M.Ə.Rəsulzadənin Türkiyədəki fəaliyyətini iki dövrə bölmək olar: birinci dövr 1922-1931-ci illəri əhatə edir, ikinci dövr isə 1948-ci ildən başlayır. Hər iki dövrdə o, böyük çətinliklərlə qarşılaşmışdı. Mühacirət həyatının ağır şərtləri daxilində mübarizə aparmaq, maddi imkansızlıq, yurdsuzluq kimi çətinliklər içərisində yaşamaq və nəhayət kənar ölkə daxilində (istər Türkiyə olsun, istərsə də digər Avropa ölkələri) siyasi mücadiləyə uyğunlaşmaq çox çətin idi. Digər tərəfdən buraya nəhəng bir imperiya maşını - Sovetlər Birliyi də təsir edir, M.Ə.Rəsulzadənin və başqa mühacirlərin fəaliyyətinə maneçilik göstərirdi.
M.Ə.Rəsulzadə yazırdı: “Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”.
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin istiqlal tariximizdəki ən böyük xidmətlərindən biri də Azərbaycanın azadlığı, müstəqilliyi mübarizəsini elmi və sistemli şəkildə aparan mətbuat orqanlarını yaratmasıdır. M.B.Məmmədzadə yazırdı: “Çünki o, (yəni M.Ə.Rəsulzadə - N.Y.) mətbuatın nə kimi bir qüvvə olduğunu yüksək qiymətləndirirdi... Mətbuat aydınlaşdırma ilə birlikdə fikirləri və beyinləri bir ideal ətrafında birləşdirmək, tərbiyə və sövq etmək qüdrətinə də malikdir". Əslində Azərbaycan mühacirət mətbuatının yaranma tarixi məhz 1923-cü il sentyabrın 26-dan - “Yeni Qafqasiya” jurnalının nəşrindən başlayır.
1927-ci ildə sovet dövlətinin təzyiqi ilə Türkiyə hökuməti “Yeni Qafqasiya”nın nəşrini qadağan etdi. “Yeni Qafqasiya”nın nəşri dayandırıldıqdan sonra M.Ə.Rəsulzadə böyük cəhdlərlə “Azəri Türk” jurnalının çapına nail oldu. Jurnal 1928-ci ildə İstanbulda nəşrə başladı. Jurnalın abunə şəraiti belə idi: illiyi 200 quruş, altı aylığı 110 quruş, bir nüsxəsi 10 quruş, xaricdə bir nüsxəsi 10 quruş, jurnal on beş gündən bir çap olunurdu. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi bir məcmuə idi. Jurnalın məsul müdiri Məmməd Sadiq idi. Jurnalın baş məqaləsi “Tutacağımız yol” adlanırdı. Məqalənin müəllifi M.Ə.Rəsulzadə idi. O yazırdı: “Gedəcəyimiz yol əski zaman şairlərinin iftixar etdikləri kimi ”Rəhi-narəbdə" (getməyən yol) deyildir. Əksinə, bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu haqq yolu və millət yoludur. Bir yol ki, müasir şərq hal-hazırda o yolla salih olmuşdur. Bir yol ki, sabit Rusiya imperatorluğu daxilində yaşayan məhkum millətlər, dəxi o yola girmişlərdir. Bir yol ki, milliyyət hədəfi istiqlaldır!"
1929-cu il martın 1-də M.Ə.Rəsulzadə daha bir mətbu orqanın - “Odlu Yurd”un nəşrinə başladı. Milli hərəkata güc verməyə, bolşevizmlə mücadiləni şiddətləndirməyə yönələn “Odlu Yurd” oxucuların böyük marağına səbəb oldu. Dərginin ilk sayında M.Ə.Rəsulzadənin “Çöhrəmiz” adlı məqaləsi çap olundu: “Odlu Yurd! Bu iki söz türkcə kəlmənin - ”Azərbaycanın müqabil olduğunu söylərsək, məsələ yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hazırda bir deyil, iki Azərbaycan vardır: Rus istilasına rəhbərlik rolunu oynayan “qızıl Azərbaycan” ilə qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan “milli Azərbaycan!”. Milli Azərbaycan bayrağı - işdə bizim çöhrəmiz!.. Milli hürriyyət uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi!"
Azərbaycanlı mühacirlərin fəaliyyətinə əsas dəstəyi “Türk Ocaqları” göstərirdi. Əsası 1912-ci ilin martın 25-də qurulan bu dərnəyin Nizamnaməsində göstərilirdi: “Türk təbəələrini bir islam millətinin ana fəsi olaraq tanıtmaqda, böyləcə osmançılıq, islamçılıq və türkçülük akımlarının bir arada var olduğu bu keçiş dönəminin bəlirsiz xarakterini sərgi-ləməkdəydi”.
Sonrakı fəaliyyətində Türkiyə xaricində yaşayan türklərə dəstək verən “Türk Ocaqları” Cümhuriyyət elanından sonra yeni problemlərlə üzləşdi. 1929-cu ildə “Yeni Məcmuə”dəki söhbətində Türkiyənin tanınmış dövlət adamı Həmdullah Sübhi Tanrıövər “Türklük” anlayışının siyasi sərhədlər hüduduna çıxmasının əleyhdarı olduğunu bildirmişdi. Həmdulla Sübhi demişdi: “Kaşğar, Türküstan, Krım, Bakı, Azərbaycan... Bütün türk məmləkətləri ilə aramızda könül və fikir birliyi vardır. Türk ocağı dar millətpərvərlik güdməz. Ocaqlı bilir ki, bu müəssisə Şərqdə Qərbin müməssimidir. Mədəniyyət birdir, yalnız şəkli başqadır”.
Əslində Həmdulla bəy təşkilatın milliyyətçiliyini “kültürəl milliyyətçilik” olaraq tanıtmaq istəyirdi. Lakin onun əksinə olan müəyyən qüvvələr isə “Türk Ocaqları”nın “Dış türklər” nəzdində daha “fəal” bir politika izləməsi gərəkliyi" önə sürdülər".
1924-cü ildə 64 nümayəndənin iştirakı ilə keçirilən “Türk Ocaqları”nın ilk konqresində yenə iki məsələ xüsusi olaraq vurğulanırdı: 1) Dil hüdudlarını istilahlara qarşı qorumaq; 2) Türk inqilabının beşikçisi olmaq.
“Türk Ocaqları”nın 1925-ci il qurultayı da ciddi mübahisələrlə keçdi. “Xaricdəki türklər” mövzusu ətrafında ciddi müzakirələr aparıldı. “Türkiyə xaricində yaşayan türklərin ”Türk Yurdu" dərgisi vasitəsi ilə aydınladılması və yüksəldilməsi vəzifəsinin üstələnməsi" fikrinə çoxluq üstünlük verdi.
1927-ci ildə “Türk Ocaqları”nın qurultayında edilən bir dəyişiklik isə bu qurumun fəaliyyətini məhdudlaşdırırdı. Belə ki, Cümhuriyyət Xalq Partiyası Nizamnaməsinin 40-cı maddəsindəki dəyişikliyə əsasən türk ocaqlarının partiya təsiri altında bir quruluş olduğu vurğulanırdı. Və xüsusi qeyd olunurdu ki, “Türk Ocaqları”nın şöbələri ancaq Türkiyə Cümhuriyyəti dövlətinin sərhədləri daxilində qurulub fəaliyyət göstərməlidir. 1928-ci ildə isə Həmdullah Sübhi bəy Ədalət naziri Mahmut Ecat Bozqurdun hüzurunda etdiyi bir çıxışında “Türk Ocaqları” milli hüdudların xaricində heç bir fəaliyyət sahəsi qəbul etməmiş və etməyəcəkdir" fikrini söyləmişdi.
Türkiyədə artıq tək partiya rejiminin güclənməsi bütün sahələrdə hiss olunurdu. Son olaraq isə “Türk Ocaqları”nın 1930-da qurulan sərbəst partiya ilə əlaqələrinin müəyyənləşməsi hər ikisinin bağlanmasına daha bir səbəb oldu.
Beləliklə, azərbaycanlı mühacirlərin də fəaliyyətinə ciddi dəstək verən “Türk Ocaqları” qurumu fəaliyyətini dayandırdı.
Bu prosesin sonu olaraq azərbaycanlıların Türkiyədəki siyasi fəaliyyəti qapadıldı. Əlavə edək ki, 1931-ci ildə Türkiyə xarici işlər naziri Tövfik Rüştinin və SSRİ Xarici İşlər Naziri M.M.Litvinovun ölkəyə müvafiq səfərindən sonra azərbaycanlı mühacirlərin Türkiyədə Sovet İttifaqı əleyhinə təbliğatı dayandırıldı. Mühacirlərin düşdüyü vəziyyəti Azərbaycanda Kommunist Partiyasının XX Bakı Konfransında partiya katibləri Polonski və Ağa Sultanov çıxışlarında belə bildirirdilər: “Müsavatçılar xarici ölkələrdə bizim əleyhimizə ciddi mübarizə aparırlar, lakin onlara yeni zərbə vurulmuşdur. İstanbulda Məhəmməd Əmin Rəsulzadənin ümumi redaktəsi altında çıxan mətbuat orqanları ”Odlu Yurd", “Azəri Türk”, “Bildiriş” kimi məcmuələr... bağlanmışdır".
M.Ə.Rəsulzadə isə Türkiyədə fəaliyyətlərinə imkan verilmədiyinə bərk təəssüflənir, Azərbaycan istiqlalçılıq məfkurəsi səsinin boğulmasından narazılıq edir, bildirirdi ki, bu iş qardaş Türkiyənin əli ilə edilmişdir. M.Ə.Rəsulzadə yazırdı: “Heyif bu dövrə!” Təəssüflər ki, Sovetlər Birliyinin təsiri altında Türkiyə dövlətinin bütün siyasi qafqazlılara münasibəti kəskinləşdi. 1931-ci ildə siyasi baxışlı mühacirlərin, o cümlədən M.Ə.Rəsulzadə və başqalarının, ölkəni məcburən tərk etməsindən sonra növbəti bir addım atıldı. 1938-ci ilin sentyabrın 6-da Türkiyə hökumətinin göstərişi ilə Qafqazdan və Türküstandan olan bəzi tanınmış siyasi mühacirlər də Türkiyə vətəndaşlığından mərhum edilərək ölkədən çıxarıldı. Bununla əlaqədar Parisdə nəşr edilən “Qafqaz” jurnalı yazırdı: “Bu sərt cəzaya heç bir siyasətlə məşğul olmayan adamlar da məruz qaldılar... Dekretdə hansısa törədilmiş konkret bir cinayət haqqında danışılmır, yalnız bir məqam - təbliğat, inqilabi və kəşfiyyat təşkilatlarının ”Bizim ölkəmizin başqa bir dost ölkənin əleyhinə yönəldilmiş bazasına çevrilməsi" vurğulanır. Məlum olduğu kimi, belə bir cəhd üçün ortalıqda heç bir fakt yoxdur... Bizim mübarizəmiz azadlıq uğrunda, Qafqazın müstəqilliyi uğrunda vətənimizi işğal etmiş Sovet dövlətinə qarşı aparılan mübarizədir. Bu, heç kim üçün sirr deyildir. Biz bu mübarizəni açıq aparırıq və bütün ölkələrdə aparırırq və həmin ölkələrin qanunlarından, beynəlxalq öhdəliklərdən kənara çıxmırıq. Türkiyədə baş verən bu hadisənin səbəbini dostlarımızın qeyri-leqal çalışmalarında deyil, ictimai-siyasi şəraitdə axtarmaq lazımdır “.
Məqalədən bir daha aydın olurdu ki, Türkiyə dövləti bu addımı Sovetlər Birliyinin təzyiqi ilə atmışdır.
Sovetlər Birliyinin Türkiyə ilə yaxınlaşmasını M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: “Cümhuriyyət Türkiyəsi ilə Sovet Rusiyası siyasətcə dost ola bilərlər; mənfəətləri bir qaldıqca bu dostluq ta varlığını mühafizə edə bilir. Fəqət unutmamalıdır ki, Türkiyə Cümhuriyyəti ilə Sovetlərin siyasi mənfəətləri bir zaman üçün, bir olsa da, bu iki təşəkkülü canlandıran əsl əsaslar arasında dərin bir müxalifət vardır. Milliyyətçiliklə kommunizmin dost bir qüvvət olduğunu kim iddia edə bilər?”
M.Ə.Rəsulzadə doğru olaraq göstərirdi ki, “Türk-Rus dostluğundan” çox faydalar gözləmək əbəsdir. Çünki bolşevizm burjua sisteminin düşmənidir. Milliyyətçilik isə onun görünüşündə burjua sinfinin məfkurəsidir. Bu mənada M.Ə.Rəsulzadə haqlı sual edirdi: “Nə zamana qədər milliyyətçi şərq kommunist Rusiyanın dostudur?”
Qeyd edək ki, Türkiyə dövləti getdikcə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışırdı. Bu mənada Mustafa Kamalın 1922-ci ilin aprelin 10-da Leninə yazdığı məktub da çox maraqlıdır. Atatürk yazırdı: “Əziz sədr! Rusiya ilə bağlanan xoşbəxt müqavilədən sonra biz Qafqaz respublikaları və Ukrayna ilə də müqavilə bağladıq. Türkiyə Böyük Millət Məclisi hazırda həmin sənədləri ratifikasiya edir... Rusiya ilə dostluq Böyük Millət Məclisi hökumətinin keçmişdə olduğu kimi hazırda da siyasətinin əsasını təşkil edir”. Belə vəziyyətdə isə azərbaycanlı mühacirlərin Türkiyədə fəaliyyət göstərməsi ciddi çətinliklər yaratmaya bilməzdi. Bununla əlaqədar M.Ə.Rəsulzadə yazırdı: “1922-ci ildə İstanbulda Azərbaycan haqqında nəşr etdirdiyimiz ilk kitab bolşeviklərin müəyyən reaksiyasına səbəb oldu. Bakıda və Tiflisdəki kommunist qəzetlərində M.D.Hüseynov və Ə.Qarayev və başqaları bizim tezisləri təkzib edib sübut etməyə çalışırdılar ki, ”Müsavat" idarəçiliyi dövründə Azərbaycan müstəqil olmayıb və onun müstəqilliyi ancaq sovet rejimində təmin edilib.
Stalinə yaxın olan, Zaqafqaziyanı işğal etmiş XI Ordunun Baş Qərargah üzvü, Rusiya Kommunist Partiyasının Qafqaz Dairə Komitəsinin Baş katibi Orconikidze isə Bakıdakı partiya auditoriyası qarşısında çıxış edərək M.Ə.Rəsulzadənin tezisləri ilə polemika apararaq deyirdi: “Mənim cibimdə M. Ə. Rəsulzadənin bir kitabı var. ”Müsavat"ın uzaqgörəni tələb edir ki, rus yoldaşlar Azərbaycanı tərk etsinlər. Yox, onlar buradan getməyəcəklər".
“Yeni Qafqasiya” jurnalının nəşrə başlamasından sonra isə Bakı ilə İstanbul arasında gərginlik daha da artdı. Sovet mətbuatı orqanlarında azərbaycanlı mühacirlərin, əsasən isə M.Ə.Rəsulzadənin əleyhinə yazılar çap edilirdi.
Bolşeviklər isə mühacirlərin əleyhinə olaraq başqa vasitələrdən də istifadə edirdilər. Onlar xüsusi təşkil olunmuş fəhlə “mitinqləri” keçirir və guya sosialist “vətəni”nin kapitalistlər tərəfindən devrilməsindən danışırdılar. Keçirilən qurultay, Ümumbakı konfransları və digər təşkilatların adından SSRİ Xarici İşlər Komissarı Çiçerin Türkiyə hökumətindən öz ərazisində antisovet nəşrləri dayandırmaq və azərbaycanlı mühacirlərə sığınacaq verməmək xahişini edirdi. 1925-ci ildə, AKP-nin Bakıda keçirilən XVI konfransında isə Türkiyə ictimaiyyətinin sovet rejiminə münasibəti və xüsusən “Yeni Qafqasiya”nın xarici təbliğatı tənqid edilirdi. Bəzi çıxışçılar isə tələb edirdi ki, sovet hökuməti Türkiyədən “Yeni Qafqasiya”nın nəşrinin dayandırılmasına nail olsun.
Bakıda sovetlərin IV qurultayında çıxış edən SSRİ Xarici İşlər Komissarı Çiçerin isə bildirirdi ki, o, dəfələrlə Türkiyə hökumətinin diqqətini azərbaycanlı mühacirlərin “zərərli” fəaliyyətinə yönəldib.
“Yeni Qafqasya”nın texniki səbəblərə görə 1927-ci ildə fəaliyyətini dayandırması kommunistlərin əsl bayramına çevrilmişdi. “Kommunist” qəzeti özünün baş məqaləsini bütövlükdə bu hadisəyə həsr etmişdi. Sonradan isə mühacirət mətbuatı orqanlarımız başqa adlarla Türkiyədə nəşrini davam etdirmək məcburiyyətində qaldı: “Azəri Türk”, “Odlu Yurd”, “Bildiriş”. Çox ehtimal ki, bu mətbuat orqanlarının başqa adlarla çıxmasının səbəblərindən biri də diqqəti yayındırmaq, müəyyən müddətə nəşr imkanları əldə etmək idi. Lakin SSRİ dövləti Türkiyə ilə münasibətini yaxşılaşdırdıqca mühacirlərin siyasi fəaliyyətini dayandırması ciddi qoyulurdu. Türkiyə dövləti isə yalnız 1931-ci ilə qədər azərbaycanlı mühacirlərin mətbuat orqanları nəşr etməsinə imkan yarada bildi. 1931-ci ildə SSRİ ilə Türkiyə arasında imzalanan müqavilədən sonra bu mümkün olmadı. 1931-ci ildə avqustun 17-də Atatürkün imzası ilə 11631 saylı belə bir qərarnamə qəbul edildi: “Əcnəbi politikasına alət olaraq qonşu və dost hökumət əleyhinə nəşr olunan ”Yeni Qafqasiya", “Odlu Yurd”, “Bildiriş” və “Azəri Türk” qəzet və risalələrinin Mətbuat Qanununun 50-ci maddəsinə uyğun olaraq qapadılmaları; Xariciyə Vəkili Bəyəfəndinin şifahən bükubulan təklifi üzərinə İcra Vəkilləri Heyətinin 178931 tarixli ictimayında təsvib və qəbul olunmuşdur. 178931. Rəisicümhur: Qazi M. Kemal".
Bu qərardan sonra azərbaycanlı mühacirlərin Türkiyədə mətbu fəaliyyətləri qeyri-mümkün oldu. Bundan əlavə Türkiyədə sonradan kitab, almanax və digər nəşrlərə də yasaq qoyuldu. Belə ki, 1936-cı ilin sentyabrın 12-də Atatürkün imzası ilə başqa bir qərar veridi. Həmin qərarda göstərilirdi: “Mehmed Sadıq tərəfindən yazılıb 1935-ci ildə İstanbulda “Milli Məcmuə” mətbəəsində türkcə olaraq basılan “Ərgənəqon yolları” adındakı kitabın zərərli yazılar daşıdığı anlaşıldığından Mətbuat Qanununun 51-ci maddəsi hökmünə görə toplatdırılması və satışının yasaq edilməsi; Daxiliyyə Vəkilliyinin 881936 tarix və 1413 saylı təzkərəsi ilə yapılan təklifi üzərinə İcra Vəkilləri Heyətincə 189936-da qəbul edilmişdir. 129936. Rəisicümhur: K. Atatürk”.
Atatürk tərəfindən 1936-cı ilin sentyabrın 15-də verilən 5322 saylı başqa bir əmrdə göstərilirdi: “Qərarnamə. F. Dəryal tərəfindən yazılan və İstanbulda “Milli Məcmuə Mətbəəsində Türkcə” basılan “Qafqaz almanaxı adındakı kitabın zərərli yazılar daşıdığı anlaşıldığından, Mətbuat Qanununun 51-ci maddəsi hökmünə görə toplatdırılması və satışının yasaq edilməsi; Daxiliyyə Vəkilliyinin 89936 tarix və 1414 saylı təzkərəsiylə yapılan təklifi üzərinə İcra Vəkilləri Heyətincə 159936-da qəbul edilmişdir. 159936. Rəisicümhur: K. Atatürk”.
Azərbaycan mühacirlərinin mətbuat orqanlarının Türkiyədə qadağan edilməsi bolşeviklərin böyük razılığına səbəb oldu. 1932-ci ilin yanvarında XX Ümumbakı Partiya konfransında AKP katiblərindən olan Ağa Sultanov çıxışında bu hadisəni xüsusi olaraq qeyd etmişdi.
Türkiyədə azərbaycanlı mühacirlərin nəşrlərinə qoyulan qadağadan sonra mühacirət mətbuatımızın Avropa dövrü başladı. Almaniyada (Berlində) və Polşada (Varşavada) mühacirlərimiz milli nəşriyyatlarını yaradıb fəaliyyətini davam etdirdilər.
Qeyd edək ki, “Azərbaycan” jurnalının nəşri də M.Ə.Rəsulzadənin İkinci Dünya müharibəsindən sonra Türkiyəyə qayıdıb reallaşdırdığı mühüm xidmətlərindən biri idi. 1952-ci il aprelin 1-də o, “Azərbaycan Kültür Dərnəyi”nin orqanı olan “Azərbaycan” jurnalının ilk sayını nəşr etdirdi. Dərginin ilk nüsxəsinin üz qabığında bu sözlər yazılmışdı: “Birlik dirilikdir”, “Türkləşmək, islamlaşmaq, müasirləşmək”. Jurnalın üz səhifəsində Azərbaycanın xəritəsi verilmişdi. “Azərbaycan” məcmuəsi Anafartalar caddəsində - “Azərbaycan Kültür Dərnəyi”nin yerləşdiyi binada çıxarılırdı. Qiyməti 25 quruş idi.
Jurnalın ilk sayında M.Ə.Rəsulzadənin Azərbaycanın tarixindən, ümumi vəziyyətindən bəhs edən yazısı verilmişdi: “Doğuda Xəzər dənizi, quzey Qafqaziya, Bakıda Gürcüstan ilə Ermənistan və güneydə İran ilə sərhəddir. Başı qarlı dağlarla, bəzi yerlərində okean səthindən aşağıda yerləşən burası türlü bitkilərlə, heyvanlar baxımından çox çeşidli bir mənzərəyə malikdir”.
“Azərbaycan” jurnalı Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət və ənənələri ilə bağlı çoxlu sayda yazılar çap edirdi. M.Ə.Rəsulzadənin, M. B.Məmmədzadənin, Ə.V.Yurdsevərin, K.Odərin, M.Kəngərlinin, C.Ünalın, Ə. Qaracanın Azərbaycan həqiqətləri ilə bağlı yazıları böyük maraq doğururdu. “Azərbaycan” jurnalı bu günədək Ankarada nəşrini davam etdirməkdədir.
M.Ə.Rəsulzadənin Ankarada nəşr etdiyi “Azərbaycan”
Qeyd edək ki, M.Ə.Rəsulzadə Türkiyəyə qayıtdıqdan sonra əski legionçuların və mühacirlərin bir mərkəz ətrafına toplanmasını vacib sayırdı. Elə bu məqsədlə də o, 1949-cu ilin fevralın 1-də Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaratdı. Dərnəyin ilk toplantısında doktor İbrahim Bədəl Məhəmməd jurnalı, 1952-ci il Əmin Rəsulzadənin yaradılan qurumun Fəxri Başqanı seçildiyini elan etdi. Qeyd edək ki, M. Ə. Rəsulzadə ömrünün sonuna qədər Dərnəyin Fəxri sədri olaraq qaldı.
“Azərbaycan Kültür Dərnəyi”nin əvvəlinci maddələrində qeyd olunmuşdu: “Maddə 1. “Azərbaycan Kültür Dərnəyi” adı ilə bir dərnək qurulmuşdur. Dərnək siyasətlə məşğul deyildir. Mərkəzi Ankaradadır. Şöbəsi yoxdur. Maddə 2. Dərnəyin qayələri bunlardır: a) Azərbaycanı, onun tarixini, kültürünü araşdırmaq, işləmək və yaymaq; b) kitab, dərgi və qəzet olaraq çap etmək və mədəniyyət yığıncaqları tərtib etmək; c) möhtac Azərilərə maddi və mənəvi köməklik göstərmək”.
“Azərbaycan Kültür Dərnəyi”nə 18 yaşını bitirmiş hər bir türk üzv ola bilərdi. Bundan ötrü Dərnək üzvlərindən ən azı iki adam ona zəmanət verməli idi. Birinci maddədə yazılmış “Dərnək siyasətlə məşğul deyildir” fikri M. Ə. Rəsulzadənin mürəkkəb bir şəraitdə Azərbaycanın müstəqillik mübarizəsini apardığını təsdiqləyirdi.
İkinci Dünya hərbindən sonra isə mühacir təşkilatların birləşib antisovet mübarizə aparmasına getdikcə daha çox ehtiyac duyulurdu. Digər tərəfdən müxtəlif ölkələri təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının mövcudluğu və bəzi hallarda bu qrupların daxili çəkişmələrə meylliyi reallığa çevrilirdi. Bu illərdə bir neçə rus, gürcü, erməni, tatar təşkilatları ilə yanaşı iki azərbaycanlı təşkilatı da mövcud idi. Təşkilatlardan biri 1924-cü ildən fəaliyyət göstərən “Azərbaycan Milli Mərkəzi” idi. “Azərbaycan Milli Mərkəzi” İkinci Dünya hərbindən sonra Ankarada yerləşirdi və Milli Mərkəzin Başqanı M.Ə.Rəsulzadə idi.
İkinci mühacir azərbaycanlı təşkilatı “Azərbaycan Milli Birlik Məclisi” adlanırdı. Təşkilat 1943-cü ildə Berlində yaradılmışdı. Təşkilatın rəhbəri Ə.Fətəlibəyli Düdənginski (sonradan rəhbər C. Hacıbəyli olmuşdu), Başqanlıq Heyətinin üzvləri isə Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxülislam idi. Hər iki təşkilat arasında çəkişmələr, ziddiyyətlər mövcud idi.
Belə bir vaxtda antibolşevik cəbhənin yaradılmasını vacib sayan “Amerikan Komitəsi” fəaliyyətə başladı. “Amerikan Komitəsi”nə əvvəl C.Layons, sonradan isə Ameriaknın Moskvadakı keçmiş böyük elçisi Alan Gerk başçılıq edirdi. 1962-ci ildən isə Sovet Rusiyasını yaxından tanıyan, Moskvada Amerika attaşesi olmuş Stevens Komitənin başqanı oldu. Komitə üzvləri arasında tanınmış siyasətçilər də çoxdu. Onların arasında aşağıdakılar vardı: Çarlz Edison (məşhur Tomas Edisonun oğlu), Vilyam Hanri Çemberlin (Amerikada sovet məhkumu millətlərin istiqlal haqlarının müdafiəsi ilə məşhur idi), general-mayor Con Dein (Moskvada olmuş, “Streync Əlleyinc” kitabı ilə böyük rəğbət qazanmışdı), Nikolas Ruzvelt (yazıçı və diplomat, Amerikanın Macarıstan elçisi olmuşdu).
“Amerikan Komitəsi” bildirirdi ki, millətlər, xalqlar Sovet hökumətinin diktatorluğu altında qaldıqca, insanların azad və hürriyyət içində yaşaması mümkün olmayacaq. “Amerikan Komitəsi” proqramına müvafiq surətdə fəaliyyətə başladı.
“Amerikan Komitəsi”nin yardımı ilə 1951-ci il yanvarın 16-da bir çox rus partiyalarının iştirakı ilə Füssen konfransı keçirildi. Konfransda mühacir ruslar yalnız Rusiyanın ərazi bütövlüyünün qorunması şərtilə qeyri-rus təşkilatları ilə işbirliyini mümkün saydılar.
Bu işin davamı olaraq yenə “Amerikan Komitəsi”nin yardımı ilə 1951-ci il avqustun 28-də Qərbi Almaniyanın Ştutqart şəhərində mühacir ruslar konfrans keçirdi. Bu konfransda onlar “Rusiya millətlərinin Qurtuluş Şurası” yaradılmasına qərar verdi. Bununla bərabər Rusiyadakı milli azlıqların da nümayəndələrini bu “Şura”ya cəlb etmək məqsədi ilə ayrıca büro da yaradılmışdı.
Vəziyyət belə olduqda M.Ə.Rəsulzadə “Amerikan Komitəsi”ni ciddi tənqidə başladı. Qeyri-rus xalqların uzun illər idi ki, apardığı “qurtuluş dava”sına etinasız yanaşan mühacir rus təşkilatlarının maliyyələşməsini düzgün olmayan hərəkət adlandırdı. Vəziyyətin getdikcə gərginləşdiyini, əski mühacirlərin güclü etirazlarını hiss edən “Amerikan Komitəsi” rus mühacir təşkilatlarına qeyri-rus mühacir təşkilatları ilə işbirliyinin vacibliyini bildirdi.
Bunun davamı olaraq 1951-ci il noyabrın 7-də Qərbi Almaniyanın Visbaden şəhərində beş mühacir rus təşkilatlarının (1. “Rusiyanın hürriyyəti üçün mücadilə birliyi”. 2. “Milli Əmək Birliyi”. 3. “Rus Xalq Hərəkatı”. 4. “Xalqın Hürriyyəti üçün Mücadilə Məmiyyəti”. 5. “Rusiya xalqlarının qurtuluşu üçün mücadilə birliyi) və beş də rus olmayan millətlərə mənsub təşkilatların nümayəndələrinin iştirakı ilə konfrans keçirildi. Konfransda ukraynalıların və gürcülərin, türküstanlıların, şimali qafqazlıların tanınmış adamları iştirak etmirdi .
Konfransda çıxış edən A.Kerenski “Bölünməz Rusiya” fikrini müdafiə edirdi. Qeyri-rus mühacirlər isə Birləşmiş Millətlər Təşkilatının insan haqlarına aid prinsiplərə əsaslanırdılar. Konfransın yekunu kimi bir bəyannamə imzalandı. Bəyannaməni azərbaycanlı təmsilçilər də imzaladılar.
“Rusiyanın bölünməzliyi” ideyası ilə çıxış edən, Azərbaycanın istiqlalını (eləcə də digər rus məhkumu xalqların) xalqın öz “iç işi” kimi qəbul etməyən, Azərbaycanın azadlıq mübarizəsini (yenə digər xalqların) Rusiyanın daxili məsələsi kimi anlayan rus mühacirləri ilə bəyannaməni imzaladığına görə “Milli Birlik Məclisi” M. Ə. Rəsulzadənin şiddətli hücumuna məruz qaldı. Bir çox şəhərlərdə yığıncaqlar keçirildi, təmsilçilərin hərəkəti pislənildi.
Подпись: A.Kerenskinin Parisdə nəşr etdiyi “Dni” (Gün) məcmuəsi. M.Ə.Rəsulzadə burada çap edilən yazıya cavab vermişdi, 1930-cu il M.Ə.Rəsulzadə Kerenskinin hansı ideyalarla mübarizə apardığına bələd olduğundan onun başçılıq etdiyi rus təşkilatı ilə birgə işin əleyhinə idi. Kerenski “Bölünməz Rusiya”nın qəti tərəfdarı idi və hələ 1920-30-cu illərdən bu mübarizəsini davam etdirirdi. 1930-cu ildə Kerenskinin “Dni” (“Gün”) məcmuəsində (№ 60) “Rus xalqı üzərində diktatura” adlı məqaləsi çap edilmişdi. Və elə həmin ildə M.Ə.Rəsulzadə “Odlu Yurd” dərgisində Kerenskiyə “Nə gübrədir, nə material” adlı cavab məqaləsi nəşr etdi. M.Ə.Rəsulzadə məqalə-məktubda Sovet İttifaqında yaşayan xalqların istiqlalına və azad dövlət qurmaq istəklərinə istehza ilə yanaşan Kerenskini tənqid etdi. O, Kerenskini xalqların apardığı milli-azadlıq hərəkatının mahiyyətini anlamağa çağıraraq yazırdı: “Biz həmişəlik olaraq cənab Kerenskiyə bildiririk ki, heç bir “separatizm”dən, “Rusiyanın bölünməsi”ndən söhbət gedə bilməz. Bizcə bu söz tamam başqa anlamda işlədilir: birincisi, öz ölkəsini xarici işğaldan qurtarmağa yönəldən xalq hərəkatını “separatçı” adlandırmaq düzgün deyildir”.
Məhz buna görə də “Azərbaycan Milli Birlik Məclisi” təmsilçilərinin belə bir şəxslə, hələ 50-ci illərdə də “bölünməz Rusiya” ideyası ilə yaşayan Kerenski ilə eyni sənədə imza atması haqlı olaraq M. Ə. Rəsulzadədə ciddi narazılıq doğururdu.
1951-ci ilin noyabrən 21-də Ankarada Doktor Həmid Atamanın sədrliyi və mühəndis İsmayıl Sanyalın katibliyində Azərbaycan mühacirlərinin etiraz toplantısı keçirildi. Toplantı iştirakçıları M. Ə. Rəsulzadənin çıxışını dinlədikdən sonra yayımlanmaq şərti ilə aşağıdakı qərarı verdi: “Visbadendə beş rus partiyasının nümayəndələri ilə birlikdə 7 noyabr 1951-ci ildə keçirilən toplantıda Azərbaycan adına iştirak etmək və beynəlmiləl mahiyyətdəki davamızı Rusiyanın bir iç məsələsi halında müzakirə etdirmək cürətini göstərərək Milli Azərbaycan davasına xəyanət edən və Milli davanı mövcud olmayan “Azərbaycan Milli Birlik Məclisi” adına təmsilə qatılmaqla ictimaiyyəti çaşdıranlara şiddətli protesto(etiraz) edir”.
Qeyd edək ki,bu illərdə M.Ə.Rəsulzadə çağdaş Azərbaycan ədəbiyyatının problemləri və tanınmış ədəbiyyat xadimlərimizin fəaliyyəti ilə bağlı da dəyərli məqalələr çap etdirdi. Şübhəsiz ki, özünün zəngin və çoxşaxəli fəaliyyətində belə bir ətraflı araşdırma ilə məşğul olması M.Ə.Rəsulzadənin Azərbaycan ədəbi prosesini diqqətlə izləməsindən irəli gəlirdi.
M.Ə.Rəsulzadə 1950-ci ildə nəşr etdirdiyi “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Hüseyn Cavidin, Əhməd Cavadın, C. Cabbarlının və başqalarının yazılarındakı sətiraltı mənalarda milli ruha bağlılığın duyulduğunu bildirirdi. Böyük şair Hüseyn Cavidin yazılarında siyasi motivlərin güclü olduğunu vurğulayan M.Ə.Rəsulzadə yazırdı: “Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan edirlər. “Sovet çörəyini yediyi halda tarixin pantürkist tiplərini idealizə etməyə cəsarət edən” şairə sovet tənqidçiləri atəş püskürürdülər”.
Bu araşdırmalar sırasında heç şübhəsiz M.Ə.Rəsulzadənin Nizaminin 800 illik yubileyi münasibəti ilə yazdığı, lakin müharibənin çətinlikləri ucbatından 1951-ci ildə nəşr etdirdiyi “Azərbaycan şairi Nizami” monoqrafiyasıdır. Müəllif Nizami yaradıcılığındakı milli və bəşəri dəyərləri dərin elmi təhlil əsasında oxucuya çatdıra bilmişdir.
Göründüyü kimi, M.Ə.Rəsulzadə mühacirətdə siyasi fəaliyyət göstərməklə yanaşı, eyni zamanda ədəbiyyatımıza aid də maraqlı tədqiqatlar aparmışdı.
1953-cü ildə O, Azərbaycan İstiqlalının 35-ci ildönümü münasibəti ilə “Amerikanın səsi” radiosunda Azərbaycan xalqına müraciət etdi və bu müraciət səsyazma vala alınaraq bu günədək qorunub saxlanılmaqdadır.
27 Aprel işğalı və Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması (12 yanvar) münasibəti ilə də M.Ə.Rəsulzadə və digər mühacirlər “Qurtuluş”(“Azadlıq”) radiosu ilə Azərbaycan xalqına müraciətlər edirdilər. 1953-cü ildə M.Ə.Rəsulzadə “Azərbaycan Milli Mərkəzi”ni yenidən qurmuş, oraya gənc qüvvələri cəlb etmişdi.
Подпись: “Yaşasın Türkiyə Cümhuriyyəti” məqaləsi1954-cü ilin sonlarında “Amerikan Kommunizm ilə Mücadilə Komitəsi”nin yeni Başqanı professor Kuneholt Ankaraya gəlib M.Ə.Rəsulzadə ilə görüşmüşdü.O,Komitənin Azərbaycanın istiqlalı məsələsinə diqqətli olduğunu ifadə edərək onun bu mübarizə önündə layiq olduğu yeri almasını istəmişdi. Bu yaxınlaşmanı qəbul edən M. Ə. Rəsulzadə Komitə ilə yaxın münasibətlər qurmuşdu
1955-ci il martın 6-da Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə Ankarada vəfat etdi. Ankara radiosu martın 7-də saat 22.45-də M.Ə.Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı.
P.S. Oxucularımız növbəti yazılarda M.Ə.Rəsulzadənin Gürcüstanda,Rusiyada,Polşada, Almaniyada, Fransada,Rumıniyadakı fəaliyyəti haqqında maraqlı faktlarla tanış olacaq,onun Stalin,Atatürk,Hitler,Marşal Pilsudski ilə münasibətləri haqqında ciddi bilgilər əldə edəcəklər.
Nəsiman Yaqublu
-----------------------
qaynaq - musavat.com
Hiç yorum yok:
Yorum Gönder