2010-12-07

Türkiyədə arxivlər

Nəsiman Yaqublu: "Türkiyə arxivlərində Məmməd Əmin Rəsulzadə ilə bağlı maraqlı sənədlər var
Tarixçi-jurnalist, Bakı Dövlət Universitetinin müəllimi Nəsiman Yaqublu bu yaxınlarda Türkiyənin bir sıra arxivlərində araşdırmalar aparıb. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə Türkiyədə olan N.Yaqublu maraqlı arxiv materialları əldə edib. N.Yaqublu "525"in müxbirilə söhbətində əldə etdiyi arxiv materialları barədə bunları bildirib. - Bu səfərimə göstərdiyi köməyə görə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinə, səfirliyin mədəniyyət və tanıtma müşavirliyinə, dostumuz Fəthi bəy Gədikliyə təşəkkürlərimi bildirirəm.



    Ezamiyyətimin başlıca məqsədi Türkiyədəki arxivlərdə çalışmaq, Azərbaycanın mühacirət mətbuatı, Sovetlər dönəmində Azərbaycanın Türkiyədə yaşamış siyasi xadimləri ilə bağlı sənədlər toplamaq idi. Ankarada xüsusən Azərbaycanın görkəmli dövlət xadimi Məmməd Əmin Rəsulzadənin fəaliyyəti ilə bağlı çoxlu materiallar var. Mən Türkiyədə olduğum müddətdə üç istiqamətdə araşdırmalar aparırdım: birincisi, Türkiyə Cümhuriyyətinin Başbakanlıq arxivi, ikincisi, Ankaradakı Milli Kitabxana, üçüncüsü isə şəxsi arxivlər. Məmnuniyyətlə qeyd edim ki, Ankarada olarkən Milli Kitabxananın 60 illik yubileyi keçirilirdi. Onlara bildirdim ki, M.Ə.Rəsulzadənin də bu kitabxananın formalaşmasında müəyyən rolu olub. Çünki 50-ci illərdə o, bu kitabxanada işləyib və fonda özünün çoxlu sayda kitablarını bağışlayıb. Türkiyədə çalışmaq, araşdırma aparmağın digər vacibliyi də ondadır ki, burada çoxlu azərbaycanlılar mühacirətdə yaşamış, milli istiqlal mübarizəmizi yürütmüşlər: kitablar, jurnallar, qəzetlər çap etmiş, konfranslar və digər tədbirlər keçirmişlər. Bu zəngin irsi araşdırmaq və Azərbaycana gətirməyin zamanı çoxdan yetişib. M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ç.Göygölün, M.S.Aranın, Ə.Qaracanın, M.Kəngərlinin şəxsi axivlərinə biz bu gün sahib çıxmalıyıq. Bu həm də Azərbaycanın zəngin bir sərvətidir. Yaşadığımız həqiqət dolu tarixdir. Əks halda bu sənədlər itəcək və gələcək nəsil böyük bir sərvətdən məhrum olacaq. Türkiyədə Azərbaycan mühacirət mətbuatının "Yeni Qafqaziya", "Azəri Türk", "Odlu Yurd", "Bildiriş", "Azərbaycan Yurd Bilgisi", "Azərbaycan" jurnalları kimi nümunələr var. Biz bu mətbuat orqanlarını toplayıb Azərbaycana gətirməliyik. Qeyd edim ki, arxivlərdə çalışarkən çoxu yeni sənədlər tapdım. Bu mənə əsas verir deyim ki, biz Azərbaycan-Türkiyə münasibətləri tarixini də yenidən və ciddi tədqiq etməliyik. Onda hər iki ölkə arasında daha yaxın və səmimi münasibətlərin şahidi olacağıq.
--------------------
qaynaq - 525ci.az

Hiç yorum yok:

Yorum Gönder