2011-01-12

Azərbaycanın böyük günlərindən biri


Şirməmməd HÜSEYNOV  
08.01.2011

Həqiqi məhəbbət və sevinc həyatın və ömrün əbədi mayası, yaşamağın mənasıdır. Milli məhəbbət və ümumxalq sevinci yetginliyin, cəsarət və fədakarlığın rəmzi, əlamətidir. Tarixi gerçəklikdir ki, Rusiyada olduğu kimi, bizdə də əsrlərcə siyasi bayramlarımız olmamışdır. Halbuki milli siyasi bayramları olmayan xalqları əbədi yaşamağa qadir, dünyanın qabaqcıl toplumlarının layiqli üzvü saymırlar. Bizdə hakimiyyətdə olanları mədh etmək, fəaliyyətini şişirtmək, pərəstişkarlıq hissi yaratmaq, iqtidardan gedəndən sonra isə hətta istedadlı, namus və qeyrətli siyasət və dövlət adamlarına belə qarayaxmaq adəti mövcuddur.
Qısası, faciəli günlərimiz çox, sevincli milli bayram günlərimiz azdır. Bu nisbətin dəyişməsi perspektivi də hələlik görünmür. Odur ki, heç olmazsa ata-babalarımızın, istiqlal mücahidlərimizin yaşadıqları tarixi sevinc günlərini yada salaq. Belə istiqlal bayramı günlərindən biri 1920-ci il yanvarın 12 –14-də bütün Azərbaycanın qeyd etdiyi dünyaca tanınmaq günüdür.
AZAD AZƏRBAYCAN VƏTƏNDAŞLARI, GÖZLƏRİNİZ AYDIN!
1920-ci il yanvarın 14-də Ü.Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzetində dərc olunmuş xalqa müraciət belə adlanırdı.
1920-ci il yanvarın 12-də Bakıya Tiflisdən teleqrafla belə bir şad xəbər gəldi: “Lord Kerzon müttəfiqlər Şurayi –Alisinə Azərbaycan ilə Gürcüstan istiqlallarını felən qəbul və təsdiqini təklif eləmiş, Şura əzası (üzvləri) dəxi vaqe olan təklifi ittihadi-ara (yekdilliklə) qəbul eləmişdir”.
 Yanvarın 13-də “Azərbaycan” qəzeti “Azərbaycan ilə Gürcüstanın təsdiqi” sərlövhəsi ilə bu xəbəri elan etdi. Qəzetin həmin nömrəsində oxuyuruq: “Çərşənbə günü yanvarın 13-ü Bakıda ən adi və təbii, həm də təbii olduğu qədər saf və səmimi bir bayram kimi keçdi. Hələ gecə yarısı “Azərbaycan” qəzetləri (Azərbaycan və rus dillərindəki qəzetlər nəzərdə tutulurdu –Ş.H.) mətbəədən çıxar –çıxmaz Antanta tərəfindən Azərbaycan istiqlalının təsdiq edilməsi xəbəri ildırım sürətilə bütün şəhərə yayılmışdı”.
Yanvarın 14-də Bakı və bütün Azərbaycan milli müstəqillik və istiqlalın 19 aylıq imtahan dövründən müzəffər çıxaraq dünyanın aparıcı iri dövlətləri tərəfindən tanınmasını böyük sevinc və ruh yüksəkliyi ilə bayram etdi. Müstəqil cümhuriyyətin istiqlalçı qəzetlərinin bayram nömrələri buraxıldı: “Azərbaycanın böyük günü”, “Gözlərimiz aydın!”, “İstiqlal bayramı”, “Azad Azərbaycanın vətəndaşları, gözləriniz aydın” başlıqları ilə çıxmış yazıları indi də həyəcansız oxumaq olmur.
Azərbaycan istiqlalının dünyaca tanınması münasibətilə cümhuriyyət hökuməti yanvarın 14-nü rəsmi bayram günü elan etdi. Teleqraf və telefonla Azərbaycanın şəhər və qəzalarına əvvəlcədən bu barədə rəsmi xəbər verilmişdi. Paris sülh konfransı Ali Şurasının qərarı ilə əlaqədar cümhuriyyətin paytaxtı Bakıda mitinq və nümayişlər, Azərbaycan ordusunun hərbi paradı oldu. Saat 12-də parlamentin təntənəli iclası açıldı. Millət vəkilləri ilə yanaşı bütün hökumət üzvləri, İngiltərə, Gürcüstan, Estoniya və Polşa diplomatik nümayəndələri də iclasda iştirak edirdilər.
Parlamentin iclasında sədrlik edən Həsənbəy Ağayev müstəqilliyin tanınması ilə bağlı Gürcüstan Müəssislər Məclisinin, Ermənistan hökumətinin, Gürcüstan Müsəlman Milli Şurasının, Qafqazda Alman Mərkəzi Şurasının, Azərbaycanda yaşayan polyakların, Norveç konsulunun, Azərbaycanda yaşayan Krım tatarlarının və başqalarının göndərdikləri təbrik teleqramlarını oxudu. Təntənəli iclasda milli istiqlal hərəkatının tanınmış öndəri, ilk cümhurbaşqanı M.Ə.Rəsulzadə, A.B.Səfikürdski, S. Ağamalı oğlu, M.A.Quxman, S.A.Vensoviç, A.D.Malxazyan, V.A.Bakradze təbrik nitqi söylədilər. “Azərbaycan” qəzetində Zaqafqaziyada bulunan Amerika fövqəladə komissarı miralay Haskelin təbrik teleqramı da dərc olunmuşdu.
91 il bundan əvvəlin böyük yanvar sevincini anarkən Versal (Paris) sülh konfransında iştirak edən başda Ə.Topçubaşov olmaqla Azərbaycan nümayəndə heyətinin böyük zəhmət və fədakarlığını qeyd etməyə bilmərik. Azərbaycanın siyasi istiqlalının dünyaca tanınmasına nail olanların xatirəsini yad edir və əmin olmaq istəyirik ki, bu tarixi gün müstəqil Azərbaycanın təqvimində layiqli yer tutacaq.

--------------------
qaynaq - 525.az

Hiç yorum yok:

Yorum Gönder