2015-09-21

Mehmet Emin Resulzadenin Arşivi ve Elyazmaları

Doç. Dr. Yavuz AKPINAR
Araştırmacı, Edebiyatçı,  Ege Üniversitesi - Türkiye
 
Hayatının yaklaşık iki yıldan fazla bir bölümünü (1908-1911) İran Demokrat Partisi'nin kuruculuğuna ve "İran-ı Nev" adlı gazetenin başyazarlığına adamış büyük fikir adamı Mehmet Emin Resulzade'nin elimizde bulunan elyazma eserlerinin İran'da, İran Türkleri tarafından düzenlenen bu sempozyumda kamu oyuna açıklanmasının ve içerikleri hakkında bilgi verilmesinin yararlı olacağını düşündüm.
 Bilindiği gibi, 1918'de kurulan Millî Azerbaycan Cumhuriyetinin Cumhurbaşkanı Mehmet Emin Resulzade (1884-1955), Azerbaycan Bolşevik Ruslar tarafından işgal edildikten (27 Nisan 1920) sonra bir süre Lahıç'ta saklanmış, tutuklanarak Bakü'ye götürüldükten sonra Stalin'in müdahalesiyle Moskova'ya alınmış ve oradan Leningrad'a geçerek yurtdışına kaçmış (Eylül 1922'de Helsinki'ye), ölümüne (l955) kadar, bir yandan Sovyetlere karşı siyasî mücadelesini yürütürken, bir yandan da Azerbaycan'ın tarihi, sosyal hayatı ve edebiyatı hakkında birçok eser ve yüzlerce makale yazmış, beşten çok gazete ve dergi yayınlamış, sürgündeki Azerbaycan hükümetini temsilen faaliyet gösteren Azerbaycan Milli Merkezinin de başkanlığını yürütmüştür. 
Bütün bu geniş faaliyetleri dolayısıyla geriye zengin bir arşiv bırakmıştır. Arşivi ölümünden sonra dağılmıştır. Bazı belge ve eserlerin şimdi nerede olduğu bilinmemektedir. Bu arşivin bir kısmı, aile ilişkileri nedeniyle bizde bulunmaktadır.
 Babamın amcasının kızı Şefıka (Akpınar) Oder'in kocası olan Kerim Oder, Resulzade'nin yakın arkadaşı ve Müsavat Partisinin yöneticilerinden biri olmuştur. Resulzade'nin ölümünden sonra ise, Azerbaycan Millî Merkezinin de bir ara başkanlığını yapmıştır. Bu sebeple Resulzade arşivinin en azından bir kısmının Kerim Oder Beyde olduğu anlaşılıyor.
Esasen arada bir Sovyet baskısına boyun eğmek zorunda kalan Türkiye hükümeti tarafından takip edilen Müsavatçılar ve diğer siyasî muhacirler, zaman zaman Türkiye dışına çıkmaya zorlanmışlardır. Dolayısıyla, Azerbaycan Millî Merkezinin arşivi de, herhalde bir tedbir olarak, o dönemlerde tek kişide muhafaza edilmemiş, zaman zaman güvenilir mensuplar arasında paylaştırılmış olmalıdır. 
Kerim Oder Bey vefat ettikten sonra, onda bulunan evrakı eşi Şefıka Oder'den aldım. Bu evrak arasında, Resulzade'ye ait eserler, makaleler, mektuplar, ansiklopedi maddeleri, fotoğraflar, bazı eserlerinin matbu nüshaları vs. bulunmaktadır; ama bunların Resulzade evrakının bir kısmı olduğu anlaşılıyor. Kerim Beyin vefatından sonra bazı arkadaşlarının evine gelerek, bu evrakın bir kısmını eşi Şefıka Hanımdan alıp götürdüklerini biliyoruz. Bu işin peşini bırakmadım, ama bir sonuç da alamadım. Anlaşılan eski "Müsavatçılar" hâlâ çok ketum davranmaktadırlar! İşte elimde bulunan malzeme bu şekilde bana intikal etmiştir. Arkadaşlarımızla birlikte bizdeki belgeleri düzenleyip neşre hazırlamaktayız. Şimdiye kadar Resulzade'nin üç kitabını yayınladık. Diğerlerini de yayınlamak için çalışıyoruz.
Elimde bulunan Resulzade'ye ait evraktan söz etmeden önce, Resulzade'nin arşivinden bir kısmının Ejder Kurtulan'ın oğlu İdeniz Kurtulan'da, ve yine bir kısmının da İzmir'de Fikret Türkmen'in elinde bulunduğunu bildirmemin yararlı olacağını düşünüyorum. Fikret Türkmen'in elinde olan eserler hakkında Sebahattin Şimşir'in "Mehmet Emin Resulzade'nin Türkiye'deki Hayatı, Faaliyetleri ve Düşünceleri" (Ankara, 1995) adlı kitabının "Resulzade'nin Özel Evrakı" adlı bölümünde (s. 107-111) bilgi verilmiştir. İçinde Vahab Yurtsever'in varislerinden veya yakınlarından alındığı düşünülebilir. Bu malzeme içinde Resulzade'ye gelen mektupların çokluğu dikkati çeker. Aynı evrak içerisinde, Resulzade'nin Türkiyeli ve Azerbaycanlı şairlerden örnekler seçerek oluşturduğu iki küçük deftere kayıtlı şiirler bulunmaktadır. Bunlar belki de hazırladığı bir "antoloji"nin taslağı idi! Aynı defterlerden birinin içerisinde ise (s. 88-142), ölümünden birkaç yıl önce üzerinde yoğun çalışmalar yaptığı bildirilen "Azerbaycan Bibliyografyası" adlı eseri vardır.

2015-09-11

Bir сüt ayaqqabının verdiyi zövq


Bir cüt ayaqqabının verdiyi zövq


I Yazı – Abbasqulu Kazımzadə

II Yazı

Məhəmməd Əli Rəsulzadə

Mühacirət irsimizə aid əldə etdiyim digər fotolar Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıoğluna aiddir.
Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu olan Məhəmməd Əli Rəsulzadə 1882-ci il aprelin 7-də Bakının Novxanı kəndində anadan olub.

İlk təhsilini din xadimi olan atası Əbdüləzizdən alıb, daha sonra S.M.Qənizadənin ikinci rus-müsəlman məktəbində davam etdirib. Daha sonra isə Bakı texniki məktəbində rus dilində təhsil alıb.

1902-ci ildən siyasi fəaliyyətə başlayan Məhəmməd Əli bir il sonra Məhəmməd Əminin yaratdığı gizli “Müsəlman gənclik təşkilatı”nın ilk üzvlərindən idi.  1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) nəzdində yaradılan Zaqafqaziyada ilk müsəlman sosial-demokrat qrupu “Hümmət” təşkilatı yaradılarkən Məhəmməd Əli orada təmsil olunur. O, “Hümmət” təşkilatının nəşr etdirdiyi “Təkamül” (1906-1907), “Yoldaş” (1907) kimi qəzetlərdə həmkarlar ittifaqlarının fəaliyyətlərinə dair məqalələr yazır.

Koba (Stalin) ilə görüş

1907 ildə Balaxanı neft rayonunda P.Caparidze, M.Əzizbəyov, İ.Fioletov, S.Əfəndiyev və başqalarının iştirakı ilə təşkil olunan “Neft sənayesi fəhlələrinin ittifaqı”nın sədri P.Caparidze, texniki katibi isə Məhəmməd Əli Rəsulzadə idi.

Bu barədə Məhəmməd Əmin “Stalinlə ixtilal xatirələri” adlı əsərində yazır:
“Bakı Petrol Sənayesi İşçiləri Sindikası adını daşıyan bir təşkilat vardı; işçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluş pərdəsi altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində gizli olaraq çalışan milli təşkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobanın bizimlə görüşmək istədiyini xəbər verdi. Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllərində bir fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və sosial məsələlərə keçdi”.

Tağı Nağıoğlu

A.Kazımzadə ilə bağlı yazımızda da qeyd etdiyimiz kimi, 1911-ci ilin oktyabrında Bakıda Məhəmməd Əli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demokratik Partiyası – Müsavat” yaradılır. Ötən yazımızda Məhəmməd Əlinin bu barədə xatirəsini qeyd etmişdik.

Məhəmməd Əmin Rəsulzadə isə o dönəmi belə xatırlayırdı: “Məhəmməd Əli də Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daşıyan yoldaşlarım olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuşdu. 1911-ci ildə Bakıda Müsavat firqəsinin təşəkkülündə bu iki dost mərhum Nağı oğullarından Tağı ilə birlikdə gizli təşkilatın ilk üçlüyünü təşkil etmişdilər.

“Açıq söz”

1913-cü ildə Rusiyada Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfv fərmanından sonra Məhəmməd Əmin Bakıya qayıdır və yeni qurulan partiyanın başına keçir. 1915-ci il avqustun 2-dən etibarən bu partiyanın “Açıq söz” adlı qəzeti yayımlanır. Qəzetin naşiri Məhəmməd Əli olur. O, eyni zamanda qəzetdə məqalələrlə çıxış edir.

1917-ci ilin oktyabrında Müsavat Partiyasının birinci qurultayı çağırılır. Məhəmməd Əli orada iştirak edir.
Azərbaycan Cümhuriyyətinin elanından sonra Məhəmməd Əli parlamentə üzv seçilir, 1919-cu ildə isə hökumət mətbəəsinə müdir təyin olunur. Həmin ilin oktyabrında o, Müsavatın Bakı komitəsinin üzvü seçilir.

Moskvaya sürgün

Cümhuriyyətin işğalından sonra digər hökumət və parlament üzvlərinin əksəriyyəti kimi o da həbs edilir. 1920-ci ilin noyabrında Moskvaya aparılır və iki ilə yaxın müddətdə Millətlər komissarlığının nəzdində olan kooperativ təşkilatda işləyir.

Əgər Abbasqulu Kazımzadə canilərin aparıldığı eşalonla Moskvaya yola salınmışdısa, Məhəmməd Əli əmisi oğlu ilə birlikdə Stalinin müşayiəti ilə qatarda yol gedirdi. Rəsulzadə qatarda Stalinlə bağlı maraqlı bir hadisəni qeyd edir:

“Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə “pərdələri endir” dedi. Məhəmməd Əli:

- Yoldaş Stalin, bu niyə? - deyə soruşdu.
- Bayırdakılar masamızı görməsinlər, - dedi.
- Görürlər görsünlər, nə olar ki?..
- Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə, inqilab olar, bilmirsən?”

Ayaqqabı almağın sevinci

Moskvada sürgündə odluqları müddətdə Rəsulzadələr ağır günlər keçirirlər. Məhəmməd Əminin ayaqqabı ilə bağlı xatirəsi olduqca təsirlidir:

“Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsl dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu dəyərli əşyadan bir neçə iynə, bir az tikiş sapı və bir qədər də duz vermək lazımmış, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür olsun ki, bu “valyuta” mallarından bir qədər var idi; verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim:
- Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!”

İstanbula qaçış


1922-ci ildə Məhəmməd Əli Abbasqulu Kazımzadə ilə birlikdə bir türkmən qayığına minərək İranın Ənzəli limanına qaça bilirlər.

Mühacirətə getdikdən sonra Sovet rejimi Məhəmməd Əlinin həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgün edir.

Beləliklə, Abbasqulu Kazımzadə və hər iki Rəsulzadələrin İstanbulda mühacir həyatları başlayır. Məhəmməd Əli burada “Yeni Kafkasya”, “Azəri-türk”, “Odlu Yurd” kimi məcmuələrdə çalışır. 1932-ci ildə Rəsulzadə və digər mühacirlər fəaliyyətlərinə Avropada davam etsələr də, Məhəmməd Əli İstanbulda qalır, “Yurd bilgisi” jurnalı ilə əməkdaşlıq edir.

Məhəmməd Əli Rəsulzadə (Sağda)

Məhəmməd Əli 1952-ci ildə Ankarada nəşr olunan “Azərbaycan” jurnalında da məqalələr yazır, Rəsuloğlu imzasından istifadə edir.

M.Ə.Rəsulzadə 1982-ci il fevralın 3-də İstanbulda vəfat edir. İki ay sonra onun yüz yaşı tamam olacaqdı.
M.Ə.Rəsulzadəyə aid İstanbuldan əldə etdiyimiz foto 1938-ci il martın 15-də çəkilib. Məhəmməd Əlinin yanındakı şəxsi böyük ehtimalla digər mühacir Əbdülvahab Yurdsevərdir. Tam dəqiqləşdirmək mümkün olmadı.


P.S. Növbəti yazıda Məhəmməd Əmin Rəsulzadəyə aid iki poçt açıqcası və bir foto yayımlanacaq.
Qaynaqlar:

1.    Mövsüm Əliyev: “Məhəmməd Əli Rəsulzadə” (məqalə)
2.    M.Ə.Rəsulzadə: “Stalinlə ixtilal xatirələri”
3.    “Rəsulzadə ensiklopediyası”
4.    Şəxsi arxiv materiallarım.

Dilqəm Əhməd

Yazıda istifadə olunan fotolar “Bakcell” şirkətinin maliyyə dəstəyi hesabına əldə edilib.
----------------------------------
Qaynaq - teleqraf.com

Azərbaycan mühacirətinə aid yeni fotolar aşkarlandı















“Azərbaycan mühacirət irsinin araşdırılması” adlı yeni layihəyə başlayırıq. Layihə çərçivəsində Sizlərə dörd yazı təqdim ediləcək. Layihənin ən önəmli cəhəti budur ki, yazıda ilk dəfə görəcəyiniz fotolar yayımlanacaq. 

Layihə çərçivəsində Azərbaycan Cümhuriyyətinin önəmli simalarından Məhəmməd Əmin Rəsulzadəyə aid yeni məktublar, fotolar, eləcə də, Rəsulzadə ilə birlikdə Türkiyəyə mühacirətə getmiş silahdaşları Abbasqulu Kazımzadə, Məhəmmədəli Rəsulzadə, Mirzə Bala Məmmədzadə kimi şəxslərə aid yeni fotolar, məlumatlar təqdim ediləcək.

Əslində, bu layihəni hələ ötən il Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı verilmiş fərmanına əsasən hazırlamaq istəyirdik. Lakin fotoları, məktubları əldə etməyimiz bir qədər gec olduğu üçün bu ay ərzində baş tutası oldu.

İlk yazımız Abbasqulu Kazımzadənin Azərbaycanda və mühacirətdəki mübarizəsi və onun Türkiyədə açdığı “Azərbaycan Kırtasiye mağazası” haqqında olacaq.

Abbasqulu Kazımzadə haqqında materiallar demək olar ki, yoxdur. Tapa bildiyimiz əsas material mərhum tarixçi Mövsüm Əliyevin araşdırmaları oldu.

Dəftərxana dükanındakı gizli toplantı

Bu araşdırmalardan məlum olur ki, Abbasqulu Kazımzadə 1882-ci ildə Bakının Maştağa kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonralar üçüncü müsəlman-rus məktəbində davam etdirib.

A.Kazımzadə M.Ə.Rəsulzadə ilə eyni dönəmdə siyasi fəaliyyətə başlayıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) nəzdində yaradılan Zaqafqaziyada ilk müsəlman sosial-demokrat qrupu “Hümmət” təşkilatında M.Ə.Rəsulzadə N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski ilə yanaşı Abbasqulu Kazımzadə də var idi.

O, həmçinin ictimai işlərdə də fəal adam idi. Bakıda yeni tamaşaların səhnəyə qoyulmasına, “Molla Nəsrəddin” jurnalının yayılmasına dəstək göstərib.

1904-cü ildə Abbasqulu bəy Çar hökuməti tərəfindən həbs olunub.

Bu dövrlərdə onun indiki İstiqlaliyyət küçəsi ətrafında dəftərxana dükanı vardı. Bu dükan həm də gizli yığıncaq yeri idi. Sonralar Abbasqulu bəy Türkiyəyə mühacirətə gedəndə yenidən dəftərxana dükanı açır ki, təqdim edəcəyimiz fotolar da bununla bağlıdır.

1911-ci il mayın 15-də Abbasqulu Kazımzadə yenidən həbs edilir. O, pantürkist ideyaları yaymaqda təqsirləndirilərək tutulur, həmin ilin iyulun 14-də azad edilir.

1911-ci ilin oktyabrında isə Bakıda Məhəmmədəli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demokratik Partiyası – Müsavat” yaradılır. Bununla bağlı Məhəmmədəli Rəsulzadə yazır: “1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: “Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım”- dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Əmin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi”.

Beləliklə, M.Ə.Rəsulzadə Azərbaycana qayıtdıqdan sonra partiyanın əsas simalarından birinə çevrilir, 1917-ci ildə isə bu partiya Nəsib bəy Yusifbəylinin sədri olduğu “Türk-ədəmi-mərkəziyyət” Partiyası ilə birləşdikdən sonra gələcək Cümhuriyyətin əsas simvoluna çevrilir.

Cümhuriyyət dönəmində 1918-ci il oktyabrın 7-də Bakı qubernatorunun müavininin icazəsi ilə A.Kazımzadənin rəhbərliyi ilə “Türk ocağı” adlı mədəni-maarif cəmiyyəti yaradılır.

1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamenti yaradıldıqdan sonra Kazımzadə Bakıdan millət vəkili seçilir. O, parlamentdə Müsavat fraksiyasının Təsərrüfat quruculuğu komissiyasına rəhbərlik edir.

Həbsxanada davam edən dostluq

Abbasqulu Kazımzadə Rəsulzadənin ən çətin günlərində yanında olur. Cümhuriyyətin işğalından sonra Rəsulzadə onunla birlikdə  Lahıca sığınır. Onlar burada bir neçə ev dəyişir və ən son Əliabbas Səfərbəyovun evində qalırlar. Lakin evində qaldıqları adamın satqınlığı nəticəsində çekistlər onları İsmayıllının Aşıqbayram kəndinin yanında ələ keçirirlər. Bu xidməti müqabilində ona qoşalülə tüfəng hədiyyə edirlər. Rəsulzadəni satan bu adam 1927-ci ildə zindana atılaraq öldürülür.

Ələ keçirilən müsavatçılar “Çeka” adlanan siyasi polis müəssisəsinin fövqəladə işlər Şöbəsi olan “Osobı otdel”ə təslim edilirlər.

Rəsulzadə “Stalinlə ixtilal xatirələri” adlı əsərində Abbasqulu bəylə həbsdə nələr yaşadıqlarını qeyd edir: “İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaşım Abbasqulu da çarlıq dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu.
Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunamazmı, deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq”.

Lakin vaxtilə Stalinlə olan münasibətləri Rəsulzadəni ölümdən xilas edə bilir. Onu yanına çağıran Stalin Rəsulzadəyə açıq şərt qoyur: “Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) Sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva görmürəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək – ki bunu mən Sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər – istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız”.

Rəsulzadə razılaşır və bir neçə gündən sonra Stalinlə birlikdə Moskvaya gedən qatarla yola düşürlər.
Lakin verilən vədə baxmayaraq Abbasqulu Kazımzadəni Rəsulzadədən ayırırlar:

“Abbasqulu Stalinin mənə verdiyi ilk sözə görə Moskvaya bizimlə bərabər gələcəkdi. Son dəmdə ona bu “şərəfi” vermək istəmədilər. Yerli kommunistlərin ona qarşı xüsusi bir nifrəti vardı. İdeoloji mübarizə illərində onları ən çox pozan, məğlubiyyətə uğradan o, olduğundan onu mütləq incitmək və hər cür həqarətlə “alçaltmaq” istəyirdilər. Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda göndərmişdilər; həbsxanadan-həbsxanaya keçə-keçə o, nəhayət, Moskvanın Lubyanka deyilən meydanındakı məşhur Butırka zindanına salınmışdı. Bir müddət burada da “staj” keçdikdən sonra qapıları açmış, onu küçəyə atmışdılar. Abbasqulunu bir işə qoymaq lazım gəlirdi. Onun üçün Berzanovskinin bələdçiliyi ilə yenə Stalinin yanına getdik, bu zaman o, Millətlər Komissarlığı, qısaca Narkomnats (rusca Narodnıy komissariat nasionalnostey sözlərinin baş hərflərindən ibarətdir) Nazirliyi Xalq komissarı (naziri) idi. Millətlər Komissarlığı nazirinin otağında görüşdük. Əvvəllər məşğul olduğu dəftərxana məmulatı ticarətinə münasib olaraq Abbasquluya yeni yaranmaqda olan komissarlığında təchizat məmurluğu verilməsi üçün Stalin Berzanovskiyə təlimat verdi…”.

Rəsulzadə Abbasqulu bəyin sonrakı taleyinə də əsərində aydınlıq gətirir: “Mən Moskvadan məzuniyyət alıb, Leninqrada yola düşdüyüm zaman Məhəmməd Əli Narkomnats yanında mövcud olan bir kooperativin nümayəndəsi kimi Bakıda idi. Abbasqulu da sonradan bir məzuniyyət uyduraraq mən Leninqradda ikən Moskvadan Bakıya getmişdi. Fin sahilinə çıxdığımı aramızda qərarlaşdırdığımız bir vasitə ilə Bakıya bildirəcəkdim. Mənim fin qayığı ilə salamat sahilə çıxdığım xəbərini alınca, hər iki yoldaş dərhal əvvəlcədən hazırlanmış olan bir türkmən qayığına minərək Xəzər dənizinə çıxmış və günlərlə su üzündə qalaraq, nəhayət, İranın Pəhləvi (o zaman Ənzəli) limanına varmışdılar”.

Əziz Alpoudun xatirəsi

Onu da qeyd edək ki, digər bir mühacirimiz, “Əhrar” partiyasının üzvü, 2 min km məsafəni İrandan Türkiyəyə velosipedlə gedən Əziz Alpoud “Həyatımın hekayətləri” kitabında Bakıda məhbəs günlərini yazarkən Rəsulzadə və Abbasqulu Kazımzadə haqqında da qeydlər verir. Müəllifin hər iki şəxsdən xoşunun gəlməməsi qeydlərindən açıq görünsə də, bu dönəm haqqında bilgi verməsi baxımından maraqlıdır:

“Bir ara Abbasqulu mənim qarşıdakı hücrədə olduğumu öyrənmişdi. Tualetə gedəndə, qapısının ağzından keçdiyimi görüb, dönməyimi gözləmişdi və içəridən mənə: “Ya cədda!” deyə qışqırdı. Dostlarım seyid olduğuma görə, məni çox vaxt “Ağa” və ya “Ya cədda” deyə çağırardılar. Onu tanıdığımı bildirmək üçün mən də: “Xoş gəlmisən, “Əcəba” – deyərək hücrəsinin önündən keçdim. Abbasqulu danışanda tez-tez “əcəba” ifadəsini işlətməkdən xoşlanırdı. Buna görə də dostları ona “Əcəba” adı vermişdilər”.

Əziz Alpoud özünün həbsxanada çətin şəraitdə qaldığını, Rəsulzadə və Abbasquluya isə yaxşı şərait yaradıldığını iddia edir. Amma Rəsulzadənin əsərindən aydın olur ki, vəziyyət heç də belə deyildi.

Qürbətdə yenidən dəftərxana işi

Cümhuriyyətin işğalından sonra Müsavat Partiyası xaricdə fəaliyyət göstərməyə başlayır. M.Ə.Rəsulzadə 1922-ci ildə Türkiyəyə gələrək Müsavat Partiyasının Xarici Bürosunu təşkil edir. İstanbulda fəaliyyət göstərən Xarici Büronun sədri Məhəmməd Əmin Rəsulzadə, katibi Mirzə Bala Məmmədzadə, xəzinədarı Xəlil bəy Xasməmmədov idi. Məmmədsadıq Axundzadə və Abbasqulu Kazımzadə Büronun üzvləri idilər.
1929-cu il 27 dekabrından etibarən Türkiyədə Rəsulzadəgil “Odlu Yurd” adlı bülleten çap etməyə başlayırlar. “Odlu Yurd” bülleteni Abbasqulu Kazımzadənin sahibi, Kamalın isə məsul müdir olduğu gündəlik yayın orqanı idi.

A.Kazımzadənin sahibi olduğu digər bir qəzet “Bildiriş” idi. 1930-cu ilin avqustun 7-dən İstanbulda nəşrə başlayan və 1931-ci ilə qədər nəşr edilən bu qəzetin imtiyaz sahibi A.Kazımzadə, redaktoru M.B. Məmmədzadə olub.

Abbasqulu Kazımzadə sağda

Abbasqulu Kazımzadə mühacirətdə ikən İstanbulda Bəyaziddə “Azərbaycan Kırtasiye mağazası”nı açır. Bu mağazanın hazırda üç fotosunu əldə etmişik. Fotoların birində Abbas bəy mağazanın qarşısında bir şəxslə dayanıb. Fotonun arxasında yazılıb: “28 mayın ildönümü günü çəkilən foto”

Digər bir foto isə mağazanın ümumi görüntüsüdür. Fotodan görünür ki, mağazanın vitrinində Azərbaycan Cümhuriyyətinin liderlərinin fotoları, üçrəngli bayrağımız, gerbimiz, müxtəlif bülletenlər asılıb. Mağazanın taxta qapısınını üzərindən lövhə asılıb. Lövhədə yazılıb: “Azərbaycan Kırtasiye mağazası. Kazımzadə Abbas bəy”.

Fotoda mağaza qıfıllı görünür. Bunun səbəbi isə vitrindəki yazıdan aydın olur: “27 nisan Azərbaycan Cümhuriyyətinin ruslar tərəfindən işğal altına alındığı məşum günə təsadüf etdiyindən mağazamız bu gün qapalıdır”.

Həmin mağazada satılan bayraqlardan və həmçinin mağazaya aid rəsmi bir sənədi də əldə etmişik.
Sənədin mətnini yazıldığı formada təqdim edirik:

“İstanbul Kırtasiye deposu Baş memurluğuna.
“Efendim. Bendeniz Azerbaycan türklerindenim ve kırtasiye levazimatında ihtisasım vardır. İdareniz dahilinde münhal bulunan Depo memurluğuna tayinim hakkında muktazi muamelenin icrasını istirham eylerim, efendim”.

Kazımzade Abbas

Adres: “Büyük Reşit paşa caddesi Kurultay sokak N 1, İstanbul Beyazit”.

Göründüyü kimi, məktub Abbasqulu bəyin işlə təmin olunması ilə bağlı müraciətidir.
Daha öncə əldə etdiyimiz Rəsulzadəyə aid bir poçt açıqcası da Polşadan Abbasqulu bəyə Kırtasiye mağazasına göndərilmişdi. Həmin məktubun mətnini bir daha təqdim edirəm:

Abbas Bey

Beyazitte Havuz karşısında "Azerbaycan" kirtasiye mag. İstanbul (Turquie)
24/VII/32
“Azizim Abaskuli!
Mektubunu aldım. Temennilerine ve vefakar tavsiyelerine teşekkür ederim. Lehistanın bu şirin yaylağında istirahattayım. Yeriniz malum. 3 hafta daha gezeceğim. Şeker yoktur. Fakat daha taplamadım. Mektubuna tafsilen sonra cevap vereceğim. Şu kadar yazayım ki, hiç te merak etme! Baki gözlerinden öperim azizim!

M.Emin”

Sağdan: Abbasqulu Kazımzadə, Mirzə Bala Məmmədzadə, naməlum, Məhəmmədəli Rəsulzadə

Əldə etdiyimiz digər bir fotoda isə Abbasqulu Kazımzadə Mirzə Bala Məmmədzadə və Məhəmmədəli Rəsulzadə çəkilib. Fotodakı dördüncü şəxs isə “arzuolunmazlardan” idi.

Abbasqulu Kazımzadə 1932-ci ildə Berlində çıxan “İstiqlal”, 1934-cü ildən nəşrə başlayan “Qurtuluş” jurnallarında Abbas Eldəniz imzası ilə yazılar yazıb. İkinci Dünya müharibəsi başlayanda yenidən Türkiyəyə qayıdıb.

1947-ci il iyulun 29-da vəfat edib, Əsri məzarlığında dəfn olunub.

Qaynaqlar:

1. Mövsüm Əliyev - “Abbasqulu bəy Kazımzadə”
2. M.Ə.Rəsulzadə - “Stalinlə ixtilal xatirələri”
3. “Rəsulzadə ensiklopediyası”
4. Şəxsi arxiv materialları

Dilqəm Əhməd

Yazıda istifadə olunan fotolar və digər materiallar “Bakcell” şirkətinin maliyyə vəsaiti hesabına əldə edilib. 






Qaynaq: teleqraf.com

2014-02-17

Məhəmməd Əmin Rəsulzadənin yubileyinə sözardı


“Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir”.

Tadeuş Svyatoxovski

Prezidentin sərəncamı ruh yüksəkliyi ilə qarşılandı, amma yubiley tədbirləri sönük keçdi. Deyəsən, yağan qarın da təsiri oldu, toplantı, görüş və çıxışlarda sevgi işarmadı, bir soyuqluq, candərdilik duyuldu. Sanki insanlar nəyi isə demək istəyir, amma kimdənsə ehtiyatlanır, qorxur və ya xoflanırdılar. Ürəklərində həqiqətin nə olduğunu bilir, cümhuriyyət banisinin könüllərdəki yerini anlayır, amma onu dillərinə gətirməkdən çəkinirdilər. Bir şey də aydınca duyulurdu: M.Ə.Rəsulzadə şəxsiyyətinin miqyasını kiçiltməyə cəhd. Onun publisist fəaliyyətindən, yazılarının kəsərindən danışır, ədəbiyyat və tarixlə bağlı araşdırmalarını qabardır, amma siyasi fəaliyyətinə çox da toxunmurdular. Hətta belə təsəvvür yaranırdı ki, Azərbaycan siyasi təfəkkürünün daşıyıcısı olan bu böyük şəxsiyyət ömür boyu, sadəcə, qəzetçiliklə, elmi və ədəbi fəaliyyətlə məşğul olubmuş, cümhuriyyətlə ilişkisi isə elə-belə, bir təsadüf imiş…

Qüsura baxmayın, cənablar, siz yanılırsınız!

* * *

Ağlını itirmişlərdən başqa heç kəs dana bilməz ki, bu gün sahib olduğumuz müstəqil dövlət üçün biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanlara, tarixin fırtınalı dövründə onu yaşadanlara borcluyuq. Bu cümhuriyyət ötən əsrin keşməkeşli illərində quruldu, müsəlman dünyasında ilk parlamentli respublika kimi qısa müddətdə yaşadı, şüurlarda parlaq iz qoydu və dünyaya “müstəqil Azərbaycan” mesajı verərək tarixə qovuşdu.


Bu müstəqillik M.F.Axundzadə və H.B.Zərdabi ilə başlanmış yeni ruzgarın, bu ruzgarım XX əsrin əvvəllərində yaratdığı milli intibahın nəticəsi, həm də yeni ictimai mühitdə kollektiv zəkanın formalaşdırdığı istiqlal düşüncəsinin məhsulu idi. Əlbəttə, bu dövr tariximiz xalqın milli-ictimai şüurunun oyanmasında misilsiz xidmətlər göstərmiş parlaq simalarla zəngindir. Bu prosesdə Sabirin şeirləri də, Mirzə Cəlil, Ü.Hacıbəyli və Ə.Ağaoğlunun publisistikası da, Ə.Hüseynzadənin fəlsəfi baxışları da, F.Köçərlinin, A.Səhhətin ədəbi düşüncələri də, N.Yusifbəyli, N.Nərimanov, F.Xoyski, Ə.Topçubaşov və başqalarının siyasi fəaliyyəti də, H.Z.Tağıyevin xeyriyyəçilik missiyası da misilsiz rol oynayıb. Lakin bütün bunlarla yanaşı, Azərbaycanın müstəqilliyi ideyasının formalaşması və ən əsası, bu ideyanın gerçəkləşdirilməsində aparıcı rol məhz M.Ə.Rəsulzadəyə məxsusdur.

2014-02-15

Moskva M.Ə.Rəsulzadəni təntənə ilə andı

Anomal Moskva soyuğu bir cənub çəhərində doğulub, millətinin imzasını imzalara qatan cümhuriyyət yaradıcısının bu gün qoyduğu dövlətçilik rəmzi olanlar-himninin sədası, üçrəngli bayrağının altında toplaşanların hərarətiylə isindi. Azərbaycan Demokratik Cümhiyiyyətinin banisi M.Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş bu ovqatlı yubiley Moskvanın “Prezident oteli”ndə keçirildi.


Təntənəli yubiley gecəsi Azərbaycan himninin sədaları altinda Demokratik Cümhuriyyətimizin yaradıcısının “bir kərə qaldırdığı” üçrəngli bayrağımızın səhnəyə gətirilməsini ilə başaldı. “Dərviş” teatrının aktyoru milli geyimli Şirzad Əsəd başı üzərində qaldırdığı bayrağı “Azərbaycan oğluyam” şeirini şöyləyərək səhnədə daığalandıraraq məclisin baş köşəsinə sancdı. Tamaşaçıları duyğulandıran, qürurlandıran açılışla başlanan yubileydə sonra ekrana M.Ə.Rəsulzadə haqqında sənədli kadrlar verildi.

Gecənin aparıcıları prezident İlham Əliyevin Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 22 noyabr 2013-cü il tarixli sərəncamı oxudular. Həmin sərəncama uygun olaraq Moskvadakı Azərbaycan ictimaiyyəti də bu çağırışa qoşulub bu gün birlikdə M.Ə.Rəsulzadəni yad etmək üçün burdayıq-deyib təntənəli bayram gecənimə başlayırıq-dedilər.


Çıxış üşün ilk söz M.Ə. Rəsulzadə irsinin araşdırcısı, “M.Ə. Rəsulzadə ensiklopdiyası” kitabının müəllifi, Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqubluya verildi. O, Azərbaycan dövlətinin əsasını qoyan M.Ə.Rəsulzadənin yubileyinin Moskvada keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

“M.Ə. Rəsulzadənin bir müddət Moskvada yaşamış, 1917-ci ildə burada keçirilən qurultayda iştirak etmişdi. Elə o zaman Zaqafqaziyada Azərbaycanın müxtariyyəti məsələsini bu qurultayda qaldırmışdı”-deyə xatırlatdı N. Yaqublu.

2014-01-31

Rəsulzadəni satan adamı siz də tanıyın – KQB arxivindən

Görkəmli araşdırmaçı Ədalət Tahirzadə Məhəmməd Əmin Rəsulzadənin həyatı ilə bağlı yeni tarixi faktları üzə çıxarıb.   “Axar.az”a açıqlamasında tarixçi M.Ə.Rəsulzadənin həbsinə yardım edən şəxsin şəkillərini də təqdim edib: 


Səfərbəyov Əliabbas
Nəsrulla oğlu
  ​“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar.  

 Ə.Tahirzadə Ə.Səfərbəyov haqqında məlumatları və şəkilləri MTN-nin arxivindən əldə etdiyini bildirib: “Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var.  Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.    



Musa Carulla Bigiyev
Ə.Tahirzadə eyni zamanda M.Ə.Rəsulzadəni həbsdən azad edildikdən sonra xaricə getməsinə yardım edən iki şəxsin xidmətlərini də vurğulayıb. Onun dediyinə görə, müsavatçı həkim Dadaş Həsənzadə və Kazan türklərinin görkəmli ilahiyyatçısı Musa Carulla Bigiyev Rəsulzadənin Sankt-Peterburqdan Finlandiyaya qaçmasına  kömək ediblər.                                  
Dadaş Həsənzadə

 “Məhəmməd Əminin Sank-Peterburqdan Finlandiyaya qaçışını təşkil edənlər içərisində müsavatçı Dadaş Həsənzadə də olub. Onlar Rəsulzadəni qayıqla Finlandiyaya aparıb çıxarıblar. Bu işdə ona Kazanda yaşayan ilahiyyatçı Musa Bigiyev də yaxından iştirak edib. Kommunustlər sonra D.Həsənzadəni ağır işgəncələr altında zindanda vəhşicəsinə öldürüblər. Lakin təəssüf  ki, onun haqqında indiyədək bir məqalə yazılmayıb”.   


Qeyd edək ki, M.Bigiyev “Qurani-Kərim”i Kazan türklərinin ana dillərinə tərcümə edərək hələ 1912-ci ildə nəşrinə nail olub. Həmin əsər 2010-cu ildə Tatarıstanın keçmiş prezidenti Şaymiyevin təşəbbüsü ilə yenidən çap olunub.   Hazırda Musa Bigiyevin nəvəsi ilə dostluq əlaqələri olan Ə.Tahirzadə görkəmli ilahiyyatçının Azərbaycanda da tanınmasına çalışdığını deyib

------------------------
qaynaq - axar.az 

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.
APA-nın məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.


29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti  Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.


22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.


Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilir

------------------
qaynaq - 525.az

Rəsulzadə irsinə ehtiramın ifadəsi - MÜNASİBƏT

Mübariz Qurbanlı: “Prezidentimizin sərəncamı cümhuriyyət qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir”

Aydın Mirzəzadə: “Sərəncamda Rəsulzadənin Azərbaycan tarixində böyük rolu olduğu vurğulanır”


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Artıq bir neçə gündür ki, Rəsulzadənin yubileyi ilə bağlı çoxsaylı tədbirlər keçirilir, elmi-praktik konfranslar düzənlənir. 

Bu tədbirlərin keçirilməsi isə ötən ilin noyabrın 22-də imzalanmış “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” prezident sərəncamına dayanır. M. Ə. Rəsulzadə sərəncamda xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim adlandırılır. 

Bəs, Rəsulzadə irsinə qayğının ifadəsi olan bu sərəncam, ümumiyyətlə, prezident İlham Əliyevin AXC qurucularının xatirəsinin əbədiləşdirilməsi istiqamətində imzaladığı digər fərman və sərəncamları nə cür qiymətləndirilir? 

M.Ə.Rəsulzadəni məzara endirən adam danışır

Artıq M.Ə.Rəsulzadə və onun silahdaşları ilə birbaşa ünsiyyətdə olan insanların sayı demək olar ki, azalıb. Nə yazıq ki, bu insanların yaddaşlarında o illərlə bağlı canlı qalan tarix də onlarla birlikdə gedir.

 Bu insanlardan biri də Ankarada yaşayan professor Yəhya Taşdələndir."Axar.az" olaraq Yəhya bəylə Rəsulzadə, onunla tanışlığı və dəfni haqqında xatirələrini bölüşdük. 


 Bəlli oldu ki, Yəhya bəy M.Ə.Rəsulzadə ilə 1952-ci ildə tanış olub: “Rəsulzadə 1950-ci ildə Ankaraya gəldiyi vaxt mən tələbə idim. Azərbaycan Kültür Dərnəyində Rəsulzadənin Həmid adlı çox yaxın dostu var idi. O mənə dərnəyə yazılmağı tövsiyyə etdi və mən məhz burada Rəsulzadə ilə tanış oldum. Rəsulzadənin əlindən öpdüm, o da mənim üzümdən”. Bu görüşdən sonra Rəsulzadə ilə davamlı təmasda olan Yəhya bəy Azərbaycanı sevməyi məhz bu böyük öndərdən öyrəndiyini deyir: “O zamanlar 22 yaşlı bir gəncdim, kargüzarlıq işlərində könüllü iştirak edir, onun yanında təcrübə keçməkdən qürur duyurdum. Öz övladı kimi məni sevərdi . Bir gün getməyəndə isə, “Ay balam, harada qaldın? Özlətdin özünü...” deyərdi. Sonralar mən onun xanımını da gördüm, əllərindən öpdüm“. Onda bir inam vardı ki, Azərbaycanı gənclik xilas edəcək Yəhya bəy 1955-ci ildə Rəsulzadə vəfat etdiyi zaman cənazə mərasimində iştirak edib və dediyinə görə həmin günü indiki kimi xatırlayır. Gənc olduğum üçün onun cənazəsini dostları ilə birgə məzara endirənlərdən biri olub: “Mən məzara enib onun endirilməsinə yardım etdim. Cümhur başqanının cənazə törəninin Hacı Bayram camisindən məzarlığa gedənə qədər şəkillərini də mən çəkmişəm. O şəkilləri Xalid Bahadıra göndərmişəm. Sabah-biri gün böyük öndərin muzeyi açılarsa, o şəkilləri qoymaq olar. Həmin mərasimdə çox adam vardı. Azərbaycanı və öndəri sevənlərin hamısı orda iştirak edirdi. Çoxlu çələnglər, qərənfillər vardı”. Sonda isə Yəhya bəy M.Ə. Rəsulzadəni Atatürk qədər sevdiyini bildirdi: “Çünki Rəsulzadə mənimçün Atatürklə eynidir”.

-----------------
qaynaq - axar.az