2014-01-29

“Kaspi” qəzeti Rəsulzadəyə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“Kaspi” qəzeti sabahkı sayı üçün Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibət ilə xüsusi buraxılış hazırlayıb.
Redaksiya məqaləsində qeyd edilir ki, yeni tarixinin üçüncü onilliyinə qədəm qoyan müstəqil dövlətimizin gücünü şərtləndirən mühüm amillərdən biri onun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması və qısa zamanda bu şərəfli ada layiq olduğunu təsdiqləməsidir: “Şərqdə Azərbaycan adlı demokratik dövlətin yaradılması Axundovdan başlanan, böyük pleyada maarifçi-demokrat ziyalılar nəslinin inamla davam etdirdikləri alovlu mübarizənin təntənəsi, məntiqi nəticəsi idi. Bu ziyalılar sırasında Məhəmməd Əmin Rəsulzadənin adı xüsusi qeyd olunmalıdır. Lap gənc, hələ ömrünün yeniyetməlik çağından dövrün qızğın ictimai-siyasi mühitinə atılan Rəsulzadə bir firqə rəhbəri, Milli Şuranın ilk sədri olmaqdan öncə millətini işıqlı sabahlara çıxarmaq istəyən fikir adamı, əsarət buxovlarında qovurulan Rusiya müsəlmanlarının liderlərindən biri, türkçülüyün parlaq ideoloqu, ərazi muxtariyyətindən qəti istiqlala qədər uzun bir yol qət eləmiş düşüncə adamı, böyük şəxsiyyətdir”.
Daha sonra redaksiya məqaləsində deyilir ki, vaxtilə prezident Heydər Əliyev 1993-cü il dekabrın 29-da “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamaqla cümhuriyyət irsinə böyük önəm verdiyini göstərib. 2013-cü il noyabrın 22-də isə prezident İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə bu varislik xəttinin davam etdirildiyini təsdiqləyib: “Cənab prezidentin sərəncamı göstərdi ki, Rəsulzadə adı bir firqənin yox, Azərbaycan tarixini yaradan şəxsiyyətlərin cərgəsindədir”. 
Xüsusi buraxılışda M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyət sferasını əhatə edən tədqiqat məqalələri yer alıb.

----------------------------------
qaynaq - mediaforum.az