2014-01-30

Üzeyir Hacıbəyli Rəsulzadə haqqında nə yazmışdı?

Şirməmməd Hüseynov Cümhuriyyət qurucusu haqqında ilginc fakt açıqladı

“1919-cu ilin yanvarında Üzeyir bəy Hacıbəyli Parisdə olan qardaşı Ceyhun bəyə yazırdı ki, daha mən sənin maaşını göndərə bilməyəcəyəm. Çünki Nəsib bəy Yusifbəyli məni çağırdı, dedi ki, sən indi Ceyhunun əvəzində redaktorsan. Onun məvacibini sən alacaqsan. Sənin məvacibini isə Məhəmməd Əmin Rəsulzadə alacaq”.

Dəyərli araşdırmaçı, profesor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında danışarkən bunları bildirib. O, böyük ictimai-siyasi xadim, yazıçı-publisist, jurnalist olan Rəsulzadənin hətta Azərbaycan dövlətinin birinci şəxsi olduğu dönəmdə də ağır vəziyyətdə yaşadığını, bu səbəbdən o zaman paralel olaraq “Azərbaycan” qəzetində çalışdığını və buna görə məvacib aldığını xatırladıb: “Azərbaycan” qəzetinin redaksiya heyətinin bunu sübut edən şəkli də var. Orda redaktor stulunda Məhəmməd Əmin oturub, onun da böyründə Üzeyir bəy əyləşib. Üzeyir bəy qardaşına yazırdı ki, qəzetin texniki işləri ilə mən məşğulam, məqalələri Məhəmməd Əmin yazır. Onu da yazır ki, hər sətrə 1 manat qonorar alırıq. Nəsib bəy Yusifbəyli hökuməti bunlara smeta təyin etmişdi”.



Professor Ş.Hüseynov “Yeni Müsavat”a açıqlamasında Türkiyədə nəşr olunan bir kitabdan da bəhs edib: “1995-ci ildə Ankarada Səbahəddin Şimşirin müəllifliyi ilə “Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki həyatı, fəaliyyətləri və düşüncələri” adlı kitabı nəşr olunub. Burda Rəsulzadənin Türkiyədəki fəaliyyəti bütün genişliyi ilə tutarlı şəkildə əksini tapıb. Bu kitabı Azərbaycanda da nəşr etmək lazımdır. Mən elə bu günlərdə türkologiya kafedrasının müdiri ilə danışmışam ki, gəlin, bunu Azərbaycan dilinə çevirtdirib çap edək. Şimşir özü də sağdır.

Son 20 ildə ki, Rəsulzadəni tarixdən silmək təşəbbüsləri oldu, ona böhtan, iftra yazdılar, hətta bir nəfər “Azərbaycan” qəzetində yazmışdı ki, Məhəmməd Əmin Azərbaycanın qızıllarını götürüb qaçıb. Amma bu kitabda var ki, Rəsulzadə Türkiyədə bir otaqda, kasıblıq halında yaşayırdı, bəzən hətta yeməyə çörək də tapmırdı. Təsəvvür edin, bunu Şimşir yazır, bizimki də deyir qızılları götürüb qaçıb”.

Elşad

-----------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder