2014-01-30

Rəsulzadəyə sizə bir dövlət quran böyük kimi sahib çıxın

Cəmil Ünal: “Kökü inkar etməklə siz köksüz duruma düşürsünüz, fərqində deyilsiniz”

“İstərdim ki, bugünki hakimiyyət 2014-cü ili “Məmməd Əmin Rəsulzadə ili” elan etsin”

Böyük öndərimiz, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin  130 illik yubiley tədbirlərində iştirak etmək üçün Türkiyədən ölkəmizə gələn Azərbaycan Kültür Dərnəyinin rəhbəri, M.Ə.Rəsulzadənin silahdaşı Cəmil Ünal və xanımı “Yeni Müsavat”ı ziyarət etdilər. Fürsətdən istifadə edib, Azərbaycan sevdalı bu tarixi şəxsiyyətlə, Azərbaycan dövlətinin qurucusunu şəxsən görən, onunla birgə tədbirlərdə iştirak edən əslində canlı tariximiz olan bu gözəl insanla həmsöhbət olduq. Qəzetimizin baş redaktoru Rauf Arifoğlunun da iştirakçısı olduğu söhbətdə Cəmil Ünal “Yeni Müsavat”a və “Publika.az” saytına paralel müsahibə verdi, dəyərli fikirlərini bizimlə bölüşdü. 

- Cəmil bəy, qəzetimizə, öz məmləkətinizə, Azərbaycana xoş gəldiniz... 

- Müsavat bizim öz qərargahımızdır. Sizlər də haqqın səsi olaraq “Yeni Müsavat” qəzeti ilə bizim ürəyimizdəki fikirləri burda yaşadırsınız, çatdırırsınız. O baxımdan əlbəttə ki, Müsavatı, sizləri ziyarət etmək bizim boynumuzun borcudur. Müsavatın bizim ürəyimizdə ayrı yeri var. Bundan əvvəl də gəlmişdik, sizləri ziyarət etmişdik. Allah sizlərə güc-qüvvət versin. İstər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycan xalqının baxış və diləklərini ən yaxşı dilə gətirənlərdən qəzetlərdən birisiniz. Allah sayınızı daim qılsın.



“Nə olar bir gün də barışıq günü elan edin” 


- Çox sağ olun. Cəmil bəy, böyük Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ərəfəsində həmin tarix və təqvim üçün Azərbaycana gəlmisiniz. Rəsulzadəni görən, bilən insanlardansınız, onların da sayı çox deyil. Bu günlərdə Əmin bəylə bağlı xatirələrinizdə ən parlaq məqamları bizim oxucularımızla paylaşa bilərsinizmi? 

- Məhəmməd Əmin Rəsulzadə dönəmində istər Müsavat Partiyası, istərsə Azərbaycan Milli Mərkəzi mövcud şərtlər içində rəsmi təşkilat deyildilər, illeqal fəaliyyət göstərirdilər. O tarixdə Azərbaycan Kültür Dərnəyinin qurulma səbəblərindən biri də budur. Bura Müsavat və Azərbaycanın Milli Mərkəzinin platforması oldu. Bütün toplantılar Azərbaycan Kültür Dərnəyi ilə bərabər təşkil edilirdi. Bir də Qars Ali Təhsil Tələbə Cəmiyyəti var idi, orda bu məsələlər müzakirə edilirdi. Rəsulzadənin ən çox çalışdığı, görüşdüyü yerlərdən biri də bu cəmiyyət idi. Bunu çoxları bilmir. Biz də orda idik.  Əlbəttə ki, Rəsulzadə ilə oturub söhbət etmək imkanlarımız yox idi. O zaman mən Universitetdə oxuyan bir gənc idim. Fəqət zaman-zaman onun söhbətlərində, danışıqlarında olurdum. O, inanın bütün söhbətlərində önə çəkdiyi Azərbaycan məsələsi, onun istiqbalı və gələcəyi məsələsi idi. Xüsusən gənclərə bir-biri ilə bərabər olmaq, bir-birini incitmədən, bir-birinə dəstək olmaq şəklində bağlı böyük öyüdləri var idi. Hətta bu öyüdlər 1924-cü ildə qurulan Azərbaycan Gənclik Təşkilatından da bizə keçən önəmli örnəklər idi. Rəsulzadə bəy ən çətin şərtlər daxilində belə davasından geriyə bir addım belə atmadı. Ən pis, ən basqılı dönəmlərdə inandığı davanı müdafiə etdi və bunu da ətrafına, gənclərə ötürdü. Mənim şahid olduğum ən xüsusi hal budur ki, Azərbaycan aydınlarının bir-biri ilə birləşmələri, əl-ələ olmaları, Azərbaycan məsələsində aralarında xırda bir sıxıntı belə olmaması üçün var gücü ilə çalışan da Məhəmməd Əmin bəy idi. 

- Son vaxtlar Əmin bəyin nəşinin Azərbaycana gətirilməsi, öz ölkəsi, torpağı ilə qovuşması məsələsi gündəmə gəlib, bizim bir neçə millət vəkili də bu məsələni qaldırdı. Zaman-zaman ortaya çıxan bu məsələyə Azərbaycan Kültür Dərnəyinin, milli mərkəzin münasibəti necədir?

- Düşünün ki, bir məmləkətdə dövlət qurucusu olan insan öz məmləkətindən uzaqda, başqa bir torpaqda yatır. Bundan başqa bu məmləkətdə parlament sədri olmuş Əlimərdan bəy Topçubaşov Fransada yatır. Fətəli xan Xoylu Tiflisdə qətlə yetirilib. Nəsib bəy Yusifbəyli necə şəhid olub, bəlli deyil. Bu şərtlər içində Azərbaycan Kültür Dərnəyi əlbəttə, Məmməd Əmin Rəsulzadəyə sahib çıxıb. Onun qəbri Anıt məzarlığındadır. İndi əlbəttə ki, bu dövlətin qurucusu olan bir insanın olacağı yer doğulduğu torpaqdır, vətənidir. Kim nə deyirsə, desin, bu, belədir. Lakin Rəsulzadəni bir qrup insanlar ürəklərinə qəbul etdirə bilirlərsə, əvvəlcə  o, qapını açmaları lazımdır. Məhəmməd Əmin Rəsulzadə sizin keçmişinizdir, şərəfli bir yarpağınızdır. O halda Azərbaycanın idarəçiliyində olanlar, Azərbaycan hakimiyyətinin əvvəlcə bu yolda bir qapı açması lazımdır.

 “Əmin Rəsulzadə Azərbaycan hakimiyyətinin də keçmişidir; Bu gün dövləti idarə edənlərin baş əydikləri bayraq Rəsulzadənin “bir daha enməyəcək” dediyi o mübarək bayraqdır” 


- Bu qapı necə açılmalıdır?

- Keçən dəfəki gəlişimizdə də bu barədə danışmışdıq. Rəsulzadəni ürəyimizdə həzm etmək lazımdır. Lakin hələ də bunu həzm etməyənlər və Rəsulzadənin Azərbaycana gəlməməsi üçün bəyanat verənlər də var. Bunların nə qədər səlahiyyəti var bilmirəm. Bununla yanaşı, əvvəlcə Rəsulzadənin olduğu yeri yaxşı təyin etməyimiz lazımdır. 130 illik bir açılım, bir fürsətdir. Qos-qoca bir yerə Rəsulzadə, Cümhuriyyət meydanı adını verin. Bir yerə Rəsulzadənin birləşdirici o fikirləri ilə bərabər bir heykəlini qoyun. İkincisi, mən istərdim ki, bugünki hakimiyyət 2014-cü ili “Məhəmməd Əmin Rəsulzadə ili” elan etsin. Bu millətin birliyi, bərabərliyidir, keçmişi ilə bütövləşməsidir. Çünki onun  açdığı yol Azərbaycanın istiqlal, azadlıq, milli dövlət qurma, toplumdan millət çıxartmaq yoludur. Rəsulzadənin qurduğu siyasi sistem həm milli dəyərlərə bağlı, həm də beynəlxalq müstəvidə Qərbyönlü gözəl bir dövlətdir. Əvvəlcə bunun üçün bir sıra qapıların aralanması lazımdır. Elçibəydən sonra Rəsulzadənin məzarını gəlib ziyarət edən dövlət adamı yoxdur. Madam ki, bu sizin böyüyünüz, dövlət başçınızdır, insan gəldiyi yerdə gedib Rəsulzadənin məzarına bir gül qoyub bir fatihə oxumazmı?! Oxumamaq, gəlməmək səbəbi nədir? Biz bunu indiyə qədər anlaya bilmədik. Kaş bunu bizə başa sala bilsələr, biz də fikrimizi daha rahat şəkildə ortaya qoya bilərik. Məsələ budur.

- Yanvarın 31-də Türkiyədə dövlət səviyyəsində tədbirin  keçirilməsi nəzərdə tutulur. Müsavat Partiyasının 100 illiyində siz də iştirakçı oldunuz. O zaman münasibət fərqli idi, Rəsulzadənin yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyi gözlənilmirdi. İndiki situasiyanı, verilən prezident sərəncamını hakimiyyətin acılımı, münasibətinin dəyişməsi kimi izah etmək olarmı?

- Bu, gec də olsa gözəl bir addımdır. Biz də bu addımı təqdirlə qarşıladıq. Çünki Məhəmməd Əmin Rəsulzadə Azərbaycan hakimiyyətinin də keçmişidir. Bu gün dövləti idarə edənlərin baş əydikləri bayraq Rəsulzadənin “bir daha enməyəcək” dediyi o mübarək bayraqdır. O, bayrağa sahib çıxırsınızsa, o zaman gəlin Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə də sahib çıxın. Sahib çıxın! İndiki münasibət bizdə bir ümid işığı doğurub. Bu baxımdan gec olmasına baxmayaraq, onlara təşəkkür etmək istəyirik. Fəqət, bizim təşəkkür etməyimiz gərək deyil. Çünki öz keçmişləri, öz tarixləridir. Siz tarixi nə qədər yox saysanız da, o tarix yaşanmışdır. Bir şey söyləmək istəyirəm. Lütfən, tarixə ideologiyanı qarışdırmayın, tarixi siyasiləşdirməyin. Siyasi mühitə uyğun tarix yazmayın. Bu, çox təhlükəlidir. İqtidar və siyasi mühit adına tarix yazılmaz. Çünki tarix nə qədər yox desəniz də, yaşanmışların bütündür. Bu yaşanıbdır, yaşanan tarix içində də sizin üzünüzü qızardacaq heç bir hərəkət olmayıbdır. O halda gəlin Rəsulzadəyə, sizə bir dövlət quran böyük kimi sahib çıxın. Biz də o zaman deyərik ki, Azərbaycan siyasətə alət edilmədən, Rəsulzadənin qoyduğu fikirlərlə, keçmişi ilə bütünləşib, qucaqlaşıb, barışıbdır. 
Mən əvvəl səfər edəndə də bir söz demişdim: gəlin Məhəmməd Əmin Rəsulzadənin heykəlini qoyun, qollarını açsın, bir tərəfdə mərhum Elçibəy, bir tərəfdə rəhmətlik Heydər Əliyev bəy olsun. Keçmiş və bu günü qucaqlaşdıran bir abidə olsun. Bunda nə var axı? Yəni Rəsulzadədən qorxmanıza səbəb yoxdur. O, adamyeyən deyil. Bir bayrağını, bir istiqlal duyğusunu ölənə qədər ürəyində yaşadan insandır. Kimsənin də əleyhinə, hətta ona pislik edənlər də daxil, danışmayıb. Onun açdığı yol, fikir də bu gün sizin qərbləşmə siyasətiniz üçün bir rəhbərdir. O zaman parlament daxilində partiyalar, koalisiya var idi. O zaman Azərbaycanda iki seçki keçirilmişdi. 1917-ci il bolşevik inqilabı ərəfəsində, Milli Şuranı təşkil edən millət vəkilləri o tarixdə seçilmişdi. O tarixdə də Güney Azərbaycan ayrı bir seçim bölgəsi idi. Ermənistanda daşnaklar, Gürcüstanda menşeviklər, Azərbaycanda da müsavatçılar seçildilər. Bu seçilən millət vəkilləri Qurucular Məclisinə gedə bilmədən bolşeviklər o qurumu dağıtdılar. Təkrar Tiflisdə qurulan Mavereyi-Qafqaz hökumətini təşkil edən Seym və onun daxilindəki Azərbaycan millət vəkilləri o tarixdə seçilənlərdir. Milli Şura da belə yarandı. Yəni millətin seçdiyi millət vəkilləri Milli Şuranı yaratmış və Məhəmməd Əmin Rəsulzadə Batumda olduğu zaman onu dövlət başqanı, Milli Şuranın sədri seçmişdilər... 


 “Gəlin Məmməd Əmin Rəsulzadənin heykəlini qoyun, qollarını açsın, bir tərəfdə mərhum Elçibəy, bir tərəfdə rəhmətlik Heydər Əliyev bəy olsun; keçmiş və bu günü qucaqlaşdıran bir abidə olsun”

Cəmil bəy bu məqamda Azərbaycanın mövcud durumu, Qarabağ məsələsi ilə bağlı narahatlığını açıqladı: 

- Elçibəy də istəsəydi, 90 faiz səs ala bilərdi. Amma Nizami Süleymanov 40, Elçibəy 60 faiz səs aldı. Demokratik seçki keçirildi. Müsavatçılara da bir qədər Azərbaycanda yaşamaq haqqı tanıyın, nəfəs alsınlar. Müxalifətin olmadığı yerdə demokratiya olmaz. Bunlar gözəl şeylərdir. Biz ürəyimizlə milli məsələlərdə Azərbaycanın yanındayıq. Bizim üçün iqtidar, müxalifət önəmli deyil, Azərbaycanın milli məsələləri önəmlidir. Bu yaxında seçki keçirildi. Seçkidə ən önəmli məsələləriniz seçki idimi? Orda danışılacaq bir milli məsələniz, Qarabağ məsələsi yox idimi?! Danışılmadı, müzakirə edilmədi. Nə üçün, səbəb nədir?! Biz də deyirik ki, milli davalara artıq sahib çıxın. 1994-cü ilin mayında Azərbaycan Bişkekdə Ermənistan, Rusiya və Dağlıq Qarabağ erməniləri ilə atəşkəs imzaladı. O zamandan 20 il ötüb. 20 ildə bizim milli siyasətimiz nədir? Yəni hələ də Amerika, Fransa, Rusiya Minsk Qrupunun həmsədri olaraq davam edirlərsə, bu, biz Qarabağı unutduq deməkdir. Çünki bu üç həmsədr heç vaxt haqqı haqlıya təslim edən toplum deyil. Qarabağı işğal edən erməni deyil, Qarabağı işğal edən rusdur. Rus gətirib erməniyə təslim edibdir. Belə olduğu halda siz rusu həmsədr olaraq qəbul etdiyiniz zaman Qarabağ məsələsi həll olunmayacaq. Yəni bu tip məsələlər bizi üzür. Amma hörmətli İlham Əliyevin bu qapını aralaması bizi sevindirir, biz cəmiyyət olaraq  bir işıq görürük.

-Yubileyin dövlət səviyyəsində qeyd olunması yalnız sərəncamdır, yoxsa...

- Yubileyi bir futbolçunun yubileyi kimi keçirmək lazım deyil. Yubiley Məmməd Əmin Rəsulzadə üçün bir qədər kiçikdir. Onun üçün bir qədər də dövlət ağırlığını qoya bilməliyik. Ürəyimdən bir şey keçir. 31 yanvarda Məmməd Əmin Rəsulzadənin özü gətirdiyi bayraq bizdə idi. O bayrağı biz 1992-ci ildə Elçibəyə verdik. O, 1918-ci ildə “Bir kərə yüksələn bayraq bir daha enməz” deyə, göstərilən bayraqdır. Onu Elçibəyə təmiz əllər olaraq təslim etdik. Gəlin 31 yanvarda o bayrağı parlamentin üzərinə çəkin, bir həftə, 10 gün qalsın. Nə olar? 

- İndi o bayraq hardadır?

- Onu da siz araşdırın, sizə vermişik. Ankarada açılan səfirliyə o bayrağı biz çəkdik. Elçibəyə təslim edildi və səfirliyə çəkildi. O, bayraq 1920-ci ildə Məhəmməd Əmin Rəsulzadənin qoynunda gətirdiyi bayraqdır. Biz bu bayrağı saxladıq, istiqlaliyyət qazandığınız gün sizə verdik. Geridə qalan digər əmanətiniz Müsavat idi, Müsavatı da sizə təslim etdik. Başqa təslim edəcəklərimiz də var. Amma bu qapını da siz aralayın. Rəsulzadə dava məsələsi olmamalıdır. O birləşdirici bir ünsürdür, sizin kökünüzdür. Kökü inkar etməklə siz köksüz duruma düşürsünüz, fərqində deyilsiniz. Kökü olmayan otdur, hər kəs ayaqlayıb keçər. Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlət sizin qürur duyacağınız milli bir quruluşdur. Azərbaycan adını qoydu, milli dövləti qurdu. Bunun inkar ediləcək tərəfi yoxdur. Nə olur, desəniz ki, Allah Rəsulzadəyə rəhmət eləsin, bizə gözəl bir dövlət qurub?

- Təbii ki, deyilməsi, etiraf edilməsi lazımdır. Məhəmməd Əminin bayrağı Azərbaycanın, parlamentin üzərində dalğalanır...
  
- Bəli. Mən istərdim ki, bu tədbirlərə Müsavat Partiyası da dəvət edilsin. Nə olar, bir gün də barışıq günü elan edin. İndi Köçaryanla, Nalbandyanla, Sərkisyanla görüşürsünüz. Bir gün də oturun Qarabağ məsələsi ilə bağlı Azərbaycandakı müxalifətlə görüşün. Bəyənirsiniz-bəyənmirsiniz öz işinizdir. Müxalifətlə görüşsəniz nə olar? Heç olmasa dünyaya deyərsiniz ki, biz milli davada millət olaraq bərabərik. Bu, iqtidarın əleyhinə olmaz, iqtidara güc verər. Yəni bunların Sərkisyan qədər qiyməti yoxmu? Sərkisyanla Soçidə, Nalbəndyanla Avropada görüşə bilirsiniz. Gəlin bir də içinizdəki müxalifətlə görüşün. 

- Rəsulzadənin yubiley tədbirlərinə sizi dəvət ediblərmi ki, bu dəyərli fikirlərinizi birbaşa rəsmi şəxslərə də çatdırmaq imkanı qazanasınız?

- Xeyr. Yalnız mən gəlməzdən əvvəl sizin bəzi telekanallardan dostlar Ankaraya gəlmişdilər. Görüşdüyüm zaman onlar Rəsulzadənin qəbrini ziyarət etmək istədiklərini dedilər, apardıq, ziyarət etdilər. O tarixdə səfirlikdən də ora gələnlər var idi. Orda “31 yanvarda biz də bir şeylər edəcəyik” demişdilər. Mən də gəldiyim zaman bunu dostlara söylədim. Əgər sahib çıxırlarsa, əlbəttə, bunu bərabər etməliyik. Bu, sən-mən məsələsi deyil. Bundan əvvəl də Anıt Qəbrinin açılışında biz hörmətli İlham Əliyevə bir məktub yazmışdıq. Dedik ki, gəlin Rəsulzadənin Anıtını siz açın, bu sizin keçmişinizdir. Bakıdan köməkçiləri köməkçiləri gəldilər, abidəni açdılar. Orda danışarkən söylədik ki, Rəsulzadənin bir yaxşılığı da bu oldu ki, 20 ildə Azərbaycanda iqtidarla müxalifət yan-yana gəlməmişdi. Heç olmasa onun sayəsində burda yan-yana gəldilər. Onun üçün də biz bu məsələlərə açığıq, burda başqa hansısa məsələmiz yoxdur. Kaş ki, burada Müsavatı da çağırsaydılar, onlarla müştərək bir tədbir təşkil edəydilər. Kaş ki, bizə də xəbər verəydilər. Mərkəz orda, sizin tarixiniz bizdədir. Azərbaycan Kültür Dərnəyi 65 ildir fəaliyyət göstərir. Sizin yaşınızdan çox böyükdür: 1949-2014. Orda da sizin kökünüz durur, ora sizin ocağınızdır. Rəsulzadəni ortaya çıxaracaqsınızsa, onun ocağına gəlin, bir əlinizi qızdırın, var burda. Bura öz ocağınızdır.


 “Qəbir sökmək asan işdir, əvvəlcə bir status verin, prezidentliyini ortaya qoyun, dövlət qurucusu olduğunu iki kəlmə ilə bəyan edin”

- Rəsulzadənin nəşi Azərbaycana köçürülsə, bu, Türkiyəni, sizləri incitməzmi? O, həm də iki qardaş dövlət arasında bir körpüdür...

- Əlbəttə incidər. Doğulduğu yerdəki abidəsi ilə Türkiyədəki qəbri Azərbaycan və Türkiyə arasında bir körpüdür. Amma əlbəttə ki, bu dövləti quran bir insanın yeri doğulduğu torpaqdır. Lakin əvvəlcə mən sizdən soruşuram: siz buna hazırsınızmı? Qəbir sökmək asan işdir. Rəsulzadə nə şəkildə, necə gələcək? Əvvəlcə bir status verin, prezidentliyini ortaya qoyun, dövlət qurucusu olduğunu iki kəlmə ilə bəyan edin. Biz də bilək ki, “görən desin Xaçonun xəncəri var” deyil. Yoxsa Rəsulzadə bəyin vətəni buradır, bura... Amma ora da öz vətənidir. Onu ora göndərən zehniyyətə ayıblar olsun. Burda Məhəmməd Əmin Rəsulzadənin doğulduğu bir ev yoxdurmu? 

- Onun Bakıdakı mənzilində bu gün ərəb şirkəti oturur...

- Bakkal dükanı kimi işlədirsiniz, ərəb şirkətinə icarəyə verirsiniz. Oranı muzeyə çevirmək ağlınıza gəlmirmi? Nə olar? 

- Dəfələrlə bu barədə rəsmi müraciətlər olub... 

- Deməli, bir səmimiyyətsizlik var. Bunları ortaya qoysanız, əlbəttə ki, oradakı insanların hamısı da bu məsələni düşünər. Elçibəy dönəmində Rəsulzadənin abidəsi üçün böyük bir yer ayrılmışdı. Nə olar ona bir abidə qoyasınız Azərbaycanda, yeriniz daralmaz. Əvvəlcə siz bunları edin, ondan sonra bizim fikrimizi soruşun.

- Rəsulzadənin torpağa tapşırıldığı məzarlıqda – Əsridə - Cümhuriyyət qurucularından olan digərlərinin də qəbri varmı?

- Ora 1955-ci ildə Ankaranın özəl bir məzarlığı idi. Rəsulzadənin vəfat etdiyi 59 il oldu. O günki şərtlər içində oraya dəfn edildi. Fəqət 2000-ci ildən sonra öz imkanlarımız daxilində ona layiq olmasa da abidə ucaltdıq. Hətta yanındakı küçəyə də Böyük Şəhər Bələdiyyəsinin qərarına uyğun “28 May” adını verdik. O küçənin adı indi “28 May” küçəsidir. Bir böyük meydana da Məmməd Əmin Rəsulzadə meydanı adı verildi. Son zamanlarda bir çox yerə Xocalı və erməni işğalında olan Zəngilan, Xocavənd və digər ərazilərin adı verildi. O zaman Rəsulzadəni orda dəfn etdik, lakin digərlərinə bunu edə bilmədik. İndi Cümhuriyyət qurucularının hər biri bir yerdədir. Dediyim ki, Əlimərdan bəy Topçubaşovun məzarı Parisdə, Nəsib bəy Yusifbəylinin məzarı bəlli deyil. Fətəli xan Tiflisdədir. Onların içində bir Mirzə Baladır... (Mirzə Bala Məmmədzadə 1959-cu ildə İstanbulda ürək xəstəliyindən vəfat edib, Qaraca Əhməd məzarlığında dəfn olunub-E.P.) Türkiyəyə gəlib orda vəfat edənlər içərisində Kərim Odər də var. Ancaq Rəsulzadə ilə gələnləri onunla eyni məzarlıqda dəfn edə bilmədik...

Elşad Paşasoy
Fotolar: Röya və Məhəmməd Türkmənindir

----------------------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder