2014-01-27

Rəsulzadənin irsi Azərbaycana necə gətiriləcək?

Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı rəsmi dövlət tədbirləri planında onun xarici ölkələrin arxivlərində olan zəngin irsinin və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi bəndi də yer alıb. Bu iş necə təşkil ediləcək?
Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu “Media forum” saytına deyib ki, ona rəsmi strukturlardan hər hansı əməkdaşlıq, birgə fəaliyyət haqqında müraciət olunmayıb: “İrsin toplanıb gətirilməsi yalnız Rəsulzadəyə deyil, Azərbaycan xalqının tarixinə, 70 illik mühacirət tarixinə aid işdir. Ona görə çox ciddi mütəxəssislərin, işi bilənlərin bu sahəyə cəlb edilməsi lazımdır.
İkincisi, bu irsin əksər hissəsi heç də dövlət arxivlərində saxlanmır ki, kimsə gedib Almaniya, Fransa, Türkiyənin hansısa arxivindən rahatca götürüb gəlsin. Bu arxivlərin çoxu şəxsi adamlarda, Rəsulzadənin birgə mücadilə apardığı şəxslərdədir. Həmin şəxslərlə əlaqəsi olanlar bu sənədləri ala bilər. Onlar hər adama sənədi verməyəcək axı. Azərbaycan parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun Fransada sənədləri var, bu günə qədər onların müəyyən hissəsini vermirlər. Çünki Topçubaşovun özünün vəsiyyəti olub, sənədləri hansı halda və kimlərə vermək lazımdır.
İrsin toplanıb gətirilməsinə əlaqəli şəxslərin cəlb edilməsi faydalı olardı. Yoxsa kimsə on gün Fransaya, Almaniyaya göndəriləcək, o da bir foto tapıb gətirəcək ki, irs toplamışam, bu, iş yox, yalnız baş aldatmaq olacaq. Bu işdə qısqanclığa yol vermək lazım deyil. Çünki bu, Azərbaycan xalqının tarixidir.
Rəsulzadə ilə bağlı irsin toplanması həm də Azərbaycanın mühacirət tarixinə, tanınmış mühacirlərə aid olacaq. Ola bilər elə sərvət tapılsın ki, bir çox Azərbaycan probleminin dünya ictimaiyyətinə çatdırılması mexanizminə təsir etmiş, dəstək vermiş olsun. Eyni zamanda bilmək vacibdir ki, harada nələr axtarmaq olar, harada kimlər yaşayır, ailələrini necə tapmaq lazımdır. Bu sıraya Polşa, Almaniya, Fransa, Amerika kimi ölkələr daxildir. Məsələn, Gürcüstanın tanınmış mühacirlərindən olan Qvazavanın Fransada övladları yaşayır. Məndə olan məlumata görə, onlarda Rəsulzadə ilə bağlı çoxlu sənəd var. Amma onun övladları həmin sənədləri verəcəkmi? Kiminsə bu günə qədər onlarla əlaqəsi varmı ki, sənədləri ala bilsin? Yaxud Türkiyədə yaşayan Məhəmməd Kəngərlinin ailəsindən, uşaqlarından hər adam gedib Rəsulzadəyə məxsus sənədləri ala bilərmi?”
Rəsulzadənin heykəlinin hazırlanması, qəbrinin Ankaradan Bakıya köçürülməsi kimi məsələlərə gəldikdə, tədqiqatçı bildirib ki, bu istəklər prezidentə müraciətində yer alıb: “Prezidentə müraciətimdə Rəsulzadənin heykəlinin qoyulması, muzeyinin yaradılması məsələlərinin önə çəkilməsini istəmişdim. Rəsulzadənin övladlarına məxsus hər şey əllərindən alınıb. Heç olmasa o mülklərin əvəzinə ailə üzvlərinə bir ev verilsin. Bu kimi məsələlər rəsmi dövlət planında yer almayıb”.
----------------------------------
qaynaq - mediaforum.az

Hiç yorum yok:

Yorum Gönder