2010-12-07

Azərbaycan Cümhuriyəti

Azərbaycan xalqı böyük bir imperiyayla çoxillik çarpışması və axıtdığı çoxlu şəhid qanları bahasına 18 oktyabr 1991-də qurtuluşunu yenidən qazandı və yaratdığı ikinci respublikasını 28 may 1918-də qurulmuş və 28 aprel 1920-də rus XI ordusu süngüləriylə yıxılmış ilk milli dövlətimizin varisi elan etdi. Bəs bu ilk milli dövlətimizin rəsmi adı necə olub? Nüfuzlu çoxcildlik nəşrlərdə və dövlət sənədlərində bu ad ən müxtəlif biçimlərdə: «Azərbaycan Xalq Cümhuriyyəti (AXC)», «Azərbaycan Demokratik Respublikası (ADR)», «Azərbaycan Respublikası (AR)», «Azərbaycan Cümhuriyyəti»… kimi işlədilməkdədir. Özümüzü varisi elan etdiyimiz bir dövlətin adını indiyədək doğru-düzgün öyrənməməyimiz və onu hərənin istədiyi kimi adlandırması bizə ayıbdır. Ona görə də, gec də olsa, bütün yanlışlıqlara son qoya biləcək danılabilməz tutarqaları heç kəslə dartışma-çəkişməyə girmədən və mövzunu siyasiləşdirmədən sevimli oxucularımıza təqdim edirəm.


     Birbaşa mətləbə keçərək bildirirəm ki, sadaladığım terminlərdən: lilk ikisi («Azərbaycan Xalq Cümhuriyyəti», «Azərbaycan Demokratik Respublikası») bütünlüklə yanlışdır; lüçüncüsü («Azərbaycan Respublikası») tərcümə xətasıdır; lyalnız sonuncusu – «Azərbaycan Cümhuriyyəti» doğrudur və tarixi gerçəkliyə uyğundur. İndisə birbaşa sübutlara keçirəm. YANLIŞLIQ HARADAN QAYNAQLANIR? «Azərbaycan Xalq Cümhuriyyəti» və «Azərbaycan Demokratik Respublikası» terminlərinin yanlışlığı Azərbaycan Milli Şurasının 28 may 1918 tarixli İstiqlal Bəyannaməsindən, daha doğrusu, bu Bəyannamənin düzgün yozulmamasından qaynaqlanır. «Azərbaycan Xalq Cümhuriyyəti»nin tərəfdarları iddia edirlər ki, Bəyannamədə ilk milli dövlətimizin adı məhz belə işlədilib. Aşağıda həmin Bəyannamənin «Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi»ndən götürərək verdiyim mətnini oxuyursunuz: «…Arayi-ümumiyyə üzərinə (ümumi razılıqla – Ə.T.) seçilmiş Azərbaycan Milli Şurası şimdi ümumə elan ediyor ki: 1. Bu gündən etibarən Azərbaycan xəlqi həqqi-hakimiyyətə (hakimiyyət haqqına – Ə.T.) malik və Şərqi və Cənubi Mavərayi-Qafqasdan (Zaqafqaziyadan – Ə.T.) ibarət Azərbaycan kamiləlhüquq (tamhüquqlu – Ə.T.) müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycanın şəkli-idareyi-siyasiyyəsi (siyasi idarə forması – Ə.T.) xəlq cümhuriyyəti təyin olunur. 3. Azərbaycan xəlq cümhuriyyəti ümum münasibati-beynəlmiləl üzvləriylə, ələlxüsus həmhüdud millətlər və dövlətlərlə dostanə qomşuluq münasibatı hüsuluna səy edəcəkdir. 4. Azərbaycan xəlq cümhuriyyəti kəndi hüdudu daxilində bilafərqi-milliyyət, din, cins və vəziyyəti-ictimaiyyə bütün vətəndaşların mülki və siyasi hüququnu təmin ediyor. 5. Azərbaycan xəlq cümhuriyyəti kəndi ərazisində yaşayan ümum millətlərə azadə tərəqqi və inkişaf üçün geniş meydan verəcəkdir. 6. Məclisi-Müəssisan (Müəssislər Məclisi – Ə.T.) dəvətinə qədər bütün Azərbaycan idarəsi başında arayi-ümumiyyə üzrə seçilmiş Milli Şura və bu Milli Şura qarşısında məsul müvəqqəti hökumət duruyor» («Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi», 15 təşrini-sani/ noyabr 1919, ¹1, ss.6-7). Göründüyü kimi, İstiqlal Bəyannaməsində dövlətimiz sadəcə “Azərbaycan” adlandırılıb və burada «xəlq cümhuriyyəti» ifadəsi dövlətin rəsmi adının tərkib hissəsi kimi yox, sadəcə, «şəkli-idareyi-siyasiyyə» (siyasi idarə forması) olaraq işlədilib. Dediyimizin düzgünlüyü bunlarla da təsdiqlənir: 1) 28 may 1918-də dövlət hələ yaradılmamışdı ki, onun qəti bir adı da olaydı; bu gün yalnız onun yaradılması bəyan edilib. İlk vaxtlar bu dövlət sadəcə «Azərbaycan» (İstiqlal Bəyannaməsindəki kimi), yaxud «Azərbaycan hökuməti» adlanıb. Məsələn, 21 iyun 1918-də hökumətin «Dövləti bayraq təyini haqqında» qərarında deyilir: «Azərbaycan bayrağı olmaq surətiylə qırmızı parçadan yarılmış, üzərində ağ aypara və ağ səkkizguşəli yıldız olan bayraq qəbul edilsin» [«Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi, 15 təşrini-sani (noyabr) 1919, ¹1, s.11]. Göründüyü kimi, burada dövlətin adı yalnız «Azərbaycan» kimi verilib. Hökumətin qərarlarında dövlətin rəsmi adıyla 27 iyun 1918-dən başlayaraq üzləşirik. Həmin tarixli «Post və teleqraf müamilatını ödəmək üçün Gəncə post və teleqraf kantorasına vəsait buraqılması haqqında» qərarda ilk dəfə olaraq «Azərbaycan Cümhuriyyəti» adını oxuyuruq (bax: «…Məcmə», 1919, ¹1, s.17), ancaq dövlət dəftərxanasında hələlik «Azərbaycan hökuməti» ifadəsi daha çox işləkdir; «Azərbaycan Xalq Cümhuriyyəti» və «Azərbaycan Demokratik Respublikası» isə yerli-dibli yoxdur. 2) Bəyannamədəki «xalq» sözü «demokratik» anlamındadır və dövlətin idarə formasının demokratikliyini bildirir. Bunu sənədin rusca mətnindən də görürük: «II. Formoy politiçeskoqo ustroystva nezavisimoqo Azerbaydjana ustanavlivaetsə Demokratiçeskaə Respublika. III. Azerbaydjanskaə Demokratiçeskaə Respublika stremitsə ustanovitğ dobrososedskie otnoşeniə so vsemi çlenami mejdunarodnoqo obheniə, a v osobennosti s sopredelğnımi narodami i qosudarstvami…» (Sobranie uzakoneniy i rasporəjeniy pravitelğstva Azerbaydjanskoy Respubliki. 15 noəbrə 1919, ¹1, s.5). Yeri gəlmişkən, «Azərbaycan Demokratik Respublikası» söz birləşməsinin tərəfdarları da məhz rusca bu mətndəki «Azerbaydjanskaə Demokratiçeskaə Respublika» ifadəsinə söykənirlər ki, burada da dövlətin adı yox, onun siyasi idarə forması bildirilib. Belə olmasaydı bu söz birləşməsi hansı sənəddəsə dövlətin adı kimi bircə dəfə də varsa yenə üzə çıxardı! 3) M.Ə.Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərinin «Azərbaycan Cümhuriyyəti» bölümündə yazır: «Burada (Azərbaycanda – Ə.T.) Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycan xalq cümhuriyyətində vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olmaqla bərabər, sosial ədalətsizliyin zərərli nəticələri də aydın tərzdə dəyişdirilirdi» (Bakı: «Gənclik», 1991, s.41). Sanki İstiqlal Bəyannaməsini oxuyursan! Buradakı «Azərbaycan xalq cümhuriyyəti» də dövlətin rəsmi adı kimi yozulacaq?! 4) 28 may 1918-dən üzübuyana ilk milli dövlətimizin gerbini əvəz edən (gerbə vaxt çatmamışdı) möhür və ştamplarda, dövlət əhəmiyyətli rəsmi sənədlərdə heç yerdə «Azərbaycan Xalq Cümhuriyyəti» (rusca mətnlərdəsə: «Azerbaydjanskaə Demokratiçeskaə Respublika») adı işlədilməyib! Bircə örnək varsa ortaya qoyulsun!! Ancaq onların hamısında 1918-in iyunundan 1920-nin aprelinədək yalnız «Azərbaycan Cümhuriyyəti» (rusca mətnlərdə: «Azerbaydjanskaə Respublika», fransızca mətnlərdə: «Republique d’Azerbaidjan») işlədilib. Yenə bildiririk ki, rəsmi sənədlərdə «Azərbaycan hökuməti-cümhuriyyəsi» («Azərbaycan Cümhuriyyəti hökuməti») və «Azərbaycan hökuməti» ifadələri özəlliklə Cümhuriyyətin ilk çağlarında sıx-sıx işlədilib, ancaq onları da dövlətin rəsmi adı kimi götürmək olmaz. DÖVLƏTİN ÖZÜNÜ VƏ TARİXİNİ YARADANLAR YALNIZ «AZƏRBAYCAN CÜMHURİYYƏTİ»Nİ TANIYIRLAR Yeni qurulmuş Azərbaycan dövlətinin müstəqilliyiniDünya birliyinin tanımasında həlledici rol oynamış Azərbaycan Parlamanının sədri Əlimərdan bəy Topçubaşov (1862-1934) 1918-in noyabrında İstanbuldan Antanta dövlətləri nümayəndələrinə göndərdiyi məşhur Memorandumunu «Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, fövqəladə nazir-səfir» kimi imzalamışdı. Birinci milli dövlətimizin ilkin tarixini yaradanlar elə bu dövləti quranların özləri oldu, onlarsa həm dövlətdə, həm də özlərinin tarix əsərlərində «Azərbaycan Cümhuriyyəti» adını əbədiləşdirdilər. Cümhuriyyətin fəal qurucularından olan Rəhim bəy Vəkilov’un (1897-1934) «Azərbaycan Cümhuriyyətinin yaranma tarixi» adlı oçerki ilk milli dövlətimizin ilk tarixidir. «1920-ci il üçün Azərbaycan Cümhuriyyətinin ünvan-təqvimi. Bakı, 1919» adlı rusca sorğu kitabında verilən və 1998-də Bakıda «Azərbaycan Respublikasının yaranma tarixi» adıyla ana dilimizdə də nəşr edilən bu oçerkdə dövlətin rəsmi adı yalnız «Azərbaycan Cümhuriyyəti» (rusca: «Azerbaydjanskaə Respublika») kimi çəkilib. Milli dövlətçiliyimizin banisi və Cümhuriyyətin azman qurucusu – böyük Məhəmmədəmin Rəsulzadə’nin (1884-1955) «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti» adlı kitabı Cümhuriyyət tarixini işıqlandıran ikinci mühüm əsərdir. İlk milli dövlət quruluşumuzu yalnız «Azərbaycan Cümhuriyyəti» adlandıran M.Ə.Rəsulzadə Türkiyədə (1923, 1990) və Azərbaycanda (1990) bir neçə yol nəşr edilmiş həmin «Azərbaycan Cümhuriyyəti» kitabında, məsələn, yazır: «…Azərbaycan Cümhuriyyəti düvəli-müttəfiqənin (müttəfiq dövlətlərin – Ə.T.) və bütün dünyanın nəzəri-diqqətini cəlb ilə beynəlmiləl bir həyatə giriyordu. 12 kanuni-sani (yanvar – Ə.T.) 1920 tarixində iniqad edən (yığılan, gerçəkləşən – Ə.T.) düvəli-müttəfiqə Şurayi-Alisi Azərbaycan Cümhuriyyətini bilfel (felən, de-fakto – Ə.T.) tanıdı» (Bakı: «Elm», 1990, s.57). Xatırladım ki, bu xəbər Azərbaycanda bayram edilmiş, 14 yanvar Azərbaycanda qeyri-iş günü elan olunmuşdu. Baş nazir Nəsib bəy Yusifbəyli (1881-1920) «Azərbaycan vətəndaşlarına» müraciətində bu münasibətlə demişdi: «Müstəqil həyata və kəndisini idarəyə müqtədir olduğunu göstərən millət kəndi iradəsiylə hürr və demokratik yeni Azərbaycan Cümhuriyyətinin təsis və davamına təntənəli surətdə müvəffəq oldu» (Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920. Bakı: Azərnəşr, 1993, ss.326-327). Bunu da bildirməliyəm ki, ilk milli dövlətimizin rəsmi adı onun mətbuat orqanı olan türkcə «Azərbaycan» qəzetindəki bütün rəsmi sənədlərdə «Azərbaycan Cümhuriyyəti», rusca «Azerbaydjan» qəzetindəkilərdəsə «Azerbaydjanskaə Respublika» kimi göstərilib. Burayadək yazdıqlarımızdan oxucunun özü də artıq nəticə çıxara bilər ki, «Azərbaycan Respublikası» termini də məhz rusca sənədlərin yanlış çevrilməsindən qaynaqlanır. İLK PULLARIMIZIN VƏ MARKALARIMIZIN ÜSTÜNDƏ DƏ «AZƏRBAYCAN CÜMHURİYYƏTİ» YAZILIB Dövlətin rəsmi adının göstərildiyi ən inanılmış sənədin pul və poçt markası olduğunu kimsə dana bilməz. İlk Cümhuriyyətimiz çağında buraxılmış bütün əskinas və poçt markaları üzərindəsə yalnız bir ad oxuyuruq – türkcə (ərəb qrafikasında) «Azərbaycan Cümhuriyyəti», rusca «Azerbaydjanskaə Respublika», fransızca «Republique d’Azerbaidjan»! Onların heç birində «Azərbaycan Xalq Cümhuriyyəti», yaxud «Azərbaycan Demokratik Respublikası» adıyla üzləşmirik. Dediyimin gerçəkliyini Cümhuriyyətin buraxdığı pul və markaların yuxarıdakı şəkilləri əyani təsdiqləyir. (Cümhuriyyət pullarının özünü mənə təqdim etmiş Rəhim Rəhimli’yə və onların hamısının şəkillərini tapmaqda yardımçım olmuş İsmayıl Calallı’ya minnətdarlığımı bildirirəm). Beləliklə, yazılanlara yekun vururuq: 1918-1920-ci illərdə yaşamış ilk milli dövlətimizə rəsmən yalnız «Azərbaycan Cümhuriyyəti» deyilib və başqa adlandırmaların hamısı yanlışdır! 

------------------------------------------------------------------------------------

qaynaq - («Ulu Xudafərin» jurnalı, 12/2004, 1, ss.35-38). mirzexezerinsesi.net

Hiç yorum yok:

Yorum Gönder