2014-01-31

Rəsulzadə irsinə ehtiramın ifadəsi - MÜNASİBƏT

Mübariz Qurbanlı: “Prezidentimizin sərəncamı cümhuriyyət qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir”

Aydın Mirzəzadə: “Sərəncamda Rəsulzadənin Azərbaycan tarixində böyük rolu olduğu vurğulanır”


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Artıq bir neçə gündür ki, Rəsulzadənin yubileyi ilə bağlı çoxsaylı tədbirlər keçirilir, elmi-praktik konfranslar düzənlənir. 

Bu tədbirlərin keçirilməsi isə ötən ilin noyabrın 22-də imzalanmış “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” prezident sərəncamına dayanır. M. Ə. Rəsulzadə sərəncamda xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim adlandırılır. 

Bəs, Rəsulzadə irsinə qayğının ifadəsi olan bu sərəncam, ümumiyyətlə, prezident İlham Əliyevin AXC qurucularının xatirəsinin əbədiləşdirilməsi istiqamətində imzaladığı digər fərman və sərəncamları nə cür qiymətləndirilir? 


Bu sualla müraciət etdiyimiz YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, müasir, müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, lakin müəyyən tarixi iz qoyub gedib. “Tarixi keçmişimizə böyük hörmət, tarixi keçmişimizdən ibrət dərsi almaq, onu gənc nəsillərə çatdırmaq ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə çox əhəmiyyətli yer tutub”,-deyən M. Qurbanlı xatırladıb ki, Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin baniləri ilə bağlı dəyərli fikirlər bildirib və bununla əlaqədar mühüm qərarlar qəbul edib. 

Onun sözlərinə görə, M. Ə. Rəsulzadə, Ə. Topçubaşov, F. Xoyski, N. Yusifbəyli və digərləri barədə Heydər Əliyev dəfələrlə çıxışlarında onların fəaliyyətini təqdir edən fikirlər söyləyib: “Xalq Cümhuriyyətinin 80 illik yubileyi ulu öndərin zamanında Milli Məclisdə təntənəli şəkildə qeyd olunub. Eyni zamanda, Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi ilə əlaqədar sərəncamlar imzalayıb, bu yöndə tapşırıqlar verib. Yəni, bizim tarixi keçmişimizə olan münasibətimiz dəyişməz qalır. Prezident cənab İlham Əliyev də tariximizə, tarixi ənənələrimizə, milli adət- ənənələrimizə, tarixi keçmişimizə, tarixi şəxsiyyətlərimizə çox böyük diqqətlə yanaşır və Onun verdiyi sərəncamlarda bu həmişə özünü göstərir. Prezident İlham Əliyev Xalq Cümhuriyətinin qurucularının tariximizdə yerini, onların adının əbədiləşdirilməsini öndə tutan qərarlar verib”.

M.Qurbanlı qeyd edib ki, prezidentin Rəsulzadənin 130 illik yubileyi haqqında imzaladığı sərəncam da tarixi keçmişimizə və cümhuriyyət tariximizə, həmin dövlətin qurucularına olan hörmət, izzət və ehtiramdan irəli gəlir: “Rəsulzadə 1918-ci ildə müvəqqəti fəaliyyət göstərmiş Milli Şuranın sədri kimi o dövrdə Xalq Cümhuriyyətinin qurucuları sırasında çox önəmli yerlərdən birini tutur. O, cümhuriyyət dövründə olan hökumətdə müəyyən vəzifə tutmasa da, parlament fəaliyyətində, eyni zamanda cümhuriyyətin süqutundan sonra mühacirət həyatında Azərbaycan tarixinin, milli ideyaların yaşadılmasında mühüm fəaliyyəti olan şəxslərdən biridir. 

Yalnız Məhəmməd Əmin Rəsulzadə deyil, həmçinin cümhuriyyətin digər liderləri də həmin dövlətin qurulmasında əhəmiyyətli rol oynayıb. Onların hər birinin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Prezidentimizin də, partiyamızın da siyasi xəttində tarixi keçmişimizə dərin hörmət və ehtiram olub və bundan sonra da olacaq. Ona görə də hesab edirəm ki, bu sərəncam və bundan sonra digər cümhuriyyət qurucuları ilə bağlı veriləcək sərəncamlar tariximizə olan böyük hörmət və ehtiramın ifadəsidir”.

Milli Məclisin deputatı, tarixçi professor Musa Qasımlı isə bildirib ki, M. Ə. Rəsulzadə milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş şəxsiyyətdir. O qeyd edib ki, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə misilsiz töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Rəsulzadənin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanın ictimai-siyasi tarixinə hörmətinin bariz nümunəsidir.

M.Qasımlı bildirib ki, bu sərəncamın verilməsi ilə Azərbaycan tarixində misilsiz xidmətləri olan bu görkəmli şəxsiyyətin yubiley tədbirləri keçirilir. Onun sözlərinə görə, bu qərar çərçivəsində Rəsulzadənin keçdiyi həyat yoluna nəzər salınaraq, onun haqqında məqalələr, monoqrafiyalar dərc ediləcək. “Ölkə prezidentinin bu addımını bütün ictimaiyyət nümayəndələri təqdir edir”,-deyə M. Qasımlı vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, M. Ə. Rəsulzadə XX əsrin başlanğıcında Azərbaycan tarixində mühüm rol oynamış insanlardan biridir. Onun sözlərinə görə, Rəsulzadə müstəqillik ideyalarının təbliğində, Azərbaycanda milli fikrin yayılmasında digər ziyalılarla birgə böyük işlər görən, həmçinin müstəqilliyin qazanıldığı ilk günlərdən onun möhkəmləndirilməsi üçün addımlar atan şəxslərdən biridir. A. Mirzəzadə qeyd edib ki, xaricdə mühacirətdə yaşadığı dövrdə də Rəsulzadə Azərbaycanın müstəqilliyi ideyalarının qorunub saxlanılmasında xeyli rol oynayıb: “Buna görə də müstəqil Azərbaycanda Rəsulzadə tanınır, adı hörmətlə çəkilir. Ulu öndər Heydər Əliyev onun adını bir neçə dəfə Azərbaycanın müstəqilliyi üçün böyük iş görmüş insanların arasında çəkib. Prezident İlham Əliyev ötən ilin axırlarında Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncama uyğun olaraq Azərbaycanda bu tarixi şəxsiyyətlə bağlı bir sıra silsilə tədbirlər keçirilir. Eyni zamanda yubileyin dövlət səviyyəsində qeyd edilməsi də nəzərdə tutulub. Sərəncamda Rəsulzadənin Azərbaycan tarixində, xalqın müstəqillik ideyalarının yaranmasında və qorunub saxlanılmasında böyük rolu olduğu vurğulanır. Hesab edirəm ki, Azərbaycan gəncliyi bu cür tarixi şəxslərin həyat və fəaliyyətinə bələd olduqca, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında xidməti olan insanları tanıdıqca, öz dövlətçiliyinə daha da bağlanmış olur”.

SƏXAVƏT

---------------------------
qaynaq - teleqraf.az

Hiç yorum yok:

Yorum Gönder