2011-03-07

“Azərbaycan qurtuluş davasının bayrağı”


«Davamız üç kişinin aparacağı qısır bir dava deyildir. O, nəsildən-nəslə dövr edən bir davadır» (M.Ə.Rəsulzadə)

Martın 6-da Azərbaycanın milli lideri Məhəmməd Əmin Rəsulzadənin vəfatının 56-cı ildönümüdür. Bu münasibətlə hazırladığımız səhifədə öndərin həyatının son anları və ölümü ilə bağlı bəzi qeydlər yer alır. Eləcə də oxuculara M.Ə.Rəsulzadənin vəfatı ilə əlaqədar o zamankı mətbuatda dərc edilən xəbərlər, müxtəlif ünvanlardan daxil olmuş məktub və teleqramlardan nümunələr də (cüzi redaktə və ixtisarla) təqdim olunur. Səhifə tarix elmləri namizədi Nəsiman Yaqublunun “Məmməd Əmin Rəsulzadə” adlı kitabının (Bakı, 1991) materialları əsasında hazırlanıb.

Ömrün 70-ci ilində
“Hörmətli Məmməd Əmin Rəsulzadə!
Əziz və möhtərəm ustadımız!
Argentinadakı “Qafqasiya birliyi”nə mənsub azərbaycanlılar 70-ci doğum ildönümünüz münasibəti ilə sizə səmimi təbriklərini göndərərkən bütün həyatınız boyunca istiqlal uğrunda çalışdığınız əziz vətənimiz Azərbaycana tezliklə qovuşmağınızı candan təmənna edər və sizə uzun ömürlər, səadətlər dilərlər.
Dünyanın ən gözəl ölkələrindən biri olan Azərbaycanın 28 may 1918-ci ildə olduğu kimi təkrara azərbaycanlılara aid olduğunu bir daha elan etmənizi görmək istərik...".
Bu sətirlər 1954-cü ilin yanvarında uzaq Argentinadakı azərbaycanlılar adından M.Ə.Rəsulzadəyə göndərilən təbrik məktubundandır... O zaman 70 yaşı tamam olurdu. Bu münasibətlə ona saysız-hesabsız teleqram gəlir, məktublar yazılırdı. Hamı onu ürəkdən təbrik edir, uzun ömür arzulayırdı. Ömrünün sona yaxınlaşdığını isə heç kəs ağlına belə gətirmir, bəlkə də bununla barışmaq istəmirdilər... Axı, o, bütün dünyaya səpələnmiş azəri mühacirlərinin “ümid günəşiydi”; “qəlblərdə ümidsizlik yaşatmayan” öndər idi! Axı, Vətənə həsrət soydaşlarımız M.Ə.Rəsulzadənin “Azərbaycanın 28 may 1918-ci ildə olduğu kimi təkrara azərbaycanlılara aid olduğunu bir daha elan etməsini görmək” ümidiylə yaşayır, həmin günün uzaqda olmadığına çox inanırdılar...
Sonuncu Novruz bayramı
Novruz bayramını çox sevirdi. Novruz bayramı yaddaşında belə qalmışdı onun: “Bu bayramda hər şey yenilənir, uşaqlara mütləq yeni pal-paltar geydirilir; uşaqlarını sevindirmək üçün ən kasıb ailələr belə bütün imkanlarını sərf edərlər. Türkiyədəki şəkər bayramı kimi Azərbaycandakı Novruz bayramı da üç gün davam edər...”.
Novruz bayramını otuz üç il idi ki, qürbət ellərdə keçirirdi. Novruz bayramında həmişə bir xoş hadisəni xatırlardı: 1919-cu ilin Novruz bayramını. O zaman Azərbaycan azad idi. Həyatında, güzəranında milli - azəri türkü ruhunu yaşadan xalq Novruz bayramını hər cür qadağalardan, qorxu-hürküdən uzaq bir bayram kimi qeyd edirdi.
O xoşbəxt günü indi ömrünün yetmişinci ilində ürək ağrısı ilə belə xatırlayırdı: “Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olaraq rəsmən qeyd olunurdu. O gün bütün millətlə bərabər dövlət müəssisələri də çalışmazdı. Hökumətcə mərasim yapılaraq ordunun keçid rəsmi icra olunurdu...”.
Ankara. 1954-cü il, 21 mart. Azərbaycan Kültür Dərnəyi Novruz bayramı münasibətilə Dərnək binasında toplantı keçirir. Açılış mərasimindən sonra söz Dərnəyin fəxri sədri M.Ə.Rəsulzadəyə verilir. Bu, onun sonuncu Novruz bayramıdır. O, bir daha bu sevimli bayramın havasını udmayacaq. Hələlik hər şeydən xəbərsiz və amansız əcəldən uzaqda dayanıb Novruz bayramından, doğma vətəni Azərbaycanda necə keçirilməyindən danışır...
Sonuncu 28 May bayramı
Ankara. 1954-cü il, 28 may. Azərbaycan Kültür Dərnəyində bu dəfə Azərbaycan istiqlalının otuz altıncı ildönümü qeyd edilir. Yenə açılış mərasimindən sonra söz ona verilir. Düz otuz altı il idi ki, o, harda olursa-olsun bu günü yad edir, toplantı keçirib həmvətənlərini başına yığır, 28 mayın istiqlaliyyət günü olduğunu danışır. Otuz altı il əvvəl olmuşdu bu hadisə... O adamlar da həyatda yox idi, hamısı köçüb getmişdi. Çoxunu isə qətlə yetirmişdilər. Sağ qalan o idi yalnız. Və o vaxtdan bəri mərhum dostlarının, azad Azərbaycanı quranların ruhunu şad etməkdən ötrü həmişə bu bayramı keçirirdi. Onların adını yad edir, gənclərə xatırladırdı.
Bu isə onun sonuncu 28 may bayramıdır. Yenə hamını sehrləyən sözləri eşidilirdi: “28 may 1918-ci il milli Azərbaycan hərəkatının ən böyük günüdür. Bundan 36 il əvvəl Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu; bu tarixdə türk və müsəlman aləmində ilk dəfə milli xalq hakimiyyətinə dayanan bir cümhuriyyət qurulmuşdur. Yüz il əvvəl ayrı-ayrı 9 xanlıq halında çarlığın hakimiyyəti altına düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya imperatorluğunun zülmü altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı...”.
28 may bayramında xalqın həm vətənpərvər oğullarını, həm də xəyanətkar adamlarını gənclərə tanıdardı: “Adları və xatirələri hamımıza əziz olan Fətəli xan, Nəsib bəy, Həsən bəy, Səməd Paşa, Əbuzər bəy, Məmməd Bağır bəy, Müseyib, Murtuza bəy, Rəhim bəy və sairə kimiləri ilə bərabər, düşmən tərəfinə keçmiş və milli iradəyə xəyanət etmiş Qarayevlər, Qarabəyovlar kimi bədxahlar da parlamentdə üzv olmuşlardır... Bunu bilməliyik ki, davamız üç kişinin aparacağı qısır bir dava deyildir. O, nəsildən-nəslə dövr edən bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal və fikir birliyi ilə bir-birinə sıx bağlayan bir davadır”.
...Bu sonuncu istiqlaliyyət bayramıdır ki, təntənə ilə yola salır. Bir daha 28 mayın xoşbəxt çöhrəsini Kültür Dərnəyinə gəlib yad etməyəcək.
Daha qocalıq öz işini görmüşdü. Əvvəlki qaynarlığı, coşğunluğu indi azalmış, hərəkətləri ağırlaşmışdı. Çoxdan əzab çəkdiyi şəkər xəstəliyi də onu haldan salırdı. Amma içərisindəki “Azərbaycan davası” ehtirası sönməmişdi...
1955-ci il, 6 mart. Ankara Universitetinin xəstəxanası. Otağa çoxlu adam toplaşıb. Hamı həyəcan içində dayanıb ölüm yatağına düşmüş xəstəyə baxır. Xəstə ölümün addım səslərini getdikcə yaxından eşidir və ən böyük arzusunu qəlbinin hələ sönməmiş hərarətiylə doğma yurduna - vətəni Azərbaycana göndərirdi; son ümidi azəri gənci idi. Əmin idi ki, gənclik yenə ayağa qalxacaq, üstündəki qorxu kölgəsini kənar edəcək, xalqın istiqlaliyyəti uğrunda dönməz olacaqdır!
...Saat 22.45. Onun sonadək Azərbaycan istiqlaliyyəti uğrunda döyünən ürəyi həmişəlik dayanır. Sabahı gün Ankara radiosu M.Ə.Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yayır.
1955-ci il, 8 mart. Ankaranın Hacı Bayram camisi. Dostları onun tabutu başında fəxri qarovulda dayanıblar.
Saat 12.30-da cənazəni götürüb Əsri qəbiristanlığına aparırlar. Tabut Ankara Ədliyyə sarayına qədər əllər üstündə daşınaraq burada maşına qoyulur. Sonra Əsri məzarıstanlığına gətirilir. Dəfn mərasimi başlanır. Heç kəs göz yaşına hakim ola bilmir... Məzarı başında ilk sözü məsləkdaşı Əbdülvahab Yurdsevər söyləyir: “...Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur... Torpağa verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük ruhudur...”.
Sonra digər dostları, yaxınları çıxış edirlər: “Cənabi haqq onu rəhmətlərinə qərq etsin və bizlərə də ona layiq olmağa nəsib etsin!” (Əhməd Cəfəroğlu); “Sənin böyük ruhun qarşısında əyilərək bütün qüvvət, qüdrət və səmimiyyətimizlə sənin göstərmiş olduğun yoldan ayrılmadan yüyürəcəyimizə söz veririk...” (Tahir Çağatay).
Bu çıxışlar həmin gün axşamüstü Azərbaycan Kültür Dərnəyində davam etdirilir. Burada M.Ə.Rəsulzadənin xatirəsinə ilk matəm yığıncağı keçirilir.
***
Bəli, M.Ə.Rəsulzadə həyatının sonunadək “Azərbaycan davasını” apardı və son sözü də “Azərbaycan” oldu. Ömrünün son aylarında belə fəryad qopararaq, azəri türklərini mübarizəni davam etdirməyə çağırdı.
Bəli, 1955-ci ilin yanvar-fevral aylarında Almaniyanın “Qurtuluş” radiosu M.Ə.Rəsulzadənin məqalələri vasitəsilə öndərin Azərbaycan xalqına son sözlərini çatdıracaqmış: “...Dünyadakı bütün azad insanlar və millətlərlə bərabər haqq və səlahiyyətə sahib olmaqdan siz qətiyyən məyus olmayın. Azadlıq və insanlıq haqları bütün dünyada qalib olacaq və o zaman siz də 1918-ci ildə olduğu kimi, yenidən azad olacaqsınız. O gün uzaq deyildir!”.
Xalqını həmin günə qovuşduracaq qüvvəni isə dediyimiz kimi, M.Ə.Rəsulzadə məhz azəri gəncliyində görürdü... Həqiqətən də o gün indidir. Gənclik ayaq üstədir. Bu günün gəncliyi Cabbar Savalanlının timsalında meydana atılır. Həmin gənclik ki, hakimiyyət onu məhz xalqının azadlığı yolundan döndərmək üçün ən şərəfsiz üsullarla ləkələyir, təqib edir, həbsə atır... Ancaq yeniləri meydana çıxır və yenə də çıxacaq... Və əlbəttə ki, “nəsildən-nəslə dövr edən bir dava” bir gün zəfərlə başa vurulacaqdır...
Əlbəttə, azəri türklərinin azad və xoşbəxt olacağı o gün - ustadımız M.Ə.Rəsulzadənin də ruhunun rahatlıq tapacağı gün olacaqdır. “Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük ruhu” kimi bir gün Ankaradakı məzarı da Vətənə dönəcək ki, bunu hələ 56 il öncə, M.Ə.Rəsulzadənin ölümü ilə əlaqədar “Batan günəş” adlı şeirində Kərim Yaycılı da qələmə almışdır:
...Sar köksünə Ankara, yurdumun ziynətini,
Günü gəlincə istər səndən əmanətini,
Şükranını sınarkən bir gün hörmətlə sənə,
O sümüklər gedəcək! Gedəcək o vətənə,
Saxla qoynunda onu, vermə özgəyə, ələ,
Bir hədiyyən olacaq yurdumdakı heykələ!
Hazırladı: Şövkət Məmmədov
M.Ə.Rəsulzadənin vəfatı münasibətilə matəm xəbərləri, məktublar və teleqramlar... (mart, 1955-ci il)
Sovet əsarətindəki türk ellərinin qurtuluş hərəkatı liderlərindən sabit Azərbaycan Milli Şurası və Azərbaycan istiqlal davasının aləmdarı Müsavat partiyasının rəisi M.Ə.Rəsulzadənin vəfatı dərin bir təəssüf doğurmuşdur.
“Dünya” qəzeti, Ankara
***
O, Azərbaycan qurtuluş davasının bayrağı idi. O bayraq bütün türklüyün qəlbində dalğalanacaqdır. Türk tarixinin böyüklər səhifəsində yerini alan M.Ə.Rəsulzadə əbədiyyən yaşayacaqdır.
“Birlik” qəzeti, Qars
***
Türk aləminin böyük simalarından biri, yetmiş bir illik həyatının böyük qismini siyasi mübarizədə keçirmiş olan qəzetçi, mühərrir, ədib, dövlət adamı, hürriyyət və istiqlal mücahidi qoca türk Azərbaycan istiqlalı uğrunda apardığı əlli illik mübarizənin meyvələrini görmədən köçüb getmişdir.
“Qars” qəzeti, Qars
***
Onun ölümü insanlıq üçün böyük faciə sayılmaqdadır. Bu münasibətlə mərhumun yaxın dostlarına başsağlığı verməklə bərabər, Rəsulzadənin kommunizmə qarşı açmış olduğu mərhəmətsiz hərbə davam edəcəklərinə ümid edirik.
“Aram” qəzeti, Tehran
***
M.Ə.Rəsulzadə sadəcə kommunist rejiminin mərhəmətsiz düşməni olmaqla qalmayıb, eyni zamanda iyirminci əsrin tanınmış ədib və bilicilərindən biri idi.
“Irani Ma” qəzeti, Tehran
***
Rəsulzadənin şəxsində biz azərilər ən böyük siyasət adamlarımızdan birini, istedadlı bir jurnalistimizi və atəşli hürriyyət mübarizimizi itirmiş oluruq. Bu, sadəcə bizim üzün deyil, eyni zamanda Kremlin məhkumu bütün millətlər və o cümlədən, Qafqasiya xalqları və xüsusilə Sovetlər Birliyində yaşayan bütün müsəlmanlar üçün böyük bir itkidir.
“Qurtuluş” radiosu, Münhen
***
Bütün azəri mühacirətinin hiss etdiyi böyük kədərə candan iştirak edirəm... Itkiniz nə qədər ağır olmuşsa da Məmməd Əmin bəyin uzun illər boyunca heç durmadan yürütdüyü milli davamızı davam etdirməliyik. Başınız sağ olsun!
Ceyhun Hacıbəyli, Paris
***
Böyük türklük aləminin milliyyətçi liderlərindən birini də möhtərəm Rəsulzadənin şəxsində itirmiş olmaqla kədərimiz sonsuzdur. Yolunu davam etdirməklə təsəlli tapa bilərik.
Doktor Həbib Əkinçi, Doktor Hüseyn Dağıstanlı, Ankara
***
Milli Polşa Emin bəyin şəxsində səmimi bir dostunu itirmişdir. Onunla böyük dostluğumuz müştərək “Prometey” fikrini qavrayış zəmini üzərində və “fərdlərə hürriyyət, millətlərə istiqlal uğrunda” yorulmadan aparılan mübarizə sahəsində yaranmış və davam etmişdi.
Setsel, Polşalıların “Prometey” klubunun sədri
***
M.Ə.Rəsulzadənin ölümü biz ukraynalıları son dərəcə pərişan etdi. Təəssüfümüz ona görə sonsuzdur ki, mərhum hər zaman Ukrayna millətinin böyük dostu olmuş və bizimlə daim yaxınlıq etmişdir.
Doktor V.Şandor, Pan-Amerikan Ukrayna konfransının direktoru
----------------------
qaynaq - azadliq.info

Hiç yorum yok:

Yorum Gönder