Cəmil Ünalın da qatıldığı tədbirdə böyük öndərin həyat və fəaliyyəti haqda danışıldı
Yanvarın 30-da Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə böyük mərasim keçirildi.
Müsavat Partiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal, xanımı Nesrin Ünal, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Milli Şuranın sədri Cəmil Həsənli, istiqlalçı deputatlar, bir sıra siyasi partiya liderləri, ziyalılar, ictimai xadimlər, o cümlədən, müsavatçılar iştirak edirdilər.
Mərasim Azərbaycanın dövlət himninin oxunması və M.Ə.Rəsulzadə başda olmaqla, həyatını Azərbaycan uğurunda fəda etmiş və şəhid olmuş bütün soydaşlarımızın xatirəsinin sayğı duruşu ilə yad edilməsi ilə başlandı.
Müsavat başqanı İsa Qəmbər çıxış edərək bildirdi ki, Azərbaycan tarixində M.Ə.Rəsulzadəyə bərabər ikinci bir şəxsiyyət tanımır: “Bu şəxsiyyət Azərbaycanın ideologiyasını - müsavatçılıq ideologiyasını yaradıb. Elə bir ideologiya ki, Azərbaycanın xoşbəxtliyini istəyən qüvvə, şəxs bu ideologiyadan kənara çıxa bilməz. Bu şəxsiyyət Müsavat Partiyası kimi bir partiya yaradıb. Elə bir partiya ki, 100 ildən artıqdır mövcuddur və bu partiya mövcud olduqca Azərbaycanda heç bir partiya bu partiya ilə rəqabətə girə bilməz, girərsə də itirər. Yalnız bu partiyanın müttəfiqləri qazana bilərlər, o halda da Azərbaycan qazana bilər. Bu şəxsiyyət Azərbaycanın dövlət himnini, gerbini, bayrağını yaradıb. Bu şəxsiyyət Cümhuriyyətin çöküşündən sonra da ömrünün sonuna qədər millətinə, Azərbaycana xidmətini davam etdirib. Mühacirətdə olduğu dövrdə yaratdığı təşkilatların, qurumların, media strukturlarının sayı-hesabı yoxdur. Türkiyədə qurduğu Azərbaycan Kültür Dərnəyini biz hər zaman böyük ehtiramla yad edirik. Bu gün çox sevinirəm ki, Azərbaycan Kültür Dərnəyinin başqanı, Azərbaycan xalqının böyük ağsaqqallarından biri Cəmil Ünal bu gün Rəsulzadənin yubiley tədbirlərində iştirak edir. Cəmil Ünal Məhəmməd Əmin Rəsulzadənin son silahdaşlarından biridir. Cəmil Ünal Rəsulzadədən təhvil aldıqları Müsavat Partiyasını, bu cür müqəddəs bir irsi 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanda müstəqillik uğrunda mübarizə aparan nəslə çatdıran, təqdim edən böyük kişilərdən biridir. Allah Mehmet Kəngərliyə, Əhməd Qaracaya, başqa böyüklərimizə rəhmət eləsin”.
M.Ə.Rəsulzadə İrsini Araşdırma Fondunun rəhbəri, tarixçi alim Nəsiman Yaqublu çıxışında Rəsulzadənin Azərbaycan üçün qoyub getdiyi irsdən danışdı: “Rəsulzadənin irsini dünyanın bir çox ölkələrində araşdırırlar. Bu bir daha sübut edir ki, Rəsulzadənin gördüyü iş bir xalqın resursları çərçivəsindən kənara beynəlxalq səviyyəyə çıxıb. Rəsulzadə 71 il ömür sürüb. Bu ömrün 31 ilini Azərbaycanda yaşayıb, 40 ilini mühacirətdə yaşayıb. İndi görün bu 31 ilə Rəsulzadə burada ilk siyasi partiyanı-Müsavatı yaradıb, ilk xeyriyyə cəmiyyətlərindən biri olan Nicat Cəmiyyətini yaradıb, ən aparıcı mətbuat orqanlarında fəaliyyət göstərib və 1915-ci ildə ilk dəfə Azərbaycan dilində “Açıq söz” qəzetini nəşr edib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olub. Rəsulzadə 1149 əsər yazıb. Gəlin etiraf edək ki, o dövrdə, texniki imkanların aşağı olduğu bir zamanda bu qədər əsəri yazmaq fenomenal bilik, bacarıq tələb edirdi və bu fenomen Rəsulzadə idi. Rəsulzadə sağlığında 27 kitab çap etdirib. Bunlardan 6-sı Azərbaycanda, 11-i Türkiyədə, 4-ü Almaniyada, 2-si Fransada və digər ölkələrdə çap edilib. Rəsulzadə iki pyes, 9 şeir yazıb, 40-a qədər mətbuat orqanında Rəsulzadənin məqaləsi çıxıb. Bu statistikanı bir az da çoxalda bilərəm. 10-a qədər ölkədə Rəsulzadə Azərbaycan istiqlal mücadiləsini aparıb. Rəsulzadənin bütün həyatının məqamlarına diqqət edib yalnız heyrətlənmək mümkündür”.
AXP sədri, sabiq baş nazir Pənah Hüseyn çıxışında Rəsulzadə haqqında vaxtilə Əbülfəz Elçibəyin dediyi fikirləri xatırlatdı: “Əbülfəz Elçibəy hələ 1988-ci ildə dedi ki, yeni bir ideologiya axtarışına ehtiyac yoxdur, çünki ideologiya çoxdan mövcuddur-müsavatçılıq ideologiyası, Rəsulzadə yaratdığı ideologiya. Elçibəy deyirdi ki, bizim müəllimimiz Məhəmməd Əmin Rəsulzadədir, mən hər dəfə ondan öyrənirəm və öyrənməkdə davam edəcəyəm. Əbülfəz bəy eyni zamanda deyirdi ki, Azərbaycan türklərinə dünyanın bir neçə böyük şəxsiyyətini öyrənməyi məsləhət görürəm, onlardan birincisi bütün zəmanələrin ən böyük dahisi Məhəmməd Peyğəmbərdir, ikincisi Fərabidir, üçüncüsü və dördüncüsü Məhəmməd Əmin Rəsulzadə ilə Mustafa Kamal Atatürkdür. Bu böyük dörd şəxsin içərisində yeganə Azərbaycan türkü olaraq Rəsulzadədir”.
Milli Şuranın sədri, professor Cəmil Həsənli bildirdi ki, bu gün çox işıqlı bir adamın yubiley tədbiridir: “Azərbaycanın taleyi və tarixində milli birliyində müstəsna xidməti olan, Azərbaycan ideyasını dünyasını verən bir ideoloqun, liderin, milli mücahidin anım tədbirinə toplaşmışıq. Biz bu işıqlı adam haqqında ilk obyektiv sözləri sevgili müəllimimiz Əbülfəz Elçibəydən eşitmişik. 1970-ci illərin gənclərinin Azərbaycan milli məfkurəsinə, milli tarixinə münasibətdə fikrinin formalaşmasında Əbülfəz bəyin müstəsna xidməti var. Hesab edirəm ki, Rəsulzadənin yubiley mərasimlərində anılacaq adamlardan birincisi Elçibəy olmalıdır. Rəsulzadənin keçdiyi mübarizə yolu örnəklər silsiləsidir, vətənə, millətə xidmət nümunəsidir. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, Rəsulzadə orada örnək olmasın...Onun həyatı despotizmlə, müstəbidliklə, faşizmlə barışmazlığa bir nümunədir. Rəsulzadə hədəflərinə doğru gedən adam idi, nə etdiyini yaxşı bilən adam idi, öz idealları uğrunda mübarizə apara, öz idealları uğrunda vuruşan böyük bir fikir adamı idi. Rəsulzadənin o dövrdə irəli sürdüyü bir fikir bu gün də aktualdır. Rəsulzadə deyirdi ki, böyük əməl sahibi olmayan ziyalıdan böyük işlər gözləməyə dəyməz. Sözün tam mənasında bu gün cəmiyyətimizdə bu çağırışın nə qədər böyük əhəmiyyətə malik olduğunun biz şahidi oluruq. Vətənimizdə insanlar özlərinə od vurub yandırılar. Mən bilmirəm, daha nələr baş verməlidir ki, Azərbaycan ziyalıları bu gün ayaqda olmalıdır...”.
Bakı Dövlət Universitetinin müəllimi İsmayıl Musayev Rəsulzadənin dövlətçilik fəaliyyətindən söz açdı. Sonra qeyd etdi ki, Rəsulzadənin dövlətçilik fəaliyyəti ön plana çıxarılmalıdır.
Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal silahdaşı Məhəmməd Əmin Rəsulzadə haqqında möhtəşəm çıxış etdi: “Rəsulzadə təkcə Azərbaycana, Qafqaza istiqlal istəyən bir insan deyildi. O bütün dünyada insanların insanca yaşamasını, insan haqlarına sahib olmasını istəyən böyük dövlət adamı idi. Bu gözəl insanın 130 illik yubileyini keçirən Müsavat Partiyasına, başqan İsa Qəmbərə təşəkkür edirəm. Azərbaycanın dövlət başçısı İlham Əliyev də Rəsulzadə üçün bu yaxınlarda bir qapı aralamışdı. Bu, bizim üçün gözəl bir olayın başlanğıcı kimi qəbul edildi. İnanıram ki, hakimiyyətin Rəsulzadəni gündəmə gətirməsi onların da yollarının yalnız Rəsulzadə yolu olduğunu dərk etməsidir. İnanıram ki, 2014-cü il Azərbaycanda Rəsulzadə ili olacaq, Rəsulzadənin ortaya qoyduğu fikrin hakimiyyətə daşınma yolu olacaq. Çıxış yolu budur. Biz hakimiyyətin atdığı addımı izləməkdə davam edəcəyik. Müsavat Partiyası Rəsulzadənin şəkilləndirdiyi, yaratdığı bir milli təşkilatdır. 1953-cü ildə Türkiyədə Azərbaycan Milli Mərkəzinin Danışma Məclisinin Azərbaycan Kültür Dərnəyi Mərkəzi Yönətim Qurumunun toplantısında Rəsulzadənin irəli sürdüyü təklif əsasında bir qərar var. O qərarda Azərbaycan istiqlalına qovuşduğu zaman Azərbaycana təhvil veriləcək əmanətlərin başında bayraq, Müsavat Partiyası vardır. Bizlər də bu əmanətə, əmrə daim sadiq olduq. Azərbaycan Kültür Dərnəyi bu əmrə uyğun olaraq Rəsulzadənin qoynunda gətirdiyi üçrəngli bayrağı 1992-ci ildə Ankarada Azərbaycan Səfirliyinin açılış mərasimində kirlətmədən tərtəmiz bir ələ-Elçibəyə təslim etdik. İkinci əmanət Müsavat Partiyası idi. Müsavat Partiyasını gənc dostumuz olmasına rəğmən düşüncəsi və hərəkəti ilə Rəsulzadə yolunda gedəcəyinə inandığımız və iman etdiyimiz İsa Qəmbərə təslim etdik. Mən bundan sonra da müsavatçılığın əmin əllərdə olacağına inanıram...”
Cəmil Ünal həm güney Azərbaycanın, həm də Qarabağın azad ediləcəyinə də inandığını bəyan etdi.
Cəmil Ünalın çıxışı ayaq üstə alqışlarla qarşılandı.
Güney Azərbaycan milli azadlıq hərəkatının liderlərindən olan Əjdər Tağızadə çıxışında Rəsulzadənin və Əbülfəz Elçibəyin qoyduğu yolun Azərbaycanın gələcəyi olduğundan danışdı.
Professor Kamil Vəli Nərimanoğlu Rəsulzadə yolunun işıqlı yol olduğundan söz açdı.
AMDP lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidov çıxışında bəyan etdi ki, xalqını, dövlətini sevən hər kəs Rəsulzadənin banisi olduğu Müsavat Partiyası ilə bir yerdə olmalıdır və olmağa məhkumdur.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rəsulzadə və silahdaşları haqda BDU-da oxuduğu vaxt professor Şirməmməd Hüseynovdan müsbət fikirlər eşitdiyindən danışdı. Sonra müsavatçılıq ideologiyası, Müsavat Partiyası barədə söz açan Arif Hacılı bugünkü Azərbaycan Respublikası da Rəsulzadənin və silahdaşlarının biz qoyduğu əmanət olduğunu bildirdi.
Digər natiqlər də çıxış etdikdən sonra sonda Rəsulzadənin yubileyi münasibətilə Cəmil Ünal Müsavat Partiyası adından təltif edildi.
Rəsulzadənin yubiley tədbirləri bu gün də davam edəcək.
Etibar Seyidağa
Fotolar: Cavanşir Abbaslı, Məhəmməd TÜRKMƏN
----------------------------------
qaynaq - musavat.com
Hiç yorum yok:
Yorum Gönder