2013-02-01

VƏTƏNİMİZ, 21-ci ƏSRİN SIYAVUŞU OLARAQ QALMAQDADIR


Rəhman və Rəhim Allahın adı ilə. Azın müqabilində çox əta edən əziz Rəbbimin adı ilə. İstəyənə əta edən. Bütün varlıqlara əta edən, tanımıyana da, istəməyənə də belə. (Bu yazını Rəcəb ayında yazılmağa başlamışdım. O nurani ayın gündəlik duasının ab-havası da təsir etmişdi görünür. Düşündüm, indi də elə girişi o cür saxlayım).
Bu haqda yazmağı çoxdan düşünürdüm. Xatırladığım qədər 2003-cü ilin noyabr ayında (bəlli oktyabr olaylarından sonra və həbsdən öncə), hətta belə bir adlı yazıya “bismillah” da etmişdim. Sonra zindanda bunu etmək istədim. İllər keçdi, düşündüm ki, aktuallığı gedər. Amma son dönəmlərdə baş verənlər bu yazını yazmağı zəruri etdi.
İlk dəfə keçən əsrin 80-lərinin sonlarında bu əsəri oxumuşdum. Elmlər Akademiyasının jurnalında. Özü də rus dilində. Bilmirəm kim tərcümə etmişdi, kim çap etdirmişdi. İllər sonra orijinal dildə, ana dilimizdə də oxudum. Amma sonsuz təşəkkürlər edirəm o insanlara. Hələ Sovetlərin rəsmən mövcud olduğu bir dönəmdə bunu etmək - gerçəkdən, bir vətəndaş fədakarlığı adlandırmalıdır.
İllər sonra, 2005-ci ilin seçkilərində dəyərli Rauf bəy Arifoğlunun televizorda deputatlığa namizədlik çıxışına hazırlaşarkən, nəyə toxunmasını təvazökarcasına sorduqda, 12-ci İmamın (ə.f) mövludu günlərində olduğumuzdan, köhnə yaddaşımla bu kitabdan, “biz azərbaycanlılar Mehdiyə inanırıq” deyə bildirən Rəsulzadə dühasından bir dürrü xatırlamasını istəmişdim.
“Əsrimizin Siyavuşu” mənim üçün çox əzizdir. Məncə, Vətənimiz 21-ci əsrin Siyavuşu olaraq qalmaqdadır. Məncə onun gerçək vətəndaşları bu gün də Vətənin qərib Siyavuşlarıdırlar.
Düşünürəm ki, bu gün - 31 yanvar 2013-cı ildə (dəyərli Məhəmməd Əmin Rəsulzadənin ad günündə) və İsmayıllı olaylarının (Lahıcla ayrılmaz bağlantısını nəzərə alaraq) fonunda o qiymətli əsərdən aşağıdakı bir parçanı bir daha mütaliə etmək hamımız üçün faydalı olardı. Əsərin özünə gəldikdə isə, bir neçə həftə öncə, came alimlərimizdən olan Kamil Vəli Nərimanoğlu ilə söhbətimiz zamanı, “bu əsərin necə də hermenevtik təhlilə ehtiyacı var” məsələsində dərdləşdik. Qəti olaraq əminəm ki, Azərbaycan insanının kimliyini tanımaq üçün, belə bir hermenevtik təhllə su və hava kimi ehtiyac var. Allah bu istiqamətdə xüsusi intellektual tofiqat nəsib etsin.
Hacı İlqar İbrahimoğlu 31. 01. 2013

“Əsrimizin Siyavuşu” niyə yazıldı?!
“Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatsaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:


Bolşevik istilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.

Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi.
“Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: “Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. “Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam” – dedim.
O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı. 

Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi.
Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirdim.
Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan “Siyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq.
Təslim olmazdan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim.
Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. İki il mənfi bir həyat keçirdim. Bu iki il müddətində “Siyavuş”un ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ-salamat qaldığına aid açıqca bir məlumat ala bilmədim. Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.
İki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə qurtularaq Finlandiyaya keçdim. Nəhayət, buraya (İstambul nəzərdə tutulur – M. Ə.) gəldim. Tam üç il sonra itirdiyimi buldum. “Əsrimizin Siyavuşu” bir çox müşkülat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstambula qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir.
***
“Əsrimizin Siyavuşu” Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır. Yazılan vaqeədə iştirak etmış bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış, fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, o anda duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti, əlbəttə, inkar olunamaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur.
Məhəmməd Əmin Rəsulzadə
“Millət yoludur, haq yoludur tutduğumuz yol
Ey haq, yaşa, ey sevgili millət, yaşa, var ol!” 
T.F.
-------------------------------
qaynaq - musavat.com



Hiç yorum yok:

Yorum Gönder