözlərini yumdu.
Onun dostu və silahdaşı Seyid Həsən Tağızadə bu münasibətlə yazırdı: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bey tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmizqəlbli, doğru sözlü, mətanətli, dərin inam bəsləyən fədakar  bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”. Bəli, Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin mə'nalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla biz Vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşürük. Sözsüz ki, bu sədaqət, bu sevgisi ilə o, Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır. Rəsulzadə prinsipə sədaqətin, məfkurəyə bağlılığın, səbr və fədakarlığın, əzm ve qüdrətin timsalı idi. 20 yaşında“İnsanlara hürriyyət, millətlərə istiqlal” arzusu ilə siyasi həyata atılmış Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” fikri ilə də 72 yaşında həyatla vidalaşdı. Lakin ömrünün son anına qədər inam onu tərk etmədi.
Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Rəsulzadə üçrəngli milli bayrağımızın hər bir kəsin ruhunda, qəlbində qorunub saxlanılacagına inanırdı. Azərbaycanı yenidən müstəqilliyə qovuşdurmaq ehtirası ilə yaşayanlar bu inamdan güc alıb, “Bir kərə yüksələn bayraq bir daha enməz”həqiqətini bu gün bir daha təsdiq etdilər.
* M.Ə.Rəsulzadənin anadan olmasının 110 illiyinə həsr edilmiş təntənəli gecədə söylənmiş mə'ruzə əsasında yazılmışdır. ------------------------------qaynaq - elchin.com

Hiç yorum yok:

Yorum Gönder