2014-01-22

“NKVD”-nin “Tam məxfi” materialında Rəsulzadə kimdir?

Araşdırmaçı alimdən Məhəmməd Əmin Rəsulzadə haqqında ilginc məlumatlar

Yanvarın 31-də Azərbaycan tarixinin dahi şəxsiyyətlərindən biri, böyük dövlət adamı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin 130 yaşı tamam olacaq. Cümhuriyyət qurucusunun yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev ötən ilin noyabrında fərman imzalayıb və dövlət səviyyəsində yubiley tədbirlərinin keçiriləcəyi gözlənilir. Bu, alqışlanası haldır ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olaraq elan olunan müstəqil Azərbaycanda hücumlara məruz qalan M.Ə.Rəsulzadə və onun silahdaşlarına artıq münasibət dəyişməkdə, dövlət səviyyəsində bu tarixi şəxsiyyətlərin qiyməti verilməkdədir. 

Ancaq acı təəssüf və təəccüb doğuran bir məsələ də var ki, hətta 130 illik yubileyi ərəfəsində də M.Ə.Rəsulzadəyə hücumlar müşahidə edildi, onun rəhbərlik etdiyi, böyük tarixi xidmətləri olan Milli Şura ilə çağdaş dövrümüzdə yaradılan və konfliktlərlə ömrünü başa vurmaqda olan Milli Şura arasında paralellər aparılır, Cümhiriyyətimizin banisi ilə bəzi şəxslər arasında bənzərliklər axtarışına çıxılır. Bəlkə də bütün bunların üstündən keçmək olardı. Ancaq bütün taleyi müsibətlərlə dolu olan, qurduğu Azərbaycan dövləti kimi ailəsi, düşərgədaşları, yaxınları da ağır faciələr yaşayan M.Ə.Rəsulzadənin on illər boyu mühacirətdə yaşadığını əsas götürüb onun guya xarici dövlətlər qarşısında öhdəliklər götürdüyünü iddia edənlər də tapıldı.


Harada olur-olsun, İran, Türkiyə, Rusiya, Macarıstan, Rumıniya, Almaniya, fərqi yoxdur, hər yerdə ürəyi yalnız Azərbaycanın azadlığı uğrunda döyünən, sevgili üçrəngli, ay-ulduzlu bayrağın bir daha Azərbaycan səmasını bəzəyəcəyini arzulayan, buna çalışan Məhəmməd Əmin bəy ömrünün sonlarınadək “Sən bizimsən-bizimsən vurduqca damarda qan, Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan!” deyərək mücadilə apardı. Belə bir tarixi şəxsiyyəti hansısa qüvvələr qarşısında öhdəliklər götürməkdə ittiham etməyin absurdluğunu elə Cümhuriyyət araşdırıcıları da əsaslı arqumentlərlə təsdiqlədilər. Fürsət düşmüşkən, M.Ə.Rəsulzadənin keçdiyi əzablı və şərəfli ömrünün bəzi səhifələrinə tarixçi alimlərin iştirakı ilə işıq salmağa çalışdıq. 

Şirməmməd Hüseynov: “Rəsulzadə öyrənmək istəyir ki, almanlar Qafqazı alandan sonra müstəqil Azərbaycanın bərpasına razı olacaqlar, ya yox?”

Müsavat Partiyasının yaranmasının təşəbbüskarı

Ağsaqqal ziyalımız, professor Şirməmməd Hüseynov Rəsulzadənin həyatından bəhs edərkən o dövrü iki hissəyə bölür: “36 illik birinci hissə 1884-1920-cı ili əhatə edir. O, 1909-cu ilin martından 1911-ci ilin iyul-avqust aylarına qədər İranda olub. Özünün yazdığına görə, ondan sonra Lənkəran vasitəsilə gizli şəkildə Bakıya gəlib. 1910-cu il İran Demokratik Partiyasının yaradıcılarından biri olub, həmin partiyanın proqramını yazıb və o haqda kitab buraxıb. Bura gələndən sonra isə öz həmkarları ilə görüşüb. Müsavat Partiyasının yaranmasının təşəbbüskarı da Məhəmməd Əmin Rəsulzadədir. 1911-ci ildə İrandan gizli surətdə bura gələndən sonra o deyib və partiya yaradılıb. Amma indi hamı yazır ki, guya partiya yaradılması məsələsində Məhəmməd Əmin Bakıda olmayıb. Çünki bizim xəbərimiz yox idi ki, Məhəmməd Əmin 1911-ci ildə İrandan Bakıya gəlib, sonra İstanbula gedib. O, 1917-ci ildə Müvəqqəti Hökumətin komissarı kimi Lənkərana gedib, orada yerli hakimiyyət orqanlarına seçkilər keçirib. Bununla bağlı ”Açıq söz" qəzetində məqaləsi var, mən onu 4-cü cilddə vermişəm - “Dörd gün xalq içində”. Orda yazır ki, bu, mənim Lənkərana ikinci səfərimdir. 1911-ci ildə bizi İrandan qovandan sonra mən gizli surətdə Lənkəran vasitəsilə gəlib Bakıya getdim, sonra isə İstanbula. Bunu heç kəs bilmirdi. İlk dəfə özünün məqaləsində mən bunu öyrəndim".

İstiqlal Bəyannaməsinin müəllifi

M.Ə.Rəsulzadə 1911-ci ilin avqust və ya sentyabr ayından 1913-cü ilin aprelinə qədər İstanbulda yaşayıb. Onun İstanbulda yazdığı məqalələrdən ibarət “İran türkləri” çıxıb. 1913-cü ilin fevralında Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illiyi bayram olunub və o zaman siyasi məhbuslara əfv, mühacirlərə isə vətənə qayıtmaqla bağlı amnistiya verilib. Ş.Hüseynov danışır ki, M.Ə.Rəsulzadə də 1913-cü ilin aprelində vətənə qayıdıb: “1918-ci ilin fevralında Tropezon şəhərində Zaqafqaziya Seymin nümayəndə heyəti ilə türklər arasında müqavilə müzakirə olunub. Çox təəssüf ki, heç Ensklopediyada da Məhəmməd Əminin ordakı iştirakı barədə heç nə yazmırlar. Cümhuriyyət elan olunandan sonra o, yenə Gəncəyə gəlir". Professor 1929-cu ildə Türkiyədə nəşr edilən (1930-cu ildə Atatürk Sovet İttifaqının təzyiqi ilə Rəsulzadəni Türkiyədən qovur) “Odlu yurd” məcmuəsinin 4-cü sayında Rəsulzadənin dərc olunan məqaləsini xatırlatdı: “Orada İstiqlal Bəyannaməsinin mənasını açıqlayıb. Yazır ki, bu İstiqlal bəyannaməsinin əsasına biz böyük Fransız inqilabının, ABŞ-da Britaniyaya qarşı istiqlal müharibəsinin, İtaliyada Qarribada hərəkatının, Almaniyanın birləşdirilməsi hərəkatındakı sənədlərdə olan ”İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarını qoyduq. Deməli, bu bəyannamənin müəllifi Məhəmməd Əmin Rəsulzadədir". Rəsulzadənin adının İstiqlal Bəyannaməsini imzalayanlar sırasında olmamasına gəldikdə, araşdırmaçı xatırlatdı ki, o zaman Məhəmməd Əmin Batumda olub. 

Ş.Hüseynov “NKVD”-nin M.Ə.Rəsulzadə haqqında “Tam məxfi” qrifli materialındakı ilginc məqamlardan da bəhs etdi və bu barədə ilk dəfə “Yeni Müsavat”a danışdı: “1944-cü ilin 17 iyununda SSRİ ”NKVD"-si, Silinin imzası ilə bu barədə Molotova yazıb. (Rusiya Siyasi Dövlət Arxivi, Molotov Fondu-82, siyahı 2, iş 10-20, vərəq nömrə 142-143) Bunu Pavel Fitin hazırlayıb.

Orda yazılıb: Rəsulzadə Məhəmməd Əmin 1884-cü ildə anadan olub, azərbaycanlıdır, ixtisasca jurnalistdir. Ardınca yazıb ki, antisovet milli təşkilat - Müsavat Partiyasının lideri və ideoloqudur.  Gülməlisi odur ki, 1998-ci ildə nəşr edilmiş Cümhuriyyət Ensiklopediyasında, həmçinin ondan əvvəl və sonra Rəsulzadəni “görkəmli ictimai-siyasi xadim” kimi təqdim edirlər, nə lider, nə ideoloq sözü var. “NKVD” bunu “lider və ideoloq” adlandırır, bizimkilər isə “görkəmli ictimai-siyasi xadim”. Hətta deyirlər bundan nə lider olar, nə də ideoloq". Arxiv materialında daha sonra yazılıb: “Azərbaycanda sovet hökuməti qurulandan sonra Rəsulzadə mühacirətə gedib. Mühacirətdə o, aktiv şəkildə antisovet işi ilə məşğul olmağa, Sovet hakimiyyətini devirmək uğrunda mübarizəyə başlayıb. Bu məqsədlə sistemli şəkidə ölkədə gizli fəaliyyət, cəsusluq, partizan hərəkatı, diversiya üçün xaricdən Azərbaycana öz nümayəndələrini göndərirmiş. 1930-cu ildə Şəki, Zaqatala, Şəmkirdə sovet hakimiyyətinə qarşı üsyanların da təşkilatçısı Müsavat Partiyası və Məhəmməd Əmin Rəsulzadə idi”.

Rəsulzadə almanların qarşısında şərt qoydu...

“NKVD”-nin sənədində ardınca qeyd olunub: “Rəsuzadə xaricdə SSRİ-yə qarşı Polşa, Yaponiya, Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayır. 1942-ci ilin mayında almanlar Rəsulzadəni Polşadan Berlinə dəvət edirlər”.  Ş.Hüseynov bu yerdə zəruri qeydini edir ki, Rəsulzadənin Hitlerlə görüşü barədə iddialar başdan-ayağa yalandır: “Sözügedən sənəddə detallar əksini tapıb. Rəsulzadə Almaniyaya Qafqaz Emiqrasiyasının ikinci Qurultayına dəvət olunub. Rezenberqin nazirliyində Azərbaycan Milli Komitəsi yaradıblar. Bu Milli Komitə də əsir olan azərbaycanlılarla məşğul olmalı idi. Rəsulzadə Azərbaycan legionlarını təşkil etməklə məşğul olur. ”NKVD"-nin sənədində daha sonra yazır ki, 1943-cü ilin sonunda almanlar Rəsulzadəni Azərbaycan Milli Komitəsinin rəhbərliyindən uzaqlaşdırdılar". Ş.Hüseynov bunun səbəbini də izah etdi və elə bu arqument M.Ə.Rəsulzadənin xarici ölkələrdə hansısa öhdəliklər götürdüyü barədə iddialara tutarlı cavabdır: “Həmin dövrdə almanlar Mozdokda idilər. Rəsulzadə öyrənmək istəyir ki, almanlar Qafqazı alandan sonra müstəqil Azərbaycanın bərpasına razı olacaqlar, ya yox? Ona deyirlər bu məsələ gündəlikdə deyil. Rəsulzadə deyir onda mən sizinlə işləmək istəmirəm. Rəsulzadəni uzaqlaşdırıblar ki, bu, müstəqillik istəyir”. Sənəddə daha sonra deyilir ki, bundan sonra Rəsulzadə Almaniyadan Buxarestə - Rumıniyaya gəldi. Sənəddə M.Ə.Rəsulzadəni Rumıniyadakı türk səfirliyinin xətti ilə Türkiyə hökumətinin maliyyələşirdiyi də əksini tapıb. Yeri gəlmişkən, bu ilginc məlumatları Ş.Hüseynova Cümhuriyyət dövrünün araşdırmaçısı, professor Cəmil Həsənli gətirib: “Mən Cəmil Həsənlidən xahiş etmişdim, o da bu materialı mənə gətirib. Yeri gəlmişkən, onun qədər heç kəs Cümhuriyyət tarixini belə mükəmməl öyrənməyib. O, mükəmməl şəkildə Cümhuriyyətin daxili və xarici siyasətini yazıb. Mən siyasətçi Cəmil Həsənlini yox, alim Cəmil Həsənlini daha yaxşı tanıyıram”.  
“Məhəmməd Əminin 4 yox, 5 övladı olub”.  Bu məlumatı da Ş.Hüseynov bizə açıqladı: “Heç kim bilmir ki, Məhəmməd Əmin Rəsulzadənin 4 yox, 5 övladı olub. Xəlil İbrahim onun haqqında məqaləsində yazır ki, 1918-ci ilin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin başı o qədər qarışıq idi ki, hətta öz oğlunun vəfatı ilə bağlı mərasimlərin hamısında iştirak etmək imkanı yox idi. Deməli, onun oğlu ölübmüş və Məhəmməd Əminin 5 övladı olub. Onun-bunun yazdığından götürüb nəsə demək, hazırlamaq bir şeydir, o sənədlərin orijinalını oxuyub öyrənmək ayrı şeydir. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda göstərdiyi fəaliyyət hələ sözün geniş mənasında tam əksini tapmayıb. Baxmayaraq ki, mən hələ onun əsərlərinin 5-ci cildini nəşrə hazırlayıram...” 

----------------------------
qaynaq - musavat.com