2011-05-31

Novxanıda Respublika Günü qeyd edildi


Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.

AzadlıqRadiosunun müxbiri xəbər verib ki, tədbirdə 1000-dən çox adam iştirak edib. Cümhuriyyət banilərini anmaqla yanaşı, bu günə yönəlik  «Azadlıq!», «İstefa!» şüarları səsləndirilib. Tədbir polisin nəzarəti altında keçirilib, heç bir qarşıdurma yaranmayıb.

AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, cümhuriyyət tarixçiləri Nəsiman YaqubluTeyyub Qurbanlı, M. Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə çıxış edib.

İsa Qəmbər bildirib ki, Müsavatın 100 illiyinin qeyd edildiyi bir mərhələdə bu bayramı qeyd etmək əlavə zövqdür. Partiya rəhbəri bildirib ki, xalqın inkişafının qarşısını heç kim ala bilməz:


«RƏSULZADƏYƏ, ELÇİBƏYƏ OLAN MƏHƏBBƏT ŞƏKİLLƏR, HEYKƏLLƏRLƏ ÖLÇÜLMÜR»


«Təsdiq olunmuş bir həqiqətdir ki, məhəbbət şəkillərlə, hörmət, rəğbət heykəllə deyil. Rəsulzadəyə, Elçibəyə olan məhəbbət şəkillər, heykəllərlə ölçülmür. O məhəbbət insanların qəlbindədir. Onların fikri bizim şüurumuzdadır. Başa düşməlidirlər ki, bu xalqın inkişaf yolunun qabağını ala bilməyəcəklər. Bu heç kimə müyəssər olmayıb, imperiyalara, Stalinlərə. Onlar da qarşısımı ala bilməyəcəklər».

AXCP sədri Əli Kərimli isə qeyd edib ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Onun fikrincə,  azərbaycanlıların dünya miqyasında öyünəcəyi ilk şey Cümhuriyyətin 93 il əvvəl qurulmasıdır:

«RƏSULZADƏYƏ QƏRƏZLİ MÜNASİBƏT DAVAM EDİR»


«Rəsulzadəyə qərəzli münasibət davam edir. 45 milyona villa alanlar, xalqdan milyardlar oğurlayanlar pul tapmırlar ki, Rəsulzadəyə heykəl qoysunlar. Azərbaycanlıların pulları hesabına dünyada Azərbaycandan təbliğ olunası insan varsa, o da Məhəmməd Əmin Rəsulzadədir».

Tədbirdən sonra iştirakçılar M. Ə. Rəsulzadənin Novxanı qəbiristanlığındakı qohumlarının məzarını ziyarət edib. Oradan isə Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana yollanıblar.

93 il əvvəl 1918-ci ilin mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin sədr seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirilib, müstəqil dövlətin atributları formalaşıb.

Novxanıda bayram ziyarətini fotolarda izləyin.
------------------------------
qaynaq - azadliq.org

Hiç yorum yok:

Yorum Gönder