2011-05-20

RƏSULZADƏYƏ ÖGEY MÜNASİBƏT DAVAM EDİR

Qarşıdan 28 May Respublika Günü gəlir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq Azərbaycanda demokratik respublika Xalq Cümhuriyyəti elan edilib. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edib. Amma indiyədək cumhuriyyət banimizin Azərbaycanda və paytaxt Bakıda heykəli və büstü yoxdur. Bu mövzu zaman-zaman gündəmə gəlsə də hələ də Ulu Öndərə layiqli heykəl ucaldılmayıb.
Azərbaycan hakimiyyəti çox böyük qürur hissi ilə vurğulayır ki, “Eurovision-2011"dəki qələbədən sonra Azərbaycan bayrağı Avropada dalğalandı. Fəqət o bayrağı bayraq yapıb dalğalandıran kişinin öz ölkəsində bir büstü belə yoxdur.

Qeyd edək ki, Neftçilər prospektində, Kukla Teatrının binası qarşısında 2007-ci ilədək üzərində “Burada Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaq” yazılan lövhə var idi. Lakin hakimiyyət lövhəni sökərək, onun yerində fontan tikib. Bundan əlavə, neçə illərdir ki, BDU-nun həyətində də Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulacağı ilə bağlı lövhə var. Bu məsələnin Azərbaycanda reallaşmaması ölkəmiz adına böyük utanc kimi dəyərləndirilir. Hətta Bakıda Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin əzəmətli heykəli olduğu halda Rəsulzadənin heykəli yoxdur. Milli Məclisin deputatı, tarixçi alim, professor Musa Qasımlı hesab edir ki, Rəsulzadənin adı artıq əbədiləşib: “Azərbaycanda Xalq Cümhuriyyəti xadimlərinin xatirəsinə İstiqlal küçəsində abidə qoyulub. Novxanıda da Məhəmməd Əmin Rəsulzadənin əzəmətli abidəsi var. Onun adına Azərbaycanda qəsəbə də var. Məhəmməd Əmin Rəsulzadənin abidəsi Azərbaycanda var. ”Yoxdur" demək yanlışdır. Və hesab edirəm ki, onun adı əbədiləşdirilib".
M.Qasımlı bu məsələ ilə bağlı parlamentdə məsələ qaldırmaq niyyətində olmadığını dedi: “Fikrimcə, cümhuriyyət tarixinin öyrədilməsi ilə bağlı çox işlər həyata keçirilib. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cümhuriyyətin elan edilməsinin 80-ci ili ilə bağlı sənəd imzaladı. Həmin sənəddən sonra parlamentin stenoqramları və xarici siyasət sənədləri çap edildi və ciddi araşdırmalar aparıldı. Və nəhayət, prezident İlham Əliyevin sərəncamı ilə İstiqlal küçəsində cümhuriyyət qurucularına bir abidə qoyuldu. Hesab edirəm ki, bu məsələyə ayrı-ayrı şəxslərin kontekstindən yanaşmamalıyıq. Daha çox ümumi dövlət maraqları baxımından yanaşmalıyıq. Qətiyyən fərdiləşdirməməliyik. Və biz bütün cümhuriyyət xadimlərinə eyni münasibət bəsləməliyik. Birini ideallaşdırıb, digərinin fəaliyyətinə kölgə salmamalıyıq. Onların hamısına hörmət, ehtiramla yanaşmaq gərəkdir. Cümhuriyyət tarixi bizim tariximizin bir hissəsidir. Həmin xadimlərin həyatı, fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmalıdır. Düşünürəm ki, onların xatirəsinə Azərbaycanda çox dərin hörmət bəslənilir. Cümhuriyyətlə bağlı yubileylərimiz hər il keçirilir. Bir daha deyirəm, belə məsələlərə fərdi yanaşmanın əleyhinəyəm”.Tarixçi alim, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublunun fikrincə isə bu il keçiriləcək müstəqillik günü ilə bağlı Rəsulzadənin adı əbədiləşdirilməlidir: “Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur. Bu il Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edəcəyik. Heç olmasa bu il Rəsulzadənin adını əbədiləşdirmək lazımdır. Düzdü, müəyyən küçələr var ki, Rəsulzadənin adı verilib. Amma bununla kifayətlənmək olmaz. Yalnız onun heykəlləri qoyulmalı deyil; əsərləri çap edilməli, fəaliyyətinin öyrənilməsi üçün ayrıca mərkəz formalaşdırılmalıdır. Həmin mərkəzin yaradılması üçün də dövlət dəstəyi olmalıdır. Rəsulzadənin Almaniyadakı, Fransadakı, Polşadakı fəaliyyəti ciddi öyrənilməlidir. Çünki bu fəaliyyət Azərbaycanın müstəqilliyini əhatə edir. Eyni zamanda onun çoxsaylı əlyazmaları, əsərləri toplanıb sistemli şəkildə çap edilməlidir, haqqında filmlər çəkilməlidir. Bunların heç birinə hələ ki Azərbaycanda rast gəlinmir. Düşünürəm ki, Rəsulzadə ilə bağlı Azərbaycanda çox iş görülməlidir. Bu, Rəsulzadə ilə bağlı iş deyil, bu, Azərbaycanın müstəqilliyi, tarixi ilə bağlıdır. Çünki Məhəmməd Əmin Rəsulzadə deyəndə birinci növbədə Azərbaycanın azadlığı, müstəqilliyi yada düşür. Ona görə də Rəsulzadə ilə bağlı bir iş görülür deyiləndə onu bir şəxs olaraq qəbul etmək lazım deyil. Bütövlükdə Azərbaycanın istiqlal tarixi olaraq qəbul etmək lazımdır. Bu səbəbdən də görüləsi işlər çoxdur”

Zülfiyyə SAKİTQIZI
----------------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder