2011-01-05

Rəsulzadə və azərbaycançılıq


«Azərbaycanın mübarizəsini bir an da dayanmadan bütün dünyaya çatdırmaq ehtiyacındayıq»
Hələ Azərbaycan Xalq Cümhuriyyəti qurulmazdan xeyli əvvəl məfkurə ustadımız Məhəmməd Əmin Rəsulzadə çalışdığı mətbu orqanlarda Azərbaycan və azərbaycançılıq qayəsini yayır, Vətənini həm xalqa, həm də dünyaya tanıtdırırdı. Bu, o zamanlar idi ki, hətta xalqın özünə milli kimliyini, dünyaya isə Azərbaycan adlı məmləkətin mövcudluğunu isbat etmək gərək idi... 

1911-ci ildə Istanbulda “Türk yurdu” jurnalında dərc etdirdiyi “Iran türkləri” adlı silsilə məqalələrində M.Ə.Rəsulzadə Türkiyədə ilk dəfə olaraq Irandakı azəri türkləri haqqında geniş bilgi verir. Burada azəri türklərinin yaxın keçmişi, ictimai-siyasi və iqtisadi durumu, mədəniyyəti və ədəbiyyatından təbii bir şəkildə bəhs olunur. M.Ə.Rəsulzadə bu məqalələri 1908-1910-cu illərdə Iranda iştirakçısı olduğu hadisələr, müşahidə və təəssüratları əsasında qələmə almışdı. Ustad yazırdı ki, Iran türkləri və Iran türklüyü deyildiyi zaman xatirə Azərbaycan gəlir. Iran türkləri başlıca olaraq Azərbaycanda yaşayır. Iran Azərbaycanı Iranın şimalında yerləşir və Iranda mövcud səkkiz əyalətin ən mühümüdür. O zaman 10 milyonluq Iran əhalisinin azı 3 milyon nəfərinin türk olduğunu yazan M.Ə.Rəsulzadə, onların Iran həyatında çox fəal olduqlarını vurğulayır: “Beş yüz sənədən bəri Iranda hökmran olan padşahlar həp türk irqindən gəldilər... Iranda yaşayan türk qəbilələri (Şahsevən, Qaşqai, Tükmən...i.a.) Iran dövlətinin təbii əsgərləridir”. Nəsrəddin şah zamanında həqiqətən yalnız kağız üzərində mövcud olan yüz min nizam əskərindən 33 mini yalnız Azərbaycandan əxz ediliyor idi... Zabitlərin çoxu türkdür...".
Daha sonra ustad yazır ki, Azərbaycanın mərkəz vilayəti olan Təbriz Iranın ikinci paytaxtı kimi qəbul edilir və Tehrandan sonra şahlar məmləkətinin ən mühüm şəhəridir. “Təbriz Iran inqilabının atəşlər yağdıran bir mənbəyi idi. Azəri türklərindən təşəkkül edən hürriyyət mücahidləri bütün Iran zülmətpəsəndanına qarşı mərdanə köks gərmiş, dayanmışdır. Iranın ənvar və niyazisi Səttar Xan ilə Bağır Xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanlı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arasında ”övladi-qəyuri Azərbaycan" - deməyə təməyyüz etmələri pək haqlıdır"
M.Ə.Rəsulzadə 1910-cu ildə Iranda yaradılan Avropa tipli ilk iki partiyanın aparıcı qüvvələrinin də azəri türkləri olduğunu, hətta Iranda ilk modern qəzeti də azərbaycanlıların yaratdığını qürur hissilə qələmə alır. Lakin təəssüflə bir məsələni də vurğulayır: “...türk inqilabçıları, türk məbusları, türk əncümənləri dediyimizdə, bunların məhz türklük naminə hərəkət etdikləri düşünülməsin. Iran türk məşrutiyyətpərvərləri türklüklərini düşünmədilər, bütün fədakarlığı ancaq iranlılıq və vətənin müştərək naminə icra etmişlərdir”. O da diqqətə çatdırılır ki, azərbaycanlılar Iranın rəsmi məzhəbi olan şiəliyə tabedirlər. Şiəlik Iran türklərini o qədər farslaşdırmışdır ki, onlar özlərini türkləşmiş fars, yəni əslən iranlı kimi qəbul edirlər.
Qeyd etdik ki, “Iran türkləri”ni qələmə almaqda məqsəd Iranda tarixi torpaqlarında yaşayan azəri türklərini, buranın Azərbaycanın bir parçası olduğunu dünyaya tanıtmaq idi. Nə yazıq ki, o zamanlar təkcə Iranda yox, Qafqazda da azərilərin mövcudluğundan hətta qardaş Osmanlıda belə çox adam xəbərsizmiş". M.Ə.Rəsulzadə yazır ki, bir-iki il əvvəl istefada olan istanbullu bir paşaya özünü azərbaycanlı bir türk kimi təqdim edərkən, möhtərəm paşa həzrətləri: “Imperatorluq xaricində də əcəba türk varmıdır?” - deyə soraraq, onu çox təəccübləndirib...
Bunları oxuduqca, Azərbaycan Xalq Cümhuriyyətinin - indiki Azərbaycan Respublikasının doğrudan da yoxdan yarandığını, hər şeyin - türkçülüyün, azərbaycançılığın, cümhuriyyətçiliyin, dövlətçiliyin sıfır nöqtəsindən başlanaraq bugunümüzə gəldiyini və bütün bunların arxasında ilahi bir mücadilənin durduğunu heyrətlə düşünürsən. Axı o zaman milli özünütəsdiq məsələsi çar Rusiyasının işğalında olan Şimali Azərbaycanda da çox mürəkkəb idi.
M.Ə.Rəsulzadə 1914-1915- ci illərdə Bakıda “Dirilik” jurnalında dərc etdirdiyi “Milli dirilik” adlı digər silsilə məqalələrində yazır ki, nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məmləkətlər görmüş adamlarımızdan “hansı millətdənsiniz” - deyə soruşsanız, “müsəlmanam” - deyə cavab verər. Ustad daha sonra yazır: “Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsl milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman ”müsəlman" adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik".
M.Ə.Rəsulzadə qeyd edir ki, bütün bunlar özümüzü lazımi qədər tanımamaqdan irəli gəlir. Aramızda hələ bir çoxları var ki, türklüklərinə şübhə etmədədirlər. Türk gəncliyi dərk etməli və düşünməlidir ki, bu gün türk milləti böyük bir tarixə malik olduğu halda tarixsiz yaşayır. Türk tarixi tarixlərin ən az tədqiq olunmuşu, ən az öyrənilib yazılmışıdr. Tarix yazanlar isə türklərə məğlub olan millətlərdən olduqları üçün bu işə qərəzli yanaşmışlar.

Azərbaycan ideyası
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qurulur. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının iclasında M.Ə.Rəsulzadə alovlu nitqində deyir: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir... Iştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşkülliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.
Tədqiqatlara görə, bir sıra görkəmli inqilabçıların əsərlərində Azərbaycan istiqlaliyyəti elan edilənədək, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Ancaq Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Azərbaycan xalqı qarşısında isə yalnız müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dururdu. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyilə qabaqcıl ziyalılarımız öz üzərlərinə götürdülər.
Nitqindən göründüyü kimi, M.Ə.Rəsulzadə hələ Birinci Dünya müharibəsi ərəfəsində mətbuatda qaldırdığı “Azərbaycan qayəsi”ndən söhbət açır. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında milli öndər bu məsələyə bir daha toxunur: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni - ”Azərbaycan muxtariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah eləməsin - siz Islamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” Partiyası birinci olaraq Azərbaycan müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir".
M.Ə.Rəsulzadənin sözlərilə desək, 9 xanlıq halında çarlığın hakimiyyəti altına düşən Azərbaycan Birinci Dünya müharibəsi nəticəsində çökən Rusiya imperatorluğunun zülmü altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı... 23 aylıq ömür sürməsinə, yenidən rus işğalına məruz qalmasına baxmayaraq, Cümhuriyyətimiz tarixə və dünya siyasi xəritəsinə əbədi olaraq “Azərbaycan” adını yazdı, “azərbaycançılıq şüarı”nı sonrakı nəsillərə ötürdü. Cümhuriyyətin ideyaları bütün dünyanı dolaşdı, dünya azərbaycanlılarını birləşdirən əvəzsiz dəyərlərə çevrildi. Bu gün də belədir. Bunu yaşadanlar isə, başda M.Ə.Rəsulzadə olmaqla, sovet işğalı nəticəsində dünyaya səpələnən fədakar mühacirlərimiz oldu.
Mühacirin Vətən borcu
1932-ci ildə Berlində “Istiqlal” qəzetində dərc etdirdiyi “Münəvvər mühacirin borcu” adlı məqaləsində M.Ə.Rəsulzadə yazırdı ki, müxtəlif dövrlərdə və müxtəlif səbəblərdən vətəni tərk edib mühacirliyi seçmiş bir çox münəvvərlərimiz (ziyalılarımız) və xüsusilə də münəvvər gənclərimiz vardır. Onların bir sahədə ixtisas əldə edərək elm və texnika adamı olmalarını görmək əziz arzularımızdan biridir. Fəqət, vətəni istila altında inləyən bir mühacir münəvvərin sadə, mütəxəssis bir texnika adamı olmaqdan başqa, bir borcu da vardır ki, bu da Vətən borcudur! Ustad daha sonra əlavə edir ki, Azərbaycan istiqlal qayəsini mənimsəmiş, vətənin gələcək istiqlalına iman etmiş və öz xüsusi həyat və səadətini millət və məmləkətin həyat və səadəti şərtilə təsəvvür edilə bilmək idealizminə nail olmuş bir gənc azərbaycanlı - sadə mühəndis, sadə hüquqçu, sadə memar, sadə iqtisadçı, tarixçi və s. olmaqla qala bilməz. O, eyni zamanda vətənçi bir mühəndis, milliyyətçi bir hüquqçu, istiqlalçı bir iqtisadçı, tarixçi və s. olmağa borcludur.
...Ardını dinləyək: “Sadə texnik hər zaman bulunur. Bu ehtiyacını bir millət müvəqqəti bir zaman üçün əcnəbilərə müraciət surətilə də təmin edə bilir, fəqət, heç bir zaman xaricə müraciət olunaraq bir vətənpərvər, bir milliyyətçi və bir istiqlalçı alına bilməz!”.
Ustadın bu tövsiyəsi bugünümüz üçün də çox aktual deyilmi? Hazırkı Azərbaycan hakimiyyətinin ruhundakı yadlıq, Azərbaycan cəmiyyətindəki ölgünlük bununla bağlı deyilmi? Bəli, bu tövsiyə təkcə bu gün bir sıra ölkələrdə mühacirət həyatı yaşayan soydaşlarımıza ünvanlanmır. Elə Azərbaycanın özündə, yuxarıdan aşağıyadək - bütün sahələrdə vətənçilərə, milliyyətçilərə, istiqlalçılara nə qədər ehtiyac var!?
Ömrünün sonunadək mühacirət həyatı yaşamış M.Ə.Rəsulzadə mühacir soydaşlarını hər zaman diqqətdə saxlamış, onların arasında mənəvi əlaqənin itməməsinə çalışmış, soydaşlarına bacardığı köməyi əsirgəməmişdir. Hətta Ikinci Dünya müharibəsi zamanı alman ordusuna əsir düşmüş azərbaycanlı əsgərlərin yəhudi hesab edilərək güllələnməsinə əngəl olmuşdur. 1942-ci ildə Berlinə gələn M.Ə.Rəsulzadə Almaniya rəhbərliyilə danışıqlar aparır, azərbaycanlı əsirləri ölümdən qurtarır. 70 minə yaxın əsir soydaşımızı birləşdirən Azərbaycan legionu ilə təmas qurur, onların fəaliyyətini diqqətlə izləyir. Müharibədən sonra isə vətənə dönən yüzlərlə əsiri, bu dəfə xain adı ilə Stalinin güllələtdirməsindən xəbər tutub, onları mühacirətdə qalmağa çağırmış, münasib ölkələrdə məskunlaşmalarına yardım etmişdir.
Bu barədə, yeri düşdükcə, növbəti məqalələrimizdə ətraflı məlumat verəcəyik. Indi isə ustadın tövsiyəsinə bir daha diqqəti cəlb etməklə, hazırkı məqaləmizi yekunlaşdıraq... Həmin tövsiyədən çıxış edib, bügünkü Azərbaycanın xilasının da əcnəbi vətənpərvər və ya istiqlalçılarda yox, öz əlimizdə olduğunu bildirmək istərdik. Bunu biz etməliyik və edəcəyik, buna milli öndərimiz də əmindir: “Azərbaycan istiqlal mübarizəsi olduğu kimi davam edir... Çeka zirzəmiləri mücahidlərlə dolur, ”yeni nəsil isə istila rejiminin güclənməsinə baxmayaraq, milli idealın arxasıycan gedir. Bununla bərabər, Azərbaycanın mübarizəsini bir an da dayanmadan bütün dünyaya çatdırmaq ehtiyacındayıq, ...Azərbaycan hərəkatı təbii ki, səsi kəsilmiş qala bilməz!".
Yenidən eşidilən o səs...
..."bu qanlı rejimin qoruyucuları hər vasitə ilə Azərbaycanı... istiqlal odundan qoruyurdular. Odu üfürüb alovlandırmaq bacarığında olan vətənpərvər azəri türklərini isə həbsxanalarda işgəncələrə məruz qoyur, ...ölümə məhkum edirdilər... Amma şadlıqları uzun sürmədi və yedikləri haram tikə boğazlarında qaldı. Yenidən, yenidən o səs eşidilməyə başlamış... Özü də bu dəfə daha sərt və güclü dəlillərlə onların saxtakarlığı, fırıldaq və ikiüzlülüyü dünyaya çatdırılır..." - deyir M.Ə.Rəsulzadə.
Bu gün istər Azərbaycanda, istərsə də xaricdə yaşamasından və hansı sahədə və hansı şəraitdə çalışmasından asılı olmayaraq, hər kəs öz imkanından açıq və ya gizli şəkildə yararlanıb, bütün səylərini antimilli rejimin ifşasına, onun çökdürülməsinə yönəltməlidir. “Azərbaycançılıq” adı altında regionçuluq, “dövlətçilik” adı altında tayfaçılıq siyasəti aparan indiki rejimin ideoloji əsasları sarsıdılmalıdır. Əslində bu əsaslar ölkəmizdə və dünyadakı məlum səbəblərdən sarsıdılıb da, ancaq sona çatdırılmalıdır... Bu gün Azərbaycanda regionçuluq və tayfaçılığın təməlini qoyan, hətta zahiri simasıyla azərbaycanlı ruhuna yad olan rejim banisinin “ən böyük azərbaycanlı” adlandırılmasına belə, bircə əsas qoymamalıyıq... Bunun üçün rejimin bütün çılpaqlığıyla ifşası davam etdirilməli, nəfəs dərməsinə belə, imkan verilməməlidir.
Əslində bu gün “Azərbaycan hərəkatının səsi” nəinki ölkədə, bütün dünyada yenidən eşidilməkdədir... Kiminin bu mücadilədə topluma daha ciddi şüarlar verməsi və ya yeni siyasi taktika seçməsiylə, kiminin kitab yazmasıyla, kiminin də yenidən təşkilatlanmasıyla rejimə qarşı bütün cəbhə boyu savaş açıldığı müşahidə edilməkdədir.
Şövkət Məmmədov
-------------------------------
qaynaq - azadliq.info

Hiç yorum yok:

Yorum Gönder