2014-01-27

Niyə məhz Rəsulzadə? Bəs Xoyski, Topçubaşov, Yusifbəyli ...?

Məmmədəmin Rəsulzadə ilə bağlı silsilə reportajlarımıza başlayanda hədəfimizin nə olduğunu demişdik.

Bu Məmmədəminin haqqının özünə qaytarılmasını təmin edən bir çox məsələlərdən ibarətdir. O məsələlər də özündə həm Rəsulzadənin ev muzeyinin yaradılmasını, həm Bakıda ona abidə qoyulmasını, həm məzarının Ankaradan gətirilməsini cəmləşdirir. Amma fikirlər də səslənir ki, niyə məhz Məmmədəmin? Bəs Fətəli Xan Xoyski, bəs Əlimərdan bəy Topçubaşov, bəs Nəsib bəy Yusifbəyli, bəs Əhməd bəy Ağayev? Siyahını uzada da bilərəm. Amma nə onu, nə də mətləbi uzatmadan sözümün mustafasını deyim. Bu gün əksəriyyət cümhuriyyət tarixindən danışarkən təkcə Məmmədəminin adının yox, onunla bərabər xidmətləri olan digər şəxsiyyətlərin də rolundan danışılmasını vacib hesab edir. Onlardan biri də cümhuriyyət dövründə parlament sədri olmuş Məmməd Yusif Cəfərovun nəvəsi Akif Cəfərzadədir. 


Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev də hesab edir ki, cümhuriyyət tarixi bir şəxsin fonunda qurulmamalıdır və əgər sabah Bakı şəhərində kimə heykəl ucaldılması məsələsi gündəmə gələrsə, bu özünü Məmmədəminin timsalında göstərməməlidir. 


Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev: “Bu bizim tərəfdən ədalətsizlik olar. Məmmədəmin milli şuranın sədri olub, öndə gedən olub. Amma o birilərinin də xidmətləri var”. 


Məmmədəmin Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu da əslində çox da fərqli düşünmür. O da deyir ki, əsas məsələ cumhuriyyət tariximizə, onun qurucularına sahib çıxmağımızdır. 


Araşdırmaçı-jurnalist Nəsiman Yaqublu: “Azərbaycan yeganə dövlətdir ki, öz cümhuriyyət tarixinin liderlərinə sahib çıxıb məzarlarını gətirmir”. 


Bəli, əlahəzrət fakt qarşısında necə deyərlər hamı şlyapasını çıxarıb baş əyməlidir. Bu gün bayrağımızın ideoloji əsaslarını yaradan Əlibəy Hüseynzadənin, Əhmədbəy Ağaoğlunun məzarları Türkiyədə, Fətəli xan Xoyskinin məzarı Gürcüstanda, Topçubaşovun, Ceyhun Hacıbəylinin məzarları Fransadadır. Heç kim demir ki, onların məzarı gətirilməsin. Əgər bu gün qabağa Məmmədəmin düşübsə, bu, onun yubileyinə təsadüf etməsindəndir. Və əgər ortada prezident sərəncamı varsa və sərəncama müvafiq olaraq addımlar atılırsa, niyə bundan yararlanmayaq? Biz ki, itirməyəcəyik. Qazanacağıq. Azərbaycana demokratiyanın adını, dadını, dövlətini qazandıran kişinin öz torpağında uyumaq haqqı var. O haqqı tanısaq, tarix də bir millət olaraq bizi tanıyacaq.


 

----------------------
qaynaq - anspress.com

Hiç yorum yok:

Yorum Gönder