2014-01-24

Məmmədəmin Rəsulzadənin Stalini harda gizlətməsi sirr olaraq qalır

Rəsulzadənin Novxanı kəndindəki ata evi məndə həmişə maraq oyadıb. Və təsəvvürümdə bu evi hər mənada böyük Rəsulzadənin adına layiq bilmişəm. Gördüklərim təsəvvürlərimi alt üst edir. Birmərtəbəli yaşayış evi, hansı ki, sənədləri 1813-cu ilə aiddir, əlbəttə bundan yaxşı vəziyyətdə ola bilməz. Amma məsələ əslində heç bu da deyil. Məsələ, evin bu gün Rəsulzadələrə aid olmamasındadır.

Məmmədəmin Rəsulzadə 1884 -cü ildə bu evdə dünyaya göz açıb. Bir bütöv, iki yarımçıq əsrin əlini sıxan bu ev gördüyünüz kimi hələ ayaq üstədir, hələ yaşayır. Amma Məmmədəminin adını, irsini yaşatmaq üçün bu evdə lazımı imkanlar yoxdur. Əvvəla bu imkan ona görə yoxdur ki, ötən əsrin 40-cı illərindən bu ev uşaq bağçası kimi fəaliyyət göstərir. Yəni, 1937-ci ildə Rəsulzadənin ailəsi sürgünə göndəriləndən sonra buranı uşaq bağçası ediblər. Belə baxanda, xeyirxah bir missiyadır və kim bilir bəlkə də sabah bu balacaların arasından neçə-neçə Məmmədəminlər çıxacaq. Amma nəzərə alsaq ki, Məmmədəmin Rəsulzadənin irsini qoruyub saxlamaq üçün bu gün Bakı şəhərində bir ev muzey -filan yoxdur, nədən ata yurdunun bağçadan alınıb Rəsulzadələrə qaytarılması mümkün olmasın? 

Novxanıdakı ata evi məndə maraqlı təəssüratlar yaratmaqdadır. Bir məlumata görə, 1937-ci ildə Rəsulzadənin oğlunu güllələnməyə məhz bu həyətdən aparıblar, amma başqa bir məlumatda onun Novxanıdakı bağ evindən aparıldığı deyilir. 

Kənd ağsaqqalları deyir ki, zamanında Məmmədəminin ailəsi bu zirzəmidə dəvə saxlayıb. Nə qədər əsası var, deyə bilmərik. Amma hər halda bu zirzəmi özündə bir sirri saxlayır. 

Məsələn, Rəsulzadənin Stalini harda gizlətməsi bu gün də çoxlarına sirr olaraq qalır. Düzdür, bu kiçik zirzəmi nə o böyüklükdə rəhbər, nə o böyüklükdə dəvə üçün idi. Zirzəmidən ona görə söhbət açdım ki, buna bənzərində Rəsulzadənin nəvəsi düz 13 il yaşayıb. Süleyman Rüstəm 10 ünvanında. 

Məmmədəmin Rəsulzadənin nəvəsi, Rəis Rəsulzadə: “Məcburdum yaşamağa, ev yox idi. Həm işləyirdim, həm oxuyurdum, həm də yaşayırdım”. 

Əslində Məmmədəminin nəvəsi zirzəmidə yaşamalı deyildi. Bu gün Bakı şəhərində Rəsulzadəyə məxsus olduğu bildirilən üç ev var. Novxanıdakı ata yurdunu dedik. 

Araşdırmaçı jurnalist, Nəsiman Yaqublu: “Bir ev də "Nizami" metrosunun yerində olub, söküb metro tikiblər”. 

Digər evi də Nizami küçəsi 59-dadır ki, o da bu gün xarici bir şirkətə xidmət edir. Dövlətçiliyimizə xidmət edən kişinin- Rəsulzadənin adını tutub Azərbaycana gələn qonağa isə heç nə göstərə bilmirik. 



---------------------
qaynaq - anspress.com

Hiç yorum yok:

Yorum Gönder