2011-06-20

RƏSULZADƏNİN ƏMANƏTİ


Bayandır sokak 2, 37 taksim, 6 Kızılay, Ankara. Bu ünvanda balaca bir Azərbaycan yerləşir. Həm də bu Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini özündə yaşadır. Buradakı Azərbaycan Kültür Dərnəyi Şərqdə qurulmuş ilk demokratik cümhuriyyətin simvollarını, tarixini, onun qurucularının ideyalarını hər zaman qoruyub saxlamağa, yaşatmağa, gələcək nəsillərə ötürməyə çalışıb. 1949-cu ilə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə yaradılan Azərbaycan Kültür Dərnəyinin ofisində qəribə ab-hava var.

Oradakı insanlarla söhbət edəndə, otaqları gəzəndə, arxiv materiallarını vərəqləyəndə adama elə gəlir ki, illərlə mühacirətdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Rəsulzadə və onun silahdaşları ilə söhbət edirsən. Azərbaycan Kültür Dərnəyin ofisində o zaman mühacirətdə yaşayan və Azərbaycan uğrunda mübarizə aparan dəyərli soydaşlarımızın iztirabları, ağrı-acıları duyulur, oradakı sənədlərə, arxiv materiallarına nəzər salanda həmin şəxslərin nə qədər böyük işlər gördüyü, hansı yollardan keçdiyi, necə böyük amallar uğrunda mübarizə apardıqları görünür.
Qapını açan şəxsin kimliyini sonra öyrəndim - Azərbaycan Kültür Dərnəyinin İdarə Heyətinin üzvü Səlcuq Önal. Dərnəyin baş katibi Tuncer Kırhan Azərbaycandan gəldiyimi və “Yeni Müsavat” qəzetindən olduğumu bilən kimi mənimlə ən yaxşı söhbət edə biləcək şəxsin elə S.Önal olduğunu deyir. Dərhal Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalı xəbər alıram. Bir neçə gündür xəstə olduğunu və dərnəyə gələ bilmədiyini deyirlər.
Daha sonra S.Önaldan öyrənirəm ki, dərnəyin İdarə Heyətinin 11 üzvü var. S.Önal özü 33 ildir İdarə heyətinin üzvüdür. Eyni zamanda Bakı-Türk Federasyonunun baş katibidir. Onunla dərnəyin indiki durumu, fəaliyyəti, gələcək planları, Azərbaycanla əlaqələri və sairə barədə danışdıq.
S.Önal bildirdi ki, dərnəyin əsas fəaliyyəti Azərbaycana, Türkiyəyə yönəlik tədbirlər keçirmək, tarixi dəyərləri qoruyub saxlamaq, milli bayramları qeyd etmək, tarixi həqiqətləri üzə çıxarmaq, mədəni irsi qoruyub saxlamaq və digər bu kimi məsələlərdən ibarətdir: “Bu dərnək bizə Azərbaycan, millət, dövlət davası aparmış böyük, mübariz kişilərdən əmanət qalıb. Bunu yaşatmaq, Rəsulzadə kimi böyük öndərimizin ideyalarının, amallarının geçəkləşməsi uğrunda işimizi davam etdiririk. Məqsədimiz Azərbaycan üçün iş görmək, Xocalı, 31 mart soyqırımları ilə bağlı iş aparmaq, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında soydaşlarımıza yardımçı olmaqdır”.
S.Önalın sözlərinə görə, dərnəyin “Azərbaycan Türk Kültür Dərgisi” adlı jurnalı çıxır: “Bu jurnal 1952-ci ildən nəşr olunur. O zamanlar "Azərbaycan" adı ilə nəşr olunurdu. Sonradan dəyişdi. Arxiv sənədlərinə baxanda görürük Rəsulzadə və silahdaşları o zaman nə qədər böyük işlər görüblər. Nə qədər çətinliklər və məhrumiyyətlər içərisində Azərbaycan davası aparıblar və bu jurnalı nə qədər maddi sıxıntılar içərisində çıxarıblar. Onların heç biri maddi baxımdan zəngin olmayıblar, amma ideyaları o qədər böyük, mübarizə eşqi o qədər güclü olub ki, ən ağır şərtlər altında Azərbaycan davası aparıblar, hələ də qiyməti tam verilməyən mücadilə veriblər. Arxiv sənədlərini vərəqləyəndə, o dövrdə onların gördüyü işlərlə bağlı materialları oxuyanda bəzən mən saatlarla bu otaqda ağlamışam. O insanlar nə qədər əzab-əziyyət, iztirablar çəkiblər. İndi nə var ki, Türkiyədə Azərbaycan haqda danışmağa. Rəsulzadənin dövründə, lap elə 80-cı illərdə burda Azərbaycan davası aparmaq o qədər də asan deyildi. Hərə bir tərəfdən təzyiq edirdi. Hələ bizim fəaliyyətimiz dövründə İran və Rusiya səfirlikləri bu dərnəyin qapadılması üçün dəfələrlə Türkiyəyə nota veriblər. Amma biz mübarizəmizdən dönmədik, babalarımızın bizə əmanət qoyub getdiyi Azərbaycan davasını davam etdirdik və elə bir vəziyyət yarandı, 80-ci illərdə biz küçəyə çıxıb “Rədd olsun Rusiya!”, “Rusiya Azərbaycandan əlini çək!” deyəndən beş dəqiqə sonra 2 min nəfər bizə qoşulub meydana çıxırdı. Amma indi bu şüarla meydana çıxsaq hamı bizə gülər. Tarix şərtləri dəyişdirir".
S.Önalın sözlərinə görə, jurnalı yalnız öz güclərinə nəşr etdirirlər. İmkan olanda ayda bir dəfə, olmayanda isə bir neçə aydan bir çıxarırlar: “Quzey və Güney Azərbaycandan olan tələbələr gəlib burda arxiv sənədləri ilə işləyirlər, Azərbaycandan olan müəllimlər burda araşdırma aparırlar. Azərbaycanda dostlarımız var. Bunların öndə gələnləri arasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, "Yeni Müsavat" qəzeti və başqaları var. Azərbaycandakı vəziyyətdən xəbərdarıq və durumun düzəlməsini, ölkənin daha da inkişaf etməsini istəyirik. Bu dərnəkdəki fəaliyyətimiz tam təmmənasızdı. Hamımız demək olar dövlət işində çalışırıq. Amma bununla belə həftənin 6 günü dərnək açıq olur və hamımız gəlib burda hansısa bir işlə məşğul oluruq. Burdan fikir çıxır, bura bizə əmanət olunan fikir mərkəzidi".
S.Önal Müsavatın yüz illik yubileyinə hazırlaşdıqlarını dedi. Onun sözlərinə görə, hər il Azərbaycanın milli bayramı və digər tarixi günlər qeyd olunur, müxtəlif aksiyalar keçirilir: “Məsələn Bursada Türkiyə-Ermənistan futbol matçında yaşanan bayraq qalmaqalından sonra bizim Bursa şöbəmiz orada minlərlə bayraq payladı”.
Daha sonra dərnəyin otaqlarını gəzirəm. Divarlardan Atatürkün, Rəsulzadənin, Elçibəyin, dərnəyin başqanı olmuş şəxslərin, Azərbaycanın məşhur şair və yazıçılarının, 1937-ci ildə repressiyaya məruz qalan ziyalılarımızın portretləri asılıb. Onu da öyrənirəm ki, bir neçə gün öncə mərhum prezident Əbülfəz Elçibəyin xanımı və oğlu da bu dərnəyə baş çəkiblər.
S.Önal bu barədə danışmaq istəməsə də, mən aldığım məlumatlarım əsasında ondan bu dərnəyə alternativ qurumlar yaratmaq cəhdlərinin arxasında hansı qüvvələrin dayandığını soruşdum. O isə belə məsələlərin olduğunu, amma bunun üstünə getmək istəmədiyini bildirdi.
Dərnəkdəki söhbətimizdən sonra Əsri Məzarlığına yollandıq. Məzarlıq o qədər böyükdür ki, küçələrə bölünüb.
Rəsulzadənin məzarı olan küçəyə isə Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə 28 may küçəsi adı verilib. Rəsulzadənin anıt qəbiri bu məzarlıqda yeganə anıt qəbirdir.
Səlcuq bəy dedi ki, vaxtaşırı bu məzarı ziyarət edərək mənəvi rahatlıq tapırlar: “Hələ sovetlər dönəmində bu məzar bizim ziyarətgahımız idi. Bura gəldiyimizin mində birini doğma babalarımızın məzarına getməmişik. Tanıdığımız, tanımadığımız insanlar bura gəlir, məzar daşını öpüb qucaqlayır, onunla söhbət edirlər, sonra da kiçik kağız parçalarına sözlər yazılmış notları məzar daşına yapışdırıb gedirlər. Bu məzar bizim müqəddəs məbədimizdir”.
Beləcə, biz də Rəsulzadənin məzarı qarşısında sayğı duruşuna keçir, cümhuriyyətimizin və bayrağımızın banisinin qarşısında baş əyib Əsri Məzarlığından ayrılırıq.

Zabil MÜQABİLOĞLU Bakı-Ankara-Bakı

------------------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder