2014-01-29

Rəsulzadəyə qürbətdəki məzardan başqa nə verə bilmişik?

Əməkdaşımız Ləman Əliəşrəfqızı Türkiyədədir. Paytaxt Ankarada. Demokratik Cümhuriyyətin yaradıcısının ad günü ərəfəsində ANS bu tarixin yaradıcısı, Şərqdə dövlətə, həm də insanlara ilk müstəqilliyi qazandiran Məmmədəmin Rəsulzadənin məzarını ziyarət edib.

Qəbristanlıq Ankaranın Cebeci rayonunda yerləşir. Sadə ağ daşlar əsla bizim məzarlıqları xatırlatmır. Ta ki, 28 may sokağı yazılan bu işarəni görənədək özünü qərib hiss edirsən. Sonra qarşında göyə dikələn Azərbaycan bayrağı və “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarının müəllifi Məmmədəmin Rəsulzadənin məzarı. Əvvəl-əvvəl çaşıram. Rəsulzadənin məzarı belə deyildi axı. Hanı yaşıl məhəccər? Hansı ki, qəfəsi xatırladırdı və ömrü boyu dilində azadlıq şüarı olan, azadlıq uğrunda mübarizə aparan kişinin bu qəfəsə salınmasını içi mən qarışıq çoxları həzm edə bilmirdi.

Azərbaycan Kültür Dərnəyinin təmsilçisi Səlcuq Ünal bəy deyəndə ki, o qəfəs çoxdan-1998-ci ildən sökülüb həm sevindim, həm də utandım. Sevinməyim Rəsulzadənin ruhunun azadlığına görə idisə, utancım bu illər ərzində o məzarın dəyişməsindən xəbərsiz qalmağıma görə idi. Bu isə o deməkdir ki, Rəsulzadəni illərdir ziyarət etmirik. Amma biz qəbristanlığa çatanda ziyarətində bir neçə adam vardı. Məlum oldu ki, bunlar səfirliyimizin əməkdaşlarıdır. Həm bayrağı dəyişəcəklər, həm də ətrafda səliqə-səhman yaradacaqlar.
Azərbaycan Kültür Dərnəyinin təmsilçisi Səlcuq Unal isə Rəsulzadəni düz 40 ildir ki, ziyarət edirəm deyir.

Qeyd edim ki, Kültür dərnəyinin başqanı Cəmil Unal bu gün Azərbaycana yola düşüb. O Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərə qatılacaq.

O təkcə özünü yenidən yaratmadı. Dövləti yenidən yaratmaq da onun xidmətidir. Bu xidmətin qarşısında isə biz ona heç nə verə bilmədik. Qürbətdəki bu məzardan başqa...





-----------------------
qaynaq - anspress.com

Hiç yorum yok:

Yorum Gönder