2014-01-30

“Rəsulzadə bütövlüyümüzün simvoludur”

Ümid Partiyasının sədr müavini Rüfət Muradlı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı yazı yazıb.

"Qafqazinfo" həmin yazını təqdim edir:

Bu günlər Azərbaycan ictimaiyyəti , özəlliklə siyasi dairələr Azərbaycan Xalq Cümhuriyyətinin ,yeni Azərbaycan adlı ilk dövlətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirlərini keçirməkdədirlər.Şübhəsiz bu tədbirlərin əsas ağırlığı müxalif kəsimin öhdəsinə düşüb. Noyabr ayinin 22-də Milli liderimizin yubiley tədbirinin keçirilməsi ilə bağı prezident sərəncamı imzalansa da, bu yöndə hakimiyyət dairələrinin passivliyi təəssüf doğurur. Şəxsən mənim qənaətimcə Məhəmməd Emin Rəsulzadə şəxsiyyətinin hakimiyyət –müxalifət müstəvisində dəyərləndirilməsi kökündən yanlışdır. Yəni bu yöndə müxalifət düşərgəsində də ar- sıra fikirlər səsləndirilir. Çünki Məhəmməd Əmin Rəsulzadə məhz elə millətin özüdür. Əgər bu gün Azərbaycan hakimiyyəti Rəsulzadə gerçəyini qəbul edirsə, bu həm də dövlətlə millətin bütünləsməsinin göstəricisi ola bilər. Çünki dünya tarixi və dövlətçilik təcrübələri sübut edir ki, dövlət-millət bütünləşməsi dövlətin güclü olmasını şərtləndirən əsas elementlərdən biri, bəlkə de birincisidir. Təsadüfi deyil ki, tariximizin ayrı-ayrı dönəmlərində Azərbaycan coğrafiyasında mövcud olan dövlətlərin yaşadığı ən önəmli problemlərindən biri hakim zümrələrin məhz millətdən, milli düşüncədən uzaq düşmələri olmuşdur. Sonuc isə malik olduğumuz dövlətlərin mahiyyətinin dəyişməsi, bezi hallarda isə itirilməsi olmuşdur. Bu paradiqmanı Səfəvi və Qacar imperatorluqlarının taleyində axtara və müşahidə edə bilərik. Burada onu da qeyd etmək
yerinə düşərdi ki, Məhəmməd Emin Rəsulzadə Quzey Azərbaycanda dövlətlə millətin bütünləşməsi simvolu olduğu kimi öz siyasi, ədəbi və ictimai fəaliyyəti ilə Azərbaycanımızın Güneyi ilə Quzeyinin də bütövlük simvoludur. Milli liderimizin 1908-1911 cil illərdə Güneydəki fəaliyyətləri, Təbrizdə baş qaldıran Məşrutə hərəkatında iştirakı, “Irane nou” kimi modern bir qəzetin əsasını qoyması , ən önəmlisi isə qələmə aldığı əsərlərində Güney Azərbaycanda yaşayan soydaşlarımızın soy -kökü, tarixi və yaşadıqları coğrafiyanın taleyinin teyin olunmasında önəmləri barədə açıqladığı fikirlər öz dönəmində nə qədər mühüm səslənirdisə də, bu günümüz üçün də son dərəcə aktualdır. Ölməz liderimiz Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan Tarixi, , Çağdaş Azərbaycan ədəbiyyatı, Azərbaycan sairi Nizami, eləcə də Istanbulda Türk yurdu dərgisində çap olunan Iran türkləri adlı silsilə məqalələrində Arazın şimali və cənubundakı Azərbaycan türklərinin soy kökü barədə hələ ki ən dəqiq yanaşmanı sərgiləmiş ve bu xüsusda yaranan mübahisələrə son qoymuşdur. Bu həm də bizim millətləşmə və bütövləşməmiz yolunda atılmış müstəsna əhəmiyyətli addım idi. Tariximizdə ikinci bir dövlət xadiminə rast gələ bilməzsən ki, Məhəmməd Emin Rəsulzadə qədər Azərbaycanın quzeyi və güneyi haqda dərin düşüncəyə malik olmaqla bərabər, bu yöndə aktiv əməli fəaliyyət də sərgiləsin. Yəni bütövlük kontekstindən də baxanda Məhəmməd Əmin Rəsulzadə o tayımızla bu tayımızın birliyi, bütövlüyü rəmzidir. Hələ yuxarıda adını çəkdiyim məqalədə Məhəmməd Əmin Rəsulzadə Təbrizin önəmi haqda belə bir tərif verir." Fransa inqilabında Marsel, Osmanlı inqilabında Selanik nəydisə, Məşrutə inqilabında Təbriz odur". Bu gün dünya ölkələrinin milli mübarizə və dövlətçilik tarixinə nəzər salarkən biz də Öndərimizin milli varlığımız üçün önəmini daha qabarıq hiss edir və bu reallığı dərk edirik ki, Hindistan ucun Qandi, Fransa ucun Şarl de Qoll, Almaniya ucun Bismark, qardas Türkiyə ucun Atatürk, Italiya ucun Qaribaldi, Ingiltərə ucun Kromvel kim idisə, Azərbaycan ucun Rəsulzadə məhz odur.

-----------------------
qaynaq - qafqazinfo.az