2014-01-27

AXCP Rəsulzadə həftəsi elan etdi

Bir neçə gündən sonra Azərbaycan Demokratik Cümhuriyyətinin banisi, ümummilli liderimiz Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olunacaq. Mövcud hakimiyyətin bu illər ərzində apardığı siyasət Rəsulzadəni unutdurmağa, onun fəaliyyətinə kölgə salmağa xidmət edib. İctimai qınağı nəzərə alaraq İlham Əliyev Rəsulzadənin 130 illiyi ilə əlaqədar sərəncam versə də, bu istiqamətdə hər hansı fəaliyyət müşahidə olunmur.
Bütün bunları nəzərə alaraq AXCP həm hakimiyyətin Rəzulzadəyə   sərgilədiyi münasibətə etiraz, həm də Rəsulzadə dühasına ehtiram əlaməti olaraq bu həftəni “Rəsulzadə həftəsi” elan edib.
Bu təşəbbüslə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış edib. Fuad Qəhrəmanlı öz “facebook” səhifəsində yazır: “Dəyərli dostlar! Sizləri Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ərəfəsində milli dövlətçiliyimizin banisinin xatirəsinə ehtiram əlaməti olaraq, öz profil rəsminizi onun şəkli ilə dəyişməyə çağırıram. Bu gün Məhəmməd Əmin Rəsulzadənin ideoloji-siyasi irsinin əsl davamçıları avtoritar rejimlə iş birliyində olanlar, demokratik mübarizəni yarı yolda buraxıb müxalifətin birliyinə zərbə vuranlar deyil, bu rejimə qarşı səmimi və prinsipial mübarizədə iştirak edənlər, öz demokratik ideallarına sadiq olan insanlardı. Rəsulzadənin "insanlara hürriyyət" ideyasını gerçəkləşdirmək üçün ilk növbədə mövcud avtoritar rejimi dəyişmək lazımdır və bu da yalnız Milli Şurada yaradılmış birliklə mümkündür”.

Qeyd edək ki, Fuad Qəhrəmanlının bu müraciətindən sonra 100-lərlə “facebook” istifadəçisi öz profil şəkilini Rəsulzadənin şəkli ilə əvəz ediblər.

-----------------------------
qaynaq - azadliq.info

Hiç yorum yok:

Yorum Gönder