
“Bu gün 130 yaşlı Rəsulzadənin beşiyi Müsavatdır. Müsavatsız Azərbaycan xalqının səadətli günləri olmayıb, gələcəyi də olmaz”
Yanvarın 18-də Müsavat Gənclər Təşkilatı Rəsulzadənin 130 illiyi ilə bağlı möhtəşəm tədbir keçirdi. Tədbirdə Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, şair, publisist Teyyub Qurban, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu, Qafqazinfo.az saytının rəhbərləri Elbrus Ərud, Elnur Məmmədli, gənclər təşkilatlarından VHP, “NİDA”, VH, AXCP iştirak edirdi. Tədbir dövlət himnimizlə açıq elan olundu. Daha sonra ilk çıxış Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasa verildi: “Azərbaycanın müstəqilliyi, demokratikləşməsi uğrunda uzun illər mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə haqqında istənilən tədbirin təşkili bizim üçün qürurdur. Rəsulzadə sözsüz ki, bir yazıçı, intellektual publisist, dövlət xadimi və ideoloqu kimi Azərbaycanın dünya tarixinə bəxş etdiyi ən ciddi simalardan biridir. Təxminən 96 il öncə qurucu babalar məhz parlamentar respublikanı bizim xalqımız üçün ən uyğun idarə forması görüblər. Dövlətimiz 1918-20-ci illər arasındakı dövrdə dövlət siyasətinin ən müəyyənedici faktorlarından olan insan azadlığını bu gündən fərqli olaraq fundamental azadlıq kimi əsas götürmüşdülər… Bu gün dünyada ən önəmli məsələ olan təhlükəsizlik, azadlıq tezisini Rəsulzadə 90-100 il əvvəl irəli sürmüşdür. Rəsulzadə deyirdi ki, dünyada azadlıq olmayan yerdə təhlükəsizlikdən danışmaq olmaz. İndi isə Azərbaycan hakimiyyəti ümummilli lider Rəsulzadə kimi bir şəxsiyyəti qəbul etmək istəmir. “
Söz daha sonra Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqubluya verildi: “Yanvarın 31-də Rusiyadakı diaspor təşkilatları “Rəsulzadə Məclisi”nin ümumi rəhbərliyi altında, böyük bir tədbirə hazırlaşır. Bu tədbir Moskvada yerləşən tarixi binada - Şəmsi Əsədullayevin tikdirdiyi binada keçiriləcək. Bu binada da 1917-ci ildə M.Ə. Rəsulzadə qurultayda çıxış edib. Mən və Rəis Rəsulzadə həmin tədbirə dəvətliyik. Mən bundan əlavə bir neçə məqamlara toxunmaq istəyirəm. Nə qədər ki, bu dövlətin adı Azərbaycandır, Rəsulzadə hər zaman yaşayacaqdır. Öz araşdırmamda belə bir sualla qarşılaşdım, Rəsulzadə nə üçün bu dövlətin adının Azərbaycan qoyulmasında israrlı olub? Rəsulzadə əsaslandırır ki, bu dövlətin adını Azərbaycan adlandırmaqla, nə zamansa Güney Azərbaycanla birləşib vahid bir dövlətə çevriləcəyik. Rəsulzadə yazır ki, bir var imtiyazlı adamların dövləti, bir də var bütün xalqın dövləti - bizə bütün xalqın dövləti lazımdır ki, bu da Azərbaycan Xalq Cümhuriyyətidir. Azərbaycanın mövcudluğu ilə bağlı hansı məqama toxunuruqsa, biz orada Rəsulzadəni görürük. Bir də Azərbaycan bayrağı ilə bağlı danışmaq istəyirəm. 1907-ci ildə “Fyuzat” jurnalında Azərbaycan bayrağının formasını, tərifini verən Əli bəy Hüseynzadə olub. Amma onun siyasi mənasını Rəsulzadə veribdir. Bayrağımızın rəngi əvvəl göy, yaşıl, qırmızı formada olub, Rəsulzadə isə bu formanı dəyişib göy (türkçülük), qırmızı (müasirlik), yaşıl (islam) edib. Bunu onunla izah edir ki, biz dünyaya sübut etməliyik ki, bizim qurduğumuz dövlət yenilikçi, Avropa dəyərlərinə üstünlük verən bir dövlətdir ”.
Tədbirdə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəyə də söz verilb. O, nitqində bunları söyləyib: “Bu tədbir üçün Müsavat partiyası və Müsavat Gənclər Təşkilatına təşəkkür edirəm. Üzümü gənclərə tutub demək istəyirəm ki, həmişə elmə can atın, kitablara can atın. Mübarizənizdə isə sizdən əvvəlki nəslin təcrübəsindən öyrənmək, sizdən sonrakı nəsillərə nümunə qoymaq üçün həmişə nələri isə öyrənmək vacibdir. Bir daha bu bayram münasibətilə hamınızı təbrik edirəm”.
Daha sonra söz dəyərli ziyalı, şair, dramaturq, publisist və tədqiqatçı Teyyub Qurbana verildi : “Bu gün 130 yaşlı Rəsulzadənin beşiyi Müsavatdır. Müsavatsız Azərbaycan xalqının səadətli günləri olmayıb, gələcəyi də olmaz. Rəsulzadə Müsavat Partiyasını yaradıb. Bu partiyanın əsasını daşıyan müsavatçılıq ideologiyası Avropada, Asiyada, gələcəkdə ola bilsin Afrikada da yayılacaqdır”.

Sonra AXCP GK-nin üzvü Sərvər İbrahimov çıxış etdi. O dedi ki, ən azından Rəsulzadəni tanımaq üçün Əbülfəz Elçibəyi də tanımaq lazımdır. Azərbaycan müstəqil olanda Azərbaycana Rəsulzadəni ən gözəl Elçibəy tanıdıb. Elçibəyin bir sözü var: “Orada bir yol var, o yol Rəsulzadə yoludur ”.
Tədbirin sonunda isə Müsavat Partiyası başqanı İsa Qəmbər çıxış etdi. O, Rəsulzadə ilə bağlı ilk tədbirin Müsavat Gənclər Təşkilatı tərəfindən keçirildiyini vurğuladı: “Rəsulzadənin 130 illik yubileyi ilə bağlı ölkədə ilk tədbiri Müsavat Gənclər Təşkilatı təşkil etdi. Bu çox sevindiricidir, sizə təşəkkür edirəm. Rəsulzadənin ətrafında hər zaman gənclər olubdur.
Təsəvvür edin ki, 1919-cu ildə Müsavatın Qurultay üzvü olan Cəfər Cabbarlının heç 20 yaşı yox idi. Hər zaman Müsavat Partiyası gənc olubdur. Rəsulzadə kimi böyük, dahi şəxsiyyətə valeh olmamaq mümkün deyil, bu şəxsiyyəti sevməmək mümkün deyil. Məncə, bu şəxsiyyətdə qüsur tapmaq mümkün deyil. Hərdən Rəsulzadənin gənc yaşlarında yazdığı məqalələrə baxıram ki, bəlkə gənc yaşlarında yazılarında səhvi ola bilər, amma yoxdur. Səhv tapanlarla da istənilən mövzuda polemikaya hazıram. Hər zaman
Rəsulzadəyə böhtan atanlar olub. Amma onlardan bir çoxunun tarixdə qalma səbəbi elə
Rəsulzadədən yazmaları olub. Rəsulzadə Azərbaycanı dünyaya şərqdəki ilk demokratik Cümhuriyyət kimi tanıdıb. O, müsavatçılıq ideologiyasının yaradıcısıdır. Elə bir ideologiya ki, bəşəriyyət 70-80 il sonra həmin ideologiyaya gəlib çıxır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə qapalı elan olunub.
Nərgiz Yaqublu
-----------------------------
qaynaq - musavat.com
Hiç yorum yok:
Yorum Gönder