2014-01-29

Mənim Rəsulzadəm

Məhəmməd Əmin Rəsulzadədən danışacağam. Onu hər zaman Azərbaycanın bütün mənalarda tamlığını daşıyan insan olaraq görürəm. Tam şəkildə bir Azərbaycanı onun ömür yolunda bütün cizgiləri ilə görə bilərsən. Siyasi mübarizə yolunda, partiya quruculuğunda, mühacirətində, şəxsi həyatının faciəsində Azərbaycanın mövcudluq tarixini sanki yaşaya bilirsən. Bəlkə də buna görə onun heykəlinin qoyulmasını istəmirəm.

Heykəl siyasi liderləri, tarixi simaları insan təsəvvürlərində donuqlaşdıran, gözlərində daşa çevirən bir subyektiv əsərdir. Təsəvvür edin ki, bir insan eyni hərəkətsizlik obrazında yaddaşlara köçürülür, yaddaşlarda dondurulur. Məhəmməd Əmin bəy dondurulan insan tipi deyil, açılan, ruhlara, qəlblərə yayılan bir insan obrazıdır. Kim nə söylərsə-söyləsin, haşiyə çıxım ki, mərhum Əbülfəz Elçibəyin heykəli onun yaddaşlarımızdakı canlı, dinamik obrazını xeyli daşlaşdırdı. Avropada mifik qəhrəmanlara heykəlləri də çox zaman standart üslubdan uzaq şəkildə hazırlayırlar ki, insanların təsəvvürləri dar qəlibin içində donub qalmasın.

Bir az da mistik tərəfdən, bu heykələ necə birləşdirəcəksiniz onun daşıdığı Azərbaycanı? Bəlkə də buna görə onun qəbrinin Ankaradan Bakıya köçürülməsini lüzumsuz bir addım sayıram. Məhəmməd Əmin bəy dosdoğmaca Vətən torpağımız olan Anadoludakı qəbrinə görə qürbətdə deyil ki?.. Dövlətin, cəmiyyətin, ayrıca Azərbaycan insanının ona münasibətinə görə qürbətdə sayıla bilər. İndi o münasibətin ortadan qalxması üçün qımıldanmalar var və doğumunun 130 illiyinin rəsmi qeyd olunması özlüyündə müsbət təmayül olsa da, əsas olan azərbaycanlıların Məhəmməd Əmin bəyin doğru düşüncə sistemini anlamasıdır. Bu vacib amili anlayıb-anlamamaq bəsit bir yanaşma məhsulu olan Rəsulzadə-Elçibəy yolunu gedib-getməmək üzərində siyasi cinahları müəyyən etməklə olmaz. Burada onun düşüncə kodunun doğru açılışından söhbət gedir.

Azərbaycanın etnik və dini strukturunun, siyasi gələcəyinin dəqiq təyinatını vermiş Məhəmməd Əmin bəylə bağlı bircə istəyim var: onun Azərbaycan sevgisinin və Azərbaycanı tam anlamıyla tarixdən bu günə dəqiq tanıyan təfəkkürünün, düşüncə tərzinin Azərbaycan insanına, konkret Azərbaycan siyasətçilərinə köçürülməsini istərdim. Bu köçürülmənin maddiləşmiş izahı necə ola bilər? Onun hər bir hadisəyə, tarixə, etnik sistemimizə, dini düşüncəmizə, xarakterimizə baxışını sadə dillə açaraq məktəblimizə, tələbəmizə, aydınımıza, düşünmək, öyrənmək istəyən hər kəsimizə çatdırmaq vacib bir çağırışdır. Çünki o, haçansa müasirliyini itirməyəcək, onun siyasət əxlaqı hər zaman örnək olacaq, onun ən ağır şərtlərdə belə çalışqanlığına heyran qalınacaq.

Azərbaycan çağdaş siyasi düşüncə sisteminin yaradıcısı və qoruyucusu Məhəmməd Əmin bəy, Azərbaycan xalqının, buradakı Türk etnosunun varlığının qoruyucusu isə Nuru Paşadır. Nə yazıq ki, bur xalq olaraq hər ikisinə verdiyimiz dəyər, halallıq qazanmaq əmsalına uyğun gələcək səviyyədə deyil. Bu iki nəhəng simanı bizlər qoşa qanad kimi həmişə yüksək məqamlarda, qəlbimizin baş köşəsində tutmağa yalnız borclu deyilik, həm də məhkumuq.

Məhəmməd Əmin bəy Azərbaycan tarixinə ən realist və cəsarətli qiymət verən bir düşünürdür. Azərbaycanın bir coğrafi məkan olaraq türkləşməsi hadisəsini XI-XII əsrlərdə Oğuz-Türk kütlələrinin axını faktının üzərində təhlil edərək, tarixə xəyalçı baxışı realist məcraya qaytarmışdır.

Rəsulzadə rus işğalının yaratdığı faciəli məqamların üzərindən başını qaldırıb onun Azərbaycan türklərinin müasir xarakterinin formalaşmasında müsbət rolunu oxuya bilmişdir. O, Türkmənçaya sadəcə mexaniki ayrılma hadisəsi olaraq deyil, xalqın bir hissəsinin çağdaşlığa açılan şansı kimi qiymət verən ilk siyasətçidir.

Rəsulzadə fərqli adlarla adlandırılan, hətta bəzən dini kimliyi ilə tanıdılan xalqımıza siyasi və etnik adını qaytara bilmişdir.

Rəsulzadə qan, vicdan və əməl anlayışlarının sintezini bayrağa köçürə bildi. Bu dövlətin əsas məsuliyyətinin aparıcı etnos olan türklərin üzərində olduğunu, türklərin də digər xalqların hüquq və azadlıqlarının demokratik və unitar dövlət çatısı altında qorunmasında məsuliyyət daşıdığını vurğuladı. Müasirliyə birləşdirici çalar gətirərək, milli obrazda, İslam inanc dəyərləri ilə çağdaş əməllə yaşamağın qaçılmaz olduğunu söylədi. İmansız bir cəmiyyətin sağlam dövlət düşüncəsini bünyəsində daşıya bilməyəcəyini üçüncü rəngdə əks etdirdi. Elə bir real sintez yaratdı ki, bununla Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının ideal kimi götürüləcək xarakterinin qalıcı forması müəyyənləşmiş oldu. Bu üç mənanı içində birləşdirməyən kimsənin Azərbaycan təsəvvürlərində bir natamamlıq olacağının işarəsini verdi.

Rəsulzadə bir siyasi lider olaraq on səkkiz ay yaşaması mümkün olan bir milli dövlətin gələcəkdə yenidən yaşaması üçün beynəlxalq sertifikat aldı, mülkiyyət kağızını təsdiqlətdi. Və bu hüdudları Kommunist Rusiyası nə qədər azaltmağa çalışsa da, ümumi sənədi silməyi bacarmadı.

Rəsulzadə hətta Hitler Almaniyasının işğalçılıq eyforiyası çağında belə Azərbaycanın müstəqillik haqqını masaya yatırmağı bacarmışdı.

Rəsulzadə milli dövlətlə sosial dövlətin vəhdətini Milli Təsanüd konsepsiyasında ortaya qoydu. Özünün ideoloji baxışlarında çevik dəyişiklik edə bilən, insanı hər cür ideologiyanın üzərində görən siyasət anlayışını təqdim etdi. Azərbaycanın müasir dövlət modelinin Milli Təsanüd təməlində qurulmasının istiqamətlərini nəzəri baxımdan əsaslandıra bildi.

Məhəmməd Əmin bəyin ədəbi-siyasi düşüncəsinin mühüm əsəri olan “Əsrimizin Siyavuşu” Turan-İran mədəniyyət dairəsinin bir sintezi kimi Azərbaycanın gələcəyinin dəqiq təyinatını izah etdi.

Azərbaycan legionunu təşkilatlandırdı, Türkiyədə Azərbaycan Kültür Dərnəyini qurdu, qəzetlər, jurnallar nəşr edərək Azərbaycan davasını, onun müstəqillik savaşını hər məqamda canlı tutdu.

Bir aydınla praktik siyasətçinin məsuliyyət fərqləri böyük. “Mən yazmışdım” demək, hələ bir fikrin real həyatda gerçəkləşdirilməsi mənasına gəlməz. Praktik siyasətdə yazılanların gerçəkləşdirilməsi yüzlərlə əngəllərlə qarşılaşa bilər. Aydın üçün kəlləni vermək riski siyasətçidən qat-qat azdır. Yazdığının məsuliyyəti vicdani sərhədlərin içində yekunlaşır. Siyasətçinin hansısa tarixi məqamda etdiyi və ya etmədiyi milyonlarla insanın, bir millətin, bəzən də bəşəriyyətin çöküşünə və ya qalxışına səbəb ola bilir. Ona görə də aydın obrazında təqdim olunan insanları siyasətçilərlə müqayisə edərkən bu məqamları diqqətdən qaçırmamalıyıq. Azərbaycanda son yüzilin ayrıca fikir istehsalçısı olan aydınları olub: Axundov, Seyyid Əzim, Zərdabi, Ağaoğlu, Hüseynzadə, Mirzə Cəlil və daha kimlər. Rəsulzadə ona görə keçmişin və indinin hər bir aydınının və siyasətçisinin fövqündə dayanır ki, həm tarix-indi-gələcək müstəvisində doğru mühakiməsi olan aydın, həm də realist düşünən siyasətçi kimliyini birləşdirən bəlkə də tək bir simadır.

Bu kiçik yazıda mən Məhəmməd Əmin bəyi necə sevməkdən danışmıram. İnsan duyğularının içinə girmək bizim həddimiz deyil. Onu necə anlamaqdan, anlatmaqdan danışıram. Azərbaycanı onun qədər sevmək, doğru düşünmək, düşündüklərini yılmadan, usanmadan yazmaq, hərəkət etmək və bütün bunların axarında da insan dürüstlüyünü itirməmək yetərlidir Rəsulzadəyə bənzəmək üçün.

Hər bir doğru düşünən azərbaycanlının öz Məhəmməd Əmin Rəsulzadəsi olmalıdır. Çünki doğru düşünən azərbaycanlı həm də Məhəmməd Əmin Rəsulzadəni öz obrazında yaşadan azərbaycanlıdır.

Bu anlatdığım da mənim Rəsulzadəm idi...

Yazar : Fazil MUSTAFA
-----------------------
qaynaq - musavat.com