2014-01-22

Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar tədbirlər planı açıqlanıb

Azərbaycan prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksimile surətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, M.Ə.Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin KİV-də dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və dəyirmi masaların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulur.
Yubiley münasibətilə tədbirlər digər təşkilatlarda da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan prezidenti İ. Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı 22 noyabr 2013-cü il tarixdə imzalayıb.

---------------------
qaynaq - apa

Müsavat gəncləri 130 yaşlı liderlərinə törən keçirdilər

Müsavat Gənclər Təşkilatı M.Ə. Rəsulzadənin yubileyi ilə bağlı anım tədbiri düzənlədi: “Nə qədər ki, bu dövlətin adı Azərbaycandır, Rəsulzadə hər zaman yaşayacaqdır”

“Bu gün 130 yaşlı Rəsulzadənin beşiyi Müsavatdır. Müsavatsız Azərbaycan xalqının səadətli günləri olmayıb, gələcəyi də olmaz”

Yanvarın 18-də Müsavat Gənclər Təşkilatı Rəsulzadənin  130 illiyi ilə bağlı möhtəşəm  tədbir keçirdi. Tədbirdə Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, şair, publisist Teyyub Qurban, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu, Qafqazinfo.az saytının rəhbərləri Elbrus Ərud, Elnur  Məmmədli, gənclər təşkilatlarından VHP, “NİDA”, VH, AXCP iştirak edirdi. Tədbir dövlət himnimizlə açıq elan olundu. Daha sonra ilk çıxış Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasa verildi: “Azərbaycanın müstəqilliyi, demokratikləşməsi uğrunda uzun illər mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə haqqında istənilən tədbirin təşkili bizim üçün qürurdur. Rəsulzadə sözsüz ki, bir yazıçı, intellektual publisist, dövlət xadimi və ideoloqu kimi Azərbaycanın dünya tarixinə bəxş etdiyi ən ciddi simalardan biridir. Təxminən 96 il öncə qurucu babalar məhz parlamentar respublikanı bizim xalqımız üçün ən uyğun idarə forması görüblər. Dövlətimiz 1918-20-ci illər arasındakı dövrdə dövlət siyasətinin ən  müəyyənedici faktorlarından olan insan azadlığını bu gündən fərqli olaraq fundamental azadlıq kimi əsas götürmüşdülər… Bu gün dünyada ən önəmli məsələ olan təhlükəsizlik, azadlıq tezisini Rəsulzadə 90-100 il əvvəl irəli sürmüşdür. Rəsulzadə deyirdi ki, dünyada azadlıq olmayan yerdə təhlükəsizlikdən danışmaq olmaz. İndi isə Azərbaycan hakimiyyəti ümummilli lider Rəsulzadə kimi bir şəxsiyyəti qəbul etmək istəmir. “

Bu çıxışdan sonra Rəsulzadənin yaradıcılığı ilə bağlı video-rolik təqdim olundu.

Söz daha sonra Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqubluya verildi: “Yanvarın 31-də Rusiyadakı diaspor təşkilatları “Rəsulzadə Məclisi”nin ümumi rəhbərliyi altında, böyük bir tədbirə hazırlaşır. Bu tədbir Moskvada yerləşən tarixi binada - Şəmsi Əsədullayevin tikdirdiyi binada keçiriləcək. Bu binada da 1917-ci ildə M.Ə. Rəsulzadə qurultayda çıxış edib. Mən və Rəis Rəsulzadə həmin tədbirə dəvətliyik. Mən bundan əlavə bir neçə məqamlara toxunmaq istəyirəm. Nə qədər ki, bu dövlətin adı Azərbaycandır, Rəsulzadə hər zaman yaşayacaqdır. Öz araşdırmamda belə bir sualla qarşılaşdım, Rəsulzadə nə üçün bu dövlətin adının Azərbaycan qoyulmasında israrlı olub? Rəsulzadə əsaslandırır ki, bu dövlətin adını Azərbaycan adlandırmaqla, nə zamansa Güney Azərbaycanla birləşib vahid bir dövlətə çevriləcəyik. Rəsulzadə yazır ki, bir var imtiyazlı adamların dövləti, bir də var bütün xalqın dövləti - bizə bütün xalqın dövləti lazımdır ki, bu da Azərbaycan Xalq Cümhuriyyətidir. Azərbaycanın mövcudluğu ilə bağlı hansı məqama toxunuruqsa, biz orada Rəsulzadəni görürük. Bir də Azərbaycan bayrağı ilə bağlı danışmaq istəyirəm. 1907-ci ildə “Fyuzat” jurnalında  Azərbaycan bayrağının formasını, tərifini verən Əli bəy Hüseynzadə olub. Amma onun siyasi mənasını Rəsulzadə veribdir. Bayrağımızın rəngi əvvəl göy, yaşıl, qırmızı formada olub, Rəsulzadə isə bu formanı dəyişib göy (türkçülük), qırmızı (müasirlik), yaşıl (islam) edib. Bunu onunla izah edir ki, biz dünyaya sübut etməliyik ki, bizim qurduğumuz dövlət yenilikçi, Avropa dəyərlərinə üstünlük verən bir dövlətdir ”.

Tədbirdə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəyə də söz verilb. O, nitqində bunları söyləyib: “Bu tədbir üçün Müsavat partiyası və Müsavat Gənclər Təşkilatına təşəkkür edirəm. Üzümü gənclərə tutub demək istəyirəm ki, həmişə elmə can atın, kitablara can atın. Mübarizənizdə isə sizdən əvvəlki nəslin təcrübəsindən öyrənmək, sizdən sonrakı nəsillərə nümunə qoymaq üçün həmişə nələri isə öyrənmək vacibdir. Bir daha bu bayram münasibətilə hamınızı təbrik edirəm”.



Daha sonra söz dəyərli ziyalı, şair, dramaturq, publisist və tədqiqatçı Teyyub Qurbana verildi : “Bu gün 130 yaşlı Rəsulzadənin beşiyi Müsavatdır. Müsavatsız Azərbaycan xalqının səadətli günləri olmayıb, gələcəyi də olmaz. Rəsulzadə Müsavat Partiyasını yaradıb. Bu partiyanın əsasını daşıyan müsavatçılıq ideologiyası Avropada, Asiyada, gələcəkdə ola bilsin Afrikada da yayılacaqdır”.  

Tədbirdə gənclərə də söz verildi. Müsavat Gənclər Təşkilatın üzvü Cavanşir Abbaslı çıxışını Atatürkün Rəsulzadə haqqında fikirləri ilə başladı: “Məhəmməd Əmin bəy, mən səndən öncə türk dünyasına göz açmışam. Amma türk dünyasında ilk, şanlı istiqlal bayrağını “bir kərə yüksələn bayraq, bir daha enməz ” deyərək sən qaldırmısan. Mən səndən bu bayrağı alıb Türkiyə Cümhuriyyətində dalğalandırmışam. Bu bayraq bir daha enməyəcəkdir… Rəsulzadə elə dahi şəxsiyyətdir ki, bu və bundan əvvəlki rejimlər  onun ruhu ilə mübarizə aparır və onun qarşısında məğlub olur. Rəsulzadə haqqında sərəncamlar verməklə özümüzü aldatmayaq. 1994-cü ildə də də Rəsulzadə haqqında sərəncam vermişdi. Rəsulzadəni biz, Azərbaycan xalqı yaşadacaq. ”

Sonra AXCP GK-nin üzvü Sərvər İbrahimov çıxış etdi. O dedi ki, ən azından Rəsulzadəni tanımaq üçün Əbülfəz Elçibəyi də tanımaq lazımdır. Azərbaycan müstəqil olanda Azərbaycana Rəsulzadəni ən gözəl Elçibəy tanıdıb. Elçibəyin bir sözü var:  “Orada bir yol var, o yol Rəsulzadə yoludur ”. 

Tədbirin sonunda isə Müsavat Partiyası başqanı İsa Qəmbər çıxış etdi. O, Rəsulzadə ilə bağlı ilk tədbirin Müsavat Gənclər Təşkilatı tərəfindən keçirildiyini vurğuladı: “Rəsulzadənin 130 illik yubileyi ilə bağlı  ölkədə ilk tədbiri Müsavat Gənclər Təşkilatı təşkil etdi. Bu çox sevindiricidir, sizə təşəkkür edirəm. Rəsulzadənin ətrafında hər zaman gənclər olubdur. 

Təsəvvür edin ki, 1919-cu ildə Müsavatın Qurultay üzvü olan Cəfər Cabbarlının heç 20 yaşı yox idi. Hər zaman Müsavat Partiyası gənc olubdur. Rəsulzadə kimi böyük, dahi şəxsiyyətə valeh olmamaq mümkün deyil, bu şəxsiyyəti sevməmək mümkün deyil. Məncə, bu şəxsiyyətdə qüsur tapmaq mümkün deyil. Hərdən Rəsulzadənin gənc yaşlarında yazdığı məqalələrə baxıram ki, bəlkə gənc yaşlarında yazılarında səhvi ola bilər, amma yoxdur. Səhv tapanlarla da istənilən mövzuda polemikaya hazıram. Hər zaman 
Rəsulzadəyə böhtan atanlar olub. Amma onlardan bir çoxunun  tarixdə qalma səbəbi elə 

Rəsulzadədən yazmaları olub. Rəsulzadə Azərbaycanı dünyaya şərqdəki ilk demokratik Cümhuriyyət kimi tanıdıb. O, müsavatçılıq ideologiyasının yaradıcısıdır. Elə bir ideologiya ki, bəşəriyyət 70-80 il sonra həmin ideologiyaya gəlib çıxır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə qapalı elan olunub.

Nərgiz Yaqublu

-----------------------------
qaynaq - musavat.com

Gəncədə 130 illiyi ərəfəsində Rəsulzadəyə böyük sayğısızlıq

Prezident İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqda sərəncam imzalayıb, bununla bağlı tədbirlər planı hazırlanıb. Lakin yerli icra strukturlarının sərəncama əməl etmədikləri göz önündədir.

Gəncədən bir oxucumuz Rəsulzadə parkından çəkilmiş fotolar göndərib. Mayın 27-dən bağlanan park indiyə qədər açılmayıb və Məmmədəmin Rəsulzadənin yubileyinə qədər açılacağı gözlənilmir. Çünki, indiyədək parkda heç bir iş görülməyib. Parkdan çəkilmiş son fotoları təqdim edirik:

-----------------------------
qaynaq - musavat.com

Rəsulzadə haqqında “Son nəfəsədək Azərbaycan” romanı çap olundu

Şair Vüqar Əhmədin qələmə aldığı roman Rəsulzadənin 130 illik yubileyi ərəfəsində təqdim olunacaq Şair Vüqar Əhməd Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında roman yazıb. Bu barədə məlumatı “Yeni Müsavat”a tanınmış şairin özü verib. Əsər barədə danışan Vüqar Əhmədin sözlərinə görə, “Son nəfəsədək Azərbaycan” romanında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına və torpağına göstərdiyi danılmaz xidmətlər, eyni zamanda başına gələn hadisələr qələmə alınıb: “ Bu romanda mən başda Rəsulzadə olmaqla Azərbaycan Demokratik Cumhuriyyətini yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, Qafqaz İslam Ordusunun Azərbaycanı kafirlər caynağından xilas etmək üçün apardığı ölüm-dirim savaşlarını əks etdirmişəm. Eyni zamanda daşnakların, onların başçısı Stepan Şaumyanın və ümumiyyətlə ermənilərin xalqımıza qarşı apardığı soy-qırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar tarixi faktlarla qeyd olunub”. Vüqar Əhmədin sözlərinə görə, bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik löhvələr var. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Son nəfəsədək Azərbaycan” romanı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində təqdim olunacaq. Qeyd edək ki, əsər filologiya elmləri doktoru, şair Vüqar Əhmədin 30-cu kitabı və üçüncü romanıdır. Vüqar Əhməd bundan əvvəl yazdığı “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” avtobioqrafik romanında, eləcə də “Qaradağlılar” trilogiyasında olduğu kimi bu əsərdə də təmtəraq və uydurmadan qaçaraq, real, təbii, gerçək hadisələri qələmə alıb.


 Fərahim İLQAROĞLU
----------------------------
qaynaq - musavat.com

Rəsulzadə pantürkizmi necə dəyərləndirirdi?

Böyük dövlət xadimi, mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədqiqatlar, onun şəxsiyyətinin, siyasi irsinin öyrənilməsi davam edir və hər gün bu mövzuda yeni-yeni əsərlər qələmə alınır. Müsavat.com-a təqdim edilmiş növbəti məqaləni oxuculara təqdim edirik.

***

Məhəmməd Əmin Rəsulzadə: yeni turançılıq və azərbaycançılıq

Mühacirət dövründə Azərbaycan milli ideyasının-azərbaycançılığın əsas ideolo¬qu və təbliğatçısı olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan mühacir milli höku¬məti¬nin lideri kimi güclü nüfuza malik idi. Azərbaycan mədəniyyətini, adət-ənənələrini, tarixini, ədəbiyyatını və fəlsəfəsini xarici ölkələrdə təbliğ etməklə, çağdaş anlamda Azərbaycan lobbiçiliyinin təməlini qoyan M.Ə.Rəsulzadə bütün bunlarla yanaşı, bu sahə¬lərdə ciddi elmi-tədqiqat işləri apararaq Azərbaycan elminə və mədəniyyətinə böyük töhfələr vermişdir. 
Azərbaycan milli ideyasının şüurlarda yaşadılmasına və yeni türkçü¬lüklə-yeni turançılıqla uzlaşdırılmasına həsr olunmuş «Əsrimizin Siyavuşu» əsəri milli ideoloq tərəfindən Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan az sonra (1920-ci il iyun-iyul) Lahıcda qələmə alınsa da, ancaq məlum səbəblərə görə 1923-cü ildə Türkiyədə nəşr olunmuşdur. Bütövlükdə, «Əsrimizin Siyavuşu» Azərbaycan Cümhuriyyətinin milli ideologiyasının mahiyyətini əks etdirən, çox dəyərli siyasi-fəlsəfi bir əsərdir. Fars şairi Firdovsinin «Şahnamə» əsərini bir daha oxuyan və  paralel  müqayisə apararaq Firdovsinin qəhrəmanlarından biri olan Səyavuşun həyatını Azərbaycan Cümhuriyyətinə oxşadan Rəsulzadənin gəldiyi nəticəyə görə, İranla Turan arasında qalan Səyavuşla, Rusiya və İran arasında bölüşdürülə bilməyən Azərbaycan eyni taleyi yaşayır. Ancaq Firdovsinin Siyavuşundan fərqli olaraq Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» adlı idealının bir gün azadlığa qovuşacağı əsərdə nikbinliklə qeyd edilir. 
XX yüzilliyin böyük Azərbaycan türk ideoloqu «Əsrimizin Siyavuşu»nda yazır ki, bir çox zaman azərbaycanlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək xalis iranlı kimi özlərini hiss edib, iranlı kimi düşünüb, iranlı kimi yaşayıblar. Rəsulzadənin fikrinə görə, XIX əsrin əvvəllərində Quzey Azərbaycanın çar Rusiyasının idarəsinə keçməsinin xeyri bu oldu ki, «azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar». Azərbaycan xalqının bir millət kimi formalaşmasında əsas rolun türklərə məxsus olmasına qətiyyən şübhə etmyən Rəsulzadənin fikrincə, onların öndərliyi ilə «Turanın mərkəzində Azərbaycan» adlı bir ölkə yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni Azərbaycan Türk ocağı, əski Türk yurdudur. 
Azərbaycan milli ideyasını elmi dəlillərlə əsaslandırmağa çalışan M.Ə.Rəsulzadə onu da qeyd edirdi ki, azərbaycanlılar milliyyət etibarilə müxtəlif adlar daşıyan böyük türk ağacının bir qoludur. Bu mənada ümumi türkçülüyün bir qolu da Azərbaycan türkçülüyü-azərbaycançılıqdır. 
Beləliklə, M.Ə.Rəsulzadə bir tərəfdən, Azərbaycan milli ideyasını müdafiə edir, digər tərəfdən, azərbaycançılığı ümumi türkçülüyün, turançılığın ayrılmaz bir hissəsi olduğunu göstərirdi. Hələ, Azərbaycan Cümhuriyyəti qurulmamışdan öncə (1917-ci il), Rusiya tərkibindəki türk-tatar millətlərinin, o cümlədən Azərbaycan türklərinin ayrı-ayrılıqda milli-ərazi muxtariyyətini tələb etməklə yanaşı, Rəsulzadə gələcək muxtar türk dövlətlərinin nümayəndələrindən ibarət Milli Şuranın formalaşdırılmasını təklif etmişdi. Mühacirət dövründə bu ideyanı inkişaf etdirən Rəsulzadə xatırladırdı ki, Azərbaycan Cüm¬huriyyəti dövründə (1918-1920) də «Müsavat» partiyasının 1919-cu ildə Bakıda keçirilən 2-ci qurultayında qəbul etdiyi proqramının girişində «bugünkü durumu ilə dağınıq olan geniş türk dün¬ya¬sının bir gün gəlib də əlbir və dost bir türk aləmi oluşduracağına inanırıq və bu imanla getdiyimiz əməl yolunun çatacağı son yeri belə bir bağlılığın gerçək¬ləşməsində görürük» deyilmişdir. 
Bu baxımdan Rəsulzadə hesab edirdi ki, müstəqil türk dövlətlərinin yaranması turançılıq, türkçülük məfkurəsinə kölgə salmamış, bir sözlə Türk-Turan birliyini parçalamamışdır: «Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını çıxarmış, sosiologiyada da «Türkləşmək, İslamlaşmaq və Müasirləşmək» kimi üçayaqlı bir şüar ortaya atmışdı. İstanbul yurdçuları bu şüarları nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər». Bu siyasi fəlsəfəyə – yeni turançılıq ideyasına görə, bütün müsəlmanları «İslam birliyi» altında birləşdirmək mümkün deyilsə, ancaq bütün türklər öz aralarında böyük dünya federasiyasına nümunə olmaq üzrə bir federasiya yarada bilərlər: «Yeni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır».
Deməli, M.Ə.Rəsulzadə 27 aprel işğalından az sonra Azərbaycan milli ideyasının yaşaması üçün, mədəni ruhlu «Yeni Turançılıq» ideyasını müdafiə etmişdi. «Yeni Turançılıq» ideyası isə Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Azərbaycan türklərinin əsas hədəflərindən biri olmalı, Z.Gökalpın təbrincə, Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olmasına yönəlməli idi. Ziya Gökalpın və M.Ə.Rəsulzadənin bu fikirləri, yəni Turanın Türk hökumətlərinin federasiyası şəklində gerçəkləşə bilməsi, o dövr üçün bir qədər romantik xarakter daşısa da, hazırda digər müstəqil türk dövlətləri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və b.) ilə birlikdə belə bir federasiyanın yarana biləcəyi baxımından inandırıcı olan tərəfləri də az deyildir. 
Şübhəsiz, indi olduğu kimi, həmin dönəmdə də türkçü-turançı mütəfəkkirlərin bu mülahizələri rus, erməni və başqa millətlərin ideoloqları tərəfindən birmənalı qarşılana bilməzdi. Bu baxımdan 1920-1930-cu illərdə bəzi əcənəbi müəlliflər, o cümlədən Hondkaryan, A.Kerenski, Zarevand, Mandelştam və başqaları panturanizm, panturkizm təhlükəsindən bəhs edən əsərlər («Türkiyənin qulluğunda», «Rus milləti üzərində diktatura», «Türkiyə. Panturanizm») yazırdılar. Onların fikrincə, SSRİ-ni dağıtmaq istəyən panturançılar Turan imperiyası yaratmaq niyyəti güdürdülər. 
M.Ə.Rəsulzadə isə həmin dövrdə bir sıra məqalələrində, o cümlədən «pantürkizm», «panturanizm»lə bağlı ən məşhur əsəri «Panturanizm. Qafqaz problemi»ndə (1930) antitürkçülərə cavab olaraq yazırdı  ki, bu məsələdən bəhs edənlər türkçülüyün, turançılığın tarixini, o cümlədən bu ideyaların müəlliflərinin fikirlərini təhrif edirlər. Belə ki, «pantürkizm», «panturanizm» panslavyanizm və s. ideologiyalardan fərqli olaraq xalqın içindən yaranan bir məfkurə olmuşdur. O yazır: «Pantürkizm məsələsinə gəlincə, fürsətdən istifadə edən yanıltmaçıların aldatmaq istədikləri zümrəyə birdəfəlik anladaq ki, slavyan millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə dəxi, bir birlik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman romantik bir dövr yaşayaraq, o vaxta qədər, islam dini düşünüş alışqanlığında olan siyasi türk-tatar fikri üzərində daha əsri və tərəqqi sevərcəsinə bir təsir yapmışdır. Fəqət panslavyanizmdən daha az real şərait və imkana malik olan panturanizm panslavyanizmin çatdığı nəticəyə nisbətən daha az bir zamanda gəlmiş və bu gün ən qatı panturanistlər belə sadə bir kültür birliyini mümkün mərtəbə mühafizəyə qeyrət etməklə kifayətlənmişlər». 
Bununla da, Rəsulzadə demək istəmişdir ki, birincisi turançılıq millətin özünün yaratdığı ideyadır, ikincisi isə bu ideya ilk dövrlərdə romantik xarakter daşısa da, artıq öz yerini gerçəkçi, müasir məsələlərə tərk etmişdir. Çağdaş dövrdə yeni türkçülük və yaxud da yeni turançılıq ideologiyası ondan ibarətdir ki, vahid türk milləti deyil, vahid türk irqi vardır. Türk irqinə aid hər bir millətin də ayrı-ayrı müstəqil türk dövlətləri yaratması məntiqə uyğundur. Bu baxımdan «panrusizm» vahid «slavyan» dövlətinin yaranmasına çalışdığı halda, yeni türkçülük, yeni turançılıq ideologiyası ayrı-ayrı türk dövlətlərinin yaranmasını müdafiə edir. Bunu nəzərə alaraq Rəsulzadə yazır: «Varlığı ilə Sovet İttifaqında türk ellərinin ulusal, doğal axınlarını yaxşı yöndə etkiləyən çağdaş, gerçəkçi «türkizm», sözsüz «panrusizmin» yağısıdır».
Bu mənada 1930-cu illərin əvvəllərində M.Ə.Rəsulzadə hətta, vaxtilə irəli sürdüyü Türk hökumətlərinin federativ Turan birliyi ideyasının özünə belə ehtiyatla yanaşmışdır. Onun fikrinə görə, XX əsrin əvvəllərindəki siyasi türkçülərdən fərqli olaraq, çağdaş türkçülər vahid Turan dövləti ideyası ilə yaşamırlar. Ona görə də, yeni türkçülər Türkiyənin-Osmanlının timsalında türklərin böyük imperatorluğunu yaratmaq deyil, hər bir türk millətinin ayrıca istiqlalı uğrunda mücadilə edirlər. Bu baxımdan slavyan birliyi fikri Çexoslovakiya dövlətinin təşəkkülünə mane olmadığı kimi, türk-turan birliyi fikri də Azərbaycanın müstəqil bir türk dövləti kimi Qafqaz Konfederasiyasına girməsinə əngəl ola bilməz. M.Ə.Rəsulzadə yazır: «Eyni irqə yaxınlıq nəticəsində bir-birinə yaxın mədəniyyət məhsullarına malik olan türk ellərindəki müştərək qiymətləri mühafizə etməklə bərabər, ayrı-ayrı türk millətlərinin ayrıca bir dövlət və cümhuriyyət halında istiqlal qazanmaq yolundakı hərəkatlarını şübhə altına alanlar ancaq rus imperalizminin könüllüləri və yaxud kölələri ola bilirlər! Azərbaycan istiqlalçılığının türk bir¬liyi fikrindən əzəmi surətdə mülhəm olduğunu inkar etməməklə bərabər, siyasətdə realizm tərəfdarı olan Azərbaycan milliyyətçiləri üçün bu fikrin sadə mədəniyyət sa¬həsində qəbulu tətbiq olacağı aşkardır». O, açıq şəkildə qeyd edirdi ki, panturanizm ideyası adı altında Azərbaycanın Türkiyə ilə birləşmək niyyəti yoxdur. Çünki mədəniyyət birliyi sahəsinə çəkilən siyasi panturanistlər artıq mövqeyini türk millətləri reallığına tərk etmişdir. 
Deməli, bu dövrdə M.Ə.Rəsulzadə siyasi turançılıq («panturanizm»), siyasi türkçülükdən («pantürkizm») imtina edərək, mədəni türkçülük, mədəni turançılığa üstünlük vermişdir. Bu isə, həm də yeni türkçülük, yeni turançılıq deməkdir. Bu baxımdan Rəsulzadə yazırdı ki, artıq yeni türkçülüklə, yeni turançılıqla «pantürkizm», «panturanizm»in eyni anlamı daşımadığı ortada olduğu halda, özəlliklə, Zarevandın «Türkiyə. Panturanizm» əsərində irəli sürdüyü antitürkçü, antiturançı müddəaları qəbul etmək mümkün deyildir. Belə ki, Zarevand və onun kitabına ön söz yazan Mandelştam bilərəkdən türkçülüyün tarixini və mahiyyətini saxtalaşdırmış, ona tamam başqa siyasi rəng verməyə çalışmışlar. Məsələn, Zarevand ən çox türkçülüyün ideoloqları Z.Gökalp, Y.Akçuraoğlu, eləcə də Atatürkü tənqid hədəfi götürmüş və onları panutrançılıqda, pantürkizmdə ittiham etmişdir. Zarevanda görə guya, «panturanizm» ideyasını türkçülüyün ideoloqları Z.Gökalp, «panturançıların Marksı» Y.Akçuraoğlu irəli sürmüşdür ki, çağımızın «panturanizm»ini isə Mustafa Kamal (Atatürk) həyata keçirir, çünki kamalçıların da əsas bayrağı pantürkizm, panturanizmdir. 
Rəsulzadə öncə antitürkçü ideoloqların diqqətinə çatdırır ki, Z.Gökalp turançılıq məfkurəsindən bəhs etsə də, bunu Leninin kommunizmi kimi utopiya adlandırmışdır. Deməli, Gökalpın turançılıq məfkurəsi daha çox romantik və mədəni mahiyyətli olmuşdur. Bu mənada Gökalpın ideyalarına söykənən Atatürkün «panturanizm»i də ondan çox fərqlənmir. Belə ki, Atatürk bu dövrdəki (1920-1930-cu illər) çıxışlarında panislamizm və panturanizm ideyalarının indiyə qədər heç bir uğur əldə etməməsindən bəhs etmişdir. Atatürkün fikrincə, tək gerçək siyasət milli-ulusal siyasətdir ki, bu mənada «dünyanın bütün türklərini içinə alacaq bir dövlət yaratmaq amacı da gerçəkləşməz düşüncədir».
Bizə elə gəlir ki, türk aydınlarının və liderlərinin turançılığa münasibətdə ehtiyatlı mövqe tutmasına əsas səbəblərdən biri həmin dövrdə türk ismiylə tanınan millətlərin, o cümlədən Türkiyə türklərinin dünya müstəvisində istənilən gücə sahib olmamaları idi. Belə ki, türklərin sahib olduğu ən böyük imperiya – Osmanlı İmperiyası dağılmış, digər türk dövlətləri isə Sovet Rusiyası tərəfindən işğal olunmuşdur. Belə bir vəziyyətdə Z.Gökalpın, M.Ə.Rəsulzadənin, Atatürkün və başqa türk böyüklərinin turançılığı daha çox mənəvi bir ülkü-məfkurə kimi qəbul etmələri təbii idi. Bu, onların turançılıqdan imtina etmələri deyil, Atatürkün də qeyd etdiyi kimi, zamanın tələblərinə və türk millətinin gücünə görə siyasət yürütmək idi. Bu baxımdan çağdaş Türkiyə tədqiqatçısı A.Gökdəmirin aşağıdakı fikirlərinə tamamilə qatılırıq ki, Z.Gökalp, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Y.Akçuraoğlu kimi türk milliyətçiliyinə, turançılığa öncüllük və xidmət verən aydınların Türkiyənin sərhədlərinin xaricində qalan türk elləri ilə bağlı heç bir tələbdə bulunmamaları ağlabatan deyildir: «Burada əsəf ediləcək şey, aydınların turançı olması deyil, Türkiyənin də, Türk dünyasının da yetəri qədər güclü olmaması və qalib gələməməsidir».
Bu baxımdan 1920-1930-cu illərdə M.Ə.Rəsulzadənin turançılığa və türkçülüyə yeni bir açıdan baxması, bu mənada Şərqdəki milli axınlardan olan panturanizmlə Qərbdəki şovinist cərəyanları bir-birindən fərqləndirməsi başa düşüləndir. Çünki Rəsulzadənin fikrincə, Qərbdəki şovinizm-nasionalizm siyasi saldırıcı, sosial tutucu ideologiya olduğu halda, Şərqdəki millətçilik isə siyasi qoruyucu, sosial yenilikçi olaydır. Başqa sözlə, ilk dövrlərdə romantik vahid Turan birliyinə qapılan türkçülər, artıq türk irqindən ayrı-ayrı millətlərin və onların da öz müstəqil dövlətlərinin yaranmasına inanırlar. 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent  Faiq Ələkbərov

-------------------------------------------------
qaynaq - musavat.com 

O böyük günə on gün qalır...

ÖVLADIN VƏZİFƏDƏ DEYİLSƏ...

Nəhayət ki, M.Ə.Rəsulzadənin yubileyilə bağlı tədbirlər planı açıqlandı. Amma biz bu planda nə heykəl haqda bir şey oxuya bildik, nə də ki, onun adının əbədiləşdirilməsilə bağlı hər hansı bir təklif haqda...

Belə sönük tədbirlər planı görməmişdik. Bu, bir daha ona dəlalət edir ki, Əliyevlərin tarixə açdığı savaş davam edir. İ.Əliyev sonuncu dəfə elə yaxın günlərdə H.Əliyevin daha bir abidəsinin açılışında iştirak etdi...

Əslində onlar M.Ə.Rəsulzadənin bu yubileyinə diqqət yerirməli idilər. Ona görə ki, bu, yuvarlaq tarix idi, söhbət 130 ildən gedirdi. Onun indi yalnız bir heykəli var - o da Novxanıdadır. Adam ehtiyat edir ki, bir gün Novxanını da “abadlaşdırmaq” fikrinə düşərlər və heykəli götürərlər.

Ona görə ki, bunlar elə ki, haranısa “abadlaşdırmaq” fikrinə düşürlər, oradan dərhal tarixi andıran bütün simvolları silirlər.

Tədbirlər planında əsasən konfranslar nəzərdə tutulub. Bu ölkədə konfransların necə keçirildiyi isə hamıya yaxşı məlumdur. Bir-iki professoru, bir-iki tələbəni gətirib oturdurlar darısqal otaqda, sonra da vərəqə yazdıqları bir-iki cümləni həvəssiz oxuyurlar. Axşam da telekanallar bu haqda kiçik süjet verir. Bununla da iş bitmiş hesab olunur.

Müxalifət düşərgəsindən də bir xəbər yoxdur. Bəlkə də başları daxili çəkişmələrə elə qarışıb ki, yubileyi də unudublar. Amma böyük ehtimalla yanvarın 31-də Novxanıda toplaşacaqlar. Fəqət, bunun necə və hansı formada keçiriləcəyi məlum deyil. Onlar bu tədbirdə birgə iştirak edə biləcəklərmi? Bu suala təəssüf ki, konkret cavab verə bilmirik.

Elm, mədəniyyət sferasında da sükut hökm sürür. Ümumiyyətlə, bu ölkənin işlərinə baxanda bircə qənaətə gəlirsən: anılmaq üçün lazımdır ki, övladın çox böyük vəzifədə olsun...

M.Ə.Rəsulzadənin belə övladı yoxdur. Əslində öz milliliyini dərk edən hər bir kəs ona bağlılığını duymalı idi. Amma əfsus...

BİR DƏSTƏ GÜL...

Elə bir vaxt gələcək ki, bütün bu problemlər gündəlikdən çıxacaq: “ulu öndər” ifadəsi də əsl sahibini tapacaq, heykəllər də ucalacaq və hamısı yerini tutacaq, adlar da ünvanlarını biləcək. Bunlar hamısı olacaq. Amma həmin gün nə vaxt gələcək?
Ən ağrılısı bilirsiniz nədir? Müəyyən nəslin adamları tarixə ən kölə nəsil kimi düşəcəklər. Ona görə ki, həmin nəslin heç bir arzusu və istəyi sayılmır, nəzərə alınmır...

Hər bir nəsil bir xalqdır deyiblər. Amma bu nəsil öz qüdrətini, gücünü bir xalq kimi toparlaya bilmədi, istədiklərin qəbul etdirə bilmədi...
.  
Gəl ki, bircə şey təskinlik verir: bu hakimiyyət insanlardan çox şey aldı. Amma sevginin nə olduğunu bilənlər razılaşar ki, tək sevgini ala bilmədi bu hakimiyyət...
Bu sevgi milyonlarla, milyardlarla ölçülmür, onun ifadəsi bir dəstə güldür və o bir dəstə gülü insan tapşırıqla deyil, öz qərarı ilə kiminsə məzarının üstünə qoyur...

Ona görə də öz sevimlilərinizdən bir dəstə gülü əsirgəməyin. Heç nəyə gücünüz çatmayacağı təqdirdə, heç nəyə təsir edə bilməyəcəyiniz halda bu, sizin görə biləcəyiniz ən böyük işdir.

ZƏR QƏDRİNİ...

M.Ə.Rəsulzadəyə etinasız olanlar onun şəxsiyyətinin bir cəhətini də nəzərə almırlar: o, böyük siyasi məktəb idi... İndi guya ki, gənclərə dövlətçilik əzmi aşılamaq istəyirlər. Amma baza, fundament yoxdur, özül çürükdür...

M.Ə.Rəsulzadə bu boşluğu necə də doldura bilərdi!.. Onun həyatı məktəb idi.
Amma vaxtında dərsə getməyənlər, məktəbdən, institutdan yayınanlar bunun fərqindədirlərmi? Güman etmirik...

Qərəz, bir tarixi anı da başa vurmaqdayıq. Biz jurnalistik və işimiz nələrisə aktuallaşdırmaq, nələrəsə diqqəti yönəltməkdir. Nəticə təqdim etmirik, bunu oxucunun öz öhdəsinə buraxırıq.

Həm də görünən dağa nə bələdçi? Bəli, o, böyük bir dağdır- kiminsə gözləri önündə, kiminsə də sinəsində...

Hərdən düşünürəm ki, böyük Sabir məşhur şerini elə M.Ə.Rəsulzadə haqda deyib: “Bənzərəm bir qocaman dağa ki...”.

Hüseynbala Səlimov, müstəqil analitik
---------------------------
qaynaq - azadliq.org

«Məhəmməd Əmin Rəsulzadə» ordeninin döş nişanı necə olsun?

Böyük yubileyə 10-ca gün qaldı, əziz oxucum!

Sükunət--susqunluq davam edir.

Düzdür, ötən həftə tədbirlər planı açıqlandı, amma… deyəsən,  planı gerçəkləşdirməyə  həvəs yoxdur…

Əvəzində bu gün Milli Məclis ««Heydər Əliyev» ordeninin təsis edilməsi haqqında» qanuna dəyişiklik təklif etdi.

Təəccübləndim, məncə, gündəmdə başqa ad olmalıdır, axı…

Diqqət edin:

««Heydər Əliyev» ordeninin döş nişanı - üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altılıqdan ibarətdir. Altılığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir. Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant bərkidilir.
Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mm x 9 mm ölçülü lövhəyə halqa və ilgək vasitəsilə bərkidilir. Lövhənin mərkəzində qabarıq hərflərlə yazılmış «HEYDƏR ƏLİYEV» sözlərindən yuxarıda və aşağıda - hər sırada 28 ədəd brilyant daş bərkidilir.

Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.

Bununla, ordenin hazırlanmasında 925 əyarlı 533.3 qram gümüşdən, 999 əyarlı 3.9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57.4 qram qızıldan, 999 əyarlı 6.5 qram qızıldan, cəmi 0.83 karatlıq 8 brilyant daşdan, cəmi 5.3 224 brilyant daşdan, cəmi 1.37 karatlıq 95 brilyant daşdan, cəmi 0.23 karatlıq 116 brilyant daşdan, cəmi 0.032 karatlıq 4 brilyant daşdan istifadə olunur.

Ordendə ümumən 447 brilyant daşdan istifadə olunacaq».



Mən tarixi şəxsiyyətləri bir-birinə qarşı qoymaq fikrindən uzağam.
Bu işi Tarixin özü daha yaxşı bacarır və zaman keçdikcə hər şeyi öz yerinə qoyur…
Amma və lakin indi oturub-durub düşünürəm.

Görəsən, 130 illik yubileyində Rəsulzadə ordeninin döş nişanı necə ola bilərdi?!
Xəyal gücümü işə salıram.

Yəqin ki, orada qızıldan-gümüşdən-brilyantdan, minadan, yəni qiymətli daşlardan istifadə olunmazdı.

O döş nişanı elə taxıldığı yerin -- ürəyin şəklində olardı.

Oradan -- o ürəkdən Onun qurduğu Cümhuriyyətin obrazı görünərdi.

Cümhuriyyətimizin ovaxtkı sahəsi aydınca sezilərdi.

8-guşəli ulduz, aypara da öz yerində.

Ürək, zaman-zaman, musiqi çalardı -- gah Cümhuriyyətin himnini səsləndirər, gah da «Çırpınırdın, Qara dəniz» söyləyərdi.

Hərdən Rəsulzadənin yeganə səsyazısını da eşitdirərdi…

Əmin bəy şirin-yumşaq Bakı ləhcəsində:

«Sən bizimsən-bizimsən durduqca bədəndə can,
Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan!» - deyərdi.

Ara-sıra, demokratiya dərsləri keçərdi.

Bəzən «İxtilal xatirələri»ni danışardı.

Bəzən də «Əsrimizin Səyavuşu»nun böyümüş oğlundan söz açardı:

«Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu!
Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, Müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!»

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Döş nişanından zaman-zaman bu tarixi sözü dinləmənin özgə ləzzəti olardı…

Bir də, döş nişanında…

Yox, yetər!

Sözü sizlərə buraxıram.

Böyük demokratın döş nişanını diktatura qaydaları ilə cızmaq mənə yaraşmaz!

Ora sizlər də naxışlar vurun.

130 illik yubileyində «Rəsulzadə döş nişanı»nı siz necə görmək istərdiniz?!

Söz sizindir.

Böyük yubileyə cəmi 10-ca gün qalıb…

Tələsin.


Sevda İsmayıllı
---------------------------------
qaynaq - azadliq.org

2014-01-16

Məhəmməd Əminin portreti

Azərbaycan Demokratik Respublikasının odu-alovu hələ sönməmiş istiqlal tarixini bilmək üçün bəlkə cild-cild kitab oxumaq da vacib deyil. Eləcə böyük Məhəmməd Əminin həyat hekayətinə qısaca nəzər yetirmək, “Əli və Nino” romanını oxumaq da yetər.    
1918-ci ilin 28 mayında Azərbaycanda Şərqin ilk demokratik cümhuriyyəti qurulub. Böyük Məhəmməd Əmin öndə olmaqla ADR qurucuları millətin, dövlətin sayılıb-seçilməsi uğrunda min bir əziyyətə qatlaşıblar. Onların cümhuriyyəti qorumaq üçün necə bir mücadilə apardığı, nələri qazanıb nələri itirdiyi hamıya məlumdur.
Birinci respublikanın ömrü çox qısa olsa da, şərəfli bir tarix əmanət qoyub bizə. Əqidəsindən sapmayan azadlıq carçılarının, işğalçı rus ordusuna, daşnaklara qarşı savaşanların, qırmızı imperiyanın əsirinə çevrilib Sibirə sürülənlərin, işgəncələrlə qətlə yetirilənlərin, izsiz-soraqsız itirilənlərin, doğma torpaqdan didərgin salınanların, gözünü qürbətdə yumanların mükafatı isə sonda Azərbaycan dövlətinin, üçrəngli bayrağın tarixin zindanından salamat çıxması olub. 
Biz onların yaratdığı tarixdən bir də keçib gəldik. Biz vətənə yiyə durmağı, millət olmağı onlardan öyrəndik. Biz hamımız Məhəmməd Əminin öz silahdaşlarıyla birgə qurduğu cümhuriyyətin vətəndaşlarıyıq, bizim şəxsiyyət vəsiqəmizə də Rəsulzadənin imzası qoyulmalıdır.
Yorulmaz düşmənlərin sağdan-soldan dartışdırdığı bir ölkənin hələ də ayaqda durmasına görə biz həmən tarixə borcluyuq. Biz o kişilər bizi var elədiyi üçün varıq. Onların cızdığı tarixi yoldan hər hansı sapma ölkəmiz üçün böyük qəza, fəlakət, tarixin qatarından üzülmə demək olar. Bu gün karvandan üzülməsə də, təkəri çuxura düşmüş Azərbaycan Respublikası – Rəsulzadənin, cümhuriyyət qurucularının böyük ixtirası, pis qulluq gördüyündən mühərriki paslanmış yadigarıdır.
İndiyəcən mərhum prezident Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu israrla beyinlərə yeridən iqtidar da axır hərəkətə gəldi. Rəsulzadə boyda tarixi faktı görməzliyə vuranlar ilk baxışdan onun xatırlanmasını istəməyə məhkum olunmuş kimi görükürdülər. Uzun illərin qısqanc sükutundan sonra hakimiyyət bolluca xeyrini gördüyü cümhuriyyətin halallığını istəməyə məcbur oldu. Bir daha təsdiqləndi ki, Rəsulzadə hətta onu istəməyən vətən övladlarına belə xeyir verə biləcək qədər nəhəng vətənpərvərdir. Millət yolu, haqq yolu, demokratiya yolu elə belə olur.
Son nəfəsi ağzından “Azərbaycan” sözüylə çıxan ən böyük azərbaycanlının 130 illik yubileyinin qeyd olunması barədə prezident sərəncam imzaladı. Bayrağımızın, gerbimizin, himnimizin yaddaşına hopmuş, hər gün istər-istəməz xatırlanan Rəsulzadə bu dəfə rəsmi səviyyədə anılacaq. Bu işi görməyə ərinənlər də çoxdur, ancaq təhkim olunublar deyə susurlar. Görən necə duracaqlar iki dünya görmüş 130 yaşlı kişinin hüzurunda?..
Dedilər onun portretini tapmaq müşkül məsələdir. Bu xəbərdən sonra özüm də bir neçə mağazanı gəzdim, respublikanın paytaxtında respublika qurucusunun surətinə rast gəlmədim. Üstəlik, bu yaxınlarda ulu öndərə öz “töhfəsini” verən Bakı metropoliteni onun təsvirini “28 May” stansiyasından sildi. Amma bu gün satışda rəsmi tapılmasa da, onun köhnədən qalma portretlərini illər boyu qoruyub-saxlayanlar da çoxdur. Onun surəti adamın gözlərini əsla yormur...    
İndi Bakı çox dəyişib. Şəhər əhalisi bir ucdan artır. Addımbaşı söküb-tikirlər, səkilər elə daralıb ki, bir ayağın qəlbidə, o biri yerdə yeriyirsən. Vitrinlər göz qamaşdırır. Bu şəhərin dükan-bazarında indi quş südü də tapmaq olar. Cürbəcür rəsm əsərləri, siyasi xadimlərin, qəhrəmanların, yazıçıların, bəstəkarların, artistlərin şəkilləri... Bu bolluqda gərək Rəsulzadənin portretini də tapmaq çətin olmayaydı. Ancaq elə şeylər var ki, onu təkcə pulla almaq olmur...
Məhəmməd Əminin portretini axtaranlara onun yerini deyim: çərçivəsi Azərbaycan sərhədləri, fonu bu ölkənin coğrafiyası, surəti… Hə, bax bu çərçivəyə, bu fona hər bir azərbaycanlı – Məhəmməd Əminin qurduğu cümhuriyyətin hər bir vətəndaşı öz şəklini yerləşdirə bilər. 9 milyon azərbaycanlı, dünyəvi respublikanın, hələlik kağız üstündə olsa da, azad xalqı – budur Rəsulzadənin silinməz boyalarla çəkilmiş ölməz portreti!
Bu boyda Bakının işıqlı, şəkilli bolluğunda bir çoxlarının portretini tapmaq çətin olmasa da, Məhəmməd Əmin Rəsulzadənin portretini tapmaq çevrilib müşkülə. Bir neçə il öncə portretlər, rəsm əsərləri, nəfis qablar, üstündə təsvir olan vazalar satan bir şəxsin çəkinə-çəkinə mənə söylədiyi balaca bir sirrini açmağa məcburam indi. Satıcı dükana girən iki adama yaxınlaşanda qəfildən onlardan birinin gözü sataşıb Rəsulzadənin köhnə Bakı və üçrəngli bayrağın fonunda təsviri olan vazaya. Görən kimi də qəzəblənib müştəri kişi, “Bunun şəklini kim çəkib, ə, bura? Satmağa bir şey tapmırsan, at getsin” söyləyib. Satıcı nəzakətlə cavab verib ki, bu, şəxsi əl işidir, ancaq kişi yenə ona irad tutub, bu dəfə mağazada Heydər və İlham Əliyevin portretlərinin olmadığını deyib, bu hərəkəti böyük qəbahət adlandırıb.
Akademiya sistemində işləyən bir dostumuz da dünən şikayətləndi ki, Rəsulzadənin yubileyini iş yerində qeyd etmək üçün onun portretini tapıb almaq istəyib, ancaq üç-dörd saatını sərf eləsə də heç bir dükanda Azərbaycan Demokratik Respublikasının qurucusunun portretini tapmayıb. Bəzi satıcılar utana-utana divardakı portretləri göstərib deyirmişlər ki, bizə ancaq onların şəkli gəlir.
Rəsulzadənin portretlərinin hazırlanması üçün dövlət sifarişi yoxdur. Onun şəklini internetdən çıxarıb, çərçivəyə salıb müştərilərə satmaq istəyənlərin də əl-ayağını yığışdırıblar.
Böyük Rəsulzadənin 9 milyon portretinin yoxa çıxması isə mümkünsüz. Satılmayan ən böyük qiymətli əsər indi qəhətə çıxan həmən portretdir elə. Onun böyük portretinin asıldığı nəhəng qala divarının altından – Azərbaycan siyasətinin içindən qısıla-qısıla keçib-gedənlər, Rəsulzadə yolunu sapıb özünü bitirənlər isə hələ çox olacaq.

--------------------------------
qaynaq - mediaforum.az

2013-12-11

Rəsulzadəyə abidə qoymağa nə vaxt macal tapılacaq?

MACAL OLSA…

Bu il Azərbaycanda sözün əsl mənasında H. Əliyevlə bağlı oldu. İlin əvvəlində onun anadan olmasının 90 illiyi təntənə ilə qeyd olundu. Bir-iki gündən sonra isə vəfat etməsinin 10 ili tamam olur.

Bundan nəticə kimi çıxan məsələləri isə qeyd etməyə dəyməz-telekanallar sözün birbaşa mənasında yarışa giriblər, başqa vaxt maraqlı bir veriliş, bir televiziya filmi çəkmək üçün vəsaitin olmamağından gileylənənlər H.Əliyevlə bağlı veriliş, film çəkmək fikrinə düşəndə nədənsə belə bir problemi yaşamırlar.

Ölkə sanki L. Brejnev vaxtlarını yaşayır. Bir epizoda, bir kadra neçə dəfə baxmaq olar? Üstəlik, eyni şəkillər, eyni fotolar yenicə açılan H.Əliyev mərkəzlərini də bəzəyir.

İ.Əliyev hər dəfə belə mərkəzlərin açılışına gedərkən həmin fotoların qarşısında dayanır, nəsə soruşur, sanki onları birinci dəfə görür, halbuki bu fotoları bəlkə də min dəfə görüb.

Növbəti ildə daha bir yubiley gözlənir. Amma bu yubiley haqqında yalnız «gözlənir» demək olar, baxmayaraq ki, həmin yubileylə bağlı tədbirlərin keçirilməsi haqda prezident sərəncamı da var.

Bəli, söhbət M.Ə. Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunmasından gedir

Çox maraqlı vəziyyət yaranıb. Arabir ali məktəblər, telekanallar, qəzetlər bu məsələyə toxunur. Hamı deyir ki, ad verilməlidir, abidə qoyulmalıdır. Amma…

«Amma»sı budur ki, heç kim birinci olmağa cəsarət etmir. Hamı «yuxarı»dan göstəriş gözləyir.

Məsələn, BDU-ya M.Ə.Rəsulzadənin adının qaytarılması söhbəti gündəmə gələndə dedilər ki, bu, çətin məsələdir, amma Xalq Cümhuriyyəti xadimlərinin xatirəsi bu ali məktəbdə hansısa formada əbədiləşdirilməlidir, çünki onların bu ali məktəbin yaranmasında müstəsna xidmətləri olub.

Amma necə? Kim bunu etməlidir? Bax, məsələ də elə bundadır. Əgər macal olsa, vaxt tapıb M.Ə.Rəsulzadə haqqında da düşünəcəklər, ən azı ona görə ki, onun doğum tarixinə təxminən ay yarım vaxt qalıb.

ONUN HEYKƏLİ…

Bir adam haqqında iki halda yazmaq çətin olur. Bir onun haqqında heç nə yazılmayanda, bir də çox yazılanda. Hakimiyyət nə qədər soyuqluq göstərsə də M.Ə.Rəsulzadə haqqında çox yazılıb. Bunu əsas etibarilə müxtəlif qəzetlər, dərgilər, jurnallar edib.

Ona görə də indi zəruri sözləri tapmaq üçün bir xeyli fikirləşməli oluram. Nə yazım? Bəlkə bu hakimiyyətin bu adama qarşı soyuq münasibətindən yazım? Amma aydın deyilmi onu nədən sevmirlər?

Ona görə sevmirlər ki, M.Ə.Rəsulzadə «Yaşa, ey Azərbaycan!»-deyəndə bunlar böyüklü-kiçikli «Slava KPSS! Slava VLKSM!» deyir və V. Leninin abidələrinin önünə əklillər qoyurdular.

Elə bu səbəbdən M.Ə.Rəsulzadənin timsalında o vaxtkı durumlarının şahidini görürlər. Bir məsələni heç cür ona bağışlaya bilmirlər: necə oldu ki, o, bacardı, amma biz bacarmadıq?

O, isə çox şeyi bacarmışdı. Hara gedirdi, Azərbaycan, hara çatırdı Bakı, hara yetişirdi Azərbaycan Xalq Cümhuriyyəti haqda danışırdı və ən əsası isə yorulmurdu, usanmırdı.

Bir dəfə onun haqqında «Bütün dövrlərin dissidenti» ifadəsini işlətmişdim. O, həqiqətən də böyük dissident idi. Sovet dövrləri bir tərəfə, bu son 20 ildə o, bizim hamımızın çəkdiyindən on dəfə artıq əziyyət çəkdi, təqibə məruz qaldı.

Amma yenə də nikbinik. Ona layiqli abidə qoymadılar? Heç qoymasınlar! Onun abidəsi üç rəngli bayraq, möhtəşəm himn və elə Azərbaycanın özüdür.
Onun adını əbədiləşdirmədilər? Heç etməsinlər! A. Puşkinin belə bir misrası vardı ki, mən özümə elə heykəl qoydum ki…

M.Ə.Rəsulzadə də belə deyə bilərdi: bəli, o, özünə elə bir heykəl qoydu ki!.. Ən böyük heykəl ürəklərdə ucalan heykəldir. Onun da adı ürəklərdədir.

Əslində bu hakimiyyətin də sovetlər kimi M.Ə.Rəsulzadəyə yad münasibət bəsləməsinin böyük mənaları var. Bu, həmin hakimiyyətin mahiyyətinə dəlalət edir: özlərini nə qədər milli siyasi qüvvə adlandırsalar da bunu bacarmırlar, belə ola bilmirlər.

Digər tərəfdən baxanda da, elə belə olsa yaxşıdır. Demokratik şüarları əzbərlədilər və onları heç etdilər. Bircə o çatmırdı ki, dillərində M.Ə.Rəsulzadənin adı və sözü olsun…

Onda daha dözülməz olardı bu ölkə. Bəlkə M.Ə.Rəsulzadədən də soyuyardıq, ondan da küsərdik, düşünərdik o da ölkəni talayanlarla əlbir olub, onlarla birləşib…

Ona görə də yaxşısı elə budur. Bir də yubileyləri yubiley edən millətdir, onun çırpınan ürəkləridir. Təki sənin həmin ürəklərdə yerin olsun. Qalanı düzələn işdir…


Bunlar müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma fikirlərini yaz, polemikaya sən də qoşul.

Hüseynbala Səlimov, müstəqil analitik
------------------------
qaynaq - azadliq.org

2013-11-04

"Mən uçmaq istəyən vaxt qanadlarımı qırdılar..."

M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə həsr olunmuş kitab nəşr edilib 
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin oğlu, rəssam Azər Rəsulzadənin ömür yolundan bəhs edən "Azərbaycan həsrəti" adlı kitab bu yaxınlarda işıq üzü görüb. 
Kitabda 56 il sürgün həyatı yaşamış Azər bəyin doğmaları haqqında məlumatlar da əksini tapıb.
Jurnalist Nəcibə Bağırzadənin qələmə aldığı kitabın ön sözündə müəllif yazır: ""İlk" sözündə bir həmişəyaşarlıq, məhrəmlik və bənzərsizlik var. "İlk" dediyin, bu vaxta qədər yaşamadıqlarındı. Bu vaxta qədər duymadığın qoxu, rəng, dad, sevinc, ağrı var "ilk" sözündə. "İlk" dediyin, gözünü yoran sərhədlərə, könlünü sıxan çərçivələrə üsyan deməkdi. Təzə cığır açmaqdı, iz salmaqdı, öz cəsarətinə güvənməkdi. 
İlk sevgi, ilk görüş, ilk addım... Həyatımızdakı heç vaxt unudulmayan ilklər... Məhəmməd Əmin Rəsulzadənin qurduğu ilk müstəqil demokratik dövlət Azərbaycan sevgisindən doğmuşdu. Bu, Azərbaycan xalqının azadlıqla ilk görüşü, ilk təmasıydı. Bu, şərq dünyasında atılan ilk cəsarətli addım idi. Bu tarixi addım Azərbaycan adlı məmləkətin gələcək yolunu müəyyənləşdirdi. Buna görə həyatı boyu Azərbaycan sevdasından ötrü dünyayla savaşmağa hazır olan Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq..."  
Müəllif qeyd edir ki, məhz bu borc hissi ilə M.Ə.Rəsulzadə haqqında ilk dəfə 1998-ci ildə yazıb. 2007-ci ildə isə onun M.Ə.Rəsulzadə haqqında "Gecikmiş etiraf kimi..." adlı kitabı işıq üzü görüb: "Bu gün məqam yenə həmin məqamdı... Və mən bu yazını böyük Məhəmməd Əmin Rəsulzadənin yadigarı, ölümündən 20 il vaxt keçən Azər bəy Rəsulzadənin ruhuna bağışlayıram...", - deyir müəllif. 
N.Bağırzadə yazır ki, Azər Rəsulzadə 17-18 yaşlarında, ailə üzvlərilə birlikdə 1937-ci ilin noyabrında Qazaxıstana sürgün edilmiş, sürgün həyatının hər bir ağrısını yaşamışdır. Lakin ayaqda durmaq üçün mücadilə aparmış, öz istedadı və bacarığı ilə diqqəti cəlb etmişdir. Sürgündə bir neçə peşə - xarrat, bənna, hətta güzgü düzəltməyi də öyrənən Azər Rəsulzadə, həm də istedadlı rəssam və müəllim kimi fəaliyyət göstərmişdir. 
O, SSRİ Rəssamlar İttifaqının Karaqanda şəhərindəki Bədii Fondunun üzvü olub və sərgilərdə iştirak edrdi. Klassik sənət məktəbinin nümayəndəsi kimi gözəl akvarellər və portret ustasıydı. Əsərlərindəki rənglərin ahəngdarlığı onun peşəkarlığından xəbər verirdi. Bununla belə, "xalq düşməni"nin oğlu olduğu üçün həyat və yaradıcılıq yolu ahəngdar olmamış, neçə-neçə arzu və istəyi ürəyində qalmışdır. Özünun dediyi kimi: "Mən uçmaq istəyən vaxt qanadlarımı qırdılar..." 
Kitabda vurğulanır ki, Azər bəyin yaşadığı bütün çətinliklərə, qarşılaşdığı bütün uğursuzluqlara səbəb Azərbaycan sevgisi olub. Atası M.Ə.Rəsulzadənin Azərbaycan sevgisi. Ən kədərlisi isə odur ki, bu uğursuzluq bitmək bilmir... 
Bəli, M.Ə.Rəsulzadənin məzarı hələ də qürbətdədi, adı da elə özü kimi yenə də Azərbaycanda qəribdi. Oğlu Azər Rəsulzadə də elə onun kimi Azərbaycan həsrətilə qürbətdə vəfat etmişdir... Cümhuriyyət ideyalarına dəyər verəcək Azərbaycanın həsrəti! Əslində isə bu gün hər bir əqidəli vətəndaşımız da o Azərbaycanın həsrətindədir?! 
Azər Rəsulzadə 1993-cü il iyulun 9-u Karaqandada dünyasını dəyişmiş, iyulun 11-də isə cənazəsi Bakıya gətirilərək doğma Novxanı kəndində, ata babasının məzarı yanında dəfn edilmişdir. 
Sonda onu da qeyd edək ki, Azər Rəsulzadənin vəfatının 20-ci ildönümü münasibətilə nəşr edilən "Azərbaycan həsrəti" kitabını "Bakı Kitab Klubu"ndan əldə etmək olar (əlaqə telefonu: 492 12 38). 
------------------------------
qaynaq - azadlıq.info