2014-01-27

“Borçalı” cəmiyyəti Rəsulzadənin yubileyini qeyd etdi


M.Ə. Rəsulzadə ilə bağlı konfransda tarixçi alimlər və siyasətçilər bir araya gəldi; İsa Qəmbər: “Rəsulzadə ilə bağlı hər mərhələ bir məktəbdir”, dedi
Yanvarın 26-da “Borçalı” İctimai Birliyi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı konfrans keçirildi. Konfransda tanınmış ziyalılar o cümlədən, Müsavat başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, Milli Şura sədri Cəmil Həsənli və jurnalistlər iştirak edirdilər. 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.

Çıxış edən “Borçalı” cəmiyyətinin  sədri Zəlimxan Məmmədli konfransın önəmi barədə məlumat verdi. O qeyd etdi ki, konfransın keçirilməsində məqsəd Rəsulzadə irsi, onun yubileyi tədbirindən başqa, həm də XX əsr Azərbaycan və Gürcüstan istiqlal tarixində Borçalı türklərinin rolu barədə danışmaqdır. Z. Məmmədli qeyd etdi ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Məhəmməd Əmin Rəsulzadənin irsini araşdıran və bu yöndə yüzlərlə tarixi kitab yazan araşdırmaçı alimlər iştirak edir. 

O, tədbiri aparmaq üçün sözü tarixçi alim, professor Nəsib Nəsibliyə verdi. N. Nəsibli  Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində rolu olan tarixçiləri adlarını sadalamaqla yanaşı, onların araşdırmalarının gələcək nəsillərə böyük töhfə verəcəyini vurğuladı.

Daha sonra çıxış üçün söz tarixçi alim, Milli Şuranın sədri, professor Cəmil Həsənliyə verildi. O, Rəsulzadə haqqında yazdığı kitablar haqqında məlumat verərək bu irsin öyrənilməsi üçün hər zaman çalışacağını vurğuladı. Milli Şura sədri bildirdi ki, tarixdə heç kəs heç kəsin yerini tutmur.  Azərbaycanın milli azadlıq hərəkatında, millət kimi özünü dərkində, bir yumruq kimi birləşməsində  Rəsulzadənin rolu çox böyükdür və bunu nə indi, nə də ki, gələcək nəsillər dana bilər.

Növbəti çıxışçılar Nəsiman Yaqublu, Kərəm Məmmədov, Vaqif Arzumanlı və Faiq Ələkbərov Rəsulzadə ilə bağlı çox mühüm tarixi faktlardan danışdılar. 

“O, zamanını qabaqlayan bir şəxsiyyət idi”

Müsavat başqanı İsa Qəmbər çıxışına  konfransın təşkilinə görə, “Borçalı” cəmiyyətinə təşəkkür etməklə başladı: “Məhəmməd Əmin Rəsulzadə çoxminillik Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərdən biridir. Mən Rəsulzadənin qurduğu partiyanın başqanı olmaqla yanaşı, bir Məhəmməd Əmin Rəsulzadə vurğunuyam. Böyük şəxsiyyətlərin arasında ən böyüyünü seçmək haqqımın olduğunu düşünürəm. Mənim də seçimin Rəsulzadədir. Doğurdan da Cümhuriyyət dövrü çox möhtəşəmdir. Azərbaycanın çiçəklənmə, qızıl dövrüdür. O vaxt təkcə Azərbaycanın yox, bütün dünya, bütün islam aləmi üçün dəyərli şəxsiyyətlər yetişib. Zərdabidən, Axundovdan başlayaraq, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğluya kimi yüzlərlə dəyərli insanlarımız olub. Bütün bu ziyalılarımızın ortaya qoyduğu ideologiyanı birləşdirərək bəşəriyyətə təqdim edən isə Məhəmməd Əmin Rəsulzadə olub. Azərbaycanda ilk siyasi partiyanı Rəsulzadə qurub. Rəsulzadə ilə bağlı hər mərhələ bir məktəbdir. Öyrənə-öyrənə gedirik və öyrənməliyik”.

Müsavat başqanı bildirdi ki, Rəsulzadə mühacirət dövründəki davranışı ilə də, böyüklüyünü təsdiq etmiş oldu: “O, zamanını qabaqlayan bir şəxsiyyət idi. Çoxluğun fikri ilə oturub durmaq, böyük siyasətçilərin görəcəyi iş deyil. Onlar xalqdan, cəmiyyətdən irəlini görməlidirlər. Rəsulzadə o vaxt xalqın üzərinə götürdüyü bütün ağırlığın altına özünü verdi. O ağırlığı paylaşaraq yüngülləşdirdi. Böyük Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal”, söyləyib. Bu şüarda da o insanlara demokratiyanı istiqlaldan öndə qoyub. Daha sonra o deyib ki, azadlıq ümumbəşəri bir məsələdir. Onun bu fikirlərini dünya dövlətləri indi qəbul edir. Yəni, tam təhlükəsizlik yoxdursa, tam azadlıq da ola bilməz ”.

Konfransın gedişində Cəmil Həsənli, Nəsiman Yaqublu, Kərəm Məmmədov, Vaqif Arzumanlı, Şirməmməd Hüseynov və Faiq Ələkbərova  Azərbaycan tarixinin tədqiqində göstərdikləri fədakarlıqlara görə, “İlin Şərəf medalı”təqim edildi.
Tədbir Borçalı aşıqlarının ifaları ilə yekunlaşdı. 

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir
-----------------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder