2014-01-31

Rəsulzadənin Polşa həyatından maraqlı fakt

“Ömür boyu ona sadiq qalan Vanda xanıma Rəsulzadə Leyla adını vermişdir”

Bildiyimiz kimi, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə Türkiyə və İranla yanaşı, Avropa ölkələri ilə də sıx əlaqədə olmuşdur. Bu ölkələrin sırasında Şərqi Avropa ölkəsi olan Polşa Respublikası da var. Bunun da səbəbi Polşa hökuməti ilə Rus imperiyası arasındakı problemlər idi. 

O dövrdə Polşa dövlətinin başçısı olan Jozef Pilsudski ilə Məhəmməd Əmin Rəsulzadə arasında ciddi məktublaşmalar olub. Bu məktublaşmanın əsasını Azərbaycanın azad edilməsi məsələsi təşkil edirdi. Nə üçün Rəsulzadə Pilsudski  ilə məktublaşmağa önəm verirdi? 

Birincisi ondan ibarət idi ki, Polşa dövləti bolşevizmə qarşı böyük bir mübarizə aparırdı. Pilsudskinin məqsədi Rusiya İmperiyası, bolşeviklər tərəfindən işğal olunmuş ölkələrin, vilayətlərin, məmləkətlərin irəlidə, öndə gedən şəxsiyyətlərini toplayaraq onların gücündən faydalanıb bolşevizmə qarşı mübarizə aparmaq idi. Onun əsas planı bu idi və bu plana da uyğun olaraq Rəsulzadə kimi şəxsiyyətlərlə əlaqələr qururdu.


Rəsulzadənin Polşa dövləti ilə ilk məktublaşmaları 1923-cü ilə təsadüf edir. Rəsulzadənin bu mətublardan birincisinin əsas hissəsini öz vətənlərindən qovulmuş Azərbaycan əsgərlərinin müqavilə əsasında Polşa ordusunda xidmət keçməsi xahişi təşkil edirdi. Pilsudski də cavabında bildiridi ki, Azərbaycan əsgərlərini Polşa ordusunda xidmət keçməyini qəbul etməyə hazırdırlar. Sözsüz ki, bu da Rəsulzadənin apardığı uzaqgörən siyasətin nəticəsi idi. 

Ümumilikdə götürsək, həmin vaxtlar Polşa dövləti ömrünün böyük bir hissəsini mühacirətdə keçirən Rəsulzadəyə daima yardımlar edirdi. Həmin zaman Rəsulzadənin istəyi ilə Türkiyədə dərc olunan “Yeni Qafqaz”, “Azəri türkü”, “Odlu yurd” dərgilərinin maddi baxımdan yardımını da Polşa hökuməti öz üzərinə götürmüşdür. Bunun nəticəsi idi ki, adı sadalanan dərgilər davamlı olaraq nəşr olunurdu. Bundan əlavə, 1936-cı ildə Rəsulzadə Müsavat Partiyasının böyük bir konfransını Polşanın paytaxtı Varşavada keçirmişdir və Polşa hökuməti bu konfransa öz köməkliyini  əsirgəməmiş, böyük bir dəstək vermişdi.

Rəsulzadənin Turkiyədə qaldığı dönəmdə Stalinin tələbinə uyğun olaraq Atatürk onun xaricə getməyini istəyirdi. Buna görə də Rəsulzadə tatar lider Ayaz İshaki ilə birlikdə 1937-ci ildə Polşaya getməyi qərara alır. Rəsulzadə Polşaya gələndən təxminən bir il sonra, yəni 1938-ci ildə avropalı oxucular üçün polyak dilində "Azerbejdzan w walce o niepodleglosc" (“Azərbaycan müstəqillik uğrunda mübarizədə“) kitabını dərc etdirmişdir. İndiyədək avropalı oxucular ücün Azərbaycan haqqında belə bir kitab ilk dəfəydi dərc olunurdu. Çox maraqlıdır ki, polyak dilində Azərbaycan tarixi haqqında olan bu kitabın giriş sözünü Şərqi Avropa Tarix İnstitunun direktoru Senator Sedliski yazmışdır. Sedliskinin giriş sözü ilə yazılan bu kitab Avropada çox böyük maraqla qarşılanmışdır. Bundan əlavə, Rəsulzadənin Varşavada “Şimali qafqazlıların məcmuələri” dərgisində xeyli sayda məqalələri dərc olunmuşdur. Bu məqalələri də Azərbaycanın Polşada ilk səfiri olmuş Vilayət Quliyev bu ölkədə fəaliyyət göstərdiyi dövrdə toplayaraq kitab şəklində dərc etdirib.  Rəsulzadə Polşa ilə həmsərhəd olan Almaniyada yaşadığı dövrdə “İstiqlal” və “Qurtuluş” qəzetlərini nəşr etdirmişdir. Bu dərgilər iki il ərzində ayda bir dəfə işıq üzü görmüşdür.

Sözsüz ki, Rəsulzadənin Polşada yaşadığı dövrün bəzi qaranlıq məqamları da vardır. Bəzi arxiv materiallarından götürülmüş məlumata görə, Rəsulzadə Polşada yaşadığı dövrdə kitabxanada Vanda adında bir xanımla tanış olur. Bu tanışlığın heç də təsadüfi olmadığı deyilir. Tarixi mənbələrə görə, bu xanım həmin vaxt Polşanın Rəsulzadəsi olan Pilsudskinin qardaşı qızı olub. Ömür boyu ona sadiq qalan Vanda xanıma Rəsulzadə Leyla adını vermişdir. Rəsulzadə ilə Vanda xanım evləndikdən sonra mühacir həyatına uyğun olaraq Türkiyəyə gəlməli olurlar. Ömrünün sonlarına qədər Türkiyədə yaşayan Vanda xanımla türkiyəli araşdırmaçı-yazar Bülənt Danışoğlu şəxsən görüşmüşdür. Bu görüşdən sonra yazar “Polşalı azəri gəlini Vanda Rəsulzadə” məqaləsini yazır və bu məqalədəki xatirələr demək olar bütünlüklə Məhəmməd Əmin Rəsulzadəyə aid idi. 

Yazılanlarda Məhəmməd Əmin Rəsulzadənin demokratik Azərbaycan uğrunda hansı yollarla mücadilə apardığı bir daha öz əksini tapir. 

Cavidan

------------------------------
qaynaq - teleqraf.com

Hiç yorum yok:

Yorum Gönder