2014-01-29

Rəsulzadəni sevmək azdır, həm də öyrənmək lazımdır

Rəsulzadəni öyrəndikcə əmin olacağıq ki, bu xalq köləliklə barışa bilməz, gerçək Azadlığına, gerçək Cümhuriyyətinə mütləq qovuşacaq!

AXCP sədri Əli Kərimli ölkə vətəndaşlarını, xüsusən də gəncləri Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin fəaliyyət və yaradıcılığını dərindən öyrənməyə çağırıb. O, Facebook səhifəsində yazıb:

"Azərbaycanın böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə lap az qaldı. Guya, hökumət bu yubileyi yüksək səviyyədə keçirəcəkdi. Lakin bu dəfə də dedikləri ilə əməlləri düz gəlmədi. Məncə, yubiley günlərində bu böyük şəxsiyyətə hörmətimizi onu oxumaq, öyrənmək, onun aşıladığı Cümhuriyyət prinsiplərinə sədaqət göstərməklə ifadə etmək yaxşı olar. Təəssüflə qeyd etməliyəm ki, xalqımız M.Ə. Rəsulzadəni az oxuyub, az öyrənib, hazırda onu daha çox Azadlığın və Cümhuriyyətin simvolu olaraq sevir. Milyonlarla insanımız onun əsərlərindən, əməllərindən, ideyalarından hələ də xəbərsizdir. Qərara gəldim ki, gənclərimizin bu gerçək milli lideri daha yaxşı tanıması üçün onun əsərlərindən, fikirlərindən öz səhifəmdə paylaşımlar edim.

M.Ə.Rəsulzadə bütün şüurlu həyatını - tam olaraq ömrünün 52 ilini ən müxtəlif və çətin şərtlər altında Azərbaycan davasına həsr edib. Həm tarix yaradıb, həm də yaratdığı tarixi yazıb. Bu böyük şəxsiyyəti həm də ona görə oxumaq, öyrənmək lazımdır ki, siyasətin heç də bəzilərinin təbliğ etdiyi kimi iyrənc peşə olmadığına əminlik yaransın. Tam əksinə, xalq üçün, ədalət üçün, milli maraqlar üçün aparılan mübarizə müqəddəs bir işdir. M.Ə.Rəsulzadəni öyrəndikcə əmin olacağıq ki, hələ 100 il bundan əvvəl belə bir azadlıq ideoloqu yetirmiş bir xalq köləliklə barışa bilməz, gerçək Azadlığına, gerçək Cümhuriyyətinə mütləq qovuşacaq!".
---------------------
qaynaq - azadlıq.info

Hiç yorum yok:

Yorum Gönder