2010-12-03

Bizim İstiqlal

Elşad Paşasoy


“Məmməd Əmin Rəsulzadə olmasaydı, indi mən bu dünyada yox idim”. Bu sözləri 9 may günü ANS televiziyasında efirə verilən bir verilişdə rus-alman müharibəsinin veteranı söylədi. Məmməd Əmin haqqında necə hörmətlə, sayğı ilə danışırdı...
İstiqlalımıza qovuşmağımızın 89-cu ildönümü ərəfəsində qeyri-ixtiyari həmin veteran babanın, Rəsulzadənin Almaniyada əsir düşərgəsindən xilas etdiyi minlərlə soydaşımızdan birinin dediklərini xatırladım. Məncə, Məmməd Əmin başqa heç bir iş görməsəydi belə, azərbaycanlı əsirləri xilas etdiyinə görə ən böyük ada, mükafata layiq görülməliydi. Ancaq nə edəsən ki, daha böyük əməlin müəllifi olan, bizə yoxdan bir bayraq, Cümhuriyyət qoyub getmiş bu insanın dəyərini verə bilməmişik. Rəsulzadənin qurduğu, cəmi 23 ay ömür sürən dövlətdə olan demokratiya, söz azadlığı, ədalətli seçki indi - üstündən 87 il keçəndən sonra belə mövcud deyil, bu, bir həqiqətdir. Bəlkə elə qısqanc münasibətin bir səbəbi də budur.   


İkinci kərə müstəqilliyimizə qovuşmağımızdan 15 il ötsə də, hələ ki, başkəndimizi Nərimanov, Əzizbəyov, Dzerjinski, Zorgenin nəhəng heykəlləri “bəzəyir”.


Ancaq Rəsulzadəyə bir abidə belə qoyulmur. Bu gün Müsavat başda olmaqla, demokratik düşərgənin təmsilçiləri yenə də Novxanaya yol alıb Məmməd Əminin yeganə abidəsini ziyarət edəcək. Ancaq bu gün iqtidar olanlar nəinki Novxanıya getməyəcəklər, heç hansısa törənlə bu müqəddəs bayramı qeyd eləməyəcəklər. Sanki istiqlalımızla, müstəqillik carçıları ilə əbədi düşmənçilikləri var bunların. Necə olur ki, “Gülüstan” sarayında Respublika günü ilə bağlı o boyda tədbir keçirilir, ancaq bircə dəfə də olsun Rəsulzadənin adı çəkilmir? Kukla Teatrı ilə üzbəüz kiçik parkda neçə illərdir ki, üzərində “burada Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaqdır” sözləri yazılmış daş basdırılıb. Bu balaca guşəni də böyük şəxsiyyətə qıymırlarsa, qoy onda həmin daşı da götürüb BDU-nun qarşısındakı büst kimi zirzəmiyə atsınlar. Bakı meri də o ərazini hansısa tikinti maqnatına satıb, pulunu fişəngə verib havaya sovursun.
Ötən həftə Azərbaycan Xalq Cümhuriyyəti şərəfinə abidə qoyulduğu xəbərini eşidəndə düşündüm ki, nəhayət hakimiyyət siyasətini dəyişməyə başlayıb. Ancaq darısqal bir yerdə qoyulmuş naməlum əsgərin məzar daşına bənzəyən bu “abidə”ni görəndə peşiman oldum. Bunu qoymasaydılar bəlkə daha yaxşı olardı. Məgər istiqlalımızın baniləri Azadlıq meydanının yanında abidəsi qoyulan, adına park, küçə verilən Puşkindən azmı iş görüb bu vətən üçün? Əlbəttə, Bakıda torpağın sotu kəlləçarxa çıxdığı halda, göydələnlər üçün ayrılmalı olan hansısa boş ərazini bir əsr əvvəl yaşamış kişilərə qıymaq bu iqtidara zor gələr. Onların ki, oğul-uşaqları hakimiyyətdə təmsil olunmur. Abidənin üzərində 1918-ci il mayın 18-də Tiflisdə “İstiqlal bəyanaməsi”ni imzalayan 26 nəfərdən cəmi 8-nin adının yazılması daha əcaib hadisədir. Niyə belə? Siyahını axıradək tamamlamağa pulmu çatmayıb, yoxsa heykəltaraşın səbri? Bu qədər qeyri-ciddilik olmaz axı. Özü də abidənin üzərindəki gerbi də təhrif olunmuş şəkildə veriblər. Elə gerbimizin müəlliflərindən biri olan Füzuli Axundov yerində deyir ki, bu, “İstiqlal bəyannaməsi”nə qoyulan abidə yox, istiqlalımıza qoyulan baş daşıdır. Necə olur ki, mənasız bir saatın quraşdırılması üçün 1 milyon manat ayrılır, bununçün İsraildən usta, nə bilim hansı ölkədən materiallar gətirilir, amma istiqlal banilərinə gələndə xəsislik edilir? Firudin bəy Köçərlinin, Sultan Məcid Qənizadənin, daha 16 nəfərin adını tarixdən silmək cəhdinin səbəbini anlamaq olmur. İndi “Sahil bağı” adlanan yerdə “26-lar”a qoyulan abidəni hansı gün üçün saxlayır bu iqtidar? Bəlkə Sovet imperiyasının təzədən bərpa olunacağı günün həsrətində olduqları üçün ona dəyib-toxunmurlar? Olmazdımı elə həmin məkanda İstiqlal memarlarına abidə qoyulsun?
Heç olmasa başqa dövlətlərin istiqlala verdiyi dəyərdən dərs götürmək lazıdır. Qırğızıstanda 18 tonluq “İstiqlal Abidəsi”ni Azadlıq meydanında Leninin abidəsinin yerində qoyurlar. Bizdə isə Leninin abidəsinin yerini hələ ki, kimlərsə qoruyub-saxlayır. Qonşu gürcülər də istiqlallarını əziz tutub onunçün postamenti 30 metr olan abidəni Azadlıq meydanında ucaldıblar. Hələ biz Latviyadakı 42 metrlik abidədən, ABŞ-dakı 93 metrlik Azadlıq abidəsindən danışmırıq.
Əcaibliklər bununla bitmir. Torpağının beşdə biri düşmən tapdağında olan ölkənin deputatı bu gün himnin uzun olduğunu əsas gətirib onun dəyişdirilməsini istəyir. Hətta gerbimizin də dəyişdirilməsi ideyası ilə çıxış edənlər tapılıb. Dilimizin adını dəyişənlər, səsimizi saxtalaşdıranlar, yeri gələndə imanımıza, dinimizə əl uzadanlar, azanı qadağan edənlər, məscid sökdürənlər üçün gerbi, himni dəyişmək nə böyük problemdir ki?
Hər halda tarix sübut elədi ki, 70 il ərzində böyük bir imperiyanın siyasəti də ADR-i, Rəsulzadəni, onun əqidədaşlarını unutdura bilmədi. İstiqlalımıza, böyük öndərimizə abidə qoyulmasa da, millət tariximizi və şəxsiyyətlərimizi ürəyində yaşatdı. Ona görə də qəm eləməyə dəyməz. Gerçəkdən istiqlal tərəfdarı olanlarımızı, bu yolda mücadiləsini davam etdirənlərimizi təbrik edirik. İstiqlalımız yolunda fəda olanlara, müstəqilliyimizə səs verənlərə hakimiyyətin qiymət verməməsi heç kəsi pisikdirməsin. Bilin ki, bu bayram özümüzün, millətimizindir, hakimiyyətlərsə, gəldi-gedərdir. Müqəddəs Tanrı bizlərə istiqlal şəhidlərimizin ruhunu şad eləmək fürsəti verər, inşallah!
-----------------------------------------------
qaynaq - musavat.com 28.05.2007

Hiç yorum yok:

Yorum Gönder