Novxanı kəndinin hörmətli adamlarından olan axund Hacı Molla Ələkbərlə ömür-gün yoldaşı Zal qızı Ziynətin evində iki övlad böyüyürdü: Məhəmməd Əmin və Şəhrabanu. Oğluna yaxşı təhsil verib bilik adamı etmək axundun ən böyük arzusu idi. Quranı mükəmməl oxuya bilən Məhəmməd Əminin dərin zəkası axundun diqqətindən yayınmırdı. Həqiqətən də o, yanılmamışdı.
1902-ci ildə 18 yaşlı Məhəmməd Əmin ilk siyasi təşkilatını – «Müsəlman gənclik təşkilatı»nı yaratdı. Bu, bir əsrə yaxın müstəmləkə rejimi altında inildəyən xalqın ağrılarını sağaltmağa çalışan ilk siyasi təşkilat idi. O vaxta kimi də mövcud üsul-idarəyə etiraz edənlər monarxiya qaydası ilə barışmayıb müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Daha çox qəzet yazıları və ədəbi əsərlərlə xalqı əsarətdən xilas etməyə çalışan çox şəxsiyyət olmuşdu. Lakin vahid proqramlı, işıqlı məqsədə xidmət edən geniş formalı bir təşkilat yaratmaq hünərini ilk dəfə 18 yaşlı Məhəmməd Əmin Rəsulzadə göstərdi. Sonradan «Hümmət» adlı təşkilat da yaratdı. Bu təşkilata bir az sonra yolları başqalaşan Nəriman Nərimanov, Məşədi Əzizbəyov və qeyriləri də daxil idi.
Bakıda həm bolşeviklər, həm menşeviklər, həm də Məhəmməd Əminin başçılıq etdiyi «Hümmət» təşkilatı fəaliyyət göstərir. Hamısını yaxınlaşdıran bir yol var – çar hökumətini yıxmaq. Qalan sahələrdə fikir ayrılığı mövcuddur.
«O tarixlərdə çar rejimini devirmək üçün Qafqaziyada çalışan inqilabçı sosialistlər, bolşeviklər və menşeviklər ilə təmas halında idik. Bu partiyaların üçü də bizi öz tərəflərinə çəkməyə çalışırdı, biz onlara yanaşmırdıq. Günlərin bir günü Stalin bizi dəvət etdi…»
… Stalinlə ilk söhbətdə Məhəmməd Əmin daxilən narazı qaldı. Bunun başlıca səbəbi də Stalinin bolşevizmin əhvalından irəli gələn bir söz deməyi oldu.
«Onlara birləşməyimizi təklif etdi. Biz ona bolşevik nəzəriyyəsi və ruhunun məmləkətimizin ruh və yaşayış tərzinə uymayacağını söyləyib təklifini rədd etdik. Çıxarkən bizə: bir rus adı söyləyib «Filan adam da bizi dinləmədi. Biz onu təmizlədik» deyə cavab verdi. Biz isə: «Nə bacarırsınızsa edin» deyib ayrıldıq…» (M.Ə.Rəsulzadə)
Sonrakı mübarizə illərində Stalinə az köməyi dəyməmişdi. Fəhlələr arasında inqilabi təbliğat apardığına görə dövlətlilər Stalini neft quyusuna atmaq istəmişdilər. Məhəmməd Əmin onu ölümdən xilas etmişdi. 1908-ci ilin martında Stalin həbs edilir. Elə həmin ilin sentyabrında onun gizli şəkildə həbsxanadan qaçırılmağını təşkil edənlərdən biri Məhəmməd Əmin olur.
Bir dəfə polislər Stalinin izinə düşmüşdülər. Həbs olunmaq təhlükəsi vardı. Novxanıya qaçıb gələn Stalini burada da bərk axtarırdılar. Məhəmməd Əmin evlərində neçə dəfə çörək kəsən bu adamı atasının axundluq etdiyi Novxanı məscidindəki minarənin altında gizlətmişdi.
Maral arvad isə (Məhəmməd Əminin analığı; Anası Ziynət xanım vaxtsız vəfat etdiyindən atası ikinci dəfə evlənmişdi) nəvələri ilə birlikdə Stalin cəlladları tərəfindən həbsxana divarları arasına atılanda şikayətlənə-şikayətlənə qaniçənlərə demişdi: «Gedin o bığlı oğlana (yəni Stalinə) deyin ki, Maral arvadı tutmuşuq. O adamı ki, neçə dəfə sənin qabağına çay gətirib, çörək qoyub».
Amma Stalin onu dəfələrlə ölümdən qurtaran bir adama – köhnə mübarizə dostu Məhəmməd Əminə borcunu qaytaracaqdı. Bütün bunlar çox sonralar olacaqdı.
Məhəmməd Əmini və onun silahdaşlarını narahat edib ağrıdan milliyyət məsələsi idi. Bu mövzudakı yazılarda bir sözü daha kəskinliklə işlədirdilər: istibdad. Yəni bir nəfərin, yaxud bir qrupun kefi istədiyi kimi xalqı idarə etməsi. Bu, ən zülmkar bir siyasətdir, adamları mənəvi böhrana sürükləyib məhv edir. İstəyini, arzusunu qırıb çilik-çilik edəndən sonra xalqı məhv etməyə nə var ki? Yaxud xalqın doğma dilində məktəbin olmaması, cəmiyyət açmağına, qəzet çıxarmağına icazə verilməməsi onun mənən ölümə gedib çıxması deyilmi? Xalqın ən zəif damarından yapışıb başını xırda işlərlə qatmaq və bu yolla öz hökmranlığını qoruyub saxlamaq çar imperiyasının başlıca siyasəti idi.
Ən qorxulusu müsəlmanların məzhəb ayrılığı – sünni, şiə söhbəti idi. Çar hökuməti müsəlmanlıların bu zəif yerindən bacarıqla istifadə edirdi. Lazım gələndə baş qatmaq üçün bu söhbəti ortaya atırdı. Hətta bu işi qızışdırmaq, daima gərginlik altında saxlayıb çəkişdirməkdən ötrü iki ayrı-ayrı idarə yaratmışdı: 1. Müftilik, 2. Şeyxülislamlıq. Tiflisdə yaradılan idarələrin yanında «Ömər» və «Əli» adları verilən məktəblər də açmışdı.
Xalq uzun illər boyu haqlarından belə məhrum edilmişdi. Şəhər bələdiyyə məclislərinin yarıdan çoxunu əksəriyyət təşkil edən azərbaycanlılar deyil, başqa millətlərin nümayəndələri təmsil edir. Bakıda, Gəncədə belə hallar mövcud idi.
Çar siyasəti azərbaycanlıları məhvə aparırdı. İstila etdiyi Qafqazda ikibaşlı siyasət oyunu oynayırdı. Qafqazdakı xristianlar orduya çağrıldığı halda, müsəlmanlılar bu hüquqdan məhrum idi.
«Məktəblərdə, hökumət divanxanalarında, məhkəmələrdə, qeyri-ictimai dairələrdə ancaq rus dili gərək işlənsin, tamam ibadətgahlar gərək rus ortodoks kilsəsinə mütih olsun və hər kəs, hər bir surətdə olsa da «basurmanlara» yadlara heç bir milli müsaidələr, məsələn, ana dilində məktəb açmaq, cəmiyyəti-xeyriyyələr, geşadi və qəzet nəşrinə izn verilməsin, özgə millətlər hər bir padşahlıq qulluqdan, böyük qulluqlardan məhrum edilsin və bunların hamısında bu firqənin məqsədi odur ki, bacardıqca Rusiya dairəsində olan millətləri ruslaşdırıb, bacardıqca Rusiyanı qeyri məzhəblərdən paklaşdırsın» (M.Ə.Rəsulzadə).
Sonrakı mübarizə illərində – 1908-ci ilin dekabrında gəldiyi bir qənaəti- «Həmişə zillətdə qalmaqdansa, birdəfəlik ölmək yaxşıdır» ömrünün sonuna kimi əlində əsas tutdu, həyat amalına çevirdi. Sürünə-sürünə yaşamağı qəbul etmədi və ağrılı-acılı bir həyat sürməyə məcbur oldu. Ömrünün sonrakı illərində də ona «çəkil bir yana, sakitləş» deyənlər az olmadı. Amma o, əqidə adamı idi və bu yoldakı təhlükələri əridib yox etməyə qadir idi. İstəyinə çatmaqdan ötrü son nəfəsinə kimi çarpışdı və xalqı zillətdən qurtarıb işıqlığa çıxarmaq üçün ürəyini məşələ döndərib başı üzərinə qaldırdı, qaranlıqları yara-yara irəlilədi. Bu ürək məşəlinin alovu haralarda görünmədi? İranda, Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada bu ürək alovlanıb işıq saçırdı. Bir parça çörəyə möhtac olanda belə ruhdan düşməyib son arzusuna doğru yol gedirdi. Bu qərib və tənha yolda xalqı əsarətdən qurtarmaq istəyi içərisinə güc verir, başı üzərində alovlandırdığı ürək məşəlini sönməz edirdi. Hələ 24 yaşında qəbul etdiyi «Həmişə zillətdə qalmaqdansa birdəfəlik ölmək yaxşıdır» sözünə ömrünün axırına kimi 1955-ci ilin baharına on altı gün qalana qədər sadiq oldu.
Bu dövrdə apardığı inqilabi mübarizədə milli istiqlaliyyət fikrini formalaşdırır, Azərbaycana «muxtariyyət» ideyasını irəli sürürdü.
Çar üsul-idarəsinin müdafiəçiləri bu «qorxulu» adamı təqibə başladılar. Məhəmməd Əmin Rəsulzadə doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Bu zaman ömrünün 24-cü ilini başa vururdu.
Təqibdən yaxa qurtarıb pənah apardığı yer İran torpağı oldu.
Bu vaxtlar İranda məşrutə inqilabı alovlanırdı. Burada onun Avropa təhsili görmüş ziyalı dostları vardı. 1910-cu ildə İran ziyalıları ilə birgə İran demokrat partiyasının əsasını qoydular. Partiyanın orqanı kimi «İranenoy» («Yeni İran») qəzeti nəşr edilməyə başladı. 26 yaşlı Məhəmməd Əmin Rəsulzadə qəzetin baş redaktoru idi. Qəzeti redaktə etməklə yanaşı o, tez-tez məqalələr, şeirlər çap etdirir, baş verən hadisələri izah edib xalqa çatdırırdı. Müasir Avropa qəzetçilik peşəsini İrana gətirən və inkişaf etdirən Rəsulzadədir.
Şahın çar Rusiyası ilə birləşən qüvvələri məşrutə hərəkatını qan içində boğdu. Edamlar, qətllər, hürriyyət yolunda şəhid olanların axan qızıl qanı… Məşrutə hərəkatının tərəfdarları istibdada məruz qaldılar.
Belə vəziyyətdə İranda qalmaq təhlükəli idi. Məhəmməd Əmin Rəsulzadəni təkcə İran hökuməti deyil, həmçinin Çar Rusiyası da axtarır, həbs etməyə çalışırdı. Çünki Məhəmməd Əmin Rəsulzadə adı həm İran, həm də Çar Rusiyası üçün qorxulu idi. Böyük mühərrirlik və siyasi təbliğatçılıq bacarığı olan Məhəmməd Əmin Rusiya və İranda mövcud quruluşa qarşı mübarizə aparmış, başına çoxlu adam toplamışdı. Onun həmfikirləri çox idi və xalqın müəyyən təbəqələri arasında güclü nüfuzu vardı. Belə adamları «zərərsizləşdirmək» lazımdı.
Təzyiqin getdikcə artdığını və həyatının təhlükədə olduğunu görən Məhəmməd Əmin Rəsulzadə İranı tərk etməyə məcbur oldu.
İndi üz tutub getdiyi məkan Türkiyə idi. Vətəndən qovula-qovula əzəmətli İstanbula gedirdi. Azərbaycanın çox ziyalıları indi İstanbula toplaşmışdı. Onlarla görüşüb birgə fəaliyyətə başlamaq lazım idi.
İstanbulda «Türk ocağı»nı yaratdılar. Bura dövrün görkəmli ziyalıları toplaşmışdı. Məhəmməl Əmin Rəsulzadə «Türk ocağı»nda görkəmli ziyalılarla – Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları ilə birgə çalışıb fəaliyyət göstərirdi.
Məhəmməd Əmin Rəsulzadə getdikcə müsəlman dünyasının böyük mütəfəkkiri Şeyx Cəmaləddin Əfqani ilə maraqlanır, onun fikirlərini öyrənir… Şeyx Camələddin Əfqani milliyyət şürunu oyatmağı ilə Məhəmməd Əmin Rəsulzadənin diqqətini cəlb edirdi.
Ziya Göyalpın təkmilləşdirdiyi «türkçülük» ideyasının da Məhəmməd Əmin Rəsulzadəyə böyük təsiri olmuşdur.
Z.Göyalpın «Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm» şəklindəki şüarı sonradan milliyyətpərvər «Müsavat» firqəsinin proqram müqəddiməsində yer aldı.
Amma vətən qapıları üzünə bağlanmışdı. O, çar imperiyasının düşməni idi və adı gizli hökumət dəftərində qeydə alınmışdı.
Birdən sanki möcüzə baş verdi. Vətənə qayıtmağına icazə verdilər.
1913-cü ildə Romonovlar sülaləsinin 300 illiyi ilə bağlı olaraq mühacirlər hökumət tərəfindən bağışlandı və Məhəmməd Əmin Rəsulzadə 5 il ayrılıqdan sonra doğma elinə, obasına qayıtdı.
Hələ İstanbulda olduğu vaxtlar əmisi oğlu Məhəmməd Əli ilə məktublaşırdılar. Hər ikisi siyasi bir firqənin yaradılması ideyasını irəli sürürdü. Az sonra əmisi oğlu Məhəmməd Əlidən bir məktub aldı. O, «Müsavat» adlı bir partiyanın qurulduğunu yazırdı.
Bakıya 1913-cü ildə qayıtmışdır. Lakin diqqəti cəlb etməyib polisin nəzarətindən yayınmaq üçün bir ilə kimi başqa sahədə çalışdı. Əslində siyasi fəaliyyəti dayandırmamışdı, gizli şəkildə davam etdirirdi.
Bir qədər keçəndən sonra «İqbal» qəzetində işə başladı. «Dirilik» və «Şəlalə» jurnallarında məqalələr çap etdirirdi. Bu məqalələrdə türkçülük ideyasını əsas tuturdu.
Amma həyatı yenə sakit keçmir. «İqbal» qəzetindəki bir məqaləsinə görə hərbi senzura ilə aralarında ciddi toqquşma olur. Məhəmməd Əmin Rəsulzadəni həbs edirlər. Lakin bir aydan sonra azadlığa buraxılır.
Birinci dünya müharibəsinin başlanması ilə əlaqədar Qafqaz cəbhəsində zərər çəkən müsəlmanlara yardım göstərmək üçün xeyriyyə işlərində o da köməklik göstərir.
Nəhayət, 1915-ci ildə çəkdiyi əziyyətlərin bəhrəsi olan «Açıq söz» qəzetinin nəşrinə icazə aldı. Qəzetin əsas məqaləsində M.Ə.Rəsulzadə yazırdı: «Özünü lüzumunca bilib və istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər…»
1916-cı il. «Açıq söz» qəzeti. M.Ə.Rəsulzadə «Dövlət dumasının açılışı» məqaləsində yazırdı: «…Müsəlmanlar nə istəyirlər? İstəyirlər ki, müsəlman olduqlarına görə onları tapdalamasınlar. Onları müsəlman olduqlarına görə bürokratçılığa dözməyə məcbur etməsinlər. Onların dili, dini hər cür təzyiqdən azad olsun».
Məhəmməd Əmin Rəsulzadə çar imperiyasının yıxılmaq xəbərini eşidib sevinəndə 1917-ci ilin fevral ayı idi. Elə həmin gündən «müsavatçı» dostlarını başına toplayıb qəti fikir irəli sürdü: Azərbaycana muxtariyyət verilməlidir. Bu günə kimi yalnız milli mədəni hüquqlar qazanmağımız uğrundakı mübarizə indi milli mahallı muxtariyyətlə aydınlaşmalıdır. Milli-mahallı muxtariyyət xalqı torpağının da sahibi edir.
1917-ci il. Moskvada Rusiya müsəlmanlarının qurultayı keçirilir. Qurultayda islamçı-sosialistlər yeniləşən Rusiyadan yalnız milli-mədəni muxtariyyət almaqla kifayətlənirdilər. Rəsulzadə bu fikri qətiyyən qəbul etmirdi. O, «milli-mədəni muxtariyyət» dövrünün artıq ötüb keçdiyini yaxşı bilirdi.
Növbəti atacağı addım Rusiyadan tam ayrılıb müstəqil yaşayan «Azərbaycan» olacaqdı. Hələlik bu işıqlı ideyasını muxtariyyət qazanmaqda görürdü.
1917-ci ilin martında yazdığı məktubda Məhəmməd Əmin Rəsulzadə məntiqi siyasət irəli sürürdü: Rusiyanı parçalamaq? Bəs necə parçalamaq? Rusiyanı güc və zorla dağıtmaq mümkün deyil. Burada yeganə yol onu xalqlara muxtariyyət verməyə məcbur etməkdir. Ayrı-ayrı xalqların muxtariyyət şəklində yaşaması Rusiyanın parçalanmasına və tezliklə məhkum xalqlar üzərindəki ağalığına son qoyur.
…Buna görə də Rusiya İsveçrə sistemi halında ayrı-ayrı milli dövlətlərdən ibarət fedarativ bir cümhuriyyət olmalıdır. Məhəmməd Əmin Rəsulzədə Qafqaz müsəlmanlarının Moskva qurultayında irəli sürdüyü bu fikrin qələbəsinə də nail olur. Qurultayda iştirak edən 700 nümayəndədən 600-ü onun «muxtariyyət» ideyasına səs verdi. Qalan 100 nəfər isə razılaşmayıb etiraz etdilər. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadənin təklifi qəbul olundu.
Qurultayda onun fikrinə qarşı çıxıb, «milli dövlətlərə bölünmək Rusiya müsəlmanlarını parçalayacaq» fikrini ortaya atanlara Məhəmməd Əmin Rəsulzadə belə cavab vermişdi: «Bu hərəkat türk-müsəlman birliyini parçalamayacaqdır. Milli dövlətinə qovuşacaq olan hər bir türk eli coşqun bir İslam irmağıdır. Bu irmaqlar yenə İslam dənizinə qədər axacaq və orada birləşəcəkdir.
Biz türkük və türklərin oğullarıyıq. Böylə olduğumuz üçün də qürur duymalıyıq. Biz türkün mənliyindən bir türk kültürü yaratmaq istəyirik. Buna məcburuq. Rusiyadakı 30 milyon müsəlmandan 29 milyonunun türk olduğunu unutmamalıyıq. Rusiyadakı türk xalqı yüz illərdən bəri bölünmüşdür. Fəqət indi sadə birləşmə istəyində deyil, eyni zamanda öz milli mövcudiyyətini qəbul etdirmək istəyində olan niyyətlərini haykırmakdadırlar».
Məhəmməd Əmin Rəsulzadənin Moskva qurultayında irəli sürdüyü daha bir fikir də hamının ürəyincə idi: Azərbaycan, Qafqaz, İdil-Ural, Türküstan, Krım və Sibir türklərini birləşdirəcək bir türk federasiyası yaratmaq.
Qurultaydakı çıxışdan sonra Məhəmməd Əmin Rəsulzadə Rusiyadakı bütün müsəlman türklərin hörmət və nüfuzunu qazanır. Elə bunun nəticəsi idi ki, Məhəmməd Əmin Rəsulzadə həmin ili Azərbaycan və Türküstandan Rusiya parlamentinə millət vəkili seçilir.
1917-ci ilin aprel ayında Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Qurultayda Nəsib bəy Yusifbəyli ilə aralarında bir söhbət oldu. Razılığa gəldilər ki, «Müsavat»la «Türk ədəmi mərkəziyyət» partiyası birləşsin.
Beş yüz adamın iştirak etdiyi «Müsavat» partiyasının birinci qurultayında 33 yaşlı Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir.
İslami əsaslı «Müsavata» türkçü bir quruluş verən Məhəmməd Əmin Rəsulzadə lideri seçildiyi partiyanın qurultayında deyir:
«Yalnız din birliyi müasir məna ilə millət təşkil edə bilməz. Milliyyəti təşhis edən müştərək əlamətlərin başlıcası dil, din, adət və ədəbiyyatdır. Bu nöqtəyi-nəzərdən bütün türklər bir millətdir. Təbii Milli olduğu, milliyətində yalnız dinlə deyil, başlıca din üzərinə müstənit hərsən təəssüs elədiyi qənaiti ilə biz bu günkü haliyilə müttəfiq bulunan geniş türk dünyasının bir gün gəlib müttəhit və müttəfiq bir türk aləmi təşkil edəcəyinə inanırıq.
Milli istiqlala malik olmayan bir millət, hüriyyət və hərsini hifz edə bilməz. İnsanlara hüriyyət, millətlərə istiqlal».
…Amma dünya dəyişmişdi. «Müsavat»ın birinci qurultayının keçirildiyi vaxtda, istiqlal və hürriyyətə doğru daha inamlı addımlar atıldığı zamanda xalqın bütün istək və arzularını boğub məhv edəcək bolşeviklər hakimiyətə gəlmişdi.
Bu oyunun ilk təhlükəsi erməni Şaumyanın noyabr ayında Bakıda yaradılan Bakı Xalq Komissarları Sovetinə sədr seçilməsi idi.
Məhəmməd Əmin Rəsulzadəni bir məsələ də narahat edirdi. Şaumyan hökuməti erməni daşnakları ilə sıx əlaqəyə girmişdi və silahlı ermənilərin şəhərdə sayı getdikcə çoxalırdı. (Bu çoxalmanın qanlı partlayışı bir neçə aydan sonra olacaqdı).
Bakı təhlükədə idi.
Bakı qırğını. Partlayış martın 17-də oldu. Silahlı ermənilər müsəlmanları qırmağa başladılar. Üç gün davam edən bu qırğında on mindən artıq azərbaycanlı qırıldı.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan üzvlərdən ibarət Azərbaycan milli şurası yaradıldı. Məhəmməd Əmin Rəsulzadə şuranın sədri seçildi.
Mayın 28-i bütün ölkələrin radio stansiya və qəzetləri Azərbaycanın istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəli xan Xoyski hökumət başçısı olur. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün İslam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu.
Azərbaycan Respublikası yaradılmış, hökumət qurulmuşdu. Amma Azərbaycan paytaxtı Bakı Şaumyanın hökmranlığı altında idi.
Azərbaycan hökuməti Gəncəyə köçdü.
Bakı od içində, səfalət, aclıq möhnətində boğulurdu. Bakını xilas etmək lazımdır. Bakı Azərbaycanın düşünən başıdır. Bu düşünən baş indi xainlərin əlindədir və onu istənilən vaxt kəsə bilərlər.
Bütün bu bəladan qurtuluş yolu ancaq bir yerə aparıb çıxarırdı: Türkiyə! Qardaş Türkiyə!
Türklər Məhəmməd Əmin Rəsulzadəni mehribanlıqla qarşıladılar.
Bakının xilasına az qalırdı…
Gəncəyə gələn kimi nizamlı qoşun yaratmağa başladılar. 1918-ci ilin 11 iyulunda türk komandanlığı 1894-99-cu illərdə anadan olanları əsgəri xidmətə çağırır. Elə bütün çətinliklər, toqquşmalar, böhranlar da burada başlayır. Adamlar indiyə kimi görünməmiş hadisə ilə qarşılaşırdılar: Əsgərlik! Neçə ay evindən-eşiyindən ayrı düş! Kiminsə əmrində dayan, yarıac, yarıtox dolan! Bu kimə lazımdır! Biz uşaqlarımızı əsgərliyə vermirik. Uşağımı gözümdən kənaramı qoyacağam getsin? Uşaq saxlamışam ki, gedib güllə qabağında dayansın?
…Rusiya imperiyasındakı türklər əsgərlik hüququndan məhrum idi. Yalnız Volqa boyunda yaşayan türkləri əsgərliyə götürürdülər. Ona görə də Azərbaycanın Milli ordusunu yaratmaq söhbəti ortalığa çıxanda o, demək olar ki, anlaşılmaz vəziyyətdə qalmışdı.
Türklər milli ordu yaradılmasında böyük işlər görürdü. Bu sahədə Nuru paşanın böyük əziyyətləri vardı. Tez-tez əyalətlərə gedən Nuru paşa adamlarla görüşündə həmişə bir şeyi – adamların uşaqlarını əsgərliyə verməsini təbliğ edir, bunu zərurət sayırdı. Nuru paşa Gəncədə hərbi məktəb açdırmışdı. Hərbi məktəbdə çoxlu fədakar azərbaycanlılar oxuyurdu.
Dözülməz hallardan biri də ordudan qaçmaq idi. Hərbi nazir Səməd bəy Mehmandarov deyirdi: «Əsgəri xidmətə çağırılanların hələ türklərin vaxtından ordudan qaçmaq halları indinin özündə də davam etməkdədir. Bunun da kəskin səbəbləri vardır: pis yemək, geyimin, ayaqqabının verilməməsi və s…»
Hərbi nazir Mehmandarov döyüşçülər və xalq üçün türk xalqının tarixindən bəhs edən kütləvi ədəbiyyatlar nəşr edilməyini lazım bilirdi. Mehmandarov yazırdı:
«…Biz müsəlmanlar yenicə şüurlu və yaradıcı həyata başlamışıq… Ona görə də ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir… Bu şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır».
Sentyabrın 14-dən 15-nə keçən gecə, Qurban bayramında türk qoşunları sürətli hücumla Bakıya girdilər. Düşmən təslim oldu. Gecə saat üçdə başlanan bu əməliyyat qısa bir vaxtda türklərin qələbəsi ilə qurtardı.
Sentyabrın 15-i günü Qafqaz Müsəlman ordusunun komandanı general-leytenant Nuru Paşa Gəncəyə – Azad Azərbaycan hökumətinin başçılarına xoş xəbərli teleqram göndərdi: «Allahın köməyi ilə Bakı şəhəri bizim qoşunlar tərəfindən alındı».
Bakını təmizləmək üçün türk əsgərləri otuz altı saat düşmənlə fasiləsiz döyüşmüşdülər.
Nuru Paşa başda olmaqla türk ordusu Azərbaycanda ordu quruculuğuna başlamışdı. Paşa gileylənirdi ki, azərbaycanlıları orduya götürmək, əsgəri təlim keçmək çox çətindir. Qayda-qanuna heç cür əməl etmirlər. Paşanın dediklərində həqiqət vardı. Azərbaycanlılar hərbi xidmətə çağrılmadığından əsgəri qaydalara öyrəşə bilmirdilər.
Türkiyədən hərbi nazir İzzət paşa bir teleqram göndərmişdi. İzzət paşa yazırdı ki, müharibədəki məğlubiyyətlə əlaqədar Türkiyə ordusu noyabr ayının 16-na kimi Bakıdan çıxarılmalıdır. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və başqa hökumət nazirləri təəccüb içində qalmışdılar: Nə etməli? Vəziyyətdən necə çıxmalı? İzzət paşanın yazdığında yalnız bir ümidli söz vardı: «Biz məcbur olub yalnız bunu deyə bilərik ki, arzu edən zabitlər türk ordusu ilə əlaqəni kəsib Azərbaycanda qala bilərlər».
Hökumət başçıları anlaşılmaz vəziyyətə düşmüşdülər. İngilis generalı Tomson qoşunu ilə tezliklə Bakıya girməli idi. Nə etməli?
Məhəmməd Əmin Rəsulzadənin qəlbindən ümidli bir fikir keçdi: Hər şey yaxşı olacaq! Azərbaycan öz müstəqilliyini saxlayacaq! Tomsonu razılığa gətirə biləcəklər.
Türk zabitlərinə ciddi ehtiyac var. Azərbaycan ordusuzdur. Savadlı, təcrübəli zabit kadrlarımız çox azdır. Nuru Paşanın məlumatına görə indiyə kimi azərbaycanlılardan cəmi 1500 əsgər toplanıb. Onlardan isə yalnız 500-ü Bakıdadır. 500 əsgər nə qüvvədir ki? Qarşıdan coşqun sel kimi ingilis qoşunları gəlir. Vəziyyət də çox pisdir. Bakının kəndləri ilə müqayisədə götürəndə əyalətlərdə adamlar uşaqlarını əsgərliyə vermir.
Amma vəziyyətin mürəkkəbliyinə baxmayaraq, qoşunlar əslində Bakını ağır vəziyyətdə qoyub getmək istəmirdilər.
Vəziyyət gərgin idi. Tomson Bakıya gəlirdi. Türk qoşunları isə Bakını tərk edirdilər.
Türklər gedirdi. Sabah Bakıya ingilislər girəcəkdir.
Məhəmməd Əmin Rəsulzadə hər gün Fətəli xanla, Nəsib bəylə, başqa hökumət nazirləri ilə məsləhətləşir, Tomsonla «dil tapmaq» üsulları axtarırdı. İndi hər şey – başlıca məsələ olan Azərbaycanın müstəqilliyinin saxlanması məhz Tomsonla uğurlu iş görməkdən ibarətdir.
İndi başlıca söhbət parlamentin açılışından gedirdi. Tomsonun müəyyən təzyiqi ilə «Koalisyon hökumət» yaratmaq razılaşdırılmışdı. Başqa millətdən olanlar da hökumət işində çalışa bilərdilər.
Amma sonradan məlum oldu ki, Bakıdakı «Rus milləti komitəsi» Azərbaycan parlamentinə nümayəndələrini göndərmək istəmir.
Getdikcə Məhəmməd Əmin Rəsulzadə və dostları Tomsona hər şeyi başa salır, rus şovinizminə onda da nifrət oyadırdılar.
Azərbaycan Demokratik respublikanın koalisyon (müttəfiq) ruhda fəaliyyətini nəzərə alan Tomson dekabrın 29-da bütün azərbaycanlıların ürəyindən olan bir bəyanat verir: «Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb elan edirəm ki, İttifaq komandanlığı bu hökuməti Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə edəcək». (Bu bəyanatın cəmi bir ay əvvəl «Bizim bildiyimiz Azərbaycan xalqının doğma bir cümhuriyyəti yoxdur, yalnız türk komandanlığının intriqası ilə təşəkkül etmiş bir hökumət var» deyən Tomson tərəfindən verilməsi Azərbaycan Respublikasının böyük diplomatik qələbəsi idi).
Məhəmməd Əmin Rəsulzadə neçə gün idi ki, hökumət nazirləri ilə ciddi söhbətlər aparırdı. Qarşıda Azərbaycan hökumətini çətin sınaq gözləyirdi. Fransada Versal Sülh konfransı keçiriləcəkdi, bunun üçün oraya gedən heyət müəyyənləşdirilməliydi. Bu heyət Azərbaycanın müstəqilliyini xarici dövlətlərə tanıtmalı və onun hüququnu müdafiə etməli idi. Heyətə olduqca məsuliyyətli bir iş tapşırılırdı.
1920-ci 12 yanvarında Versala göndərilmiş nümayəndə heyəti Cümhuriyyətin tanınmasına nail oldular. M.Ə.Rəsulzadə hökumətini bütün dünya dövlətləri tanıyırdı. Ömrünün sonlarında, amansız ölümün sərt addımlarla ona yaxınlaşdığı vaxtda «Amerikanın səsi» radiosu ilə doğma xalqına müraciət edib o xoş günü onlara bir daha xatırladacaqdı:
«…Bütün bunların nəticəsində idi ki, cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqribən bir çox böyük dövlətlər daha istiqlalımızı tanıdılar. Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müahidələri imzalandı. 12 yanvar 1920-ci il cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu həqiqətən böyük bayram idi…»
Rusiyada möhkəmlənməyə başlayan Lenin hökumətinin Azərbaycanın daxili işlərinə müdaxiləsi bir hökumət başçısı kimi onu çox narahat edirdi. Məhəmməd Əmin Rəsulzadə Rusiyanı ayrıca dövlət kimi tanıyır və onunla mehriban qonşuluq münasibətində yaşamaq fikrindəydi.
Fəlakət yaxınlaşırdı.
Məhəmməd Əmin Rəsulzadə həyacan keçirirdi. Fətəli xan istefa verib. Onun yerinə gələn Məmməd Həsən Hacınski yeni kabinet təşkilində ləng işləyir, tərəddüdlü mövqe tutur. Həm Türkiyə, həm də Rusiya ilə dostluq mövqeyi tutan bir hökumət qurmaq istəyir.
Bolşeviklərin təhlükəsi getdikcə artırdı. Məkrli plan həyata keçirilirdi: guya XI ordu Türkiyəyə köməyə gedir. Türkiyədə milli Azərbaycan hökumətindən narazılıqlar başlamışdı. Əsl həqiqəti bilməyən türklər gileylənirdilər ki, bəs Azərbaycan hökuməti niyə bizə köməyə gələn ordunu öz ərazisindən buraxmır?
Budur Türkiyə hökumətindən etiraz teleqramı gəlib.
«Azərbaycan hökumətinin ən təhlükəli zamanlarında bir çox qan bahasına qurtaran və ona mövcudiyyət verən Osmanlı hökuməti və Anadolu türk ağabəyləri hər tərəfdə düşmənlə pəncələşərkən düşmənlərimiz əleyhinə əzim bir hərbə girən bolşevik ordularının önündə Azərbaycanın bir səd olması və ya bitərəf qalıb laqeyd dayanması bütün aləmi-islamın səbəbi izmihlalı olacaq və azərbaycanlıların əbədiyyən ləkələnəcək və zatən özünə də bu dünyada hakkı həyat qalmayacaqdır. Bu gün Anadolunun xilası üçün bolşevik ordularıyla əl-ələ verərək hərəkəttən başqa bir çarəmiz qalmamışdı. Türkü və İslamı əbədiyyən yaşatmaq bu fürsəti qaib etməklə olacaqdır. Azərbaycanın şərəfli bir iş yapacağı və yaxud üç yüz əlli milyon islamın həyat və namusunu boynuna alacağı dəqiqələri yaşıyoruz. Bolşeviklərlə müttəfiqən hərəkətiniz və bu surətlə Anadolu türkləriylə birləşməyə çalışmanızı ümid ediyor və intizardayız».
Məhəmməd Əmin Rəsulzadə həyacan içində çırpınır və xalqı hər tərəfdən dövrəyə almış bu zülmət pərdəsini yırtıb demək istəyirdi: Siz həqiqəti bilmirsiniz. Ondan çox uzaqda dayanmısınız. Həqiqəti bilmək istəyirsənizsə, onda üzünüzü Leninə tutub bircə dəfə soruşun. Soruşun ki, əgər bu qoşun Türkiyəyə köməyə gedirsə, bəs onda niyə Bakıya girir? Türkiyəyə gedən yol ki, Bakıdan keçmir.
Ümmülbanu xanım həyat yoldaşını bu vəziyyətdə görəndə ciddi hadisə baş verdiyini anladı.
Sevimli qızları Lətifə ilə Xalidə mehribanlıqla atalarını qucaqladılar.
Yaxınlaşıb beşikdə sakit-sakit yatan oğlu Rəsula baxdı. Körpə heç ayıq da olsa bilməyəcəkdi ki, bu, mehriban atasının son öpüşləridir və o, az sonra ata məhəbbətinə, ata öpüşünə həmişəlik həsrət qalacaq.
Vətənin başı üstündə qara buludlar toplaşırdı. Vətəni xilas etmək lazım idi. Amma necə? Hansı yolla?
Tələsirdi. Nəsib bəy Yusifbəylinin mənzilinə tələsirdi. Saat doqquzda bütün partiya liderləri orada toplaşıb vəziyyəti müzakirə edəcəkdilər.
Aprelin 27-si idi. 26-sı gecəsində XI ordu artıq Azərbaycan hüdudlarını keçmişdi.
Ciddi fikir ayrılığını görüb partiya liderləri belə razılaşdılar: Cümhuriyyətin taleyini parlamentin çıxaracağı qərarla müəyyənləşdirmək lazımdır.
Aprelin 27-də saat 12-də parlamentin son iclası oldu.
Hərbi nazir Mehmandarovun vəziyyət haqqındakı məlumatından və mövqeyindən də çox şey asılı idi. Amma təcrübəli general bütün imkanlarından istifadə etmişdi. Bakıda qalan cüzi bir qüvvə ilə 60 minlik düşmən ordusunun qarşısını almaq olmazdı. Hərbi nazir açıqca elan etdi ki, onun ordusu müqavimət göstərmək imkanına malik deyil.
Başqa çıxış edənlər və hökumətin bolşeviklərə verilməsi tərəfindən dayandıqlarını bildirdilər. «Sosialist» və «İttihad» partiyaları açıq şəkildə hökumətin Sovetlərə verilməsini müdafiə etdilər. «Əhrar» partiyası da bolşeviklərə etirazı olmadığını söylədilər.
«Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbcil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət, dostumuz deyil, düşmənimizdir!»
Məhəmməd Əmin Rəsulzadə çıxışında açıqca bildirirdi ki, son nəfəsinə kimi bolşeviklərlə vuruşmağa hazırdır, lakin o biri partiyaların imtina etdiyi şəraitdə «Müsavat» partiyası bu çətin vəzifənin məsuliyyətini üzərindən götürür.
İndi son ümid, vətəni bu bəladan qurtarmağın son çıxış yolu azərbaycanlı bolşeviklərin göndərdiyi ultimatuma qalırdı. Onlar göstərirdi ki, hakimiyyət ruslara deyil, azərbaycanlı kommunistlərin ixtiyarına keçir.
Başqa çıxış yolu qalmamışdı. Parlamentdə yaradılan «komissiya» bolşeviklərlə görüşüb aşağıdakı şərtlərlə hakimiyyəti onlara verdi:
1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə Anadolunun imdadına gedəcək;
2. Azərbaycan istiqlal və təmamiyyəti-mülkiyyəsi hər növ, təərrüz və qüyuddan məsun qalacaq;
3. Azərbaycan ordusu olduğu kimi qalıb inhilal etdirilməyəcək;
4. Azərbaycan firqəsi siyasiyyəsi-hürriyyət və sərbəstlərini mühafizə edəcəklər;
5. Sabiq rical, əzayi-hökumət və məbusandan kimsə cürmi-siyası ilə ittiham edilməyəcək;
6. Kəmali-sərbəsti ilə toplanacaq Azərbaycan şuraları hökumətinin şəkli-idarəsini təyin qılacaq idi.
…Sonradan bolşeviklər bu şərtlərin heç birinə əməl etmədilər.
XI ordu Bakıya girirdi. Yolda hərbi nazir Mehmandarovun göndərdiyi bir teleqramı tutub saxladılar. Bu azad Azərbaycanın paytaxtı Bakıdan göndərilən son hökumət teleqramı idi. Bu teleqram göndəriləndə hələ Bakı işğal olunmamışdı, ümid işığı tam sönməmişdi.
Hərbi nazirin milli ordumuza son ümidini yaşadan teleqram:
«Hərbi sənəddir. Növbədən kənar. Birinci diviziyanın rəisinə. Gəncə.
Bolşeviklər Yalama stansiyasına hücum edib irəliləyirlər. Xudatı tutublar. Vəziyyət gərgindir. Əmr edirəm: Elə bu gün Qızılburuna Qazaxdan bir, Gəncədən də bir batalyon göndərin… Sabah batalyonların gələcəyini gözləyəcəm».
№ 1417. 1920-ci il, 27 aprel.
General Mehmandarov.
İllər keçəcək və o, müxtəlif ölkələrdə çıxaracağı jurnalların hamısında «27 apreli» matəm günü kimi qeyd edəcəkdi. Həmin günü qara haşiyəyə alıb, Azərbaycanın matəmidir deyə bildirəcəkdi. Sonralar isə hər il «aprelin 27-də» ona matəm teleqramları göndərib, xalqın ağır dərdinə – istiqlalının əldən getməyinə kədərləndiklərini bildirəcəkdilər.
1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconokidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir.
M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: «Müsavat» partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir («Azərbaycan» jurnalı, Ankara, No3, 1955-ci il). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır.
Mühacirliyi dövründə də Azərbaycanın müstəqilliyi, həqiqətlərin dünyaya çatdırılması uğrundva mübarizə aparmışdır. Bu informasiya mübarizəsi o dərəcədə kəskin idi ki, Sovetlər hər vəchlə bunun qarşısını almağa çalışırdılar.
1931-ci ildə Türkiyə ilə Sovet Birliyi arasında imzalanan dostluq müqaviləsinin gizli bir bəndi də bundan ibarət idi. Türkiyədəki mühacirlər ölkədən çıxarılsın, Sovetlər əleyhinə təbliğat işi aparmasınlar. Buna görə də Rəsulzadənin başqa yolu qalmamışdı. Türkiyədən çıxmalı idi.
1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən «İstiqlal» (1932-1934) qəzeti və «Qurtuluş» (1934-1938) jurnalı çap edilirdi.
O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə «Azərbaycanın kültür gələnəkləri» adlı kitabı işıq üzü görmüşdür. Onun «Çağdaş Azərbaycan ədəbiyyatı» (1950-ci il) və «Çağdaş Azərbaycan tarixi» (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir.
İkinci dünya müharibəsi illərində Rəsulzadənin Hitlerlə yaxınlaşmasında məqsəd «düşmənin düşməni ilə dostluq etmək» idi. M.Ə.Rəsulzadədə olan məlumata görə, almanlar min beş yüz azərbaycanlını yəhudi bilib güllələmişdilər. Buna görə də, Rəsulzadə yəhudilərin də türklər kimi sünnət olunduğunu və onları bir-birindən fərqləndirməyi sübuta yetirmək üçün Hitler hökumətindən Qüds müftisi əl-Hüseynin Almaniyaya gətirilib və yəhudilərlə müsəlmanların sünnət olunmağındakı fərqi Hitlerə başa salıb. Bu hadisədən sonra almanlar türkləri yəhudi adı ilə güllələməyi dayandırıblar.
Müharibədə azərbaycanlıların Hitler qoşunları tərəfindən vuruşması üçün Rəsulzadə, Azərbaycanın müstəqilliyinin tanınması şərtini qoymuşdu. Lakin Hitlerin Bakı ilə bağlı fərqli planları Rəsulzadənin ondan ayrılmasına səbəb oldu.
Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə «Azərbaycan… Azərbaycan… Azərbaycan…» deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45-də sabiq Azərbaycan milli şurasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə «Sühən» jurnalında yazırdı: «Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir…»
«FİTRƏT»
------------------------------------------------
vehdetedogru.wordpress.com
Hiç yorum yok:
Yorum Gönder