2014-01-29

M.Ə.Rəsulzadənin Türkiyədəki fəaliyyəti

M.Ə.Rəsulzadənin Türkiyədəki fəaliyyəti onun İrandan çıxarılması, gizli şəraitdə Bakıya gəlib burada bir müddət qalıb getməsindən sonra başlayır.

Bu zamanlarda İstanbulda 1911-ci ilin avqustunda “Türk Yurdu” cəmiyyəti yaradılmışdı. Bu cəmiyyətin fəaliyyətinə “İttihad və Tərəqqi” təşkilatı daha ciddi diqqət göstərirdi. Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Məmməd Əmin bəy (türk şairi), Yusif Akçuraoğlu və digərləri cəmiyyətin fəalları idi.

1911-ci ilin noyabrından isə bu cəmiyyət “Türk Yurdu” dərgisini çıxarmağa başladı. Bu jurnalın imtiyaz sahibliyi şair Məmməd Əmin bəyin adına alınmışdı. Məmməd Əmin 1911-ci ilin avqustunda Ərzrum valisi olduğundan dərginin imtiyaz sahibliyi və müdirliyi Akçuraoğlu Yusifə həvalə edildi. Jurnalın nəşr proqramında aşağıdakılar nəzərdə tutulurdu:         

1) Türklərə məqbul olan bir ideal cəmiyyət yaratmaq;
2) Türklərin bir-birilərini tanımalarına xidmət etmək; 
3) Osmanlı türkləri arasında türk milli ruhunun inkişafına və qüvvətlənməsinə kömək; 
4) Dövlətlərarası siyasətdə əsas fikri, türk aləminin mənafeyini müdafiə etmək. 

Belə geniş proqramla fəaliyyətə başlayan “Türk Yurdu” jurnalının 1911-ci ilin 4-cü sayından  M.Ə.Rəsulzadənin  “İran türkləri” başlıqlı yazıları çap edilməyə başladı .
Onun “Türk Yurdu” və “Səbilürrəşad” (“Doğru yol”) məcmuələrində nəşr edilən bu yazılarının o dövr üçün böyük əhəmiyyəti vardı. Çünki bu yazılar ilk dəfə idi ki, Türkiyədə İran türkləri haqqında ictimaiyyətə geniş məlumatlar verirdi. Məqalələri maraqlı edən digər bir cəhət isə onun müəllifinin İran mühitinə dərindən bələd olması idi.

M.Ə.Rəsulzadənin “İran türkləri” başlıqlı yazılarının sayı 6 idi. Az sonra onun digər bir məcmuə olan “Səbilürrəşad”da İran və İran türkləri ilə bağlı 8 yazısı da çap edilir. Əslində bu yazılar da “Türk Yurdu”nda çap olunanların bir davamı idi. M.Ə.Rəsulzadə bu yazılarda daha çox İranın ümumi tarixini təsvir etmişdir ki, bu da İran türklərinin keçmişinin öyrənilməsində ciddi bir mənbədir. Qeyd edək ki, M.Ə.Rəsulzadə sonradan verdiyi bir açıqlamasında İran türkləri ilə bağlı “Səbilürrəşad”da çıxan yazılarını tamamlamadığını bildirirdi.

Türkiyədə olduğu müddətdə M.Ə.Rəsulzadə müsəlman dünyasının böyük mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin yaradıcılığı və dünyagörüşü ilə ciddi maraqlanır. Onun böyük əhəmiyyət daşıyan fikirlərini, fəlsəfi düşüncələrini öyrənir. Bəs Şeyx Cəmaləddin Əfqani hansı işıqlı ideyaları ilə M.Ə.Rəsulzadənin diqqətini cəlb edirdi?. İlk öncə böyük mütəfəkkir milliyyət şüurunu oyatmağın vacibliyini vurğulayır və bütün xoşbəxtliyi də bu problemin həllində görüb yazırdı: “Milliyyət xaricində səadət yoxdur”.

Məhz bu illərdə o, Cəmaləddin Əfqaninin “Milli birlik fəlsəfəsi” əsərini farscadan türk dilinə çevirib “Türk Yurdu”jurnalında nəşr etdirdi.

Türkiyədə olarkən M.Ə.Rəsulzadə “Türk Ocaqları”ndakı dəyərli mütəfəkkirlərlə də yaxın təmaslar qurmuşdu. Belə ki, burada olan tanınmış şəxsiyyətlər arasında “türkçülük” ideyası ilə bağlı fikir mübadiləsi aparılırdı. Bu məsələdə Əli bəy Hüseynzadə ilə Ziya Göyalpın mövqeləri müxtəlif idi. Türk dünyasında ilk dəfə olaraq “türkləşmək, islamlaşmaq və müasirləşmək” fikrini irəli sürən Əli bəy Hüseynzadə “Osmanlı lisanını” qızğınlıqla müdafiə edirdi. Ziya Göyalp isə Əli bəyin “Türkləşmək, islamlaşmaq və müasirləşmək” fikrini əsaslı şəkildə işləyib sadə türkcə yazmağı, danışmağı irəli sürürdü.

Qeyd edək ki, Ziya Göyalpın dərin təhlil edib təkmilləşdirdiyi “türkçülük” ideyasının M.Ə.Rəsulzadəyə böyük təsiri olmuşdu. Bu haqda o, belə yazırdı: “...Mərhumun (Ziya Göyalpın) ”Türk Yurdu"nda nəşr olunan “türkləşmək, islamlaşmaq və müasirləşmək” məqalələri məni vəcdə gətirdi. Bakıya getdim. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsini müdafiə etməyə başladım. Türkçülüyü təbliğ üçün müharibə ərəfəsində çıxarmağa başladığımız “Açıq söz” qəzetinə Ziyanın sözlərini bir “şüar” götürdük. Daha sonra Ziyanın son zamanlarda “Türk millətindənəm, islam hümmətindənəm, qərb mədəniyyətindənəm” şəklində dediyi bu şüar türkçülük, xalqçılıq vəzifələri üzərində təşəkkül edən milliyyətpərvər “Müsavat” qəzetinin proqram müqəddiməsində yer tapdı. Rus istibdadında mütəbərrik xanlıqlar şəklində deyil, müttəhit və milli bir kütlə surətində nicat bulan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa, əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da “türkləşmək, islamlaşmaq və müasirləşmək” məfhumlarında buldu: Bayrağı mavi, yaşıl və al rəngli qumaşlardan yapdı".

Türkiyə həyatı, “Türk Ocaqları”nda işıqlı düşüncə sahibləri ilə qarşılıqlı təmasları onun türkçülük fikirlərini möhkəmləndirdi və bilgilərini artırdı. Bakıya qayıtdıqdan sonra “Şəlalə” jurnalında “Yeni lisançılar və türkçülər”,“Dil ictimai mühümbir amil”  adlı məqalələr çap etdirdi. 1915-ci ilin oktyabrından isə redaktoru olduğu “Açıq söz”qəzetini məhz ədəbi Azəri türkcəsi ilə nəşr etdi.

Qeyd edək ki, M.Ə.Rəsulzadə Türkiyədə olarkən Bakıda fəaliyyət göstərən müsavatçılar Balkan müharibəsi ilə bağlı xalq arasında gizli yayılan bəyannamələr hazırlayırdı. Balkan müharibəsində çar Rusiyası əleyhinə yazılan və Türkiyəyə yardıma çağıran bəyannamə hökumət dairələrini bərk narahat etmişdi. Həmin bəyannamə müsavatçı Yusif Ziya tərəfindən İstanbula çatdırılmış və M.Ə.Rəsulzadənin dəstəyi ilə “Səbilürrəşad” məcmuəsinin 1912-ci ildə (IX cilddə) 33-cü sayında nəşr edilmişdi. “Müsavat”ın qurucularından olan Məhəmməd Əli Rəsuloğlu öz xatirələrində bu haqda yazırdı: “Axtarış aparan polis müavini: ”İstanbulda olan qardaşın (Rəsulzadə Məhəmməd Əmin bəyi nəzərdə tuturdu) tərəfindən sənə bir bəyannamə göndərildiyini və sənin də onu bütün Qafqaziyaya yaydığını dedilər. Sizdə də bu bəyannamə çıxmadı" - dedi və getdi".
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə verilən əfvi-ümumidən (bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtmaq imkanı əldə etdi.

M.Ə.Rəsulzadənin Türkiyədəki fəaliyyətinin  ikinci dövrü 1918-ci ilə aiddir. 

1918-ci ildə iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına (orada - Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz - Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqının nümayəndələri iştirak edirdi) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. (Buraya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.

M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi və burada nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət M.Ə.Rəsulzadənin göndərdiyi məlumatda daha dəqiq ifadə olunmuşdu. M.Ə.Rəsulzadənin 1918-ci ilin avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici işlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfolmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri - Məhəmməd Əmin Rəsulzadə”.

M.Ə.Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bildirirdi: “Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır”.

O, Nazirlər Şurasının sədri F.Xoyskiyə göndərdiyi məktubda isə yazırdı: “Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans baş tutmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Avropada mütləq gecikmədən təbliğat lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan bəy Avropaya gedir”.

Göründüyü kimi, Bakının alınması həyati bir məsələyə çevrilmişdi. Müsavat Partiyasının yaradıcılarından olan M.Ə.Rəsuloğlunun xatirələri bu mənada çox maraqlıdır: “Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat Partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan arkadaşımız Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirlərdi..."

1918-ci il sentyabrın 15-də türk qoşunlarının və Azərbaycanın yeni yaranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. 

M.Ə.Rəsulzadə o günlərdə İstanbulda idi,  və bu xəbəri ona Türkiyənin Hərbi Naziri Ənvər Paşa çatdırdı.

Qeyd edək ki, M.Ə.Rəsulzadə hələ İstanbulda olarkən Almaniya ilə sovet Rusiyası arasında Brest-Litovsk müqaviləsinə əlavə sazişə (27 avqust) cavab olaraq (həmin sazişə görə Almaniya Bakı neftinin bir hissəsini almaqla, Azərbaycanın bütün zəngin neft yataqlarının Kür sahilinə qədər Rusiyaya verilməsinə razı olurdu) Azərbaycan hökuməti adından Almaniyanın səlahiyyətli nümayəndəsi qraf Valdburqa bəyanat təqdim etmişdi.
M.Ə.Rəsulzadə bu problemlə bağlı qəti və kəskin mövqeyini “İqdam” qəzetindəki yazılarında da bildirirdi. Bundan əlavə ona müraciət edən qəzetlərin müxbirlərinə danışdı: “Bakısız Azərbaycan - başsız  bədəndir”.

Göstərilən cidd-cəhdlər nəticəsində 1918-ci il sentyabrın 23-də Tələt Paşa ilə Almaniya arasında gizli protokol imzalandı və həmin protokola əsasən Türkiyə qoşunları Azərbaycandan çıxır, Almaniya isə Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınmasını təmin edirdi.

Lakin sonrakı vəziyyət Almaniyanın bu prosesi təmin etməyinə imkan yaratmadı. Məlum oldu ki, müharibədə Almaniya, Avstriya-Macarıstan və Osmanlı dövləti ilə Bolqarıstan məğlub olmuş, hadisələrin istiqaməti dəyişmiş və Azərbaycan üçün yeni bir imtahan dövrü başlamışdı. Belə ki, Almaniya artıq məğlub dövlətə çevrilmişdi və 1918-ci il oktyabrın 30-da Lemnos adasının Mudros limanında, ingilislərin “Aqamemnon” gəmisində imzalanan sülhə əsasən Bakı, Batumi və digər yerlər müttəfiqlərin nəzarəti altına keçirdi.
Türk qoşunlarının Bakıdan çıxarılmasından sonra şəhərə girən ingilislər Azərbaycanı müstəqil dövlət olaraq qəbul etmirdilər. Lakin genaral Tomsonla aparılan uğurlu danışıqlar getdikcə real nəticələr verirdi.

Qeyd edək ki, 1920-ci ilin məlum 27 aprel işğalından sonra, M.Ə.Rəsulzadə bir müddət həbsxanada qaldı. İ.V.Stalin tərəfindən azad edilib Rusiyaya aparıldıqdan sonra, oradan Finlandiyaya, Finlandiyadan isə Türkiyəyə gəldi. M.Ə.Rəsulzadənin və müsavatçıların İstanbuldakı fəaliyyətinə qədər mühacirlərimiz tərəfindən müəyyən işlər görülmüşdüsə də, lakin bu sistematli xarakter daşımırdı. Dağınıq halda olan bu qüvvələr vahid təşkilatda təmsil olunmurdu. Qeyd edək ki, hələ 1920-ci ilin əvvəlndə Almaniyada-Berlində 100-ə qədər tələbə təşkilatlanmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Parlamentinin sabiq sədri Əlimərdan bəy Topçubaşov isə 1920-ci ilin sentyabrında Millətlər Cəmiyyətinə Azərbaycanın işğal olunması məlumatını rəsmi şəkildə çatdırsa da, bir faydası olmamışdı. “Kommunist” qəzeti isə onu bu fəaliyyətinə görə kəskin tənqid etmişdi.

Bu illər həm də Azərbaycan nefti uğrunda ayrı-ayrı dövlətlərin mübarizəsi dövrü idi. Belə ki, 1922-ci ilin aprel ayının 10-da Cenevrədə keçirilən konfransda məqsəd Bakı neftinin imtiyazı idi və bu da gizli saxlanılmışdı. 

Bununla əlaqədar mühacirətdəki Azərbaycan nümayəndələri fəallıq göstərmiş, etiraz notaları vermişdilər. Beləliklə, mühacirlər “Azərbaycan davası”nı bu və ya digər şəkildə davam etdirirdilər.

M.Ə.Rəsulzadənin milli mücadilə tariximizdə ən böyük xidmətlərindən biri azərbaycanlı mühacirləri (o zaman  mühacirlər iki qrupa bölünmüşdü: siyasi və qeyri-siyasi) birləşdirib toplamağı oldu. Parisdə, Tehranda, Almaniya, İtaliya, Fransa, Xorasan, Mazandaran, Qars, Ərzrum kimi şəhərlərdə nümayəndələrimizin, əski mühacirlərimizin olmasına baxmayaraq İstanbulda bu işi M.Ə.Rəsulzadə öz üzərinə götürmüşdü.

Nəsiman YAQUBLU
-----------------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder