2011-02-01

Rəsulzadənin doğum günü necə qeyd olundu?



“İstefa, istefa, istefa!”

Yanvarın 31-də Bakının Novxanı qəsəbəsində, Məmməd Əmin Rəsulzadənin abidəsi önünə yığışanlar bu şüarı səsləndirirdilər. Onlar indiki hakimiyyətin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətini quranlara layiqli qiymət vermədiyini deyərək bu və digər şüarlar səsləndirirdilər. 

Bazar ertəsi müxalifətin son parlament seçkilərindən sonra yaratdığı İctimai Palatada birləşən partiyalar, QHT və vətəndaş cəmiyyətinin nümayəndələri doğum günü münasibətilə Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçirdilər. Çıxışlar daha çox Məmməd Əmin, onun silahdaşlarının xidməti və indiki hakimiyyətin yeritdiyi siyasətə münasibət üzərində qurulmuşdu. 

İqtidarın Rəsulzadəyə münasibətini Müsavat başqanı İsa Qəmbər də layiqli saymır. O deyir ki, Məmməd Əmin Rəsulzadə bütün ömrünü xalqın inkişafına, uğuruna, gələcəyinə xərcləyib. Hazırda dünyanın hər yerində azərbaycanlılar bu günü qeyd edirlər: 

“HAMINI MÜBARİZƏYƏ ÇAĞIRIRAM” 

“1918-ci ildə böyük Rəsulzadənin liderliyi ilə Cümhuriyyət qurulub, demokratik islahatlar keçirilib, Azərbaycanın müstəqilliyi dünyaya tanıdılıb. 1991-ci ildə isə Əbülfəz Elçibəyin liderliyi ilə bu müstəqillik bərpa olunub, islahatlar keçirilib və yenidən bir il ərzində Azərbaycan hörmətli dövlət kimi dünya tərəfindən qəbul olunmağa başlayıb. 


İsa Qəmbər

Hər iki dəfə də Moskvadan və digər qara mərkəzlərdən idarə olunan qara qüvvələr Azərbaycanda hakimiyyəti ələ keçirdərək tarixin təkərini başqa istiqamətə yönəltməyə çalışıblar və bəzən də on illərlə buna nail olublar. 2011-ci il Müsavatın 100 illik yubileyinin keçirildiyi ildir. Mən bu ili həm də Azərbaycanda köklü demokratik dəyişikliklərin başlanğıc ili kimi tarixə yazmağı təklif edirəm və hamını mübarizəyə çağırıram”. 

Müsavat başqanı ərəb ölkələrində son vaxtlar baş verən hadisələrdən danışıb dünyada demokratiya istiqamətində yeni mərhələnin başlandığını bildirdi.

AXCP sədri Əli Kərimli də Rəsulzadəyə mövcud hakimiyyətin mənfi münasibətindən danışdı. O deyir ki, 1918-ci ildə Azərbaycanda cəmi 62 nəfər universitet təhsilli adamın olduğu çətin vaxtda Məmməd Əmin və onun yoldaşları bu dövləti yaratmasaydılar, indi azərbaycanlıların da taleyi Şimali Qafqaz xalqlarınınkı kimi ola bilərdi: 

“ONLARA HAMIMIZIN MİNNƏTDARLIQ BORCUMUZ VAR” 





“Nə yaxşı ki, o məqamda bizim o qurucu babalarımız Azərbaycan dövlətini qurdular. Onlara bizim hamımızın minnətdarlıq borcumuz var. Və indiki hakimiyyətin Məmməd Əmin Rəsulzadəyə olan biganə, qısqanc, nankor münasibətinə etiraz edərək buradayıq ki, böyük babamıza öz minnətdarlığımızı bildirək”.

İsa Qəmbər kimi Əli Kərimli də ərəb dövlətlərində baş verən hadisələrdən danışdı. O dedi ki, Şərqdə ilk demokratik dövləti quran xalq indi ərəb ölkələrindəki demokratik dəyişikliklərə baxıb utanmamalı, bu mübarizəyə qoşulmalıdırlar. 

Tarixçi alim, hakim YAP-dan olan deputat Yaqub Mahmudov isə dövlətin Rəsulzadəyə və sümhuriyyəti quran digər şəxslərə layiqincə qiymət vermədiyini deyənlərlə razılaşmır. O hesab edir ki, M.Ə.Rəsulzadə, öz dövründə bütün Şərqdə ən demokratik bir respublikanın banilərindən biridir. Amma Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski və Nəsib bəy Yusifbəylinin xidmətlərini Rəsulzadədən ayırmaq olmaz. Bu ziyalılar həmin vaxt təkcə cümhuriyyəti yaratmayıblar, həm də Azərbaycan xalqının xilasını təmin ediblər. 

Yaqub Mahmudov deyir ki, indiki hakimiyyət də bunu layiqincə dəyərləndirir: 

“HEYDƏR ƏLİYEV ONLARA LAYİQLİ QİYMƏT VERİLMƏSİNƏ XÜSUSİ DİQQƏT YETİRİB”

“Mərhum prezident Heydər Əliyev onlara layiqli qiymət verilməsinə xüsusi diqqət yetirib. Heydər Əliyev ən axırıncı - o ağır səfərində də mənə xəbər göndərmişdi ki, cümhuriyyətlə bağlı ensiklopedik lüğət buraxılsın. Biz onu iki cilddə nəşr etdik. İki cildlik ensiklopediya yaradıldı, bu ən böyük abidədir onlara. Parlament binasının yanında İstiqlal abidəsi ucaldılıb. Tbilisidə Fətəli Xan Xoyskinin məzarı itib gedirdi. O abidənin üstünü götürtdü Heydər Əliyev. Parisə hər gedəndə Əlimərdan bəy Topçubaşovun ziyarət olunması, bunlar çox ciddi məsələlərdi. Ona görə də bu məsələdə mən birtərəfli mövqe tutmağı doğru hesab etmirəm”.



Yaqub Mahmudov

Yaqub Mahmudov deyir ki, İstiqlal abidəsinin açılışı İlham Əliyevin prezidentliyi dönəmində olub. Və hər il İstiqlal günü prezident cümhuriyyət xadimlərinin xidmətlərini xüsusi qeyd edir. Artıq dövlət televiziyasında cümhuriyyət xadimləri ilə bağlı silsilə verilişlər başlayıb. Topçubaşov barədə veriliş efirə gedib, Məmməd Əmin və digərləri barədə də olacaq. Bütün bunlar diqqət deyilmi? 

Ancaq bütün bu deyilənlərə baxmayaraq, yanvarın 31-də Rəsulzadənin doğum günü ilə bağlı hər hansı rəsmi dövlət tədbirinin keçirilməsi barədə heç bir məlumat gözə dəymir. 

“TƏBLİĞAT OLSAYDI BİLƏRDİM” 

Bakı sakinləri arasında apardığımız sorğudan isə bəlli oldu ki, müraciət etdiyimiz adamların əksəriyyəti nəinki 31 yanvarın Rəsulzadənin doğum günü olduğunu bilir, bəziləri onun kimliyini də düzgün deməkdə çətinlik çəkirlər:

- Bilmirəm bu gün nə ilə əlamətdardır. 
- Məmməd Əmin Rəsulzadə, Azərbaycanın birinci prezidenti olub. 
- Hə bu gün Məmməd Əmin Rəsulzadənin doğum günüdür. O Azərbaycan Xalq Cümhuriyyətinin banisidir.
- Bilmirəm nə günüdür. Təbliğat olsaydı bilərdim. Dövlət təbliğ etmir. 





Tarixçi alim Cəmil Həsənliyə görə isə M.Ə.Rəsulzadənin doğum günü əslində azərbaycanlıların milli dirilik günüdür. Alimin sözlərinə görə, məhz o Azərbaycan tarixində azərbaycanlıları yeni ideologiya, milli dirilik nəzəriyyəsi ilə silahlandıran ilk böyük liderdir. Məhz o ilk olaraq 7 məqalədən ibarət milli dirilik silsiləsi ilə millətin tam hədəflərini yazıb ortaya qoyub: 

BÜTÜN MİLLƏTİMİZ RƏSULZADƏYƏ MİNNƏTDAR OLMALIDI 

“Azərbaycan ziyalılarının böyük bir istiqlal arzusu, ideyası var idi ki, öz imzasını dünya xalqlarının, dünya dövlətlərinin imzası içərisində görsün. Bu imzanı atan Məmməd Əmin Rəsulzadə oldu. Azərbaycan adlı dövlətin dünya dövlətlər sisteminə qovuşması, nəinki Şərqdə ilk demokratik dövləti yaratmış olması, eyni zamanda Qərb diplomatlarının etiraf etdiyi kimi Avropaya nümunə ola biləcək bir demokratik cümhuriyyəti tarixə verdiyinə görə bütün millətimiz Rəsulzadəyə minnətdar olmalıdı”.

Cəmil Həsənli hesab edir ki, iki il ömrü olan cümhuriyyət xalqın yaddaşına elə hopub ki, onu oradan silmək mümkün deyil. 

Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan Məmməd Əmin Rəsulzadə 127 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
---------------------
qaynaq - azadliq.org

Hiç yorum yok:

Yorum Gönder