2013-04-10

Rəsulzadənin nadir fotoları üzə çıxdı (Fotolar)



Azərbaycan Xalq Cumhuriyyətinin banisi, ulu öndər Məhəmməd Əmin Rəsulzadəyə dair iki nadir foto üzə çıxıb. Həmin fotolar bir neçə gün əvvəl Türkiyədə keçirilən bir auksiondan alınaraq Azərbaycana gətirilib. Fotoları, jurnalist və kolleksioner Rəhimov Ruslan əldə edib. R.Rəhimov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, türkiyəli bir kolleksiyoner ona həmin fotoların İstanbulda düzənlənən “Əntiq Foto və açıqcalar” auksionunda satışa çıxarıldığı xəbərini verib: “Auksion günü həmin auksiyonu tərtib edənlərlə telefon əlaqəsi yaradaraq, telefonla auksiona qatılıb fotoları aldım”.
Ruslan Rəhimov fotoları hansı qiymətə aldığı barədə isə yalnız jurnalist maaşına görə şəkillərin ona baha başa gəldiyini bildirdi.
Kolleksiyasında Azərbaycan Demokratik Respublikasına aid pul vahidləri və poçt markaları olduğunu da söyləyən Rəhimov əldə etdiyi bu fotoları bir müddət kolleksiyasında saxlayacağını, daha sonra isə dəyərini biləcək bir muzeyə bağışlayacağını və ya Azərbaycanda qalması şərti ilə satacağını bildirdi.
Qeyd edək ki, nadir fotoların ikisi də Rəsulzadənin Türkiyədə mühacirətdə olduğu dövrdə, İstanbulda çəkilib. Fotoların birində Rəsulzadə ilə birlikdə 10 nəfər var. Onların kim olduğu indilik müəyyənləşməsə də sadəcə birinin, (Rəsulzadənin solunda oturan şəxs) Mirzə Bala Məmmədzadə olduğu aşkarlanıb. Bu foto, İstanbul Divanyolunda Turan Fotostudiyosunda çəkilib.
İkinci foto, daha maraqlı və nadir fotodur. Həmin foto, İstanbulda, “Azəri-Türk Gənclər Birliyi”nin keçirdiyi və Cumhuriyətin qurulmasının doqquzuncu il dönümünə həsr edilmiş tədbirdə, 28 May 1927-ci ildə çəkilib.
Fotonun karton çərçivəsində əski yazı ilə yazılmış yazı, bu fotonun məhz Rəsulzadənin şəxsi arxivindən çıxmış olma ehtimalını göstərir. Yazıda bunlar deyilir: “İstiqlal ələmdarı (bayraqdarı), möhtərəm və müəzzəz (əziz) rəisimiz Məhəmməd Əmin Bəyəfəndiyə təqdim”.

Çərçivənin aşağısında isə bunlar yazılıb “İstanbulda Azərbaycan istiqlalının 9-cu il dönümü 28 Mayıs (1927) günü  tayid (bayram) münasibəti ilə “Azəri Türk Gənclər Birliyi” nəşriyyatından”.
Fotonun arxa üzünə də əl yazısı ilə bənzər bilgilər yazılıb. Hər iki üzündə də “Azəri Türk Gənclər Birliyi”nin möhürü var. Bu möhürə görə, həmin cəmiyyətin 1926-cı ildə təsis edildiyi görünür.






Fərahim İLQAROĞLU
--------------------------------
qaynaq - musavat.com

2013-03-07

6 mart 1955-ci il... (Rəsulzadənin dəfn fotoları)

 Sevda İsmayıllı

AZƏRBAYCAN

Görəsən, 1955-ci il martın 6-nı Azərbaycan, Bakı necə keçirdi?
Bunun üçün gərək köhnə qəzetləri vərəqləyəsən.
Nə fərqi var? Ömrünün önəmli hissəsini Sovetlərdə yaşayan biri kimi mən bu günü xəyalımda canlandıra da bilərəm.
Stalin erası artıq tarixə qovuşmuşdu. M.C. Bağırov dövrü da həmçinin…
Stalinə pərəstiş məsələsini gündəmə gətirəcək XX qurultaya hazırlıq gedirdi.
Ölkədə milli məsələ qabarmışdı. Mərkəzə aramsız «donos»lar axışırdı.
Ərzaq qıtlığı vardı…
Qərbi azərbaycanlıların 1948-ci ildən başlayan növbəti köçü artıq tamamlanmaq üzrə idi. Dağlıq ərazidə yaşayan minlərlə insan Kür-Araz ovalığının ilan mələyən düzlərinə yerləşdirilmişdi…
Amma qəzetlər, yəqin ki, cari beşilliyin nailiyyətlərindən, qarşıdan gələn beşillikdə görüləcək işlərdən, sovet adamlarının kommunizm uğrunda fəal mübarizəsindən  yazırdı…
Bakı, Azərbaycan gündəlik həyatını, qayğılarını yaşayırdı. Gələcəkdə nələr yaşanacağının fərqində belə deyildi…

TÜRKİYƏ

1955-ci ilin martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında bir azərbaycanlı mühacir yatırdı. Şəkər xəstəliyindən müalicə alan bu önəmli şəxsin durumu ürəkaçan deyildi.  O, ölüm yatağındaydı…

Bu önəmli şəxsin öz ölkəsinə hansı xidmətlər göstərdiyi, çox güman, xəstəxana çalışanlarını maraqlandırmırdı.
Amma xəstənin yaxınları kimi itirdiklərinin fərqindəydilər.
Xəstənin yanında silahdaşları vardı. Onun qayğısına qalır, qulluğunda dururdular.
Ümidsiz xəstə huşu özünə gəldikcə keçmişi xatırlayırdı.
Əzablı keçmişi…

BAKI

Ölkəsində Milli Şuranın rəisi olan bu şəxsin qurduğu dövlət düz 35 il əvvəl devrilmişdi.
35 illik bir mücadilə gözləri önündən keçirdi.
Bu yolda nələr görməmişdi?
Cümhuriyyət qurmanın, üçrəngli bayrağın gətirdiyi əvəzsiz sevinc, gənc ölkəyə olan aramsız basqınlar, daxili və xarici didişmələr, Bakının azad olunmasının verdiyi qürur, milli ordu quruculuğu, Azadlığın dadı – bircə damlası!..

2013-03-06

M. Ə. Rəsulzadənin vəfatından 58 il ötür

Martın 6-sı Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 58 il ötür.

M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-i Bakının Novxanı kəndində anadan olub.

1918-ci il mayın 28-də Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edir və M.Ə. Rəsulzadə Milli Şuranın sədri seçilir.

1918-1920-ci illərdə dövlət quruculuğu, parlament seçkiləri və Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olur.

Amma 1920-ci il bolşevik inqilabından sonra, Demokratik Cümhuriyyət süquta yetirilir və digər cümhuriyyətçilər kimi Məhəmməd Əmin Rəsulzadə də uzun illər Türkiyə, Rumıniya, Almaniya və Polşada mühacirətdə yaşamalı olur.

Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və Ankaranın «Əsri» qəbiristanlığında dəfn edilib.

----------------------------
qaynaq - azadliq.org

Rəsulzadənin vəfatından 58 il ötür


Martın 6-da Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 58-ci ili tamam olur.
Məhəmməd Əmin bəy 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində alıb, daha sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə bağlı Bakını tərk edərək bir müddət İranda yaşayıb. Rəsulzadə İranda da siyasi fəaliyyətini davam etdirərək Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradır.

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şahından tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula getmək məcburiyyətində qalır. O, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olur.


1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verir.


1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılır. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını dünyaya yayır. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.


1920-ci il aprelin 27-də baş verən sovet işğalı səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. AXC-nin qurucuları Azərbaycanı tərk etməli oldular. Məhəmməd Əmin Rəsulzadə uzun müddət Avropada mühacir həyatı yaşasa da ömrünün son illərini Türkiyədə keçirdi və 1955-ci il martın 6-da Ankarada həyata vida etdi. Məzarı Ankaranın mərkəzindəki Əsri məzarlığındadır.


Bütün həyatını Azərbaycan məfkurəsinə fəda edən Məhəmməd Əmin Rəsulzadə bu gün üzərində dayandığımız siyasi coğrafiyanın tək və şəriksiz siyasi öndəridir. Azərbaycan dövlətini canı qədər sevən Rəsulzadə gəncliyə xitabında deyirdi: “Ey gənclik!!! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir BAYRAQ, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!!! Əlbəttə, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan Türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, bu yolda ya ŞƏHID ya QAZI olacaqsan”...


Ruhun şad olsun, böyük öndər!


Aygün MURADXANLI
------------------------
qaynaq - musavat.com

2013-02-01

VƏTƏNİMİZ, 21-ci ƏSRİN SIYAVUŞU OLARAQ QALMAQDADIR


Rəhman və Rəhim Allahın adı ilə. Azın müqabilində çox əta edən əziz Rəbbimin adı ilə. İstəyənə əta edən. Bütün varlıqlara əta edən, tanımıyana da, istəməyənə də belə. (Bu yazını Rəcəb ayında yazılmağa başlamışdım. O nurani ayın gündəlik duasının ab-havası da təsir etmişdi görünür. Düşündüm, indi də elə girişi o cür saxlayım).
Bu haqda yazmağı çoxdan düşünürdüm. Xatırladığım qədər 2003-cü ilin noyabr ayında (bəlli oktyabr olaylarından sonra və həbsdən öncə), hətta belə bir adlı yazıya “bismillah” da etmişdim. Sonra zindanda bunu etmək istədim. İllər keçdi, düşündüm ki, aktuallığı gedər. Amma son dönəmlərdə baş verənlər bu yazını yazmağı zəruri etdi.
İlk dəfə keçən əsrin 80-lərinin sonlarında bu əsəri oxumuşdum. Elmlər Akademiyasının jurnalında. Özü də rus dilində. Bilmirəm kim tərcümə etmişdi, kim çap etdirmişdi. İllər sonra orijinal dildə, ana dilimizdə də oxudum. Amma sonsuz təşəkkürlər edirəm o insanlara. Hələ Sovetlərin rəsmən mövcud olduğu bir dönəmdə bunu etmək - gerçəkdən, bir vətəndaş fədakarlığı adlandırmalıdır.
İllər sonra, 2005-ci ilin seçkilərində dəyərli Rauf bəy Arifoğlunun televizorda deputatlığa namizədlik çıxışına hazırlaşarkən, nəyə toxunmasını təvazökarcasına sorduqda, 12-ci İmamın (ə.f) mövludu günlərində olduğumuzdan, köhnə yaddaşımla bu kitabdan, “biz azərbaycanlılar Mehdiyə inanırıq” deyə bildirən Rəsulzadə dühasından bir dürrü xatırlamasını istəmişdim.
“Əsrimizin Siyavuşu” mənim üçün çox əzizdir. Məncə, Vətənimiz 21-ci əsrin Siyavuşu olaraq qalmaqdadır. Məncə onun gerçək vətəndaşları bu gün də Vətənin qərib Siyavuşlarıdırlar.
Düşünürəm ki, bu gün - 31 yanvar 2013-cı ildə (dəyərli Məhəmməd Əmin Rəsulzadənin ad günündə) və İsmayıllı olaylarının (Lahıcla ayrılmaz bağlantısını nəzərə alaraq) fonunda o qiymətli əsərdən aşağıdakı bir parçanı bir daha mütaliə etmək hamımız üçün faydalı olardı. Əsərin özünə gəldikdə isə, bir neçə həftə öncə, came alimlərimizdən olan Kamil Vəli Nərimanoğlu ilə söhbətimiz zamanı, “bu əsərin necə də hermenevtik təhlilə ehtiyacı var” məsələsində dərdləşdik. Qəti olaraq əminəm ki, Azərbaycan insanının kimliyini tanımaq üçün, belə bir hermenevtik təhllə su və hava kimi ehtiyac var. Allah bu istiqamətdə xüsusi intellektual tofiqat nəsib etsin.
Hacı İlqar İbrahimoğlu 31. 01. 2013

“Əsrimizin Siyavuşu” niyə yazıldı?!
“Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatsaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:


Bolşevik istilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.

Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi.
“Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: “Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. “Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam” – dedim.
O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı. 

2013-01-31

Əsərlərinin 4-cü cildi doğum günündə çapdan çıxdı

Şirməmməd Hüseynov


«Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini, ideyalarını, dünyagörüşünü, müstəqil demokratik dövlət yaratmaq yolunda çalışmalarını onun əsərləri ilə oxucuya çatdırmaq lazımdır, quru sözlə yox».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Rəsulzadə irsinin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynov söylədi.

35 İL VƏTƏNDƏ YAŞAYIB, 36 İL XARİCDƏ...

Şirməmməd müəllim Rəsulzadənin  həyatının Azərbaycan dövründə qələmindən çıxanları yığıb çap etdirmək məqsədini qarşısına qoyduğunu deyir:


«35 yaşına qədər bu torpaqda yaşayıb... 36 ilini xaricdə... İstəyirəm Vətəndə yazdıqlarının hamısını çap etdirəm. Qoy oxucu görsün ki, o, necə bir həyat yolu keçib, nə fikirləşib, bu milləti necə hazırlayıb, necə dövlət qurub...».



DOĞUM GÜNÜNƏ—IV CİLD HƏDİYYƏ OLDU

Şirməmməd müəllim Rəsulzadənin əsərlərinin IV cildini onun 129-cu doğum gününə hədiyyə edib:


«1-ci cild 1992-ci ildə çıxmışdı. «Azərnəşr» 10 min tirajla buraxmışdı. Həyatının 1903-1909-cu illərini əhatə edirdi. 2-ci cild (1909-1914-cü illər) 2001-ci ildə, 3-cü cild (1915-1916-cı illər) 2012 ci ildə çap olundu. 4-cü cild 1917 və 1918-ci ilin aprelinədək—Cümhuriyyətin elanına qədərki dövrü əhatə edir. Bu 4 cilddə M.Ə. Rəsulzadənin 1903-cü ildən 1918-ci ilədək yazdığı əsərlər, məruzələr, məqalələr, çıxışlar, nitqlər—onun qələmindən çıxan nə varsa hamısını toplamışam».

SİYASİ FİRQƏLƏRİ OLMAYAN MİLLƏTİN SİYASİ DUYĞUSU, DÜŞÜNCƏSİ OLAMAZ!

Ş.Hüseynov ötən əsrin 17-ci ilindəki siyasi şəraiti xatırlatdı:


«Romanovlar sülaləsi yıxıldı. Azadlıq oldu. Siyasi partiyalar açıq fəaliyyətə keçdi. Rusiyada millətlərin əksəriyyəti öz hüquqları uğrunda mübarizəyə başladılar. Belə bir vaxtda Azərbaycan türklərini öz milli dövlətini qurmaq yolunda səfərbər etmək lazım idi. Bəs bunu nə yolla etmək olardı? Rəsulzadə yazırdı ki, siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət meydanına hər bir milləti siyasi firqələr çıxarar. Fəqət bir firqə xalqın hüsn-rəğbətini o vaxt qazanar ki, milləti öz başına o vaxt toplaya bilər ki, camaatın milli amal və arzularına müvafiq proqramı olsun və bu proqram uğrunda çalışmağı bacarsın. Mənim təqdim etdiyim bu cilddə Rəsulzadənin Müsavat Partiyasını necə yaratdığı və partiyanın 50 minlik üzvünün Cümhuriyyəti necə yatdığı əksini tapıb. Bax, bu cildin əsas qayəsi budur».

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
 
Lent.az-ın verdiyi məlumata görə, tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucusu olan Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Məhəmməd Əmin Rəsulzadə ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Məhəmməd Əmin Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Növbəti il isə ilk məqaləsi “Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqİlabçılar Komitəsini qurub. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan Məhəmməd Əmin Rəsulzadə İranda çalışıb (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib. O, 1910-cu ildə İran Demokrat Partiyasını, yaradıb. Lakin Rusiya səfirliyinin tələbi ilə bir il sonra İrandan çıxarılıb. 1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.

Müsavat Partiyasının 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən birinci qurultayında Məmməd Əmin Rəsulzadə partiyasının başqanı seçilib. 1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya Dövlət Dumasına Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib və 1918-ci il may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunub, Azərbaycan Demokratik Cümhuriyyəti qurulub. 1919-cu ildə Bakı Dövlət Universiteti də məhz Məhəmməd Əmin Rəsulzadə təşəbbüsü ilə yaradılıb. O, məsələ ətrafında bir neçə dəfə Azərbaycan Parlamentində çıxış edib, universitetin açılmasını qəti tələb edib.  Məhəmməd Əmin Rəsulzadə Bakı Dövlət Universiteti Osmanlı Ədəbiyyatı Tarixindən dərs də deyib. 

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycanın Milli Qurtuluş Hərəkatının ideoloqunun həyat və fəaliyyətinin xronologiyası


Neçə illərdir ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı araşdırmalar aparıram. Hər dəfə tədqiq etdikcə yeni məlumat və faktlarla rastlaşıram. Bu bir daha təsdiqləyir ki, Rəsulzadənin həyatının hər anı Azərbaycanla, onun istiqlalı və azadlığı ilə bağlı olub. Bunu nəzərə alıb Rəsulzadənin həyat və fəaliyyəti haqda ensiklopedik xarakterli böyük həcmli bir kitabı nəşrə hazırlamışam. Bu kitab həm də Türkiyə, Almaniya, Polşa, Rusiya və Qazaxıstanda apardığım tədqiqatların yekunudur. Təbii ki, zaman ötdükcə, imkanlar genişləndikcə bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin daha yeni məqamları arxivlərdən tapılıb ictimaiyyətə çatdırılacaq. Hazırladığım kitabdan bir hissəni Rəsulzadənin anadan olmasının 128-ci ilində 31 yanvar günündə təqdim edirəm.
1884, 31 yanvar - Novxanı kəndində anadan olub
1901-1903 - Bakıda Sultan Məcid Qənizadənin əsasını qoyduğu və müdirlik etdiyi II rus-müsəlman məktəbində, sonra isə Bakı Texniki Məktəbində rus dilində təhsil alıb
1903 - Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradır
1903, 2 may - “Şərqi-Rus” qəzetində ilk məqaləsi çap edilir
1904 - Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial-Demokrat Təşkilatının yaradıcılarından olur
1904 - Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti nəşr edilir
1906 - “Dəvəti-Qoç” və “Dəvət” qəzetlərində yazısı çap edilir
1906, 5 yanvar - “İrşad” qəzeti ilə əməkdaşlıq edir
1906, 16 dekabr - “Təkamül” qəzetində yazısı çap edilir
1907 - Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin ”Türki-rusi və rusi-türki lüğəti" kitabının redaktoru olur
1907 - A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəəsində çap etdirir
1907 - Bolşeviklərin məqsədləri ilə, onların Rusiya imperiyasının sərhədlərini saxlamaq istəyi ilə razılaşmayıb RSDFP-dən uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı, milli istiqlal hərəkatının təməl daşlarını qurmağa başlayır
1907, 22 avqust - “Yoldaş” qəzetində məqaləsi çap edilir
1907, 12 oktyabr - “Füyuzat” jurnalında “Həsbi-hal” şeiri çap edilir
1908, 7 aprel - “İrşad” qəzetinin müvəqqəti redaktoru olur
1908, avqust - Təbrizə gedib məşrutəçilərlə görüşür
1908, 19 avqust - “Tərəqqi” qəzetində “İrana dair, Təbriz əhvalatı” başlıqlı yazısı çap edilir
1908, 16 sentyabr - Bakıya qayıdır, “Tərəqqi”də “Cümə məktəbi” yazısını çap etdirir
1908 - “Nicat” maarif cəmiyyətinin sədri olur
1908, 5 dekabr - “Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur
1908 - əmisi qızı Ümbülbanu xanımla ailə qurur
1909, 18 mart - çar Rusiyası tərəfindən təqib edilir. “Tərəqqi”nin müxbiri kimi həm də İran inqilabçılarına dəstək üçün İrana, Rəştə gedir. O, İrana “Russkoye slovo” qəzetinin (1895-1917-ci illərdə Moskvada gündəlik nəşr edilib) xüsusi müxbiri olan Todorov və onun xanımı ilə birgə gedir. Təbriz, Ərdəbil, Mərənd və Tehranda olur. “Tərəqqi”də “İran məktubları” yazısını çap etdirir
1909, 23 avqust - Tehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edir
1910, sentyabr - İran Demokrat Partiyasının yaradıcılarından biri olur
1910 - Tehranda farsca “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri çap edilir
1911 - Ərdəbildə farsca “Səadəti-bəşər” kitabı çap edilir
1911, iyun - çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran məşrutə hərəkatının məğlub olması üzündən yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir. İrandan getməyinin bir səbəbi də onun “İrani-Nov” qəzetində məşhur Amerika milyonçusu Morqan Susterlə nəşr etdiyi siyasi müsahibə olur. Bundan sonra Rusiya səfirliyi ona təzyiq göstərir
1911, iyun-iyul - İstanbula gedir. Az sonra orada fəaliyyətə başlayan “Türk yurdu” jurnalı, “Türk ocağı” təşkilatı ilə sıx əməkdaşlıq edir

2012-12-19

TRT Avaz : Türk Dünyasından İzlər

Türkiyənin TRT Avaz televiziyasının Mehemmed Əmin  Resulzadə haqqında hazırladığı proqram.



Bakcell - Nadir Tarix





Bakcell şirkətinə təşəkkürlər.