Seyid Həsən Tağızadə: "Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, dürüst, fikir və yoluna dərin bir inam bəsləyən fədakar, mücahid, örnək bir insandır" Azərbaycan Xalq Cümhuriyyəti qurucularından hər birinin həyat yolu keşməkeşli və əzab-əziyyətlə dolu olub.
Ancaq onlar bundan usanmayıblar. Bütün həyatlarını Azərbaycanda demokratik bir dövlətin qurulmasına sərf ediblər. Onlar bəzən illərlə doğmalarının üzünə həsrət qalıblar.
Belə quruculardan biri də Məhəmməd Əmin Rəsulzadədir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün İslam aləmində ilk respublika olan Azərbaycan Demokratik Respublikasının banisi, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
İlk təhsilini "Rus-Müsəlman Məktəbi"ndə, orta təhsilini Bakı Texniki Məktəbində alan Rəsulzadə 1902-1907-ci illərdə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk təşkilat yaradır və ədəbi-siyasi fəaliyyətə başlayır.
1908-ci ildə çar təqibləri üzündən Rəsulzadə vətəni tərk edib, İrana getməyə məcbur olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür, İranda şah rejiminə qarşı inqilabın əsas rəhbərlərindən biri olur. Cənubi Azərbaycanda doğma xalqının acınacaqlı vəziyyətini görür və bu Məhəmməd Əmin Rəsulzadə yaradıcılığına təəsirsiz qalmır.
Məhəmməd Əmin İranda Avropa tipli jurnalistikanın əsasını qoyur. Eyni zamanda İran Demokrat Partiyasının əsas yaradıcılarından biri olur. Sonralar iranlı alim Seyid Həsən Tağızadə Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazırdı:
"Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Məhəmməd Əmin Rəsulzadədir". İrandakı təqiblərə görə Rəsulzadə 1911-ci ildə Türkiyəyə mühacirət edir və "Türk Yurdu " adlı jurnalın fəal yazarlarından olur.
Yalnız 1913-cü ildə vətənə qayıdan Rəsulzadə Azərbaycanın bütün qəzalarında, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Cənubi Azərbaycan, İran və Türkiyədə Müsavat Partiyasının şöbələrini açır.
Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili və eyni zamanda Azərbaycan Milli Şurasının sədri seçilir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan olunur. Məhəmməd Əmin Rəsulzadə və şura üzvləri İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər.
Bütün ölkələrin radiostansiya və qəzetləri Azərbaycanın müstəqilliyi xəbərini dünyaya yayır. 1920-ci il aprelin 28-də Rusiyanın Azərbaycana hücumundan sonra Rəsulzadə Lahıcda həbs olunur. Bundan xəbər tutan Stalin özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad etdirir.
Bununla Stalın 1905-də onu ölümden qurtaran keçmiş inqilabçı dostu Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirir. Stalin Rəsulzadəni Moskvaya aparıb Millətlər Komissarlığında yüksək vəzifəyə təyin edir.
Ancaq 1922-ci ildə Rəsulzadə elmi tədqiqat adı ilə Peterburqa, oradan isə dostlarının yardımıyla Finlandiyaya gedir. Beləliklə, Rəsulzadənin mühacirət dövrü başlayır.
Rəsulzadə 1923-1946-cı illər ərzində Avropa ölkələrində - Türkiyədə, Rumıniyada, Almaniyada, Polşada-müxtəlif vəzifələrdə çalışır və onun türk, rus, ingilis, polyak, fransız, alman və s. dillərdə məqalələri çapdan çıxır.
Rəsulzadə 1947-ci ildə Türkiyəyə (Ankaraya) köçür və ömrünün sonuna qədər orada yaşayır. Rəsulzadənin xalqımızın tarixi ilə bağlı əsərləri və məqalələri müxtəlif dillərdə çap olunur. xxx Ankara Universitetinin tibb fakültəsi klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da saat 23:10-da 3 dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyərək əbədiyyətə qovuşur.
Martın 7-də Ankara radiosu Azərbaycanın milli lideri Rəsulzadənin vəfatını təəssüflə bildirir. Məhəmməd Əmin Rəsulzadə Ankaradakı Esri məzarlığında dəfn olunub. Rəsulzadənin vəfatı münasibətilə bir çox ölkələrdə-Türkiyə, İran və Qərbi Avropa ölkələrində müxtəlif nekroloqlar çap olunub. Bunlardan ən maraqlısı iranlı alim, bir zamanlar Rəsulzadə ilə birgə İran inqilabının əsas rəhbərlərindən hesab edilən, sonradan şah rejimi tərəfdarına çevrilən və doğma xalqına yad adam olan Seyid Həsən Tağızadənin yazdığı nekroloqdur.
Həmin nekroloqda bildirilir: "Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə, nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli ve sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir inam bəsləyən fədakar, mücahid və örnək bir insandır.
Bizim tərəflərdə belələrinə zəmanəmizdə rast gəlmək mümkün deyildi". Azərbaycanın 1991-ci ildə yenidən öz istiqlaliyyətinə qovuşması Məhəmməd Əmin Rəsulzadənin illər öncə peyğəmbərcəsinə söylədiyi sözlərin doğruluğunu bir daha təsdiqlədi. Rəsulzadə özündən sonra gələn nəslə müraciətlə yazmışdı:
"Səndən əvvəlki nəsil yoxdan bir bayraq, bir müqəddəs ideal rəmzi yaratdi. Onu min müşkülatla ucaldaraq dedi: "Bir kərə yüksələn bayraq bir daha enməz". Bunu deyərkən o bu günkü mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu.
O, sənin o zaman bu bayrağı çiyinlərinə alıb, məcumanə bir tərzdə küçə-küçə dolaşaraq "İrəli, irəli Azərbaycan əsgəri!"- deyə, əsgər kimi addım atdığını görmüş və bu sözü cəsarətlə söyləmişdi. Ələbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək:
"Ya qazi, ya şəhid olacaqsan!" Rəsulzadənin ürəyinin qanı ilə yazdğı bu müraciət bizə, 1980-ci ilin sonlarından sovet imperiyasi vaxtında üçrəngli bayraqlarla Bakı küçələrinə çıxıb "Azadlıq!", "İstiqlaliyyət!" bağıran, Azadlıq meydanında iradəsini bütün dünyaya bildirən bacı və qardaşlarımıza ünvanlanmışdı.
Yalnız xalqına, onun gücünə inanan, tarixinə, mənəviyyatına, psixologiyasına, istiqlaliyyət eşqinə dərindən bələd olan bir insan ölkənin düşdüyü ağır vəziyyətdə bu sözləri şüurundan, qəlbindən keçirə və dilinə gətirə bilərdi. xxx Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi.
Əslində siyasi və ictimai xadim Rəsulzadə publisist və şair Rəsulzadədən başlayır. Onun milli ideyaları, siyasi dünyagörüşü əvvəlcə şerdə, sənətdə formalaşmışdı.
Rəsulzadənin bilavasitə mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş elmi əsərləri, məqalə və məruzələri onun yaradıcılığının mühacirət dövrünə təsadüf edir. Berlində 1936-cı ildə "Çağdaş Azərbaycan ədəbiyyatı" , Varşavada "Azərbaycan ədəbiyyatı" məqalələri çap olunur.
1951-ci ildə isə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə Rəsulzadə dünya nizamişünaslığına bir sıra yeni fikirlər, istiqamətlər gətirmişdi. Bu əsərlərdə onun sənət görüşlərinin, estetikasının dərinliyini, təkamülünü görürük.
O, mədəniyyətə milli və tarixi kontekstdə yanaşmağın tərəfdarı idi. Mühacirət dövrünü aydın əəks etdirən bu əsərlərdəki xalqa və vətənə bağlılıq oxucuda Rəsulzadə ədəbi irsinə böyük maraq və sevgi oyadır.
----------------------
qaynaq - dak.az
Hiç yorum yok:
Yorum Gönder