2014-01-27

Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli Sərəncamını xatırladıb, görkəmli ictimai-siyasi xadimin həyatı, ədəbi, siyasi fəaliyyəti haqqında söhbət açıb. Bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) (1918-1920) banilərindən biri olub.

Y.Mahmudov AXC-nin tarixinə nəzər salıb, M.Ə.Rəsulzadənin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Nəzərə çatdırılıb ki, çoxəsrlik dövlətçilik tariximizdə AXC-nin müstəsna yeri və rolu vardır. M.Ə.Rəsulzadə başda olmaqla Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi bizim o zamankı milli mücahidlərimiz Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıblar. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirilib. Milli istiqlalçılarımızın səyləri nəticəsində yeni dövlətçilik ənənələrimiz dirçəlməyə başlayıb, türk islam dünyasında ilk demokratik parlament formalaşıb, insanların demokratik hüquq və azadlıqları bərqərar olunmuş, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilib. 1918-ci il mayın 28-də Tbilisidə - keçmiş Qafqaz canişininin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilib və uzun müzakirədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi qəbul edilib.

Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixində M.Ə.Rəsulzadənin xüsusi xidmətləri olub, görkəmli ictimai-siyasi xadim ömrünün sonunadək öz məsləkinə, məqsədinə, ideologiyasına sadiq qalaraq ədəbi, siyasi-publisistik fəaliyyətini İran, Türkiyə, Almaniya və Avropanın digər ölkələrində davam etdirib.

Y.Mahmudov M.Ə.Rəsulzadəni dövlətçilik ənənələrinə sadiq ideoloq, məfkurəçi, ictimai-siyasi xadim, publisist kimi xarakterizə etmiş, onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarını xatırladıb. Diqqətə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyevin tapşırığına əsasən ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” hazırlanıb və onun təkmilləşdirilməsi istiqamətində mühüm işlər gedir. Yaxın vaxtlarda ensiklopediya yeni kütləvi tirajla çap olunacaq.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin daha dərindən öyrənilməsi üçün AMEA-nın Tarix institutunda şöbə yaradılıb, bu istiqamətdə Dehli, Paris, Moskva, Sankt-Peterburq, London, İstanbul və Ankaradan çoxlu sənədlər gətirilib.

Sessiyada Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı “XX əsrin əvvəllərində M.Ə.Rəsulzadənin siyasi baxışlarının formalaşması”, “M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi”, “M.Ə.Rəsulzadənin parlament fəaliyyəti” və s. mövzularda məruzələr dinlənilib.

-----------------------
qaynaq - anspress.com

Hiç yorum yok:

Yorum Gönder