2010-12-06

Məryəm Oruclu

M
üsavatın Xarici Bürosunun, Azərbaycan Milli Mərkəzinin Yaranması  Və Fəaliyyəti
1920-ci ildə Azərbaycanın işğalından sonra xaricə güclü mühacir axını başladı. Bu mühacirlərin əsasını sabiq mülkədarlar, sənaye və ticarət burjuaziyası, Milli Ordunun əsgər və zabitləri, nazirlər, parlament üzvləri, yüksək dövlət məmurları, siyasi Partiya üzvləri, müstəqil əqidəyə malik ziyalilar təşkil edirdi. Xaricdəki milli mühacirət iki əsas qrupa bölünürdü: siyasi və qeyri-siyasi mühacirlər1. Bu mühacirlərin heç olmazsa siyasi hissəsini mütəşəkkil hala gətirib müəyyən bir təşkilat ətrafında birləşdirmək vacib bir vəzifə kimi qarşıda dururdu. 

1920-ci il istilasından sonra xaricə gedən Azərbaycan mühacirləri Tehran, Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon və İstanbul şəhərlərində müxtəlif mühacir cəmiyyətləri qurmuş, lakin bu cəmiyyətlər uzun müddət fəaliyyət göstərməmiş və tezliklə öz fəaliyyətlərini dayandırmışdilar. Yalnız Müsavatın görkəmli nümayəndələrinin, xüsusilə M.Ə.Rəsulzadənin xaricə mühacirətindən sonra müxtəlif ölkələrdə nizamsız şəkildə səpələnmiş Azərbaycan mühacirlərini bir təşkilat ətrafına toplamaq mümkün olmuşdur. 
Milli hökumətin süqutundan sonra həbs olunan, sonra isə Stalin tərəfindən azad etdirilib Moskvaya aparilan M.Ə. Rəsulzadə Gizli Müsavat təşkilatının köməyi ilə xaricə mühacirət etməyə məcbur olmuşdu. 
Gizli Müsavat təşkilatının sədr müavini Əbdül Vahab Yurdsevər yazırdı: "Müsavatın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək M.Ə.Rəsulzadə ilə əlaqə yaradılmışdı. M.Ə.Rəsulzadəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi2. 
M.Ə.Rəsulzadə Finlandiyadan Fransaya, oradan isə 1922-ci ildə Türkiyəyə gələrək birinci növbədə Müsavatın Xarici Bürosunu təşkil etmiş və 1923-cü ilin iyunundan etibarən "Yeni Qafqasya" məcmuəsini təsis etmişdir. Əsasən Müsavatın mühacirətdəki üzvlərindən təşkil olunmuş Xarici Bürodan əlavə yeni bir təşkilatın yaradılması vacib bir məsələ kimi qarşıda dururdu. Belə ki, bu dövrdə Azərbaycan mühacirlərinin xeyli hissəsini heç bir siyasi mənsubiyyəti olmayan və müxtəlif təbəqələrə mənsub olan adamlar təşkil edirdi. Bu qisim mühacirləri Azərbaycanın istiqlalı uğrunda mübarizə ideyası ətrafında birləşdirmək və müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycanliların bir mərkəzdən idarə olunması zərurəti meydana çıxırdı. Bu zərurəti dərk edərək M.Ə.Rəsulzadə 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzini (AMM) yaratmış və bu mərkəzdə Müsavat Partiyasından olmayan şəxslərlə birlikdə milli mübarizəni davam etdirmişdir. 
Azərbaycan Milli Mərkəzi Türkiyədə qeyri-leqal fəaliyyət göstərərək öz ətrafında türkçü meylli ziyaliları birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsi ittihadçı və müsavatçılardan təşkil olunmuşdu. Buraya M.Ə. Rəsulzadə, X. Xasməmmədov, M. Vəkilov, Ə. Əmircanov, Ə. Şeyxülislamov daxil idilər. Əmircanov və Şeyxülislamov AMM-in rəhbərliyində olmalarına baxmayaraq, "onlar İstanbulda olan ittihadçilara yaxınlaşmağa çalışırdılar"3. Bununla əlaqədar olaraq, siyasi mühacirətin vahid bir təşkilat ətrafında birləşməsi prosesi ləng gedirdi. Azərbaycan Milli Mərkəzi bir tərəfdən təşkilatlanmağa, digər tərəfdən isə Azərbaycanda cərəyan edən faciələri türk və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə nəşriyyata başlamışdı. Azərbaycan Milli Mərkəzinin sədri M.Ə.Rəsulzadə "Milli Mərkəzin Türkiyə, İran və Avropadakı çeşidli fəaliyyətlərindən təmsilçilik quraraq fəaliyyətə keçirmişdir"4. Milli Mərkəzin əsas məqsədi Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və müstəqil milli Azərbaycan dövlətinin yaradılmasından ibarət olmuşdur. AMM Qafqazın Müstəqilliyi Komitəsi ilə və Milli Əks-inqilabçiların ZaQafqaziya Birliyi Komitəsi ilə güclü əlaqələr qura bilmişdi. Azərbaycan Milli Mərkəzi Müsavatın Xarici Bürosu ilə sıx əlaqədə fəaliyyət göstərirdi5.
Müsavatın Xarici Bürosu ilk vaxtlar Partiya üzvlərinin daha çox məskunlaşdığı Türkiyə və İranda öz komitələrini yaradaraq geniş fəaliyyətə keçmişdi. Xarici Büro İstanbulda fəaliyyət göstərirdi. Onun sədri M.Ə.Rəsulzadə, katibi M.B.Məmmədzadə, xəzinədarı X.Xasməmmədov olmuşdur. Onların hər üçü Xarici Büronun Rəyasət Heyətini təşkil edirdi. Büronun üzvləri Şəfi Rüstəmbəyli və Mustafa Vəkilov Rəyasət Heyətinin üzvləri ilə birlikdə Xarici Büronun İcraiyyə orqanına daxil idilər ki, bunları da "beşlik" adlandırırdılar. Məmməd Sadıq Axundzadə və Abbasqulu Kazımzadə Büronun üzvləri kimi fəaliyyət göstərirdilər. İstanbulda Müsavatın digər fəal üzvləri Həsən Fəttahov, Əmirxan Xan Xoyski, Həmdi Qaraağazadə, Məşədi Əli Rəfiyev, Məmməd Ağaoğlu, Mirzə Hacızadə, Səlim Ağasibəyov, Kamal Qənizadə, Həsən İbrahimzadə və başqaları fəaliyyət göstərirdilər6. Xarici Büro konspirasiya məqsədi ilə büro üzvlərinin bir-birlərindən Azərbaycandakı gizli təşkilatlar haqqında heç nə soruşmaması haqqında qərar çıxarmışdı7. Xarici Büronun Maliyyə komissiyasına əvvəlcə M.Ə.Rəsulzadə, sonra isə M.Ə.Rəfiyev rəhbərlik edirdi. Xarici Büronun daxilində maliyyə məsələləri ilə əlaqədar olaraq mübahisələr olduğundan komissiyaya 1925-ci ilin dekabrından Ş.Rüstəmbəylinin rəhbərlik etməsi qərara alındı8. 
Bu dövrdə İstanbulda Müsavatın üzvü "Azəri-türk" jurnalının redaktoru Məmməd Sadıq Axundzadənin sədrliyi ilə yaradılmış Azərbaycan Gənclər Birliyi (AGB) də fəaliyyət göstərirdi. Gənclər təşkilatının işində Azərbaycan Milli Mərkəzinin və Müsavatın Xarici Bürosunun üzvləri Şəfi bəy Rüstəmbəyli, Mustafa Vəkilov və Şeyxülislamov da iştirak edirdilər. Birliyin yaradılmasında əsas məqsəd gəncləri təşkilatlandırmaq, onların milli vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, həmçinin birlik üzvlərindən ehtiyacı olanlara maddi yardım göstərməkdən ibarət olmuşdur. Birliyin yerləşdiyi "Azəri-türk" jurnalının redaksiyasında hər həftənin beşinci günü ümumi yığıncaqlar keçirilir və burada müxtəlif siyasi mövzular müzakirə edilirdi. Redaksiya Müsavatın üzvləri üçün klub rolunu oynayırdı. Türkiyə qanunlarına əsasən, siyasi Partiyaların fəaliyyətinə icazə verilmədiyinə görə burada öz iclaslarını keçirən Müsavatın özü üçün Gənclər Birliyi həm də himayədar rolunu oynayırdı9. Eyni zamanda bu dövrdə Müsavatın Səməd Muradov, Nəsrulla Aşurbəyov və Nağı Şeyxzamanovun daxil olduğu Trabzon, Məmməd Əli Əfəndizadənin sədri olduğu Qars, Mustafa Vəkilovun qohumu Yasinin rəhbərlik etdiyi Amasiya, Azərbaycanın Batumdakı sabiq konsulu doktor Əfəndiyevin daxil olduğu Smirna komitələri fəaliyyət göstərirdi.İlk vaxtlar müsavatçılara "Türk ocaqları" və onun başqanı, Türkiyənin maarif naziri Həmdullah Sübhi Tanrıövər yardım edirdi10.
Bu dövrdə Partiyanın İranda da komitələri fəaliyyət göstərirdi. Cəfər Cəfərovun sədri olduğu Müstəqil Azərbaycan Tehran komitəsi Məmməd Əli Rəsulzadə və Qulam Şərifov da daxil olmaqla üç nəfərdən ibarət idi. Rəşt və Ənzəli təşkilatları Tehran komitəsinə tabe idilər. Eyni zamanda burada Ərdəbil və Astara təşkilatlarının tabe olduğu Teymur bəy Məlikaslanovun sədrliyi ilə Müstəqil Azərbaycan Təbriz komitəsi də fəaliyyət göstərirdi. Bu Komitəyə, o cümlədən Ağa Zeynal Məmmədov, Məmməd Sadıq Quliyev də daxil idilər. M.Quliyev Partiyanın Xarici Bürosunun qərarı ilə Ərdəbildən Təbrizə göndərilmişdi11. 
Beləliklə, istiqlalın itirilməsindən sonra Türkiyə, İran, Fransa və Polşada məskunlaşan Azərbaycan mühacirləri bolşevizmə qarşı mübarizəni davam etdirərək, siyasi və tarixi ədəbiyyat nəşr etdirib yayır və Azərbaycandakı Müsavat təşkilatlarına müntəzəm olaraq təlimatlar göndərirdilər. Qeyd etmək lazımdır ki, bu dövrdə Türkiyə SSRİ ilə öz təhlükəsizliyi xatirinə dostluq münasibətlərində olduğundan mühacirlər əsasən Avropa dövlətlərinin yardımına arxalanırdılar. 
Xaricdə məskunlaşan istiqlalçı mühacir təşkilatlarının əlaqələrinin güclənməsi nəticəsində "Prometey", Qafqazın Müstəqilliyi Komitəsi və Qafqaz Konfederasiyası kimi mütəşəkkil təşkilatlar yaradılmışdı. Bu təşkilatlar rus olmayan millətlərin siyasi mübarizəsinin istiqamətləndirilməsində mühüm rol oynamışlar. "Prometey" təşkilatı Müsavatın lideri M.Ə.Rəsulzadənin təşəbbüsü və Polşa hökumətinin köməyi ilə 1926-cı ildə Parisdə yaradılmışdır12. "Prometey" təşkilatına aşağıdakı ölkələrin mühacir təşkilatları daxil idi: Ukrayna (Şulqin), Azərbaycan (M.Ə.Rəsulzadə, M.Mehdiyev), Gürcüstan (N.Jordaniya, Q.Qvazova), Türküstan (Çokayev), Dağlilar (M.Sunşev, Xurşilov, Şakmanov), Azad Kazaklar, Karel-Mordvillər, Krım (Seyid Əhmədov) və b. Təşkilata ümumi rəhbərliyi Şakmanov həyata keçirirdi. "Prometey" təşkilatının İstanbulda böyük bir filialı fəaliyyət göstərirdi. Bu filiala müxtəlif millətlərin nümayəndələrindən M.Saxoyev, Seyid Əhmədov, Osman Xoca, M. Vəkilov, Murski və b. daxil idi. Q.Qvazavanın rəhbərliyi altında təşkilatın "Prometey" adlı jurnalı nəşr olunurdu. M.Ə. Rəsulzadə jurnalda müntəzəm olaraq yazilar, məqalələr dərc etdirirdi. Erməni mühacirləri bu təşkilatda fəaliyyət göstərməkdən imtina etmişlər13.
Qeyd etmək lazımdır ki, Avropa dövlətlərinin yardımına arxalanaraq, Müsavat Gürcüstan və Şimali Qafqaz milli təşkilatları ilə ittifaqa girmiş, ilk əvvəl Qafqaz İstiqlal Komitəsi təşkil etmiş, sonra isə istiqlaldan sonra Qafqaz işlərini aparacaq Qafqaz Konfederasiyası Şurasını yaratmağa nail olmuşdu. Bolşeviklərə qarşı vahid blok yaratmaq məqsədi güdən Qafqaz Konfederasiyası sazişi 1934-cü ildə Brüsseldə imzalanmışdır14. Sazişi Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə və Ə.M. Topçubaşı, Şimali Qafqaz tərəfindən M.Q.Sunşev, İbrahim Çumşov, Tausultan Şakman, Gürcüstan tərəfindən Noy Jordaniya və Gürcüstanın Parisdə səfiri olmuş A.Çxenkeli imzalamışlar. Ermənistan Qafqaz Konfederasiyası Şurasına daxil olmaqdan imtina etmişdi15. Qafqaz Konfederasiyası Şurası üç+bir prinsipi ilə yaradılmışdı: Azərbaycan, Gürcüstan, Dağlilar+Polşa. Polşa Şuranın üzvlərinin fəaliyyətini əlaqələndirir və onlara maliyyə yardımı göstərirdi. Təşkilatda hərbi, mətbuat, hüquq şöbələri fəaliyyət göstərirdi. Eyni zamanda burada operativ işləri həyata keçirmək üçün M.Q.Sunşev, İ.Salamoda və M. Mehdiyevdən ibarət üçlük mövcud olmuşdur16.
Qeyd edək ki, xaricdə məskunlaşmağa məcbur olmuş mühacirləri birləşdirən bu təşkilatlar Rusiyada bolşevizmə qarşı mübarizədə xalqların fəaliyyətini istiqamətləndirir və onları milli istiqlal uğrunda mübarizəyə hazırlayırdı. Bu məqsədlə Sovet Rusiyasında gizli fəaliyyət göstərən istiqlalçı təşkilatlarla əlaqələr yaradılır, onlara qəzet, jurnal, siyasi ədəbiyyat və təlimatlar göndərilirdi. 
Mühacirət həyatında M.Ə.Rəsulzadənin direktivi ilə 1923-1928-ci illərdə "Yeni Qafqasya", 1928-ci ildə "Azəri türk", 1929-1931-ci illərdə "Odlu Yurd", 1930-1931-ci illərdə "Bildiriş jurnal və qəzetləri nəşr edilmişdir. O cümlədən 1934-cü ilin axırlarından etibarən aylıq "Qurtuluş" məcmuəsi, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə türkcə, almanca, fransızca, rusca, farsca müxtəlif kitab, bəyannamə və məqalələr, Müsavatın maddi və mənəvi yardımı ilə İstanbulda "Azərbaycan Yurd Bilgisi adı altında aylıq elmi bir məcmuə nəşr olunmuşdur. Partiya orqanı olaraq fransız dilində "Azərbaycan" və türkcə "Müsavat" adlı bülleten təsis edilmişdi17. 
M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Müsavatın xaricdə fəaliyyətinin xeyli genişlənməsi Sovet hakimiyyəti dairələrində böyük narahatlıq doğururdu. 1925-ci ildə Azərbaycanda "ÇK"-nın beşillik fəaliyyətindən bəhs edən Bağırov Müsavatın xaricdəki fəaliyyəti üzərində dayanaraq göstərirdi: "Azərbaycanın əks-inqilabçiları M.Ə.Rəsulzadənin ətrafına toplanaraq öz irticaçı fəaliyyətlərinə başlamışlar. Onlar fürsət düşdükcə fəhlə-kəndli Şura hökumətinə zərər vurmağa çalışırlar"18. 1925-ci ildə Sovet İttifaqının xarici işlər komissarı Çiçerin Bakıda keçirilən IV Sovetlər qurultayında etdiyi çıxışında göstərirdi: "Son zamanlar müsavatçıların Türkiyədə fəaliyyətinin gücləndiyini qeyd etməmək olmaz. Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək Sovet hökuməti əleyhinə olan intriqalara etiraz etmişik və buna, nəhayət, xitam verilməsini tələb etmişik"19. 
Bu dövrdə beynəlxalq aləmdə Türkiyənin vəziyyətinin pis olması və böyük imperialist dövlətləri tərəfindən təzyiqlərin artması Türkiyəni eyni vəziyyətdə olan Sovet İttifaqı ilə yaxınlaşdırırdı. Onlar ümumi düşmənə qarşı mübarizədə bir-birlərinə müttəfiq kimi baxırdılar. 1921-ci ildə Moskvada RSFSR-lə Türkiyə arasında dostluq haqqında, 1925-ci ildə isə Sovet İttifaqı ilə Türkiyə arasında üç il müddətinə hücum etməmək və neytrallıq haqqında imzalanan müqavilələr bunun nəticəsi olaraq meydana çıxdı20. Sovet İttifaqının təsiri ilə Türkiyənin müsavatçılara təzyiqləri artır və nəticədə onların fəaliyyəti xeyli məhdudlaşırdı. 1927-ci ildə Türkiyə hökuməti "Yeni Qafqasya"nın nəşrini qadağan etdi və Azərbaycan Milli Mərkəzinə göstərdiyi yardımı dayandırdı. Türkiyə ilə Sovet İttifaqı arasında bağlanan sazişin gizli bir hissəsinə əsasən, 1931-ci ildə müsavatçılar Türkiyəni tərk etməyə məcbur oldular. Azərbaycan mühacirlərini Polşa hökuməti böyük həvəslə qəbul etdi. Müsavatın lideri M.Ə.Rəsulzadə dost bir ölkənin rəhbəri kimi himayəyə alındı21.
Arxiv materiallarından aydın olur ki, Müsavatın Xarici Bürosunun İranda yaradılmış Tehran və Təbriz komitələri geniş antisovet fəaliyyət göstərərək, Sovet hökumətinə qarşı istiqlal mübarizəsi aparmışlar. Bu dövrdə İrandakı müsavatçılar içərisində fars və türk təmayülləri arasında mübarizə müşahidə olunurdu. Fars meylli qüvvələrə parlamentin sabiq üzvü, molla Mirzə Səlim Axundzadə rəhbərlik edirdi. Mirzə Səlim Axundzadənin arxasında rəsmi olaraq İran hökumətinin yerli nümayəndələri dayanırdılar. Onlar fars təmayüllü qüvvələrin təsir dairəsini genişləndirmək məqsədi ilə bu qüvvələrə maddi kömək göstərirdilər. Türk təmayüllü qüvvələrə isə Məmməd Sadıq Quliyev rəhbərlik edirdi. Mirzə Bala Məmmədzadə İstanbula getdikdən sonra M.S.Quliyev Xarici Büronun Cənubi Azərbaycandakı nümayəndəsi təsdiq olunmuşdu. O, burada öz ətrafına ideyalı müsavatçıları toplamışdı. Mirzə Səlim Axundzadədən fərqli olaraq, M.S.Quliyev Xarici Büronun köməyindən istifadə edirdi22. 1933-1934-cü illərdən etibarən, fars təmayüllü qrup Zülqədərovun rəhbərliyi altında fəaliyyət göstərirdi.Qrup daha çox müstəqil fəaliyyət göstərməyə çalışır və Müsavatın adını dəyişərək "Milli İstiqlal" sözü ilə əvəz etmək təşəbbüsü ilə çıxış edirdi. Zülqədərov qrupu bunu "Müsavat" sözünün Azərbaycanda gözdən salınması ilə əlaqələndirirdi23. Bununla Xarici Büro İrandakı Təbriz və Ərdəbil komitələri vasitəsilə yerli təşkilatlara konkret direktivlər göndərərək, onların Sovet hökumətinə qarşı mübarizə əzmini qoruyub saxlamağa çalışırdı. 
Müsavatın Xarici Bürosu və AMM müxtəlif ölkələrə səpələnmiş Azərbaycan siyasi mühacirətinin bir mərkəzdən idarə olunmasına çalışırdı və bu istiqamətdə fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycan mühacirətinin İstanbul qrupu (M.Ə.Rəsulzadə) ilə Paris qrupu (Ə.Topçubaşı, C.Hacıbəyli, Ə. Şeyxülislamov) arasında müəyyən narazılıq və soyuqluq nəzərə çarpırdı. Belə ki, Paris qrupu özünü Azərbaycanın əsas təmsilçisi hesab edərək, daha çox müstəqil fəaliyyətə üstünlük verirdi. Bununla əlaqədar M. Ə. Rəsulzadə 1928-ci ildə Parisə gedərək qrupun nümayəndələri ilə görüşmüş və bir mərkəzdən idarə olunma prinsipinin zəruriliyinə onları inandıra bilmişdi. Nəticədə Paris qrupu "hər cəhətcə özünün tabe bir müəssisə halında Milli Mərkəzin ən böyük və hakim milli müəssisəsi olduğu qərarına gəldi"24. 
1931-1932-ci illərdən sonra Azərbaycanın daxilində və xaricində Müsavat təşkilatlarının fəallığının zəifləməsi müşahidə olunurdu. Bu, bir tərəfdən Azərbaycan Dövlət Siyasi İdarəsinin müntəzəm olaraq keçirdiyi həbslər və sürgünlərlə, digər tərəfdən isə Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi daxilində mövcud olan fikir ayrılığı və ixtilafların dərinləşməsi ilə əlaqədar idi. Belə ki, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbul qrupunda Mustafa Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov və digərləri M.Ə.Rəsulzadəyə müxalifət mövqeyində dayanırdı. Getdikcə dərinləşən ixtilaflar Müsavat mərkəzlərinin fəaliyyətini ləngidirdi. Narazılığı aradan qaldırmaq məqsədilə 1928-ci ildə Partiyanın rəhbər orqanı olan Divanın yenidən formalaşdırılması qərara alındı. Yeni Divan ayrı-ayrı Partiya mərkəzlərinin təmsilçilərindən ibarət olmalı idi. Lakin əksəriyyətin qəbul etdiyi qərara qarşı çıxdığına görə Ş. Rüstəmbəyli, X. Xasməmmədov, M. Sadıq İstanbul təşkilatından xaric edildilər25. Ş. Rüstəmbəylinin yazdığına görə, "firqəçilərdən bir qrupu da onlara qoşularaq ayrıldı"26. Lakin tezliklə bir neçə nüfuzlu şəxsin barışdırıcılıq mövqeyi nəticəsində Partiyada parçalanmanın qarşısı alındı. İlk vaxtlar ixtilafların səbəbi formal olaraq Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbuldan Parisə və yaxud Varşavaya köçürülməsi məsələsində yaranmış fikir ayrılığı kimi qələmə verilirdi. Arxiv materiallarından aydın olur ki, əslində bu mübarizə Partiyaya rəhbərlik, onun rəhbər xadimlərinin təsir dairəsinin müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Qruplar arasında getdikcə güclənən mübarizə 1934-cü ildə Partiyadan bir qrupun xaric edilməsinə gətirib çıxardı. M.Ə.Rəsulzadə isə bu barədə yazırdı: "Şəfibəyçilik kənardan belə təsəvvür yaradırdı ki, guya Müsavat artıq parçalanmış, bir tərəfdə Müsavat, digər tərəfdə isə "Ədəmi-Mərkəziyyət" qalmışdır"27. 
1934-cü ildə Şəfi bəy Rüstəmbəyli Azərbaycan millətçilərinin sənədlərini SSRİ-də yaşayan qardaşına ötürməkdə günahlandırılaraq Partiyadan xaric edildi. Buna cavab olaraq Ş.Rüstəmbəyli Azərbaycan Milli Mərkəzinin və Müsavatın lideri M.Ə. Rəsulzadənin ünvanına təhqir xarakterli məktub göndərdi28. Eyni zamanda, Ş. Rüstəmbəyli 1934-cü ildə "Yıxılan bütlər", yenə həmin ildə N. Şeyxzamanlı "Biz və onlar" kitablarını nəşr etdirərək, Partiya liderinə böhtan xarakterli ittihamlar irəli sürdülər. Bu ittihamlara qarşı M.Ə.Rəsulzadə 1934-cü ildə "Şəfibəyçilik" kitabını yazaraq, şəfibəyçiliyi "Milli Azərbaycan hərəkatına qarşı atılan şübhəli intriqalar" kimi qiymətləndirdi"29.

* * *
1 M. B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 163.
2 Ə.V. Yurtsever. Gizli "Müsavat" teşkilatının harakteristikk vazıfaları. səh.18.
3 ASPİHDA, f. 1, siyahı85, iş 656, v. 33.
4 A. Karaca. "Azerbaycan milli kurtuluş haraketinin mühaciret hayatından". -"Azerbaycan" jurnalı, sayı 282, səh. 68.
5 X.İbrahimli., R.Zeynalov. Müsavat Partiyasının 1920-ci il 27 aprel istilasından sonrakı fəaliyyəti tarixindən. - "Müsavat bülleteni", №1(5),Bakı,1993, səh.7.
6 Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.21.
7 ASPİHDA, f. 1, siyahı 85, iş 745, v. 36.
8 X. İbrahimli. Azərbaycan siyasi mühacirəti. Bakı, 1996, s. 108.
9 Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.22-23.
10 ASPİHDA, f. 1, siyahı 85, iş 462, v. 597.
11 Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.23-24.
12 Mühlen, Patrik Von zuz.Camalihac ile Kızıyıldız arasında. Ankara,1984,səh.20.
13 Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi (AMTN), f.7,siyahı 2, iş 344, v.5
14 Yenə orada, f.7, siyahı1, iş168, v.22.
15 A. Karaca. Azerbaycanın yakın tarihine kısa bir bakış. səh. 69.
16 X. İbrahimli., R. Zeynalov. Müsavat Partiyasının 1920-ci il 27 aprel istilasından sonrakı fəaliyyəti tarixindən. - "Müsavat bülleteni", 1(5), Bakı,1993, səh. 8-9.
17 M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 182.
18 "Kommunist" qəzeti, 07.06.1925.
19 M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 175.
20 Исто?ия меəдуна?одных отношений и внешней политики ССС?. Т.1,М.,1986, səh.93.
21 A. Karaca. Azerbaycanın yakın tarihine kısa bir bakış, səh.23.
22 Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi. f.1, siyahı19, iş 8923, v.2-3.
23 AMTN arxivi, Azərbaycan Dövlət Siyasi İdarəsinin məxfi-siyasi şöbəsinin məruzəsi. f. 308, siyahı 19, iş 9, v. 47.
24 M. E. Resulzade. Şefibeyçilik. Varşava, 1934, səh. 24.
25 M. E. Resulzade. Şefibəyçilik. Varşava, 1934, səh 24.
26 Ş.Rüstembeyli. Yıkılan putlar. İstanbul, 1934, səh. 29.
27 M. E.Resulzade. Şefibəyçilik. Varşava,1934, səh 64.
28 AMTN arxivi, f. 7, siyahı 1, iş 1241, v. 125-127.
29 M. E. Resulzade. Şefibəyçilik. Varşava, 1934, səh. 3.
----------------------
qaynaq - kitabxana.org