2011-01-31

Rəsulzadə Türkiyə dövlətindən tapançanı nəyə görə istəyib?

30.01.2011
Səbahddin Şimşir Balıkəsir Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölümündə çalışır. Türkiyədə Azərbaycan mühacirətinin araşdırıcılarındandır. “Azerbaycanlıların Türkiyedəki Hayati Faaliyyətləri”, “AzerbaycanlılarınTürkiyedeki Siyasi ve Kültürel Faaliyetleri”, “Azerbaycanın İstiqlal Mücadilesi”, “M.E.Resulzadenin Türkiyedeki Hayati Faaliyetleri” kitabını yazıb. Elə bu üzdən Rəsulzadənin növbəti doğum günü ərəfəsində Türkiyəyə - Səbahəddin Şimşirə telefon açdıq:


- Səbahəddin bəy, xoş gördük sizi. Çoxdandır sizinlə görüşmək arzusundaydım. Axır ki, fürsət düşdü...

- O bizdən qaynaqlanır. Biz Bakıya gələndə sizi aramamışıq.

- Belə çıxır Bakıda çox olmusunuz?

- Bakıda azı 15-20 dəfə olmuşam.

- Onda suç sizdə deyil...

- Yox, yarısı da bizdədir...

BİR İŞ GÖRÜB İZ BURAXMAQ İSTƏDİM...

- Səbahəddin bəy, M.Ə. Rəsulzadə barədə araşdırmalarınız nə zamandan başlayıb? 

- 1991-ci ildən. Sizlər azad olanda Türkiyədə o sahəni araşdırmağa başladım. 20 il oldu.

- Əslində soruşmaq istəyirdim ki, bu araşdırmalara başlamaq hansı istəkdən doğdu?

- Türk dünyasına, özəlliklə Azərbaycana Türkiyədə ilgi çoxdur. Bir tərəfdən Qarabağ, bir tərəfdən 20 Yanvar olayları məndə bir iş görüb iz buraxmaq istəyi oyatdı. Ustadımın da köməkyi ilə o sahədə çalışmağa başladıq.

USTADIM İSMAYIL AKA DEDİ Kİ...

- Üzr istəyirəm, ustadınız kim idi?
- Ustadım o zaman Ege Universitetində İsmayıl Aka deyilən bir şəxs idi. O şəxs Güney Azərbaycanla bağlı araşdırmalar aparmış, Teymurilər dövlətinin tarixini yazmışdı. O mənə dedi ki, sən də Azərbaycanla, Rəsulzadə ilə bağlı araşdırmalara başlasan, yaxşı olar. Beləcə başladım.

ƏMİN BƏYİ ŞƏXSƏN TANIYANLARLA GÖRÜŞDÜM

- Kimlərlə görüşdünüz o dövrdə? Əmin bəyi tanıyan adamlardan kim qalmışdı?

- Qalmışdı, qalmışdı! Məsələn, rəhmətlik Məhəmməd Kəngərli bəy vardı Ankarada. Əhməd Qaraca bəy vardı - onlar Rəsulzadəni yaxşı tanıyırdılar. Müjgan Cümhur xanım əfəndi vardı – o, 1950-ci illərdə Rəsulzadə ilə eyni otaqda işləmişdi, balaca bir qızmış. Belə insanlar mənə Rəsulzadədən danışdılar. Aytən xanım əfəndi vardı, rəhmətə getdi, o mənə Rəsulzadənin öz əliylə yazdığı məktubları, qol çəkdiyi kağızları verdi.

- Araşdırmalarınız nə vaxt kitab şəklində çıxdı? 

- Kitab 1995-ci ildə Ankarada çıxdı. “Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki fəaliyyətləri, düşüncələri” adı ilə. O kitab, allah qoysa, bu ilin sonlarına yenidən çap olunacaq.

KİTAB 3-4 AYDA SATILIB QURTARDI

- Kitab Türkiyədə necə qarşılandı? Hansı kəsimlər kitaba maraq göstərdilər?

- Kitaba daha çox gənclər, Azərbaycanı sevənlər yaxşı yanaşdılar. Kitab 3-4 ayda satılıb qurtardı. Ondan sonra mənim digər kitablarım meydana çıxdı və təkrar çap etdirə bilmədik. Amma dediyim kimi, inşallah, 2011-ci ildə yeni bir çapı olacaq.

- Bəs Azərbaycanda bu kitabın varlığından kimlər xəbər tutdu?

- Tarixçilər, ədəbiyyatçılar, türkoloqlar. Vaqif Sultanlı, Əli Şamil bilir, parlamentdəkilərin xəbəri var. Mən özüm hər dəfə Bakıya gələndə, 15-20 kitab gətirirdim.

- Əmin bəyin ömrünün Azərbaycandan kənar keçən illəri, o cümlədən həyatının son dönəmi bizi çox maraqlandırır...

- Bilirəm, bilirəm…O kitabın Bakıda çıxması gərəkdir.

- Nələr üzə çıxardınız?Əmin bəy Türkiyədə necə yaşayıb - zəngin, yoxsa sadə, bəlkə çətinliklərlə? Onun barəsində hər şeyi bilmək bizim haqqımızdır…
ƏMİN BƏY TÜRKİYƏDƏ SIXINTILI YAŞAYIB…

- Əmin bəy Türkiyədə sadə yaşamışdı. Zatən Əmin bəyin Türkiyədəki həyatını iki hissəyə bölmək lazımdır. Birincisi, 30-cu illərə qədər olan həyatı. İkincisi, 1947-ci ildən ölümünə qədərki həyatı. Birinci dönəmdəki həyatı - 1922-ci ilin sonlarından 1930-cu ilə qədərki dövr - Türkiyədəki azərbaycanlıları bir araya gətirmək, onlarla birlikdə Azərbaycanın istiqlal davasını yaşatmaq amacını hədəfləyib. Dolayısı ilə bu dönəmdə pulu da olmayıb, sıxıntı ilə yaşayıb. Ona görə də bu dönəm çox qarışıq keçib. 1947-ci ildən sonra isə Ankaradakı Türkiyə Milli Kitabxanasında çalışıb. Orada balaca bir evdə, ailə qurduğu Leyla xanımla yaşayıb. Sadə vətəndaşdan bir fərqi yox idi. Dövlət adamı kimi deyil, adi adam kimi yaşayıb.

- Dediniz ki, onu tanıyanlarla görüşdüm. Nələr danışırdılar?

- Onlar Əmin bəyin yaxşı, dürüst, xoş, yardımsevər, ağıllı bir adam olduğunu həmişə söylərdilər. Onun Azərbaycan davası üçün hər şeyini fəda etməyə hazır olduğunu, bütün ömrünü bu işə verdiyini, bundan danışdığını ifadə edərdilər. Bundan dolayı da onun haqqında söylənilənlər daha çox Azərbaycan istiqlalı üçün verdiyi mücadilənin gündəlik həyatdakı yansıması - əksi şəklində ifadə edilə bilər.

BİLMƏDİYİMİZ ŞEY QALMAYIB

- Əmin bəylə bağlı bizləri heyrətləndirəcəyiniz hər hansı yeni bilgi var?

- Düzünü deyim ki, son 10-15 ildir yapılan kitablar, yazılan məqalələr, konfransdakı çıxışlardan sonra Əmin bəylə bağlı bilmədiyimiz bir şey qalmayıb. Onun hər yönünü - ailəvi, əxlaqi özəlliklərini, türk dünyasına və Azərbaycan istiqlalına baxışını, Türkiyədəki və dünyadakı azərbaycanlılara necə yanaşdığını bilirik. Bundan başqa o şəxsiyyətin yazdığı kitablar əlimizdədir. Avropadakı və Türkiyədəki dərgilərdə çıxan məqalələri əlimizdədir. Rəsulzadəşünaslar bunları bilirlər. Amma bilinməsi gərəkən ən önəmli şey Rəsulzadənin ömrünün son anına qədər Azərbaycanın təkrar istiqlalını qazanacağı yönündəki ümidini heç itirməməsi olmuşdur.

ƏMİN BƏY TÜRKİYƏ DÖVLƏTİNDƏN TAPANÇA İSTƏYİB?

- Bizə onun Ankarada yaşadığı evin yandığı, bəlkə də yandırıldığı ilə bağlı xəbərlər də gəlib çatıb. Nə dərəcədə doğrudur bunlar?

- Yox. 1947-cu ildən sonra zatən yaşadığı yer bir binanın birinci mərtəbəsi olub. O mərtəbənin üzərində başqa adamlar da yaşadığından, belə bir şey Türkiyədəki kitablarda, yazılarda əks olunmayıb. Amma 1922-30-cu illər arası həyatı, dediyim kimi, böyük sıxıntı içərisində keçib. Yalnız maddi deyil, mənəvi sıxıntılarla da keçən bu dönəm barədə bir məqalə də yazmışam. Əmin bəy küçədə gedərkən izləndiyini və həyatına təhlükə yarandığını hiss etdiyi üçün Türkiyə dövlətinə müraciət edərək ona bir tapança verilməsini istəyib. Mən o sənədi tapıb məqaləmdə göstərdim. Dövlətimiz də ona tapança daşımaq icazəsini verib. Bu fakt göstərir ki, Rəsulzadənin 1922-30-cu illər arası həyatı çətinliklərlə dolu olub və o, bu çətinlikləri azaltmaq üçün, imkanı daxilində, mücadilə edib. Amma evinin yandırılması kimi bir məlumat bizim Türkiyədəki araşdırmamızda yer almayıb.

- Bəs həyatının son dönəmi necə keçib? 

- 1947-49-cu illər arasında Ankaradakı Milli Kitabxananın rusca əsərlərinin təftişi ilə məşğul olub. Bu dönəmdə “Nizami” adlı 400 səhifəlik kitabını çap etdirib. 1949-cu ildə Azərbaycan Kültür Dərnəyini qurub və başqanlığını yapıb. “Azərbaycan” adlı dərginin çıxarılmasına nail olub. Bu dərgi Ankarada Azərbaycan Kültür Dərnəyi tərəfindən hələ də yayımlanır. Dərginin son saylarında daha çox Azərbaycanla Türkiyə arasındakı mədəni münasibətlərə yer ayrılır və Azərbaycanın istiqlal savaşını ifadə edən yazılara təsadüf edilmir.

ƏMİN BƏY YETƏRİNCƏ ANILMIR...

- Səbahəddin bəy, müstəqil Azərbaycanda Əmin bəyə olan münasibət sizi qane edirmi? Cümhuriyyətin qurucusu, sizcə necə anılmalı, necə yad edilməlidir?


- Mən indi Azərbaycanda Əmin bəyin yetərincə anıldığı qənaətində deyiləm. Bu da normaldır. Çünki yeni bir dövlətdən, yeni bir sistemdən söhbət gedir. Bu yeni sistemin içində dünyayla barışma, rus basqısından qurtulma mücadiləsi olduğu üçün Rəsulzadənin keçmişə dönük millliyyətçi və ya türkçü yanaşma tərzinin yer almaması normal qarşılanmalıdır. Amma təbii ki, Rəsulzadəni yadırğamaq olmaz və onunla bağlı bir araşdırma mərkəzi yaradıla bilər.

Rəsulzadənin çıxardığı dərgilər, kitablar, qəzetlər orada toplana bilər. Rəsulzadənin şəkilləri toplana bilər. Rəsulzadə muzeyi yaradıla bilər. Bunlar olsa, mən inanıram ki, siyasi qorxu və əndişələrə gərək qalmadan da Rəsulzadə sadə vətəndaşdan bir az fərqli, dövlətçiliyə xidmət etmiş biri olaraq anılacaqdır. Mən belə düşünürəm.

İLK KİTABI “AZƏRBAYCAN” OLUB, SON SÖZÜ DƏ…


- Bəlkə təkrara yol verirəm, amma yenə soruşmağa ehtiyac var: Rəsulzadə ilə bir yerdə çalışanlar onun son anlarını necə xatırlayırdılar? Bizə çatan bilgiyə görə, o üç dəfə “Azərbaycan”- deyərək gözlərini yumub… 
- Mən onu əvvəlcə də dedim - Rəsulzadənin ömrü yalnız və yalnız Azərbaycana həsr edilib. Yəni Azərbaycanda olanda da, Cümhuriyyətin yaranması, ruslar tərəfindən devrilməsi də daxil olmaqla, Rəsulzadənin ürəyi həmişə Azərbaycan üçün döyünüb. Zatən diqqət etsəniz, Türkiyəyə gələndə yazdığı ilk kitab da “Azərbaycan Cümhuriyyəti: Keyfiyyəti, təşəkkülü, indiki vəziyyəti”dir. Yəni eynən bizim Atatürkümüzün 1927-ci ildə “Nitq” deyə ifadə etdiyi əsəri kimi, Rəsulzadə də cəmi 2 il yaşamış Cümhuriyyəti anlatmağa çalışıb. Və bundan sonrakı həyatında da Azərbaycanın istiqlalı üçün, buranın öz müstəqilliyinə təkrar qovuşması üçün mücadilə aparıb.

EY GƏNCLİK!

- Son sual: Səbahəddin bəy, Rəsulzadənin ilk araşdırıcısı olaraq indiki Azərbaycan gəncliyinə hansı mesajları çatdırmaq istərdiniz?
- İndiki Azərbaycan gəncliyindən öz tarixini yaxşı bilməsini, Rusiyanın Quzey Qafqazdan Güney Azərbaycana qədər yapdıqlarını unutmamasını, xanlıqlar dövrü də daxil, oralara hansı şərtlərlə gəldiklərini və tarixin yetişdirdiyi, Azərbaycan üçün canlarını fəda edən qəhrəmanları yaddan çıxarmamasını umuram. Bunu yerinə yetirsələr, heç bir problem qalmayacaq.

MAYDA BAKIDA GÖRÜŞƏNƏDƏK!

- Səbahəddin bəy, təşəkkürlərimizi qəbul edin. Həm 20 il öncə bu araşdırmalara başladığınız üçün, həm yazdığınız kitab üçün, həm də bizə verdiyiniz müsahibəyə görə. Kitabın təkrar çapını gözləyirik.


- İnşallah. Bir də, mayda təkrar Bakıya gəlmək istəyirəm.

- Onda sizə “Bakıda-AzadlıqRadiosunun Bakı bürosunda görüşənədək”-deyirəm.

- Mütləq!..

---------------------
qaynaq - azadliq.org

Hiç yorum yok:

Yorum Gönder