2014-01-27

Məhəmməd Əmin Rəsulzadə qürbətdə yaşamağa layiq deyil

…Torpağın vətən olmasını və müqəddəs olmasını təkcə orda yaşayanlar yox, həm də ölənlər şərtləndirir. Bu gün Azərbaycanda Nizami Gəncəvidən Səttar Bəhlulzadəyə, Cəlil Məmmədquluzadədən Üzeyir Hacıbəyliyə, Heydər Əliyevədək nə qədər dahi torpağa qovuşub. Onların sayı onlarla deyil, yüzlərlə deyil, bəlkə daha artıqdır… Bu isə o deməkdir ki, torpağımız ona qarışmış hər qiymətli şəxsin dəyəri qədər qiymətlənir. Gəlin bir anlığa təsəvvür edək ki, Məhəmməd Əmin Rəsulzadənin də qəbri Azərbaycandadır. Bu məzar hər il may ayının 28-də ehtiram və ehtişamla ziyarət edilir. Bəlkə mən hissə qapılıram, amma mənə elə gəlir ki, Rəsulzadənin qəbri Azərbaycanda olsaydı, vətənimizə münasibət çoxlarında dəyişərdi. 

Ən azı "Bir kərə yüksələn bayraq bir daha enməz!" kəlamının müəllifinin məzarını hər gün nəzəri cəhətdən ziyarət etmək imkanının əlçatan olması səbəbindən. Doğrudur, bu gün Fəxri Xiyaban özü boyda bir muzeydir, amma bu muzey nadir günlərdə qələbəlik olur. Başqa vaxt isə bu ərazi qəbir sükutuna bələnir. Adama deyərlər ki, nə olsun Məmməd Əminin qəbri yoxdur, məgər Fəxri Xiyabanda müqəddəs məzar azdır? Məgər həmin müqəddəs məzarlar qarşısında növbə çəkirlər? Əlbəttə yox, amma onu da unutmayaq ki mən də hər birimiz kimi hissə qapıla, təbii ki, səhv də edə bilərəm. Amma, Allah haqqı bu səhv olsa belə ləzzətlidir. Məhəmməd Əmin Rəsulzadənin qəbri bu gün Türkiyədə-Ankaradadır. Ən böyük ehtiramla, hörmətlə qorunur. Türkiyədi, qardaşımızdı. Amma özümüz deyilik. Və onun Azərbaycan torpağına qovuşdurulması daha bir and yerimizin yaranma şansı olardı. 

ANS bir neçə dəfə oxşar mövzularda çıxış edib. Hüseyn Cavidin nəşinin qaytarımasından ruhlanaraq oxşar aqibəti Nərman Nərimanova yaşatmaq borcumuzdan da danışmışıq. Düzdür, bu təklif ürəyimizi boşaltmaqdan uzağa getməyib. Nərimanov elə necə ölmüşdü elə də, ölüb öldüyü yerdə. Amma ümidimizi də itirmirik və güman edirik ki, torpağımız didərgin ruhları birləşdirməyi bacaracaq. Bəlkə də bu gun milli birliklə problemlərimiz də elə ruh parçalanmalarının nəticəsidir. Bu torpağda yaş və təcrübəsinə görə əsl ağsaqqal olan Heydər Əliyevin Nəriman Nərimanovu, Məmməd Əmin Rəsulzadəni və ruhları didərgin düşmüş daha nə qədər adamımızı başına toplayıb ətrafında birləşdirəcəyi gün dünya azərbaycanlılarının ruhlarının həmrəylik günü olacaq. 

Əslində Məhəmməd Əmin Rəsulzadənin harda dəfn olunmasının ondan ötrü heç bir əhəmiyyəti yoxdu. Allahın dərgahındadır, və inanaq ki, o dünyanın yuxarı başında oturub bu dünyanın əvəzini ləzzətlə alır. Bu mübarək məzarın Türkiyədən Azərbaycana köçürülməsi bizdən ötrü vacibdir. Azərbaycanın timsalında Şərqdə ilk demokratik dövlətin yaranmasını təmin etmiş, bu gün yaşadığımız respublikanın bünövrəsini qoymuş şəxsin məzarının öz ana vətənində olması yəqin ki, bir şərəf işi olardı. Məhəmməd Əmin Rəsulzadə qürbətdə yaşamağa layiq deyil. 

Sonda yenidən təsəvvürə qayıdaq.
Bir anlıq düşünək ki, Məhəmməd Əminin130 yaşını məzarı artıq Bakıya , onun Fəxri Xiyabana köçürülmüş halında qeyd edirik. Bu uca azərbaycanlının ruhu dünyanın ən yüksək iki baryaqlarından birini Xəzərlə birlikdə dalğalanan bayrağımızı bizimlə birlikdə seyr edir və sevinir. Bayrağımız haqqında dediyi sözlərə görə sevinir…
Müstəqil Dövlətimizə görə.
Bu dövlətin torpağında rahat uyuduğuna görə. 
Biz də sevinirik. 
Azərbaycanın müqəddəsliyinin bir Məhəmməd Əmin Rəsulzadə qədər artdığına görə.



-----------------------
qaynaq - anspres.com

Hiç yorum yok:

Yorum Gönder